Ümumi mənzərəni bilmək istədikdə, sadəcə, kaleydoskopu yavaşca çevirmək, gördüyünü yaddaşına qeyd etmək və düşünmək lazımdır. İndi sosial şəbəkələr dövründə ən ziyanlı şey ümumi axara qoşulmaq, hamı kimi düşünməkdir. Belədə, mənzərə səni «görür», səni hədəf kimi seçir. Hətta «bəyəndim» janrında səsin çıxmasa belə, o ümumi və bataqlıq kimi insanı dərinlərə çəkən axara qarşı çıxmasan, sükutunla belə onun yanında olmasan, işlər heç də yaxşı deyildir, demək.
İndiki dövrdə olduğu kimi, heç zaman ədəbiyyat şüarlara bu qədər yaxın olmayıb. Mövzu, süjet baxımından ən yaxşı poetika vəd edən hekayələrimiz belə o şüarlara uduzur. Yazıçı laboratoriyası yoxdu, sadəcə, qələm var, o da pozmur, ancaq yazır. Hamı bilir ki, həcmli yazıları kimsə oxumur (və həcmli yazıların çoxu da şüarla dolu və nəsə «istəyən» yazılardır) və görən kimi səhifəni çevirir. Belədə, yəni qəzet səhifələrinin bu şüarlardan bol olan yazılarla aşıb-daşması özünəməxsus obrazlar silsiləsi yaradır. Hamısı da saxta, yalan və faydasız.
Ədəbi gedişatda mənzərə və onun yaratdığı hava kəsif və boğucudur. Səhifəni çevir, oxuma, çıx get… bu da çıxış yolu deyil. O sözlər, o yazılar, o deyimlər artıq hər yerdə yol, cığır və döngələrdir.
Elə yazılar var (deyək ki, bədii yox, ədəbiyyatşünaslıq, yaxud tənqid…), bu kəsif və boğucu havanın yaratdığı yolla gedib, onun «dağ ətəklərində» saldığı cığırlarla irəliləyib, zövqsüzlük döngəsindən mərifətsizlik burulğanına düşür. Başını qaldırıb harada olduğunu bilmək istədikdə, hər yeri duman, çiskin sarmış görürsən. Gözlərini yumub-açırsan, əlac ona qalır ki, son silah kimi gözlərindən yol salasan ki, bu cəhənnəmdən aydınlığa çıxa biləsən. Yəni, bu da bir umuddur, sən hər şeyi uduzmaq bir yana, gözlərini də itirə bilərsən.
Tək-tük yazılar var ki, oxuyan kimi ağlına ilk gələn obraz «üfüq» olur, ölçü vahidi kimi, deyirsən, bu adamın yazdığı kimsənin ağlına gəlməzdi (üfüqün yerini müəyyənləşdirir…), kimsə ədəbi aləmi bunun kimi görə bilməzdi və sən gözlərini diri saxlayan bu adamı axtarıb tapmaq istəyirsən. Diogen məsələsi necəydi? Unutdum…