Dinimiz. Dilimiz. (Yazıçı düşüncələri) Əli Bəy Azəri

1. Məhəmməd peyğəmbərin milli kimliyi.

 

«Əməllər niyyətə görə dəyər qazanır.» Həzrət Məhəmməd (s)

 

Ruhaniyyət dünyasına görə sonuncu dinin banisi olan Məhəmməd peyğəmbərin etnik kimliyi barədə mülahizələr səngimək bilmir. Bəşəri baxışları ilə sələflərindən köklü dərəcədə fərqlənən bu tarixi şəxsiyyətin həyatı dönə-dönə ən müxtəlif millətlərin nümayəndələri tərəfindən öyrənilmiş, tədqiqat işləri aparılmışdır. Amma hələ də Məhəmməd peyğəmbərin etnik milli kimliyi barədə yekun rəy təsdiqlənməyib. Onun nəslindən sayılan seyid, seyidə ailələrini ölkəmizdə çox vaxt ərəbdəndönmə adlandırırlar. Heç kim dəqiqini bilmir deyə məsələnin mahiyyəti açılmamış qalır.

İslam dinin banisi Məhəmməd peyğəmbər digər peyğəmbərlərdən fərqli olaraq tarixi şəxsiyyətdir. Onun əsas fəaliyyəti yeddinci əsrin əvvəllərinə təsadüf edir. Tarixdə də daha çox xilafətin yaradıcısı kimi xatırlanır.

Onun milli kimliyi barədə ortada olduqca tutarlı arqumentlər mövcuddur.

Birincisi, ərəb mənbələrində Məhəmməd peyğəmbər ərəb deyil, ərəbləşmiş ərəb kimi göstərilmişdir ki, bu da onun ərəb olduğunu şübhə altına alır.

İkincisi, onun ulu babası İbrahim peyğəmbərin atasının milli kimliyi bəlli olmadığından tarixi mənbələrdə yalnız adı hallandırılır, Azər oğlu İbrahim deyilir. Bəzi hallarda onu Azər İbrahim də adlandırırlar.

Üçüncüsü, ona peyğəmbərlik veriləndə bunu ərəb tayfaları qəbul etmir və üzərinə hücuma keçirlər. Məcburiyyət qarşısında Məhəmməd peyğəmbər Məkkəni tərk edib Mədinəyə köçür, ana qohumlarının və tərəfdarlarının himayəsində fəaliyyətini davam etdirir.

Dördüncüsü, Mədinə şəhərinin müdafiəsini təşkil etmək və nöbəti döyüşlərə hazırlaşmaq üçün indiki İran ərazisindən özünə hərbi müşavir gətizdirir. Tarixdə Farsi Salman kimi tanınan hərbi müşavirin etmək kimliyi azəridir.

Beşincisi, Məhəmməd peyğəmbərdən sonra onun tayfa-toluğuna, imamlara və onların ailələrinə basqınlar, hücumlar edən ərəblər öz ölkələrində qalıb yaşamaqlarına belə icazə verməyiblər. Səudiyyə Ərəbistanından məcburiyyət qarşısında qalıb tərki-vətən olan imamzadələr xilas üçün əsasən Azərbaycanlılar (təhrif olunmuş formada desək Azərilər) yaşayan məmləkətlərə üz tutublar. Onların məzarlarına Gəncədə, Bərdədə, Bakıda, Məshəddə, Xorasanda və Azərbaycanlıların daha sıx yaşadıqları digər bölgələrdə rast gəlmək mümkündür.

Sadaladığımız arqumentlərdən bəlli olur ki, Məhəmməd peyğəmbərin etnik kimliyi azərilərlə bağlıdır.

Əvvəl qohumlarını bir süfrə arxasında birləşdirməyə çalışan Məhəmməd peyğəmbər sonra Əbu Bəkir, Osman və Ömər kimi imkanlı ərəb feodallarını bir araya gətirə bildi. Bədəvi ərəblərin birləşməyəcəklərindən ehtiyatlanan peyğəmbər onların başçılarını bir-birləri ilə qohumluq əlaqəsinə saldı. Sonra geridə qalmış ərəb tayfalarının birliyindən böyük və güclü Xilafət yaratdı.

Üstündən min dörd yüz ildən artıq bir zaman kəsiyi keçməsinə, həyatı müxtəlif millətlərdən olan alimlər tərəfindən öyrənilməsinə, elmi tədqiqatların aparılmasına baxmayaraq hələ də onun milliyətcə kim olması müzakirə mövzusudur. Elmi mənbələrə əsaslanan cavab isə hələ ki, yoxdur.

 

2. SÖZÜN KƏSƏRİ

 

Azərbaycanda “Əlifba” kitabını mən yazsaydım A hərfi ilə deyil, O hərfi ilə başlayardım. Dünyanı yoxdan xəlq edən Yaradan da ilk olaraq “Ol” əmri verib; dünya olub, adam olub. Adama “Oxu” buyurub; nəyi oxu, niyə oxu, deməyib, sadəcə oxumağı tapşırıb.

“Ol” əmr, “oxu” əmrdir, deməli, dünya və üzərində olan şüurlu və şüursuz bütün canlılar əmrə tabedir.

Bəs biz “Əlifba”nı niyə A hərfi ilə başlayırıq?

“Ana” sözünü ilk olaraq öyrənmək üçün – təsəllimiz belədir. Guya, Ana dünyanın ən müqəddəs varlığıdır. Bəs ata, qardaş, bacı, dədə, nənə, oğul, qız? Siyahını uzatmaq da olar. Kim müəyyənləşdirib ki, Ana müqəddəsdir, o biri doğmalar yox! Məncə, düzgün yanaşma deyil!

Ancaq necə ki, ananı müqəddəs biliblər, onda gəlin, ana haqqında danışaq. Baxaq görək hansı ana və necə müqəddəsdir?

Azərbaycanlı anası oğlunu bütün şər işlərdən, dərrakəsində pis bildiyi hər şeydən qoruyur. “Südüm sənə haram olar”, deyib öyüd-nəsihət verir. Sözsüz ki, mentalitetimizə uyğun olaraq övladlar da analarını eşidirlər. Hətta məktəbdə, məhəllədə kiminləsə dalaşıb gələn oğlunu haqlı-haqsız anası qınayır. Səbəb ana, bacı söyüşü olsa belə yenə oğlunu danlayır. “Söymüşdü, məni söymüşdü, gəlib yapışmadı ki? Sən gərək fikir verməyəydin, özünü eşitməzliyə vurardın”, deyir.

Çeçenlərdə isə tamam başqa cürdür. Orda ana mübarizdir, bizim analar kimi yava, tolerant, sülhsevər deyillər. Övladlarını da özləri kimi döyüşkən öyrədirlər. Çeçen qadın-ana dalaşıb gələn oğlunu dəhlizdəcə saxlayıb danlayır. “Söyən dilini kəsib itə atdınmı?” soruşur, “Niyə qarnını cırıb bağırsaqlarını yerə tökmədin ki, başqalarına dərs olsun?” deyir.

“Azərbaycan Cənubi Qafqazın ən böyük ölkəsidir! Azərbaycan Ordusu bölgənin ən güclü ordusudur!” – təskinlik üçünmü deyirik bunu, yoxsa həqiqətən belədir? Bilmirəm! Ona görə bilmirəm ki, Xocalı hələ də düşmən tapdağındadır.

İki Qafqaz ölkəsindən nümunə gətirməkdə məqsədim SÖZÜN KƏSƏRİni əyani şəkildə təsvir etmək idi. Deyirəm, bəlkə biz “Əlifba”nı A hərfi ilə deyil, O hərfi ilə başlasaydıq, “Ana” sözü əvəzinə “Ol”, “Oxu” əmrlərini verməyə və eşitməyə vərdiş etsəydik, hər şey başqa cür olardı? Axı “Ana” sözü müqəddəsdir, mülayimdir, adama layla çalıb həzin yuxu gətirir.

“Ol” kəlməsi isə sərvaxt olmağa səsləyir, səfərbər olmağa çağırır.

Bəlkə də…