İyirminci əsrin yetmişinci illəri olardı. Kosmosu fəth edən Sovet vətəndaşı ağlına gətirə bilmədiyi hadisə ilə rastlaşmışdı. Çox dəqiq işi ilə məşhur olan dəmiryolu sistemində ağlagəlməz bir əhvalat baş vermişdi. Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin rəisi baş verən qəribə hadisə ilə əlaqədar “həyəcan” siqnalı verib sistemdə çalışan bütün şəxsi heyəti ayağa qaldırmışdı. Hadisədən xəbəri olan da, olmayan da bundan danışırdı. Belə bir hadisə necə baş verə bilərdi?
***
Mart ayının ortaları olardı. Bahar bayramı ərəfəsində rayonlara gedən sərnişinlərin sayı həmişəkindən çox olurdu. Ölkə daxili sərnişindaşımanı təmin etmək üçün reysə çıxan yerli qatarlara əlavə vaqonlar qoşulurdu. Amma dəmiryolu sistemində dəyişilməz dəmir qanun hökmran idi; bir tərkibdə on səkkiz sərnişin vaqonundan çox ola bilməzdi, stansiyalardakı platformalar buna hesablanmışdı.
Həmin gün Bakı – Böyük Kəsik marşrutu üzrə hazırlanan qatar on səkkiz vaqondan ibarət təşkil olundu. Bayram ərəfəsini, sərnişinlərin çoxluğunu nəzərə alıb qatara daha bir vaqon qoşdular. Xoşbəxtlikdən təzə qoşulan vaqon elə Bakı – Böyük Kəsik qatarının öz ehtiyatından idi və üstündəki nömrəyə uyğun doqquzuncu hesab olunurdu. Təsadüfdənmi, yoxsa xöşbəxtlikdənmi qatarın tərkibini təşkil edən depo işçiləri əlavə vaqonu elə doqquzuncu vaqonun arxasınca qoşdular, yəni onuncu vaqonla doqquzuncunun arasına birləşdirdilər. Beləliklə, on səkkiz yox, on doqquz vaqondan təşkil olunmuş Bakı – Böyük Kəsik qatarında ard-arda iki doqquzuncu vaqon alındı.
Qatar axşam saatlarında paytaxtdan yola salınırdı. Gündüz vaxtının xeyli uzanmasına baxmayaraq mart ayının axşam saatları qaranlığın düşməsinə təsadüf edirdi. Biletini alan sərnişinlər perron boyu iti addımlarla addımlayıb vaqonda öz yerlərini tutmağa tələsirdilər. Vağzal tərəfdən sıralanan qatarda birinci doqquzuncu vaqonun bələdçiləri Ceyhun və Müştəba qapının ağzında dayanıb gələn sərnişinləri qarşılayırdılar. Biletlərini bələdçiyə göstərib içəri keçənlər bəzən yerlərində başqa adamların oturduğunu görüb dinməzcə yan tərəfdəki boş oturacaqlardan birində əyləşirdilər. Çünki burada belə qəbul olunmuşdu, heç bir sərnişin başqasına irad tuta bilməzdi. Bələdçi gələndən sonra hamını özü yerbəyer edəcəkdi. Kimin nəyinə lazımdı ki, başqası bileti kassadan alıb, ya ortada gəzişən dəllallardan? Bəlkə elə biletsiz gəlib əyləşiblər? Bəlkə heç biletə baxıb yerlərini müəyyənləşdirə bilməyiblər? Bəlkə bələdçi özü biletsiz götürüb onları? Kimin nəyinə lazımdı başqasının işi ilə maraqlansın. O da çönüb ağır söz deyərdi. Gəl, indi bundan sonra özünü saxla, görüm necə saxlayırsan? Beş-on dəqiqə bələdçini gözləməklə dünya dağılmayacaq ki?
Düz vaxtın tamamında qatar yerindən tərpəndi. Bələdçilər pilləkəni qaldırıb tamburun qapısını möhkəm-möhkəm bağladılar. Sonra öz otaqlarına keçib aralarında nə isə bir xeyli söhbətləşdilər. Sonra hər ikisi araya çıxıb vaqonun içinə baxdılar, sərnişinlə ağzına qədər dolu olan vaqon elə bil qaynayırdı.
-Maşallah! – Ceyhun astadan əlini əlinə vurub bir köks ötürdü.
-Ceyhun, sən samovarla məşğul ol. – Yaşca böyük olan Müştəba iş həmkarının sözünü başa düşüb gülümsəyərək ona tapşırıq verdi və ağzının suyunu axıdırmış kimi marçıldatdı. – Bu gecə kefimizdir.
Ceyhun tamburdan kömür gətirib samovara od saldı, maşa ilə də altını qurdaladı ki, içində qalmış külü tökülsün, yaxşı yansın. Müştəba isə vaqonun sonuna gedib biletləri yığmağa, sərnişinləri yerbəyer etməyə başladı. Vaqonun sonuncu kupesi tualetə yaxın olurdu deyə çox vaxtlar sərnişinlər həmin yerlərin biletlərini almırdılar. Bələdçi yolda götürdüyü bileti olmayan əlavə adamları pullarını alıb həmin yerlərdə yerləşdirirdi. Bu dəfə isə yerlər dolu idi, hətta yan oturacaqlarda da az qala üç-üç əyləşmişdilər, özü də hamısı biletlə gəlmişdi. Müştəba bir-bir biletləri yoxlayır, sərnişinlərin biletdə göstərilən yerlərə uyğun oturub-oturmadıqlarını müəyyənləşdirməyə çalışırdı. Tez-tez eyni yerə iki biletin satıldığını üzə çıxarırdı.
O, birinci belə halla hələ vaqonun baş tərəfdəki kupesində rastlaşdı.
-Belə hallar ola bilər. – dedi. – Siz heç narahat olmayın. Biləcərini keçəndən sonra qatar rəisinə məlumat verərəm, başqa vaqonlarda boş yerlər olarsa orada yerləşdirərik.
-Bəs olmazsa? – kimsə təəccüb dolu narazılıqla soruşdu.
-Olmazsa da üçüncü polkanın canı sağ olsun. – deyə Müştəba lap yuxarıdakı polkanı, döşəklər yığılan polkanı göstərdi. – Bayram qabağıdır, belə şeylər olar. Kassalar arasında bölgüdə qızlar, görünür, yenə də nəyi isə qarışdırıblar. Bunu problemə çevirmək lazım deyil. Hamınız bayramlığa gedirsiniz. Sağlam adamlarsınız, üçüncü polkada yatsanız nə olacaqdır. Təki evlərinizə gedib bu əziz bayram günlərində valideynlərinizi, yaxın qohumlarınızı sevindirəsiniz, onlarla bir yerdə bayram şənliyinin, bayram çilləsinin dadını çıxarasınız.
Müştəba biletləri yoxlamaqda ikən ikinci doqquzuncu vaqonun bələdçisi Bəbir vaqona sərnişin gəlmədiyini görüb qatar Biləcəri dayanacağına çatar-çatmaz vaqon-qərargaha gedib qatar rəisinə yaxınlaşdı.
-Rəis, mənim vaqonum boş gedir.
-Necə yəni boş gedir? Yəni heç sərnişin yoxdur?
-Vaqonda bir nəfər də olsun sərnişin yoxdur.
-Neçənci vaqondur?
-Doqquzuncu.
-“Devit be” ki, “devit be”, heç vaxt problemsiz ötüşmür. Sən heç narahat olma. – Qatar rəisi sözünə əvvəlcə zarafatla başladı, baxdı ki, bələdçi onun sözünü başa düşmür, ciddi görkəm alaraq masasının üstündəki hava telefonunun dəstəyini qaldırdı. Dəstəyi tutduğy sol əli ilə aparatı saxlayıb sağ əli ilə tutacağı bir neçə dəfə fırlatdı. – Biləcəri, Biləcəri, mən doxsan altıyam, Qaradağa, Ələtə, Səngəçala, Qobustana, Qazıməmmədə xəbər verin, biletlərini ancaq doqquzuncu vaqona satsınlar. Necə eşitdiniz, qəbul.
-Doxsan altının doqquzuncu vaqonuna biletlər satılsın. Biləcəri eşitdi, qəbul.
Qatar Lökbatanda növbəti dayanacağını edən kimi üç sərnişin doqquzuncu vaqona yaxınlaşdı. Ceyhun onların biletlərini nəzərdən keçirib tamburda dayanan Müştəbaya üz tutdu.
-Heç nə başa düşə bilmirəm. Bizim vaqonda bir yeri iki adamla doldurublar, ancaq kassalar yenə də bizdən əl çəkmirlər. Budur, üçünün də bileti bizim vaqonadır.
-Yaxşı, qoy tamburda gözləsinlər, indicə qatar tərpənəcək. Mən gedirəm qatar rəisinin yanına. Görüm bu nə məsələdir.
Müştəba vaqon-qərargaha gələndə qatar rəisi iki müfəttişlə oturub çay içirdi, özü də mürəbbə ilə.
-Rəis, mənim vaqonum ağzınacan doludur.
-Olsun də. Bütün qatar ağzınacan doludur. Bəs nə bilmişdiniz? Bayram qabağıdır, belə olmalıdır. Yoxsa öyrənmisiniz, vaqon boş ola, siz də biletsiz sərnişin götürüb cibinizi doldurasınız.
-Rəis, mənim vaqonuma biletlər iki-iki gəlir. Sərnişinləri üçüncü polkaya qaldırmışam. Daha yer yoxdur, amma sərnişin gəlir. İndicə dayanacaqda üç nəfər də gəlib, özü də biletləri əllərində. Ceyhuna tapşırmışam, onları tamburda saxlayıb. Vaqonda oturmağa belə yer qalmayıb.
-Yaxşı görək, sən də… Hansı vaqondur sənin vaqonun?
-Doqquzuncu vaqondur. Vallah, bokovoylar da doludur. İkisini öz kupemdə yerləşdirmişəm ki, narazılıq olmasın. Adeyal, mələfə yığdığım kupeni də vermişəm sərnişinlərə.
-Bəs bayaq, Biləcəridə sənin yoldaşın yanıma gəlmişdi. Deyirdi ki, vaqon boş gedir. Mən də zəng edib qarşıdakı stansiyalara tapşırdım ki, doqquzuncu vaqona bilet satsınlar.
-Nə danışırsınız? Mənim naparnikim Ceyhun qatar tərpənəndən həmişə yanımda olub. Sizə, bəlkə, başqa vaqonun bələdçisi yaxınlaşıb, nəsə deyib?
-Hələ ki, qulağım yaxşı eşidir. Ağlım da başımdadır. – Qatar rəisinin acığı tutdu Müştəbaya, onun sözünü yarımçıq kəsdi. – Sən get, sərnişinlərini yerləşdir.
“Bəlkə mən biletləri yoxlamağa gedəndə Ceyhun rəisin yanına gəlib? Axı o, samovarla məşğul idi. Rəisin yanında onun nə işi vardı? Aha, deyirdi ki, bu gecə kefimizdir. Nə bilim, insandır da, deyirlər çiy süd əmib…” Müştəbanın ağlından cürbəcür fikirlər gəlib keçdi.
-Rəis, axı yer yoxdur vaqonda. Tamburdakı üç nəfəri harda yerləşdirim?
-Onları da, qarşıdakı dayanacaqlarda minəcək sərnişinləri də göndər yanıma.
Doqquzuncu vaqonun bələdçisi gedəndən sonra qatar rəisi yanındakı müfəttişlərə tapşırdı ki, gedib qarşıdakı bir neçə vaqondakı boş yerləri müəyyənləşdirsinlər.
Qatar növbəti dayanacaqda dayanan kimi bir neçə nəfər əllərində bilet doqquzuncu vaqonun qapısına tərəf yüyürdülər. Müştəba onları görən kimi:
-Doqquzuncu vaqonda yer yoxdur. – deyib əlini yellədi.
-Bəs biz nə edək? – Sərnişinlər narazılıqlarını bildirdilər. – Biletləri kassadan indicə almışıq. Yer olmasaydı satmazdılar.
-Gedin beşinci vaqona – vaqon-qərargaha, qatar rəisinin yanına, o, sizi başqa vaqonların boş yerlərində yerləşdirəcək.
-Qatar cəmi iki dəqiqə dayanır. Beşinci vaqona gedib çatmaya bilərik. Ya da beşinci vaqonun bələdçisi qapını açıb bizi içəri buraxmaz. İmkan ver sumkalarımızı tambura qoyub vaqonların içi ilə gedək.
-Siz mənimlə söz güləşdirsəniz yüz faiz gedib çatmazsınız. Sizə deyirəm ki, qatar rəisinin xəbəri var, o, sizi gözləyir.
Əllərində bilet və çanta olan sərnişinlər əlacsız qalıb beşinci vaqona tərəf yüyürdülər. Müştəba qapını bağlamaq istəyirdi ki, daha bir nəfərin qaça-qaça gəldiyini gördü. Ləhləyə-ləhləyə gəlib çatan sərnişin ağzını açmamış qatar tərpəndi.
-Əlini ver. – Müştəba dərhal əlini uzadıb onu vaqona qaldırdı. – Sənin də biletin doqquzuncu vaqonadır?
-Bəli!
-İndi sakitcə vaqonların içi ilə keçib gedirsən beşinci vaqona. Qatar rəisinə yaxınlaşırsan, deyirsən ki, mən göndərdim. O, səni başqa vaqonlarda olan boş yerlərdən birində yerləşdirəcək.
Qatar Qazıməmməd stansiyasına çatanda ikinci doqquzuncu vaqonun bələdçisi yenidən vaqon-qərargaha gəldi. O, gələndə qatar rəisi xoruldayırdı, müfəttişlər də onunla bərabər, bəlkə də neçənci yuxudaydılar. Bələdçi əvvəlcə sakitcə qayıdıb getmək istədi. Sonra fikirləşdi ki, indi deməsə səhər rəisin ona acığı tuta bilər. Odur ki, əyilib qatar rəisinin çiynindən yavaşca tərpətdi. Bu zaman müfəttişlərdən də biri oyandı.
-Rəis, rəis…
Qatar rəisi yuxudan ayılan kimi dik atıldı.
-Nə var? Nə olub?
-Hələ ki, heç nə olmayıb, rəis.
-Bəs onda nə başımın üstün kəsdiribsən? Nə istəyirsən?
-Rəis, mən axı Biləcəridə sizə yaxınlaşıb dedim.
-Nə dedin?
-Dedim ki, vaqonum boş gedir.
-Necə? – Qatar rəisi başını silkələdi, ona elə gəldi ki, yuxu görür, gözlərini ovxalayıb ayılmağa çalışdı. – Necə, necə?
-Mənim vaqonumda bir nəfər də olsun sərnişin yoxdur.
-Bəs necə olub sənin sərnişinlərin? Başa düşürsənmi ki, bələdçi hər sərnişinə görə cavabdehlik daşıyır?
-Heç Bakıdan tərpənəndən mənim vaqonuma sərnişin minməyib.
-Sənin vaqonun neçəncidir?
-Doqquzuncu, ikinci doqquzuncu vaqon.
-Aha! – Qatar rəisi barmağını dişlədi. Deyəsən indi ona hər şey aydın olurdu. – Biz də səhərdən sənin sərnişinlərini o biri vaqonlardakı boş yerlərə, bələdçilərin otaqlarına, hətta üçüncü polkalara yerləşdiririk. Daha nə edək, artıq gecdir. Pis-yaxşı hamını yerləşdirmişik, yatırlar. Indi heç kimi yuxudan durğuzub yerini dəyişə bilmərik. Qoy, necə varsa, elə də qalsın. Biz indi hardayıq?
-Qazıməmmədi təzəcə keçmişik. Bir azdan Kürdəmirdə olacağıq.
-Yaxşı, sən get yerinə. Kürdəmirdə qatar az dayanır, çatdırmazlar. Mən indi tapşırıq verərəm, Ucarda sənin vaqonunu açarlar. Böyük Kəsikdən gələn qatara qoşarlar, qayıdarsan Bakıya. Boş-boşuna sənin vaqonunu ölkə boyu sürükləməyəcəyik ki!
Doqquzuncu vaqonun üçüncü polkada yerləşdirilən sərnişinlərindən biri də Allahverdi idi, kəndə bayramlığa gedirdi. O, yuxudan oyananda sərnişinlər xorhaxor yatırdılar. Mışıltı-fışıltı vaqonu başına götürmüşdü. Belə səs-küydə onun gözünə daha yuxu gəlməzdi. Əvvəlcə çay içmək keçdi könlündən, vaqon isti olduğundan boğazı qurumuşdu. Polkasından birtəhər aşağı düşüb ehmalca ayaqqabılarını geyindi. Sərnişinlər elə şirin-şirin yatmışdılar ki, dünyadan xəbərləri yoxdu. Allahverdi arxayın-arxayın bələdçilərin kupesinin qabağında yerləşdirilmiş samovarın yanına gəldi. Samovar qapqaynar idi, çayın soyuması üçün bir neçə dəqiqə gözləmək lazım gələcəkdi. Birdən siqaret çəkmək keçdi onun könlündən. “Əvvəlcə gedim tamburda siqaretimi çəkim, sonra qayıdıb çayımı içərəm. Onsuz da bundan sonra mənə yatmaq yoxdur. Səhərə qədər oturub gözləməliyəm. Görəsən, hansı stansiyadır ki, belə səssiz-səmirsiz çox dayanmışıq?”
Hansı stansiyada olduqlarını maraqlanmağa oyaq bir adam yox idi. Qatar dayanmışdı, ətrafda qulaq quqquldayırdı, bir səs-səmir belə gəlmirdi. Bu zaman onun taqqıltısına kupedə birinci polkada küncə qısılaraq başını masanın üstünə qoyub yatan bələdçi Ceyhun yuxudan ayıldı.
-Nə var, nə axtarırsan? – deyə astadan soruşdu.
-Biz hardayıq? – Allahverdi suala sualla cavab verdi.
-Sənin üçün nə fərqi var?
-Elə-belə maraqlandım. Bayaqdan dayanmışıq. Dedim, görəsən hardayıq.
-Yəqin hansısa böyük stansiyada dayanmışıq, indilərdə yola düşərik.
Allahverdi daha bir söz deməyib siqaretini yandıraraq tambura çıxdı. Vaqon sonuncu idi, zülmət qaranlıq olan çölü-biyaban bir yerdə dayanmışdılar. Onlardan sonra vaqon qoşulmamışdı.
-Biz axı sonuncu vaqona minməmişdik. Bizim vaqonu nə vaxt açıb qatarın quyruğuna bağlayıblar? – Allahverdi tamburda siqaret çəkə-çəkə özünə sual verdi, həm də sakitçilikdən istifadə edib ətrafı dinşədi, heç bir səs-səmir gəlmirdi.
Siqaretini yarıya qədər çəkib tulladı, tez bələdçinin yanına qayıtdı.
-Bələdçi. – deyə astadan çağırdı.
-Nə var? İndi nə istəyirsən? – Ceyhun başını qaldırıb astadan soruşdu.
-Bizim vaqonu nə vaxt açıb xvosta qoşublar?
-Xvost nədir? Sən nə danışırsan? – Ceyhun hövlnak ayağa qalxdı. – Bizim vaqon qatarın tən ortasındaydı.
-İnanmırsan, gəl, özün bax!
Allahverdi qabaqda, Ceyhun da onun arxasınca tambura çıxdılar. Ceyhun öz gözləri ilə görəndə ki, həqiqətən onların vaqonundan sonra heç bir vaqon yoxdur, narahat olmağa başladı. Allahverdiyə heç bir söz demədən geri qayıdıb vaqonun içi ilə o biri tambura yollandı. Allahverdi də onun arxasınca getdi. Onlar vaqonun o biri başındakı tambura çıxanda təəccübdən hər ikisinin gözləri bərəldi. Bu nə iş idi, vaqonlarını qatarın tərkibindən ayırıb ən qıraqdakı yola qoymuşdular.
-Gedək vağzala, görək növbətçi nə deyir. – Ceyhun Allahverdiyə təklif etdi.
-Gedək. – Allahverdi razılaşdı.
Onlar vaqondan düşüb vağzala tərəf getdilər. Vağzal növbətçisi Kərim kişi onların hər ikisini bələdçi bilib özününkülər kimi gülərüzlə qarşıladı.
-Heç bir narahatçılıq yoxdur. Qayıdın gedin vaqonunuza, yerinizdə olun. İndi Böyük Kəsik – Bakı qatarı gələcək, sizin vaqonu qoşub yola salacağıq, gedəcəksiniz.
-Qatar bizi qoyub hara gedib ki? – Allahverdi maraqlandı. – Bizim vaqonu nə üçün qatardan açmısınız?
-Bizə belə əmr ediblər. – Kərim kişi dilucu cavab verdi. – Siz yerinizdə olun.
Ceyhunla Allahverdi bir şey anlamasalar da daha heç nə soruşmayıb vaqonlarına qayıtdılar. Hər biri öz düşüncəsində baş vermiş hadisəni ayırd etməyə çalışırdı, amma kələf açılmırdı ki, açılmırdı. Vaqona çatan kimi Allahverdi birtəhər öz polkasına qalxıb uzandı. Elə uzanan kimi də yuxuya getdi. Ceyhun onsuzda gic kimi idi, nə normal yuxu yata bilirdi, nə də dinclik tapırdı. Ancaq o da bələdçi kupesinə çatıb başını masanın üstünə qoyan kimi yatdı. Heç vaqonun qoşulmasından da xəbərləri olmadı.
Onlar yuxudan ayılanda hava işıqlaşmışdı. Pəncərədən çölə baxanda tanış əraziləri gördülər. İlk öncə harda olduqlarını başa düşməsələr də tezliklə gördükləri yerləri tanımağa başladılar. Biləcəri stansiyasını keçən qatar orta sürətlə Bakı Dəmiryolu vağzalına doğru şütüyürdü. Axşam Bakıdan Böyük Kəsiyə yola düşən bir vaqon sərnişin səhər tezdən Bakıya çathaçatdaydı. Demək olar ki, sərnişinlərin hamısı oyanmışdı. Vaqonda böyük bir bayram coşqusu yaşanırdı. Uzun müddətdi ki, Bakı belə bahar bayramı görməmişdi.
Daha bundan qəribə nə olası idi ki?