2023-cü il sentyabrın ilk dörd günündə Şamaxıda başlayıb Bakıda işini davam etdirən “Azərbaycan dili və ədəbiyyatı” Forumu keçirilib. Bunu dilimizin saflığının qorunması və zənginləşdirilməsi istiqamətində atılan bir addım da hesab etmək olardı. Belə ki, tədbir həm də Heydər Əliyev Fondunun təşəbbüsü ilə ulu öndər Heydər Əliyevin 100 illiyi şərəfinə belə təşkil olunub. Bu möhtəşəm işə start verdiklərini bəyanlasalar da təşkilatçı və dəstəkçi nazirlərin heç biri öz çıxışlarında Forumun əsl mahiyyətini açıqlaya bilməyiblər. Mədəniyyət naziri Adil Kərimli, eləcə də Elm və Təhsil naziri Emin Əmrullayev söz yığnağı hesab oluna biləcək çıxışlarında millilikdən çox-çox uzaqda olduqlarını biabırçı şəkildə ortaya qoyublar. Bir vaxtlar Heydər Əliyevin ciddi-cəhdlə göz bəbəyi kimi qoruduğu, uzaq gələcəyə dilin saflığının haradan qorumaq lazım gəldiyini strateji hədəfləsə də guya ona sədaqətli olan nazirlər öz çıxışlarında nala-mıxa vuraraq istiqaməti tamam özgə səmtə yönəldiblər. Bununla da ədəbi hədəfləri demirəm, dilin saflığının qorunması istiqamətindəki milli strategiyanı şübhə altına almış olublar.
Təxminən bir neçə ildir ki, Azərbaycan dilinin ciddi təhlükə ilə üz-üzə qaldığı barədə bəzi mütəxəssislər həyəcan təbili döyəcləməkdədirlər. Onların arasında öz varlığının mühafizəsinə qalxan həvəskardan tutmuş yüksək elmi titullu alimə qədər hər kəsə rast gəlmək mümkündür. Küyə düşüb cəmiyyəti əsas hədəfdən yayındırmaq məqsədilə yuyulmamış qaşıq kimi ortaya atılan yüksək titullu elm adamları da burada öz işlərini görməkdədirlər. Bir sözlə, həmişəki kimi eyni amal uğrunda görüntüdə xeyirlə şərin çarpışması davam edir. Lakin bu, dövlət müstəqilliyi qədər yüksəkdə dayanan bir məsələ kütləvi hal almayıb və hələ də geniş auditoriyalar tərəfindən ciddi qəbul olunmur. İndiki vəziyyət təxminən otuz – otuz beş il əvvəl, müstəqilliyə qədəm qoyduğumuz ilk dövrdə də yaranmışdı. Amma həmin vaxt dilimizi sıxışdıran tərəf də genişmiqyaslı təsir gücünə hazır deyildi və uzun çəkçevirdən sonra o vaxtkı siyasi lider Heydər Əliyev güclü iradə nümayiş etdirərək anarxiyaya son qoydu, dilimizin müdafiəsinə əsalı izahat gətirərək uzunmüddətli təminat verdi. Ondan sonrakı dövrdə rəqiblər dilimizi sıradan çıxartmaq üçün başqa variantlara əl atdılar. Təsadüfən efir məkanının aparıcılarına çevrilmiş şəxsərə nüfuz etdilər, onların vasitəsilə efirdən öz sözlərini, danışıq tərzlərini əhaliyə yeritməyə başladılar. Cahil kütlə bunun fərqinə varmadan ekranda gördükləri kimi davranmağa, efirdən eşitdikləri kimi danışmağa rəvac verdilər. Bununla da hər gün olmasa belə, həftədə bir sözümüz deformasiyaya uğradı, dəyişdirildi, sıradan çıxarıldı. Hətta Azərbaycanda çox da yaxşı qarşılanmayan, oxunmayan şair və yazıçılar dolayısı yolla ələ alındı, onların Türkiyədə çap olunacağı, tanıtdırılacaqları kimi şirin vədlərlə aldadılaraq əsərlərində çoxlu türk sözləri işlətmələrinə bir növ həvəsləndirildilər. Beləliklə, qardaş deyib bağrımıza basdığımız insanlar üzümüzə gülə-gülə başqa sahələrdə nüfuz etdikləri kimi dil və ədəbiyyatda da öz işlərini həyata keçirməyi genişləndirdilər.
Heç kimə sirr deyil ki, qloballaşan dünyada dillərin bir-birini sıxışdırması təbii haldır. Son nəticələrə görə dünyada birincilik qazanmış ingilis dili liderliyi qoruyub saxlamaq üçün bütün dillərə nüfuz edə, onları sıxışdıra bilir. İkinci yeri ərəb dili tutur. Dünyanın şərq mədəniyyətinə olan marağı hələ də bu dil üzərində öz mövcudluğunu qoruyub saxlayır. İslam-din faktoru da ərəb dilinin sıxışdırılıb gündəmdən çıxarılmasına yol vermir. Üçüncü yerdə hegemonluq böyük bir coğrafiyaya məxsus rus dilinə məxsusdur. Bəzi şərqi Avropa ölkələrində və Pribaltikadan başqa demək olar ki, bütün postsovet məkanında aparıcılığını qoruyub saxlamaqla özünü büruzə verir.
Mütəxəssislərin fikrincə xeyli vaxtdır ki, daha bir dil dünya miqyasına çıxmağa can atır, bu, Çin dilidir. Hətta sürətlə inkişaf edəcəyi, 2030-cu ilədək dünya birinciliyi qazanacağı barədə mülahizə yürüdənlər də az deyil. Onların qənaətinə görə Çin dili tezliklə sürətli inkişaf götürəcək və bütün dünyanı bürüyəcək. İnandırıcı görünməsə də ucuz təbliğat təsirinə düşüb Çin dilini öyrənməyə meyl edənlərin sayı günbəgün artmaqdadır.
Dilimizin sıxışdırılması barədə mövzu günbəgün müzakirə olunduqca hələ də bu dörd dilin təsirinə məruz qalacağımızı düşünən kütlə (onları xalq adlandırmaq belə mənasızdır) illuziyadan kənara çıxa bilmir, öz xəyallarında məsti-xumar halında xumarlanmaqdadır.
Azərbaycan dili beşinci, yaxud, altıncı, yeddinci, səkkizinci yerlərdə bərqərar olmasa da köklüyünə, qədimliyinə, dil qanunlarına uyğunluğuna və digər vacib parametrlərinə görə ilk onluqda yer alan bir dildir. Azərbaycan dilinə ən böyük sıxışdırıcı təsir qardaş türk dilindəndir. Baxmayaraq ki, türk dilləri arasında Azərbaycan dili ortaq dil kimi ən uyğunudur, istifadə sayına görə türk dili istifadəçilərdən səkkiz dəfə geridə qaldığından sıxışdırılması asandır. Azyaşlı uşaqlar məktəbə qədəm qoyarkən daha çox cizgi filmlərinin təsirinə düşüb türk sözləri işlətməyə meylli olduqlarını büruzə verirlər, hətta türk danışıq tərzinə uyğun danışırlar. Ailələrdə müxtəlif subyektiv səbəblərdən bunun qarşısı alınmadığı kimi məktəblərdə də bir növ əhəmiyyətsiz bir şey hesab olunur. Beləliklə, gələcəyimiz hesab etdiyimiz bu gün yetişməkdə olan nəsil dilimizin sıxışdırılmasında potensial qüvvə kimi görünür və heç də efir qarşısında vaxtını öldürən cahil kütlədən az təhlükəli deyildir.
Ailələrə efir müdaxiləsi durmadan bəzi yaramaz türk sözlərini yeritməkdə davam edir. Savadsız, söz ehtiyatı zəif olan aparıcılar daha çox türk danışıq tərzindən istifadə etdiklərindən kütlə tez təsir altına düşüb asanlıqla onları təkrarlamağa, onlara oxşamağa çalışır.
Bu sahədə ən vacibi ədəbiyyatdır. Bu gün bilərəkdən, yaxud bilmədən dilimizdə qarşılığı ola-ola türk sözlərinin istifadəsi artıq dəb halını alıb. Həmsöhbətim olan bir neçə müəllif onları Türkiyədə çap edib yayımlasınlar deyə hər romanda əlliyədək söz işlədəcəkləri barədə öhdəçilik götürdüklərini dolayısı yolla etiraf ediblər. Efir məkanı mənbə hesab edilməyə bilər, yazılı ədəbiyyatı isə dəyişə bilməzsən. Ruslar demişkən: “Pero ilə yazılanı balta ilə də silmək olmaz!”
Nəticə etibarı ilə türkdilli ölkələr arasında ən asan anlaşılan dil rolunu oynayan Azərbaycan dili (özbəklər, türkmənlər, türklər, qazaxlar, qırğızlar, kumıklar, tatarlar və başqaları daha yaxşı anlayır və bunu etiraf etməkdən çəkinmirlər) qardaş türk dili tərəfindən sıxışdırılır və sıradan çıxarılmağa doğru gedir. Əgər ötən əsrin doxsanlarında Xalq yazıçısı Anar və başqaları fundamental arqumentlər gətirərək bunun qarşısını almaq uğrunda mübarizəyə qoşuldularsa, bu gün onlar da yaxalarını qaraguruhun əlinə verməmək üçün susmağa üstünlük verirlər. Dilimizin müdafiəsinə qalxan Seyran Səxavət və ona qoşulan digərləri isə nədənsə hədəfi göstərməkdə acizlik göstərirlər, quyunun ətrafında fırlanmaqla iş görmək əvəzinə daha çox görüntü yaratmağa üstünlük verirlər. Azərbaycan xalqının böyük əksəriyyəti isə hələ də qəflət yuxusundadır və baş verənlərin fərqində deyil, təhlükəni rus, ingilis və ərəb dillərindən gözləyir.
Türk xalqı Azərbaycana qardaş xalq sayılır, hətta beynəlxalq müstəvidə türkdilli xalqlar arasında baş hesab olunur. Əslində isə Azər yurdunun törəmələrindən biri, bəlkə də ən çox inkişaf yolu keçmiş birincisidir, baş deyil. Qürurvericidir ki, özbəklər, qazaxlar, qırğızlar kimi təkamül yolu keçib millət kimi formalaşmış, özlərinə dövlət qurmuşlar. Dünyanın yeganə milləti kimi dinlərini də özləri seçmişlər.
Azərbaycanda belə bir atalar sözü var: “İlana öz balası qənim olar!” (Başqa cür müqaisə edəcək bir şey tapmadım). Türk Azərin şahveçə övladıdır ki, dünyanı idarə edən böyük güclər onu bu gün qənimə çeviriblər. Bunu hamı açıq-aydın görür, dərk edir, amma kütlənin qəzəbindən ehtiyatlanaraq heç kim dilə gətirə bilmir. Bu bir Azərbaycan reallığıdır. Dilimizi qorumaq isə vətənimizi, namusumuzu, gözümüzü qorumaq qədər baş vəzifəmizdir, yaxamızı kənara çəkməməliyik. Dilimizin saflığını qoruya bilməsək, dilimizlə bərabər min illər boyu qoruduğumuz milli sərvətlərimizi də itirəcəyik. Buna zərrə qədər də şübhəniz olmasın!
Azərbaycan üç böyük, özü də imperiya maraqları olan dövlətlərin əhatəsindədir. Hələ də Azərbaycana düşmən gözü ilə baxan rus və fars şovinistlərini lənətləyirlər, türk harınlarının isə heç adını da tutan olmur. Halbuki, türk harınları Azərbaycana qarşı öz imperiya maraqlarında rus və fars şovinistlərindən heç də geridə qalmırlar. Baxmayaraq ki, Türkiyə Rusiya və İran kimi müstəqil ölkə deyil, bir növ Amerikanın boyunduruğundadır, bölgədə ABŞ-ın canişini qismində çıxış edir, bununla belə əlaldan öz məkrli imperiya siyasətini də yeritməkdən əl çəkmir. Son otuz ildə baş verənlər buna əyani sübutdur.
Müstəqillik qazanılandan sonra Azərbaycan xalqının sadəlövhlüyündən yararlanaraq bura ayaq açmış türk tacirləri (dəllalları) şirin dillərini işə salaraq Sovet İttifaqı dövründən qalmış dəmir arsenalını su qiymətinə alıb ölkədən çıxartdılar. Aqrar sənayeni iflic vəziyyətinə saldırıb sonda bu sahəni tamamilə çökdürdülər. Yeganə ümid yeri olan neftayırma sənayesini bağlatdırdılar. Azərbaycanın hesabına Türkiyədə Neft emalı zavodu tikdirdilər, guya ki, əvəzində ölkəyə benzin və digər neft məhsulları ixrac edəcəkdilər. Bu gün mövzunu gündəmə gətirmirlər, sanki unudulub. Baş tərpədən mütəxəssisləri Türkiyəyə transfer edib aldatdılar, işlərindən avara qoydular. Ölkədə yaranmış işsizlik böhranından məharətlə bəhrələnərək qız-gəlinləri iş adı ilə aldadıb Türkiyəyə, ordan Kiprə, Dubaya və digər ərəb ölkələrinə daşımaqla fahişəliyə cəlb etdilər. Pərdə arxasında dayanan FETO ideyasını həyata keçirərək Qafqaz universitetini (binaların tikilişi FG şəklindədir, yəni, Fətullah Gülen, göydən oxunur) və Araz hazırlıq kursları yaratdılar. Türkiyədən Azərbaycana gətirilmiş müəllim və abla heyəti vasitəsilə çirkli niyyətlərini həyata keçirtdilər, gül üzlü sadəlövh uşaqları təsir altına saldılar. Bu gün də onların FETO niyyətlərinin məkrli şəkildə həyata keçirtdikləri barədə söz-söhbət dolaşır. FETOçular ən çox da şiələrin yaşadıqları bölgələrdən olanlara nüfuz edir, boşanmış, dul qalmış qadınlarla evlənir, onları öz inanc tərəflərinə çəkməyə çalışırlar. Bununla da uzun illərdir ki, Azərbaycanda aradan qaldırılmış sünni-şiə məzhəb məsələsi yenidən alovlandırıla bilər. Çox təhlükəli bir vəziyyət yarana bilər.
Heç şübhəsiz ki, Türkiyənin məqsədi təkcə Azərbaycanda deyil, ümumilikdə Cənubi Qafqazda ABŞ-ın çirkin niyyətlərini həyata keçirməkdir. ABŞ Cənubi Qafqazda Rusiyanı sıxışdırmaq, bölgədən çıxartmaq, mütləq hakim olaraq Azərbaycan üzərindən Orta Asiyaya körpü salaraq genişləndirməkdir. Heç kimə sirr deyil ki, Orta Asiya müsəlmanlarının böyük əksəriyyəti sünni məzhəblidir və türkiyəlilərin onlarla ortaq dil tapması daha asandır. Elə buna görə də min bir vasitə ilə Azərbaycanda şiə məzhəbli insanların mümkün qədər sayını azaltmaq, nüfuzluların sıradan çıxartmaq istəyirlər, imperiya siyasətlərini həyata keçirməyə çalışırlar.
Ölkənin milli-mənəvi dəyərlərini, ən başlıcası dilin saflığını qorumaq göründüyü kimi təkcə siyasi liderlərin vəzifə borcu deyil, həm də ziyalı təbəqənin, xüsusən də ədəbiyyatda qələm işlədənlərin başlıca missiyasıdır. Bunu heç vaxt unutmaq olmaz!
Böyük hörmətlə:
Əli bəy Azəri