«Dünyanın ən gözəl ölüsü» -hekayə- Qabriel Qarsia Markes

Uncategorized
Uşaqlar sahilə sarı qaramtıl, naməlum bir şeyin yaxınlaşdığını görəndə əvvəl elə bildilər ki, bu düşmən gəmisidir, lakin dor ağaclarını və bayraqları tapmayıb onu balinaya oxşatdılar. Axırda dalğalar naməlum əşyanı sahilə atdı və uşaqlar onu yosun və meduzalardan, dənizin zir-zibilindən təmizləyib görüdülər ki, bu insan cəsədidir.
Onlar bütün günü meyitlə oynadılar; quma basdırdılar, təzədən üstünü açdılar, başına min oyun gətirdilər, axırda böyüklərdən kimsə bunu görüb, bütün kəndi ayağa qaldırdı.
Meyiti yaxınlaqdakı evə aparan kişilər hiss elədilər ki, bu, adi ölülərdən deyil, çox ağırdı, bəlkə lap at ağırlığındadı, amma fikirləşdilər ki, yəqin dənizdə çox qaldığından sümüklərinə su hopub. Evə gətirdilər, yerə uzadanda gördülər ki, meyit onların hər birindən yekədi ki, otağa güclə sığışır, düşündülər: yəqin suda boğulanların bəziləri öldükdən sonra da böyüməkdə davam edirlər və bu biçarə həmin narahat ölülərdəndi. Meyitdən dəniz qoxusu gəlirdi, başdan ayağa cillə örtülmüşdü. Onun bu kənddən olmadığını bilmək üçün sifətini təmizləmək kifayət idi. Çünki kənddə vur-tut iyirmiyə qədər taxta ev, hər evin qabağında kiçik bir həyət vardı və həyətləri boz, çılpaq daşlarla örtülmüş bu evlər bomboş körfəzin lap qurtaracağında, ovuc içi boyda yerə sığınmışdı. Torpağın azlığından kəndlilər həmişə qorxu içində yaşayırdılar, qorxurdular ki, külək güclənsə, uşaqları və illərin ara-sıra bu yerlərə gətirib çıxardığı ölüləri süpürüb dənizə ata bilər. Lakin dəniz mülayim və səxavətli idi, kəndin bütün kişiləri isə yeddicə qayığa rahat yerləşirdi, belə ki, dənizdən meyit tapanda hər hansı bir adama gözucu baxıb xatircəm olurdular ki, aralarında ölüb-itən yoxdu, hamısı yerindədi.
***
Həmin axşam heç kəs dənizə çıxmadı, kişilər qonşu kəndlərə soraqlaşmağa getdilər, arvadlar isə ölü ilə məşğul idilər. Onlar meyiti cildən təmizlədilər, saçına dolaşmış yosunları arıtladılar, bədəninə yapışmış mərcanları qaşıdılar. Gördülər ki, otlar, yosunlar bu yelərdən deyil, uzaq-uzaq okeanların, dərin-dərin suların dibindəndir. Sonra baxıb gördülər ki, rəhmətlik öz əcəlini vüqarlı bir təmkinlə qarşılayıb. Dənizdə batanların üzündan yalqızlıq oxunardı, kiçik çayda boğulanların üzündə miskin bir xəsislik ifadəsi olardı, onun sifətisə sakit, vüqarlı və gözəl idi; bu hələ harasıdı, onu tərtəmiz yuyub quruladıqdan sonra sağlığında necə olduğunu başa düşəndə arvadların heyrətdən dili qurudu.

O, arvadların indiyədək gördükləri kişilərdən nəinki gözəl, güclü və boy-buxunlu idi, hətta indi ruhu uçub gedəndən sonra da öz əzəməti və gözəlliyi ilə adamı dəli-divanə eləyirdi. Kənddə onun boyu uzunluğunda, ağırlığına tab gətirəcək çarpayı tapılmadı. Ən hündür kişilərin şalvarları dar oldu, ən şişman kişilərin köynəkləri əyninə gəlmədi, kişilərin ayaqqabıları barmaqlarının ucunda qaldı, demə kənddə heç kişi yoxmuş, adları kişiymiş. Ölünün gözəlliyinə heyran olmuş qadınlar bir yekəcə yelkən parçasından ona şalvar, qızlara toy paltarı biçilən holland kətanından ona köynək tikməyi qərara aldılar. Onlar dövrə vurub paltar tikirdilər və hər ilmədən sonra başlarını qaldırıb heyrətlə ölüyə baxırdılar. Onlara elə gəlirdi ki, külək heç vaxt bu cür inadla əsməyib. Qərayib dənizi ömründə belə təlatümlü olmayıb və onlar bunun səbəbini axtarıb ölüdə tapırdılar.

Fikirləşirdilər ki, əgər bu kişi onların kəndində yaşasaydı, ən enli qapı, ən hündür tavan, ən möhkəm döşəmə və dünyanın ən xoşbəxt qadını onun evində olardı, bu cür kişi sahilə gəlib haylasaydı, iri-iri balıqlar sudan hoppanıb onun hüzuruna gələrdi; işə elə can yandırardı ki, daşların arasından bulaqlar qaynayardı, istəsəydi lap sıldırım qayalar da gül-çiçək açardı. Arvadlar gizlində onu öz ərləri ilə müqayisə edib fikirləşirdilər ki, ərlərinin ömrü boyu etmək istədiyi və edə bilmədiyi işlərə o, bir gecədə asanca əncam çəkərdi. Beləcə fikirləşə-fikirləşə arvadlar bu qədər fərsiz və miskin görünən ərlərindən ürəklərində həmişəlik üz döndərdilər. Nəhayət onlardan ən yaşlısı; qocalığı üzündən, ölüyə şəhvətdən çox şəfqət hissi ilə baxan bir qarı ah çəkərək belə dedi:
— Bu cür adamın adı şübhəsiz ki, Esteban olmalıdı.
Bu, həqiqət idi. Onun adının Esteban olduğunu bilmək üçün ölüyə ötəri bir nəzər salmaq kifayət idi. Yalnız ən inadkar və gənc qadınlar öz xəyallarında onu geyindirib-gecindirirdilər, dövrəsini gül-çiçəklə bəzədikdən sonra ölüyə Lautaro adını yaraşdırırdılar, lakin bu, boş bir xəyal idi. Çünki holland kətanı azlıq etdiyindən köynək onun əyninə güclə gəlirdi, şalvarı isə çox naşı tikilmişdi, üstəlik, naməlum bir qüvvə köynəyin düymələrini qoparırdı.
Gecəyarıdan sonra küləyin vıyıltısı incəldi, dəniz sakitləşdi və ətrafa çökən səssizlik axırıncı şübhələrə son qoydu, əlbəttə ki, onun adı Esteban idi. Qadınlar onu geyindirib, saçını daradılar, dırnaqlarını tutdular, saqqalını qırxdılar və əbədi ondan ayrılacaqlarını düşünüb lap qəm dəryasına batdılar. Amma son anda ağıllarına gəldi ki, əgər bu boyda bədən ölümdən sonra da ona mane olursa, deməli sağlığında ona lap əzab verməliymiş. Onun sağlığını gözləri qabağına gətirib gördülər ki, o, qapılardan yanpörtü keçməyə, başı əzilməsin deyə ikiqat əyilməyə, qonaqlıqlarda ayaq üstə qalmağa məhkum imiş. O, ayaq üstə dayanıb dəniz inəyi kimi koppuş, çəhrayı əllərini gizlətməyə yer axtarır, ev sahibəsi isə təşviş içində stulların möhkəmliyini yoxlayır: «Buyurun bura, Esteban, buyurun bura», o, isə divara söykənərək axmaq bir təbəssümlə «narahat olmayın, senyora, — deyir — Mənim üçün belə də xoşdur», özününsə ayaqları göynəyir, elə bil dabanının dərisini soyublar, hər dəfə qonaqlıqda «narahat olmayın, senyora, mənim üçün xoşdur» deməkdən dili qabar bağlayıb, təki altındakı stulu sındırıb rüsvay olmasın, özü də yəqin bilmir ki, ona «getməyin, Esteban, heç olmasa qəhvə için» deyənlər, arxasınca «nə yaxşı ki, bu heyvərə rədd oldu, canımız qurtardı» pıçıldayacaqlar. Qadınlar ölüyə baxa-baxa beləcə düşünürdülər, səhərin açılmasına isə lap az qalırdı.
Bir azdan işıq onu narahat etməsin deyə üzünü yaylıqla örtdülər və bundan sonra o, qadınlara elə köməksiz, elə cansız, ərlərinə o qədər oxşar göründü ki, ürəkləri yumşalıb göz yaşlarına çevrildi. Əvvəlcə qadınlardan ən cavanı hönkürdü, sonra qalanları da sanki bir-birinin havasına ah-ufdan ağlaşmaya keçdilər və onlar ağlaşdıqca ölü onlar üçün bir o qədər Esteban olurdu, axırda göz yaşlarının bolluğundan, biçarə Esteban dünyanın ən fağır, ən köməksiz və ən doğma adamı oldu. Nəhayət kişilər gəlib, xəbər verəndə ki, qonşu kəndlərdə ölüb-itən yoxdur, göz yaşları tökən arvadların çiçəyi çartladı:
— Çox şükür, sənə, ilahi! — dedilər. — O bizimdir!
Kişilər göz yaşlarını, bütün ah-ufları əvvəlcə arvad nazı bildilər. Gecənin əzablı sorğu-suallarından yorulmuş kişilər yalnız bir şeyi-gündüzün küləksiz və isti günəşi onların qabağını kəsməmiş, çağrılmamış qonaqdan biryolluq yaxa qurtarmağı arzulayırdılar. Ölünün ağırlığına tab gətirsin deyə, dor ağacının qırıqlarından xərək düzəltdilər; sualtı axınlar onu təzədən üzə çıxara bilməsin deyə, ayaqlarına ticarət gəmisinin lövbərini bağlamağı qərara aldılar-belədə meyit suyun lap dibinə: balıqların kor oluğu, dalğıclarınsa qorxudan bağrı yarıldığı ən dərin qatlara enər. Lakin kişilər tələsdikcə qadınlar vaxtı uzatmağa min cür bəhanə tapırdılar. Onlar hürkmüş toyuqlar kimi o yan-bu yana qaçışır, mücrülərində müxtəlif dəniz tilsimlərini çıxarıb gətirirdilər, biri meyitin boynuna dua asırdı, o biri qollarına bilərzik taxırdı, hamısı da birlikdə kişilərin əl-ayağına dolaşır, onları lap hövsələdən çıxarırdılar, axırda kişilər dözmədilər: «Ay arvad, hara təpilirsən, itil burdan, az qala meyitin üstünə düşəcəkdim». Axırda kişilər şübhəyə düşdülər: bir yad adamdan ötrü bu qədər bərbəzək, dua, tilsim; axı fərqi nədi, bir azdan köpək balıqları onu parçalayıb yeyəcək! Lakin arvadlar hələ də öz ucuz tutyalarında eşələnir, birini gətirib, o birini aparırdılar, itələşirdilər, sözləşirdilər və onların göz yaşlarından bəlli olmayan şeyləri, ah-ufları biruzə verirdi. Axırda kişilər lap cin atına mindilər: görəsən, bu arvadlar dənizin sahilə atdığı bir qalaq, soyumuş, murdar ətdən ötrü niyə belə hay-küy salırlar? Arvadlardan biri bu etinasızlığa dözməyib ölünün üzündəki yaylığı qaldırdı və kişilərin heyrətdən nəfəsi kəsildi. Bəli, bu, Esteban idi və hamının bunu dərk etməsi üçün bu adı bir də təkrar etməyə ehtiyac yoxdu.
Budur, o, sabalo balığı kimi dümdüz onların qarşısında uzanıb, ayaqyalın, əynində yeddiaylıq çağanın şalvarı, bıçaqbatmayan möhkəm dırnaqları, özü də belə cansız, belə köməksiz, adamın lap ürəyi sıxılır; yaylığı üzündən qaldıran kimi görürsən ki, o, utanır: ayaqyalın, əynində yeddiaylıq çağanın şalvarı, bıçaqbatmayan sarı dırnaqları, biçarə lap xəcalət çəkir, bütün görkəmiylə sanki deyir: «mənim nə təqsirim, əgər bilsəydim ki, işlər bu cür olacaq, ölməyə daha münasib yer seçərdim, ayağıma yekə bir gəmi lövbəri bağlayıb bu yerləri bəyənməmiş adam kimi özümü qayadan aşağı buraxardım, təki bu soyumuş, murdar ət qalağı ilə sizi əsəbiləşdirməyim… Kişilər bu sözlərin səmimiliyinə əlbəəlcə inandılar. Hüznlü dəniz gecələrinin bütün acısını dadmış, günlərin birində arvadlarının onları arzulamaqdan bezib dənizin gətirdiyi ölülərin həsrəti ilə yaşayacağından qorxan ən qısqanc kişilər, hətta ən soyuqqanlı və möhkəm kişilər belə Estebanın səmimiliyindən həyacana gələrək kövrəldilər. Axırda iş o yerə gəlib çıxdı ki, evsiz-eşiksiz ölüyə dəbdəbəli bir dəfn mərasimi düzəltdilər. Qonşu kəndlərə gül gətirməyə getmiş qadınlar onların söhbətinə inanmamış bir dəstə arvadla qayıdıb gəldilər, təzə gələnlər hər şeyi öz gözləriylə görüb yenidən gül gətirməyə yollandılar və daha bir dəstə qadınla qayıtdılar. Axırda adamlar və güllər o qədər çoxaldı ki, keçib getməyə yer qalmadı. Son anda ölünü dənizə yetim kimi qaytarmağa ürəkləri gəlmədi, ona görə kəndin ən mötəbər adamlarından ona ata və ana seçdilər, qalanları isə onun qardaş və bacısı, dayısı və bibisi oldular, axırda kəndin bütün adamları bir-birilə qohumlaşdılar. Sahilin yaxınlığından üzüb keçən dənizçilər ağlaşma səsini eşidib qorxuya düşdülər ki, yəqin yolu azıblar, hətta onlardan biri dəniz pəriləri haqda qədim nağılları xatırlayıb əmr etdi ki, onu dor ağacına bağlasınlar, yoxsa su pəriləri onu aldadıb yoldan çıxara bilər. Kəndin camaatı isə höcətləşməkdəydi, çünki ölünü çiynində uçuruma aparmaq istəyən həddən çox idi. Onlar mübahisə edə-edə qəfildən küçələrinin kimsəsiz, həyətlərinin daşlıq, arzularının isə ölünün gözəlliyi və əzəməti önündə necə miskin olduğunu başa düşdülər.
***
Onlar meyiti qayadan dənizə atanda ayağına lövbər bağlamadılar ki, o, istədiyi vaxt qayıdıb gələ bilsin və ölü qayadan uçduğu anda şüurlarında tam bir əsrlik yol keçdilər. Hamının burda olmadığını və heç vaxt olmayacağını bilmək üçün onların bir-birinə baxması da lazım gəlmədi. Lakin onlar bir şeyi yaxşı bilirdilər ki, indən belə qapıları enli, tavanları hündür, döşəmələri möhkəm olmalıdır ki, Estebanla bağlı xatirələr istədiyi yerləri qorxusuz-hürküsüz gəzə bilsin, onda heç kəs «axmaq heyvərə öldü, gözəl heyvərə öldü» deməyə cəsarət etməz.
İndən belə onlar evlərini şaqraq rənglərlə boyayacaqlar, sahilkənarı qayaların sıldırım yamaclarına gül-çiçək əkəcəklər və gələcəkdə nəhəng-nəhəng gəmilərin sərnişinləri açıq dənizdə bağ-bağatın ətir iyindən yuxudan oyanacaqlar; sinəsi medallı, əlində kompas tutmuş kapitan Qərayib dənizinin üfüqündə qızaran, gül-çiçəyə bürünmüş körfəzi göstərərək on dörd dildə deyəcək: baxın; baxın, yaxşı baxın, orda külək elə mülayimdi ki, gecə-gündüz çarpayının altında dincələr, günəş elə işıqlıdı ki, günəbaxanlar hansı səmtə boylanacağını bilməzlər; orda, bəli, orda Estebanın kəndi yerləşir.

Tərcümə: Natiq Səfərov