ANAR MƏNƏ BAKIDA YÜKSƏK «BOMJ» STATUSU TƏKLİF EDİRDİ…– Mirzə Əlil

Gənclik illərində Anara böyük rəğbətim olub. “Ağ liman” povesti, “Molla Nəsrəddin-66” məcmuəsi, kənd müəllimi işləyəndə “Qobustan” jurnalının təsadüfən əlimə keçən nömrələri Anarı mənim nəzərimdə nəslinin bütün nümayəndələrindən fərqləndirir və mən onun hətta bir vaxt Azərbaycanda Mirzə Cəlil, Sabir kimi mənəvi oriyentr olacağına ümid edirdim. Vaxt keçdikcə, xüsusən nəsr sənəti haqqnda təsəvvürüm genişlənib dəyişdikcə Anar nəsri, nə gizlədim, gözümdən düşürdü, onun bütün qüsurlarını görürdüm. Həm də görürdüm ki, bu adam bildiyi şeylərdən yox, bilmədiyindən və uydurduğundan yazır.

Ol Şopenhauer, Dostoyevski… Tolstoy mənsub olduğu zümrədən aman bilmədən yazıb, Çexov, Dostoyevski də elə. Anar isə elə gəncliyindən öz ailəsi ətrafında həqiqətə uyğun olmayan mif yaradır, yaxın gələcəkdə bu mifi rentaya çevirəcəyini planlayırdı. Bunu, əlbəttə, mən sonralar başa düşdüm. 1980-ci ilərin əvvəllərində başa düşdüyüm o idi ki, məsələn, avstriyalı Robert Muzil böyük nasirdir, Anar- yox. Sellincer nasirdir – Anar yox. Müriel Spark nasirdir, Anar – yox. Ancaq Anar mənim üçün oriyentirə çevrilə biləcəyinə hələ də inandığım xadim olaraq qalırdı. Və elə bu barədə mən ona, səhv etmirəmsə, 1987-ci ildə o vaxt yazmışdım. Minnətdarlıqla deyə bilərəm ki, Anar mənə makinada çap olunmuş üç səhifəlik cavab vermişdi və Azərbaycan nəsri və nasirləri barədə mənim tənqidi fikirlərimlə razılaşmadığını bildirib öz mülahizələrini ətraflı, həm də təmkinli, hörmətli tonda  yazmışdı. Sonralar Anardan qısa da olsa, daha iki ya üç məktub aldım. O mənə özünün iki kitabını da – rus və Azərbaycan dillərində — göndərmiş və Azərbaycana gələndə onunla görüşməyi təklif etmişdi.

 

Dəqiq yadımda deyil ki, bu görüş haçan olub. Günü yadımdadır – 4 aprel, çünki məni Bakıda müşayiət edən qardaşoğlunun doğum günüydi. İl 1989 ya 1990 olub. Çox gümün ki, 1990. Mən məzuniyyətdən qayıtmalıydım. Qərara gəldim ki, Anara dəyim. İttifaq sədrinin gözləmə otağında çoxlu kişi oturmuşdu, onlar Leninin yanına gələn “xodok”lara bənzəyirdilər – hamısı üzülmüş, yorğun görkəmdə, qaşqabaqlı. Sonra mən katibənin dəvətiylə Anarın kabinetinə girəndə Anar mənimlə salamlaşan kimi bu “xodoklardan şikayət etdi: “Gün ərzində bir dənə müsbət emosiya almıram. Hamı bura şikayətə gəlir. Başa düşmürlər ki, bura Yazıçılar ittifaqıdır, şikayətləri başqa yerdə eləmək lazımdır…”

 

Anar özü də “xodoklar” kimi qaşqabaqlı idi. Mənə belə görüşlər üçün ənənəvi və hətta zəruri olan bir sual da vermədi, yəni orada vəziyyət necədir, zavodda nə iş görürsən, haçan gəlmisən, haçan gedirsən. Mən onun üçün “xodok”lardan biriydim. Mənə dedi ki, qayıtsan, burda təzə açılmış tərcümə mərkəzində işləyə bilərsən. Tez də əlavə elədi ki, “ancaq Bakı qeydiyyatın olmayacaq…”.

 

Mən Anara yazdığım məktublarda bir kəlmə də qayıtmaqdan yazmamışdım, heç nə istəməmişdim, sadəcə illərlə rəğbət bəslədiyim bir müəlliflə ünsiyyətə ehtiyacım vardı. Bu deyir, Bakı qeydiuyyatın olmayacaq. Yəni kim bura gəlir ki?

 

O vaxt demədiyimi indi deyirəm: Ay Anar müəllim, siz mənim haramda “dəli” möhürünü gördünüz? Mənim daimi qeydiyyatım var, yataqxanada, kiçik də olsa, ayrıca otağım var. İndi siz mənə təklif edirsiniz ki, gəlim Bakıda bomj kimi yaşayım? Məni hər tində qırmızıpapaqlılar saxlayıb şöbəyə aparsınlar? Ayıb deyil? A kişi, sənin adın-sanın var, necə yəni qeydiyyatın olmayacaq? Mənim gül kimi işim var, zavodda yükçüyəm, yükü vurdum – azadam, yükü boşaltdım – azadam, bir xəlvətə çəkilib Rembonu oxuyuram, Sellinceri oxuyuram, Folkneri, Sparkı oxuyuram… Heç sənin bəy babaların belə kef görməyiblər. İndi gəlim Bakıda qeydiyyatsız-zadsız bomj kimi yaşayım?

 

İnandırıcı olmasa da, mən onda Anardan qətiyyən incimədim, çünki onsuz da mənim Azərbaycana qayıtmaq fikrim yox idi. Anar özü isə, əlbəttə, gözümdən düşdü. Bu insandakı bürokrat təbiəti görmək, ilan soyuqluğunu duymaq üçün on dəqiqəlik görüş kifayət imiş. Ancaq ona qarşı heç bir düşmənçilik hissi duymamışam. Son yeddi-səkkiz il bundan qabağa qədər. Yəni bu adamdakı şəxsiyyət deqredasiyası özünün kamillik fazasına çatana qədər. İndi isə Anar mənim üçün Azərbaycan əxlaqında, Azərbaycan mənəviyyatında, Azərbaycanın bütün humanitar həyatında olan deqradasiyanın baş simvoludur. Ətrafına yığdığı adamlara baxın! Abırlı adam Rəşad Məcid kimi (…) ilə bir yerdə oturar? Bu insan yüksək mövqelərdə və yüksək vəzifələrdə olduğu uzun illər ərzində heç vaxt əzilənlərin, istər torpaqda, istər cəbhədə tər və qan tökənlərin, incidilənlərin, haqqı yeyilənlərin, gələcəkdən mərhum edilənlərin müdafiəsinə qalxmayıb, həmişə hakimiyyətin yanında, hakimiyyətin tərəfində olub, yalnız  özünün, ailəsinin, həm ölənlərinin, həm törətdiklərinin qayğısını çıkib. Bir vaxt “Yaxşı padşah” nağılında Anar hakimiyyət hərislərini, çənələri yerə dəyənəcən, son nəfəslərinəcən vəzifədən qopmayanları ələ salırdı. O vaxt hamı “yaxş padşahda” Brejnevi görürdü. Maraqlıdır ki, o hekayə yazılanda Brejnevin heç yetmiş yaşı da yox idi, yəni indiki Anarın oğlu yerində idi! İndi vəzifə hərisliyində Afrika diktatorlarını geridə qoymuş Anar doxsan yaşın kandarında and-aman edir ki, vəzifədən getsə, ədəbiyyat məhv olar.

Hansı ədəbiyyat? Yazıçılar Birliyi ədəbiyyat yaradır? Hansı ədəbiyyatı? Keçəl çarə bilsə, öz başına elər: sədr olandan Anar nə yazıb?

Anarla görüşdən bir neçə gün sonra Rusiyaya qayıtdım, 1993-cü ilin oktyabrına qədər zavodda işlədim. Bəlkə indiyəcən işlərdim, kadrlar şöbəsinin müdiri üstümə qışqırdı, mən də qışqırdım və dərhal ərizə yazdım. Sex rəisi buraxmırdı, deyirdi öz hesbına məzuniyyət götür, iş axtar, tapanda, çıxarsan, çətin vaxtdır.

Qulaq asmadım. Çıxdım. Doğrudan da çətin vaxt idi. Ancaq yaxşı adamlar məni tezliklə vilayət kitabxanasında işə düzəltdilər. Və bu kitabxanada elə nadir kitablar əlimə düşdü, elə keflər çəkdim ki, Anarın bəy babalarının da belə kef çəkmədiyinə yüz faiz əminəm…

 

Mirzə Əlil