Həm qızdırma, həm də yol yorğunluğu onu əldən salmışdı. Ayaqlarını güclə sürüyürdü. Darvazaya çatıb dayandı, nəfəsini dərdi. Diqqət edib gördü ki, ayrıldıqları bu neçə ildə darvazanın qapısı dəyişməmişdi. İstədi ki, qapı on il bundan qabaqkı kimi yenə də ağır açılsın. Zəifləmiş bədənini bir qədər dikəldib dəstəkdən yapışdı. Yüngülcə qapını içəri basdı. Allah, allah, on il bundan əvvəlkitək qapı ağır açıldı. Düzdür, qapını açarkən yoruldu da, isti avqust günəşinin altında yüngülcə tərlədi də, amma özündən asılı olmayaraq buna sevindi. Ağır-ağır həyətə daxil oldu. Kimsə görünmürdü. Hamı evə çəkilib kondisionerin altında sərinlənirdi. Həm də Bahar xanım gəlişini nə evdəkilərə bildirmişdi, nə də kənddəkilərə xəbər göndərmişdi. Kimsənin onu qarşılamamasına təəccüb etmədi. Bir də özü belə istəmişdi: əli ilə qoyub getdiklərini tək-tənha doyasıya seyr etmək və bəlkə də son doyumluğunu götürməklə təskinlik tapmaq istəyirdi. Aclıq çəkən kimi gördüyü hər şeyi acgözlüklə nəzərdən keçirirdi. Çardaq ondan sonra istifadəyə verilmişdi. Amma evin qabağındakı səki dururdu. Vaxtilə bu səkinin üstündə qurulan qonaqlı-qaralı məclisləri xatırladı. Bir anlıq da olsa, qulaqlarına şən qəhqəhə səsləri gəldi, sifəti azca şuxlaşdı. Sanki bu şirin xatirə onun ağrı-acısını yadından çıxardı.
Çəpərin dibində əlləri ilə əkdyi qızılgül kolları da qırılmamışdı. Deyəsən, vaxtlı-vaxtında daranmışdı, həm də yaxşı qulluq edilmişdi. Belə olmasaydı, ilin-günün bu vaxtında kolun üstündə bir neçə qızılgül olmazdı. Azca əyilib güllərin birini qoxladı. Xəyal onu keçmişə qaytardı. Keçmiş həyat yoldaşı Arif müəllim dəfələrlə bu güllərdən dərib onun saçına düzmüşdü. Hər dəfəsində də “Mənim əsl gülüm sənsən!”–demiş, əyilib üzündən öpmüşdü. Hay-hayda öz-özünə fikirləşdi: ” Görəsən bu güllərdən təzə arvadının da saçlarına düzürmü?” Tez də fikrindən vaz keçdi. Qısqanclıqmı, yoxsa keçmiş yaşantının doğurduğu yanlış yozummu? Hansı olursa-olsun, Arif müəllimə haqq qazandırdı.
Sol tərəfdə–bağın ayağındakı mal tövlələri yerindəydi. İsti olmasına baxmayaraq, fürsətdən istifadə edib tövləyə baş çəkməyi qərara aldı. Toyuq-cücə hininin yanından keçəndə əyilib baxdı. Çil toyuq fal üstündə idi. Arif müəllim qayğanağı çox sevərdi. Kənd toyuğunun yumurtasından bişirilən qayğanağı ləzzətlə yeyərdi. Hərdən Bahar xanım zarafata salıb söylərdi: ”Adam bioloq olanda təbii nemətlərdən doyumluq bəs etməzmiş…”
Tövlənin qabağına çatanda içəridən buzov səsi eşidildi. Bu səs ona o qədər doğma gəldi ki, özünü saxlaya bilməyib tezcə tövlənin qapısını açdı və içəri girdi. Ayaqqabısı bulaşsa da, fərqinə varmadı. Heç o halda deyildi. Ala buzovun boynunu qucaqladı, üz-gözündən öpdü. Buzov hürkmüş halda əvvəlcə o tərəf, bu tərəfə dartındı, amma ona edilən nəvazişin təsirindən xumarlanaraq üsullaşdı. Buzovun qarnına baxdı: qabırğaları görünmürdü. Deməli, südünü kəsmirlər. Arif müəllimin ona həmişə tövsiyə etdiyi bir fikir yadına düşdü: ” Buzovu yaxşıca ağuzlandır, həmişə imkan ver ki, buzov doyunca əmib şellənsin.” Ona görə də inəyin iki döşünü sağar, digər ikisini buzova saxlardı. Arada əllərini saxlayanda buzov, eləmə tənbəllik, onun sağdığı döşdən oğurluq etsə də, Bahar xanım buzovçun ayırdığı döşlərə əl vurmazdı.
Xətrinə qatıq düşdü. Olsaydı, bu isti havada ovduq qayırıb ləzzətlə içərdi, susuzluğunu yatırardı. “Desəm, ev yiyəsi ovduq düzəldərmi? Günahına girməyim, yəqin ki, hə.” Tövlədən çıxanda quyruğunu bulayıb qarşısında duran iti gördü. Doğrusu, qorxdu. Əlində ağacı da yox idi. Boz it arxa pəncələrinin üstündə durmuşdu. Bahar xanımın çaşqınlığını görən it qabaq pəncələrini də yerə uzatdı və başını pəncələrinin arasına qoyub quyruğunu buladı. Sanki bununla “Buyur, keç!”–deyirdi. Bahar xanım yüngülcə gülümsəyib itin yanından ötüb həyətə doğru gəlməyə başladı. Yolboyu dönüb dala baxırdı ki, görsün it gəlirmi. Boz itsə yerindən qımıldanmırdı…
Çöl pilləkənlərin ayağında durdu. Hər şey əli ilə qoyub-getdiyi kimi idi. On il bundan əvvəl olduğu kimi, şüşəbəndin arxasına çəkilmiş ağ pərdə içərini görünməz etmişdi. Hiss olunurdu ki, şüşəbənd yaxın vaxtlarda rənglənib. Təsadüf idimi, bilə bilmədi, əvvəlki mavi rəngi dəyişməmişdilər. Bahar xanım darıxanda göylərin mavi ənginliklərinə baxıb xəyala dalmağı çox sevərdi. Odur ki, şüşəbəndi də, evin qapı-pəncərələrini də həmişə mavi boyatdırardı.
Gördüklərindən sonra elə bil ağrıları azca çəkilmişdi. Yol boyu Allaha yalvarmışdı ki, ağrı-acısı yoxa çıxsın, onu görənlər narahatlıq keçirməsinlər, düşdüyü durumla başqalarını iş-gücdən etməsin. Pilləkənləri rahat qalxdı. Əvvəl istədi ki, keçmişdə olduğu kimi qapını döyməmiş içəri keçsin. Amma üzlü qonağın içəridəkilərdə yaradacağı mənfi təəssüratı nəzərə alıb əlini apardı ki, qapını döysün; bu vaxt qapı qəfil açıldı. İçəridən yuxudan kal oyanan və gözlərini ovuşdura-ovuşdura çölə çıxmaq istəyən 7-8 yaşlı oğlan uşağını gördü. Bir anlıq əlini gözündən çəkən oğlanla göz-gözə gəldilər. Oğlan tanımadığı adamın ona təəccüblü baxışlarını heyrətdən geniş açılan gözləri ilə toqquşdurdu. Nəsə yaxınlıq duydu bu baxışda. Mülayimcəsinə soruşdu:
– Xala, sizə kim lazımdır?
Bahar xanım qırx il bundan əvvəl onu əsirinə çevirən baxışların eyni ilə qarşılaşdığından və baxışların ovsunu altında çaşdığından uşağın dediyini eşitməz oldu. “Eynən Arif müəllimin gözləridr. Hələ sifəti, fırt deyib burnundan düşüb…”
– Xala, kimi axtarırsınız?
İkinci dəfə verilən sual Bahar xanımı xəyaldan ayırdı. Təpədən-dırnağa oğlanı nəzərdən keçirib dilləndi:
– Səni…
Uşaq ilk əvvəl qarşısındakından bu cavabı gözləmədiyindən duruxdu. Sonradan qorxmuş kimi başını sağa döndərib səsləndi:
– Ana, bir xala gəlib…
Bahar xanım yalnız indi anladı ki, nə deyibsə, uşağı çaşdırıb. Səhvini düzəltmək istəyirdi ki, evin sahibəsi Zərifənin qapıya yaxınlaşdığını gördü. Gözlənilməz gəliş elə Zərifənin də çaşqınlığına səbəb oldu. Bir müdət dinməzcə durdu, Bahar xanıma “Xoş gəlmisən, içəri gəl!”– deyə bilmədi. Sükutu oğlan uşağı pozdu:
– Ana, bu xala kimdir? Sən onu tanıyırsan?
Zərifənin yalnız indi dili açıldı:
– Bıy, Bahar xanım, xoş gəlmisiniz! Siz Allah bağışlayın, qapıda durmayın, buyurun içəri.
Bahar xanım Zərifəyə əl uzatdı. Zərifəsə onun boynuna sarıldı, üz-gözündən öpdü. “Yuxumu görürəm, yoxsa cənnətdəyəm”–fikirləşdi bir anlıq Bahar xanım. Amma Zərifənin onun çıxardığı ayaqqabısını cütləyib dolaba qoyduğunu görəndə ayıldı. Bu dəfə ürəyindən “Halal olsun!” keçdi.
Uşaqsa hələ də gözlərini gələn qonaqdan çəkə bilmirdi. Anasının böyrünü dümsüklədi. Zərifə oğlunun başını sığallayıb yumşaq səslə dedi:
– Xaladır, oğlum, şəhərdən bizə qonaq gəlib.
Bu şəkildə qarşılanacağını güman etməyən Bahar xanım əlindəki salafan paketi indi xatırladı və onu oğlan uşağına sarı uzadıb boğuq səslə dedi:
– Oğlum, xalandan bu kiçik sovqatı qəbul et!
Oğlan utandığından anasına qısılıb durmuşdu. Çəkinə-çəkinə əlini irəli uzadıb Bahar xanımın hədiyyəsini aldı. Tez otağa qaçdı.
İstinin təsirindən və bədənindəki qızdırmadan Bahar xanımın dodaqları qurumuşdu. Zərifədən sərin su istədi. Zərifənin qaçaraq soyuducudan gətirdiyi suyu içdi. Qurtum-qurtum udduğu su daxilinə bir sərinlik yaydı.
– Ölənlərinin ehsanı olsun!–dedi və balkondaca qoyulmuş stulda oturdu. Bu vaxt otaqdan oğlanla birlikdə 5-6 yaşında bir qız uşağı çıxdı. Yad qonağı gülər gözləri ilə seyr etdi, sonrasa qaçıb anasına qısıldı. Zərifə:
– Qızımdır, –dedi.–Qurban olduğumun verdikləridir: bir oğlan və bir qız.
Bahar xanım Arif müəllimin oğlu olduğunu eşitmişdi, amma bu şeytan qızdan xəbəri yoxdu. Qızı yanına çağırdı. Qızcığaz xırda addımlarla ona yaxınlaşdı. “Gözləri eynən atasınkıdır.” Bəlkə də bu səbəbdən qızın gözlərindən öpdü.
Oğlanla qız içəri otağa keçdilər. Bahar xanımla Zərifə ikilikdə qaldılar. Bir müddət nədən və necə başlayacaqlarını bilmədilər. Zərifə o yan bu yana boylanan Bahar xanımın gözlərindəki narahatlığın səbəbini anlayırdı. Bu gözlər Arif müəllimi axtarırdı.
– Arif müəllim rayona gedib, axşama qayıdacaq.
“Hardan bildi ki, mən onu axtarıram?” Və qeyri-ixtiyari dodaqlarının arasında “Halal olsun!” səsləndirdi.
Zərifə çaydanı qaz plitəsinin üstünə qoyub stolun üstünü yığışdırdı. Soyuducudakı şirniyyatlardan gətirib stolun üstünə düzdü. “Nə yaxşı ki, şirniyyat ehtiyatını üzməmişəm, yoxsa biabır olardım,”–deyə Zərifə öz-özünə təsəlli verdi.
– Gərək getməyəydiniz, Bahar müəllimə,–deyə Zərifə armudu stəkanda çayı Bahar xanımın qabağına qoyub davam etdi. –İki bacı baş-başa verib dolanacaqdıq… Vallah, Arif müəllimə dəfələrlə demişəm ki, xəbər göndər gəlsin. Cavabı bu olub ki, qardaşıyla birlikdə yaşayır və mən onu necə məcbur edə bilərəm ki, gəl bizimlə yaşa…
Birdən-birə halı dəyişən Bahar xanım Zərifənin onun qabağına qoyduğu çaydan bir-iki qurtum içə bildi. Çayın istiliyi onun bədənini qızdırmaq əvəzinə titrətmə gətirdi. İsti avqust günəşinin yandırıcı hərarəti belə Bahar xanımın canındakı titrətməni kəsə bilmədi. Az qalırdı ki, dişi dişinə dəysin. Zərifə Bahar xanımın rənginin qaçdığını görüb təlaşlandı. Titrək səslə soruşdu:
– Noldu, Bahar bacı? Rənginiz-rufunuz qaçıb.?..
Bahar xanım təlaşdan əl-ayağı əsən Zərifədən içəridə yer açmasını xahiş etdi. Nəfəsinin getdikcə daraldığını hiss edirdi. Zərifə Bahar xanımın qoluna girib onu içəri apardı, çarpayıya uzatdı. Bir azca toxdayan Bahar xanım başını yuxarı qaldıranda gözü Arif müəllimin divardakı şəklinə sataşdı. Yenə də nəvazişlə ona baxırdı. Sağa burulub yatdığı çarpayını nəzərdən keçirdi: bir vaxtlar Ariflə qoşa yatdıqları çarpayı idi. Şirin bir xəyal onu qoynuna aldı və Arif müəllimlə tanış olduğu vaxta apardı…
…O vaxt Arif onu görən kimi çarpılmışdı. Dili-dodağı təpidiyindən gözləri bərələ şəkildə dayanıb durmuşdu. Sükutu Bahar pozmuşdu:
– Cavan oğlan, icazə verin, keçim!
Hələ də gördüyü gözəlliyin təsirində olan Arif heç nə eşitməmişdi. Bu dəfə Bahar əlini əlinə vurub şappıldatmışdı. Yalnız bundan sonra Arif özünə gələ bilmişdi, nə baş verdiyini anlamağa imkan tapmışdı. Yolu kəsdiyindən Bahar keçə bilmirmiş və bu səbəbdan də özünü unudan Arifi ikinci dəfə xəbərdar etməli olmuşdu. Arif qızarmış halda:
– Bağışlayın,–demişdi.–Fikirli idim.
Kənara çəkilən Arif qısa saçlı, həyat dolu baxışlı qıza yol vermişdi.
Sonralar kitabxanada tez-tez rastlaşmışdılar. Hər dəfə də Arif gözlərini ondan çəkə bilməmişdi. Bir dəfə gözaltı Arifi nəzəfdən keçirən Bahar fikirləşmişdi ki, pis oğlana oxşamır. Yar-yaraşığına da söz ola bilməzdi. Qızlara baxanda utandığından qızarır, başını aşağı salıb sakitcə yerə baxardı.
Və günlərin bir günü baxışlar toqquşmuşdu. Bahar bu cavan oğlanın gözlərinin dərinliyində ona məhrəm olan şeylər sezmişdi. Gözünü kənara çevirmək istəmişdisə də, alınmamışdı. Bir müddət beləcə baxışmışdılar. O gün Bahar nə dərsə hazırlaşa bilmişdi, nə də gözünü Arifdən çəkmişdi. Özü də bilmədən gözlənilməz bir qonağı qarşılamağa hazırlaşmışdı…
Sonrakı görüşlərdə bir-birinə isinişən və bir-birindən ayrı dura bilməyən cütlük birləşməyi qərara almışdılar. Təklif Arifdən gəlmişdi, Baharsa utana-utana bu təklifə razılığını bildirmişdi. Ailə qurub Arif müəllimin yaşadığı ata ocağına köçmüşdülər. Hər şeyləri olmuşdu: ev-eşik, maşın, iş, mehribançılıq. Tək bir şeyin həsrətini çəkmişdilər: qismətlərində olmayan uşağın…
Bahar xanım xəyaldan ayrılanda otaq dolu idi. Eşidib-bilən qonşular gəlmişdilər. Hamı Bahar xanıma təskinlik verur, “Azar olmasın, Allahın köməyilə keçib-gedər..”–deyirdilər. Bahar xanım onlara təşəkkürünü başını azca aşağı əyib təzim etməklə bildirirdi. Amma daxilindəki təlatümün getdikcə onu dərin bir uçuruma yuvarladığını hiss edirdi. Peşman-peşman onu süzən Zərifəyə və döyüküb qalmış uşaqlarına baxdı. Zəif səslə Zərifəyə:
– Haqqını halal et!–dedi.
Zərifə doluxsunaraq dilləndi:
– Bahar bacı, o nə olan sözdü? Sizə nolub ki, bir aza ötüb-keçəcək…
Bahar xanımın enib-qalxan sinəsində xışıltı başlamışdı. Yayın istisində yorğana bürünsə də, titrəyirdi.
Gün yavaş-yavaş batmağa doğru yaxınlaşırdı. Axtarmanın arxasında görünməz olan günəşin şəfəqləri göyün üzündə rəngbərəng zolaqlar çəkmişdi. Getdikcə bu zolaqlar kiçilərək dağın göyə qovuşduğu yerdə itib-batır, görünməz olurdu. Pəncərədən bu mənzərəni seyr edən Bahar xanım artıq hiss edirdi ki, hansısa bir qüvvə onu özünə çəkir, süst düşən bədənini o tərəf bu tərəfə çevirməyə taqəti çatmır.
Bahar xanım hayana baxırdısa, gözü sonda qapıya zillənib dururdu. Arif müəllimi gözləyirdi, amma o gəlib-çıxmaq bilmirdi. Hərdən qızdırmanın təsirindən gözünün qarşısında qara-quralar görünürdü. Onların vahiməli baxışlarını görməmək üçün Bahar xanım gözlərini qapayır, azacıq fasilədən sonra təkrar açır və qapıya baxırdı.
Başına yığışanlar da səssizcə gözləyirdilər. Arada qadınlardan birinin digərinə yavaşdan dediyini də eşitdi:
– Son çırpıntılarıdır. Yazıq nigarançılıqdan qurtarsaydı, gözü arxada qalmazdı…
Az qaldı ki, ürəyi ağzından çıxsın. “Arifi görməyəcəyəm?..Yox, yox! Allahım o gələnədək mənə möhlət ver…”
Qapının ağzında ayaq üstə duran qadınların kənara çəkilməsi və yol açması Bahar xanımın nəzərindən qaçmadı. Arif müəllimin ağır addımlarla içəri girdiyini gördü. Gözünə işıq gəldi. Arif müəllimsə çaşbaş halda onun çarpayısına yaxınlaşdı. Bir anlıq baxışdılar. Arif müəllim dözmədi, gözləri yaşla doldu. Bahar xanımın uzandığı çarpayının baş tərəfində qoyulmuş stulda oturdu. Bahar xanım gözləri ilə Zərifəni axtardı. Qapının ağzında boynunu büküb durmuş Zərifədən baxışları ilə son ricasını etdi. Zərifə Bahar xanımı anladı və başını yüngülcə tərpətdi. Bahar xanım Arif müəllimin əlini ürəyinin üstünə qoydu. Bir az bundan əvvəl sürətlə enib-qalxan sinəsu şahə qalxan dalğalar kimi sahili döyəcləməkdən yorulub mürgülədi; hər şey tufandan əvvəlki səssizliyə döndü. Bahar xanım gözləri Arif müəllimə baxa-baxa canını tapşırdı. Arif müəllim o biri əliylə Bahar xanımın açıq qalmış gözlərini qapadı və başını onun sinəsinə qoyub için-için ağladı…