ƏBÜLFƏZ ƏHMƏD – yeni şeirlər

Ədəbiyyat

Var

 

Hərənin bir cürə qarın ağrısı,

Hərənin bir cürə baş töhməti var…

 

Sənin ibrətin də budur, ay bala,

Bununçün dəstədən qalmışıq dala.

Haqqı söyləməli dönübdür lala,

Çoxunun boynunda at minnəti var…

 

Gözümçıxdıdadır köhnə kişilər,

Hər gün incidilib, hər gün kiçilər.

Madam ki, kişilik pulla ölçülər,

Soyumun buna da bir nifrəti var…

 

Dönüb yolumuzda daşa, divara,

Çox şeydən də bizi qoyub avara.

Sənətkar dəftərin verib davara,

Təmənna adında sükunəti var…

 

Çoxu girə-girə ora-buraya,

Cumub sənət adlı qədim saraya.

Bizim qələmləri düzsən sıraya,

Sənin soy adının nəhayəti var…

 

Açıb başımıza min bir oyunu,

Sayıbdır bir halal qisas da bunu.

Qısqanır nəslimin şah olduğunu,

Bir yerdə qırx illik bir heybəti var…

 

Müşküllər çıxıbdır ceyran dalına,

Boy verib dağların uca yalına.

İstədim kişitək girim qoluna,

Sən demə, dibindən bir sünnəti var…

 

Əlimi qoymuram dala, qabağa,

Kim mənim işimə qoyar qadağa?!

Bu canım sənətə olsun sadağa,

Qələm, kağız adlı məhəbbəti var…

 

Əbülfəz inciməz hər qeylü-qaldan,

Nə olsun qisməti az olub boldan.

Ölüncə çəkilməz tutduğu yoldan,

Köhnə kişi kimi ləyaqəti var!…

 

Ötən illərin xronikası

 

Düzəldənim işi salır müşkülə,

Şirinliyi qoyammasan kəşkülə.

Mənim işim çox yaxındır təşkilə,

Bircə günə, gün yarıma, üç günə…

 

Qulağımız dənləyəndə darısın,

Qazanc saydıq ziyanın da yarısın.

Yumaq olmur ağ üzlərin qarasın,

Bircə günə, gün yarıma, üç günə…

 

İşlərimiz itiribdir təhərin,

Gündən günə azaldırıq bəhərin.

Yalan sözdür aydın olar səhərin,

Bircə günə, gün yarıma, üç günə…

 

Elə bil ki, bilet alıb uçmağa,

“Kişi” qızı gəlin gəlir ocağa.

Pişikləri dırmaşdırır ağaca,

Bircə günə, gün yarıma, üç günə…

 

Yadelliyə üz vermişik nə qədər,

Çörək verib, duz vermişik nə qədər.

Evdəkinə söz vermişik nə qədər–

Bircə günə, gün yarıma, üç günə…

 

Hörüyünü uzatdıqca eşşəyin,

Deyir bizim küçələrdən keçməyin.

Daha möhkəm gözə taxır çeşməyin,

Bircə günə, gün yarıma, üç günə…

 

Göbək seyri… Başmaq seyri yerinə,

Ucun tutub ta getmirəm dərinə.

Şah namusu ayaq alta sərənə,

Damğa vuraq, gün yarıma, üç günə!…

 

Üç-dörd kəlmə

 

Bir çoxunda tapılmır,

Sən o vicdan dediyin.

O bir ucdan dediyin…

***

Yaşamağa dəyərmi

Gözün olsa kölgəli.

Budur yaşam əngəli…

***

Axtarırsa tapacaq,

Hamı biri-birini.

Çoxu bilmir yerini…

***

Şair olan deyilsən,

Nə sözləri çimizdir.

Nə qələmi əmizdir…

***

Bunun sirrin kim bilir,

Saldıq bu fikrə meyil:

“Dünya düzələn deyil”…

***

Küsmək yaxşı şey deyil,

Hamı umu-küsüdə.

Yaxşısı da pisi də…

***

Asan gedilən deyil,

Haqqa gedən yolçuluq.

Yol dolu cocuq-çoluq…

***

Elm odur ki, dibinə

İşıq sala çırağı

Yayıldıqca sorağı…

***

Dünyanın çox oğlu var,

Biri hamıya görkdür:

“Dünya beşdən böyükdür!”

***

Mübtədayla xəbərin,

Dəyişərək yerini.

Yazdın təzə şerini…

***

Ailədən danışır,

Ailəsi olmayan.

Bir vüsaldan doymayan…

***

Bu dünyada tapılmır,

Axtardığın ədalət.

Nə halətdir bu halət?

 

Fikrət Qocaya

 

“Dərdin çoxdur, çək azalsın” deyirsən,

Dərd ayırmaz nə gədanı, nə xanı.

Bir çuxadır, hər bir yaşda geyirsən,

Düymə-düymə bağlasan da yaxanı.

 

Bakı metrosuna

 

Yer altındakı mənzil,

“Xalqlar dostluğu”dursa,

Adın nə qoyaq bunun,

Yer üstündə bu xalqlar

Bir-birini qırırsa?

 

Tarixin əskiyi

 

Sanmayın ki, çözülmədi,

Haqq nazildi, üzülmədi.

Dünyada çox şey düzəlir

Bu dığalar düzəlmədi…

***

Danabaş deyilmi bizim bu oğlan,

Salır ortalığa bu çaxnaşmanı?!

Sabirdə, Cəlildə qüsur arayan,

Tapar anasına bir çox aşnanı!…

***

Bir evində oğulun,

Bir evində qızındı.

Odun isitməz bizi,

Yadlar gəlib qızındı…

***

Rəis elə qovdu ki,

Nikol adlı bərbadı.

Qızları qoyub qaçdı,

Tapa bilmir arvadı…

***

Rəis qovduğu itdən,

Xəbər gəlir TVİT-dən.

Bir faydası olmadı,

Otuz illik söhbətdən…

***

Xiyar niyə əyri bitir deyirdin –

Görmədiyi bir qəzası qalmadı.

Elə geyir qız-gəlini elimin,

Görünməyən bir əzası qalmadı!?

 

Yekə dostlarımıza

 

Əl uzadıb torpağıma, daşıma,

Qatar-qatar silahları daşıma.

Vətən uğru nə gələrsə başıma,

Çəkilər…

***

Məramınız anlaşandı, qananız,

Düşmən mövqe tutur hər bir anınız.

Çox güvənmə, müqəddəsdir ananız,

S……!

 

Xoruz ilinə

 

Sənə salam olsun, ay Xoruzqulu,

On iki ildən bir gəlir quqqulu.

Hində haylar ilə vermə səs-səsə,

Hər yerdə quyruğun görünür nəsə…

Səndən xahişim var, tək bircə kəlmə,

Necə gəlirsən gəl, urusca gəlmə!

***

Qoyub gərdəyində Fatmanisəni,

Babam tamah saldı yad işvəsinə.

Qınayıb məsləhət verən kimsəni,

Yol açdı övladlar didişməsinə…

***

Yurdumun sakini olar qarğalar,

Sərhəddi üç yüz il olarsa səbrin.

Kimə ağıl verir kafər dığalar,

Düşmənin bu günlər qazmalı qəbrin!

***

Təkədən pendiri tutmağa inan,

Çobanın istəyi şəksiz olacaq.

Ananın südüylə adam olmayan,

İnəyin südüylə öküz olacaq!…

***

Vallah, bu kəlməni almazdım dilə,

Sənin övladınıq, sən doğmamızsan.

Bu qədər nadürüst hardandır belə,

Ay nənə, sən Allah bic doğmamısan?!

***

Hər partinin öz siyasi gücü var,

Arasında lap devi var, cücü var.

Halal azdır, amma çoxlu bici var,

Gəl düzəldək ən millisin, təzəsin

Bu siyasi arenanı bəzəsin.

***

Hiylə, kələk sarıb evi, eşiyi,

Hər başlı, başını şətin saxlasın.

İndi səhnələrin sığal pişiyi,

Adam axtarır ki, itin saxlasın!..

***

Yoxdu mübaliğə yazılarımda,

Sözün doğrusudur qələmdən çıxan,

Nə deyim, yetmiş il arzularımda,

Olmuşam dostların yoluna baxan.

 

İzmir zəlzələsinə

 

Daim yanındayıq biz,

Bu dünya bilmiş olsun.

Başa gələn çəkilir,

İzmirə keçmiş olsun.

***

Bu qədər təvazö nə lazım bizə,

Çıxır doğru sözümüzün canı da…

Ayaq tutub yeriyəndə yalanlar,

Yoxdu həqiqətin bir hayanı da!

***

Hikkəmizin güdazıyıq,

Erməninin qudasıyıq.

Bir başıma, bir dizimə,

Qardaşımın qapazıyıq.

***

Bir ocaq çatılıb başımda  sanki,

Tüstüsü bu yandan, qoru o yandan.

Bu yurdu qoruyan az maaş alır,

Vəzifə sahibin o qoruyandan.

***

Gördüyüm bir çox iş var,

Sevgilim bəyənməyən.

Nə mən o, deyən oldum,

Nə də ki, o, mən deyən…

***

Bizdə bədduaya vardır qadağa,

Kül qoyduq səngərdə sizin papağa.

Həddini bilməyib nə sədd çəkirsən,

Səddi biz qoyuruq Ohanyan dığa!

***

Pendiri dəriylə, arvad əriylə,

Saxlamır tarixi etibariylə.

Yerli də, yersiz də olsa soruşaq,

Balam, bəs kişini kim saxlayacaq?!

***

Haqq yolundan dönər olsam mən kiməm,

Yolçuluğum tanrı deyən yolla, yar.

Dərdi verən tanrıdırsa nə dərdim,

Dərmanımı dərdə görə yollayar!

 

ADAM GÖRDÜM

 

Deyirlər adamla doludur dünya,

Nə qədər baxdımsa az Adam gördüm.

Hər fəsil donunu yüz yol dəyişən,

Payız adam gördüm, yaz adam gördüm.

 

Gör kimin yerində kimlər oturub,

Gör qapı dalında kimlərdir, durub.

Rüşvət damarında fəvvarə vurub,

Şərəfdən qıt nəsib, yüz adam gördüm.

 

Əbdürrəhim bəyin marallarının,

O vaxtdan diqqətim, əhvallarının.

Tutdum siyahısın halallarının,

Bir nəfər demədi yaz, adam gördüm.

 

Sənətdə əsər yox incəliyindən,

Baxış sərgiləsək necəliyindən.

Çıxır səhnəmizə gecəliyində,

Oğlan adam gördüm, qız adam gördüm.

 

Ölübdür sənətin qayğısın çəkən,

Budur millətimin belini bükən.

Boy verir millətin zəhləsin tökən,

Pərçim adam gördüm, paz adam gördüm.

 

Yer var sözlərimdə bir az duzluya,

Adam gərək doğru sözü sazlıya.

Ehtiyac qalmadı Şimal buzluya,

Donuq adam gördüm, buz adam gördüm…

 

Əli bəy Azəriyə

 

Beş il tanıdığım bir dost misalı,

İllər silə bilməz dost yaddaşından.

Sənin əlli beşin daha sanballı,

Bir xalq yazarının səksən yaşından!

 

İşdir, şayət…

 

Bir-birinə söz atırıq,

Ayı qandı, bu qanmadı.

Görən kimi aldadırıq,

Birdən, ayı da qanmadı?!

 

Nikola

 

Bütün rəzilliklər sənin adına,

Tarixdən şərəflə gəlir adımız.

Sən nöqtə qoyursan cümlə ardına,

Boynundan yoğundur bizim nidamız!

 

İskəndərə

 

Elə xisləti var qoca millətin,

Bəlkə də dünyanın ən iyrəncidir.

Bizi tərk etməyən bu ətalətin,

Çarəsi davamlı tüpürcəyindir!

 

Şerini oxusan bir dəyəri yox,

Şah sözün qədrini bilənləri yox.

Ay ana, yaman çox şair doğmusan,

Varsa tuman bağın, bir çoxunu boğ!

 

Dünya məndən sərvətini əsirgə,

Qızıl nədi, gümüş nədi, zər nədi.

Sənin bütün verdiyinin əvəzi,

O dərgahdan bizə gələn zərrədi!

 

Vətən, sənin qoynundakı oğulun

Qeyrətinin üstündə bir ləkə var.

Ögeylərin kündəsidir ayağın,

Doğmalarda gümanlar var, bəlkə var…

 

Alınmayan qisas qalıb boynumda,

Biz yumuruq namusun bu ləkəsin.

Vətən əsir, tərsaların oynunda,

Dinləyirik binamusun yekəsin…

 

Cəm halında deyirəm, heç kəs məndən küsməsin,

Gəlin daha qoymayaq, kimsə əmcək kəsməsin.

Anasının əmcəyin, boy verdikcə kəsənlər,

Bu eldən, bu obadan çoxalacaq küsənlər…