“Dayanacaq” (hekayə) Rüstəm MUĞANLI

Ədəbiyyat

 

Payızın ilk günləri olsa da, hava soyuq keçirdi. Səmadan asılan günəşin ilıq şəfəqlərinin istisi belə yerdə bir o qədər hiss olunmurdu. Gün axşama doğru əyildikcə, hava daha da soyuyurdu. Havaların soyumasını heç kəs qəbul etmək istəməsə də, soyuq hava varlığını adamlara öz bədənləri üzərində hiss etdirməyə başlamışdı. Bakının cənub şəhərlərinə xas olmayan iliyə işləyən küləyi havanı bir az da soyuqlaşdırırdı. İlin elə vaxtı idi ki, bayırda bir neçə saat qalan adamların bənizi ağarmağa başlayırdı. Bu vəziyyət insanların geyimlərində də özünü aşkar büruzə verirdi. Bəziləri numayişkaranə surətdə hələ evdən qısaqol köynəkdə çıxırdılarsa da, bəziləri də qalın köynək və nazik gödəkcə geyinmişdilər. Şübhəsiz ki, yay istilərinə öyrənmiş insanlar – payızın adamı üşüdən küləyinə inad nazik geyinmiş olanlar, digərlərinə baxıb öz daxillərində “kaş, mən də gödəkçə geyinəydim” deyə düşünməmiş deyildilər. Belə soyuq payız günlərinin birində Rasim idarədən çıxıb avtobus dayanacağına doğru addımlayırdı. O dayanacağa yaxınlaşanda saat 6:31 idi…

Dayanacaqda elə də çox adam yox idi. Barmağının arasındakı siqareti könülsüz-könülsüz sümürən arıq, çəlimsiz, sivri nazik burnunu qısaqol köynəkdə olan sısqa oğlan, başına çit, güllü yaylıq bağlamış yaşı təxminən əlli-altmış civarında olan yaşlı, köntöy bir qadın, üz-gözündən laqeydlik, narazılıq tökülən, öz aralarında nə haqqındasa xısın-xısın pıçıldaşan iki gənc qız və böyük, eybəcər qarnı, arxaya çıxmış yanbızları, eyni zamanda pencəyinin didilmiş qollarından ilk baxışdan sürücüyə oxşayan təxminən 40 yaşında narahat, kobud görkəmli bir kişidən başqa gözünə heç kim dəymədi. Dayanacağın içərisinə qoyulmuş dörd-beş nəfərlik səliqəli, dəmir skamyada heç kimin oturmadığını hələ uzaqdan müşahidə etmişdi. Görünür, skamyada heç kimin oturmamasında havanın soyuq olmasının da öz təsiri var idi. Rasim keçib dayanacaqdakı skamyada oturdu. Cibindən ucuz, filterli siqaretini çıxarıb birini yandırdı. Siqaretdən bir qullab götürüb, siqaret tutduğu əlinin pəncəsini üzünə söykəyərək, dirsəyini dizinə dayadı. Kənardan olduqca düşüncəli və qayğılı görünən Rasim, həqiqətən də keçmişin acı xatirələri ilə gələcək üçün qurduğu şirin xəyalların arasında ümidsizcəsinə çırpınırdı. Lakin nə xatirələri, nə də gələcək üçün qurduğu xəyalları tam deyildi. Düşündüyü xəyalları başa vurmamış, yaddaşının uzaq küncündəki bir xatirə yadına düşür, xəyalları yarımçıq qalır, xatirələrini hafizəsində vərəqləyir, lakin sonluğunu olduğu kimi deyil, yenə də xəyal edirdi. Sanki xatirələrlə, xəyalların növbələşməsi Rasimin həyat tərzinə çevrilərək, düşüncəsinə hakim kəsilmişdi. Bu növbələşmə arasında get-gəllər ona düşüncəli adam görkəmi vermişdi. Rasim dayanacaqda da adəti üzrə düşünməkdə idi ki, onu bu düşüncələrdən ayıran, qarşısında durub gülümsəyən, olduqca zövqlə geyinmiş, şabalıdı rəngli yarıqıvrım saçlarını çiyinlərinə tökmüş, iri, qara gözlü, mehriban və sevimli üz cizgiləri olan, təxminən 28-30 yaşlarındakı gözəl bir xanım oldu.

-Salam.

Rasim düşüncələr burulğanında çabalayarkən eşitdiyi bu səsə əhəmiyyət vermədi. Yəqin müraciətin ona deyil, başqa birisinə edildiyini zənn etmişdi. Gənc xanım Rasimin onun salamını eşitmədiyini düşünərək təkrar etdi:

-Salam.

Rasim barmaqlarının arasındakı siqaretdən bir qüllab da vurmaq istədi. Lakin siqaret yarıya qədər yanıb, sönmüşdü. O siqaret kötüyünü dayanacaqda qoyulmuş zibil qutusuna atıb başını qaldırdı. Yalnız indi qarşısında dayanan gənc, zərif qadını görüb salamın ona verildiyini anladı. Bir qədər təəccüb qarışıq asta səslə dilləndi:

-Salam. Biz tanışıq?

Gənc xanım o qədər sevincli görünürdü ki, Rasimin verdiyi sualı sanki eşitmədi. Rasimə onun nəyə sevindiyi məlum olmasa da, sevincli olması xanımın üz-gözündən və mehriban səsindən kifayət qədər aydın sezilirdi. Yenidən özü sual vermək qərarına gələn gənc xanım mehribancasına soruşdu.

-Siz şairsiz?

Bu an Rasimin də üzündə təbəssüm yarandı. Lakin bu təbəssüm o qədər ani oldu ki, bunu heç kəs sezmədi…

***

…Rasimin nənəsinin üç oğlu var idi. Nənə övladlarına bildirməsə də, Rasimin atası olan böyük oğlunu digər iki oğlundan daha çox istəyirdi. Bunun da öz səbəbləri var idi. Çünki nənənin böyük oğlunun atası sevərək ailə qurduğu ömür-gün yoldaşı, bətnində olan uşağın doğulmasını görmədən 1941-1945-ci il müharibəsinə getmiş, gedəndən az müddət sonra onun qara kağızı gəlmişdi. Həlak olan birinci həyat yoldaşının adını da doğulduqdan sonra böyük oğluna vermişdilər. Nənənin ikinci evliliyindən də iki oğlu olmuşdu. Rasimin atası ilə nənəsi hər gün saatlarla bir-biri ilə söhbət edər, lakin nə yorulub-bezməz, nə də doymazdılar. Bu ana-bala məhəbbətinə həsəd aparmamaq mümkün deyildi…

Ana-bala arasındakı bu səmimiyyət digər iki qardaşa da sirayət etmiş, böyük qardaşlarının ögey olmasını nə hiss etməmiş, nə də hiss etdirməmişdilər. Rasim anadan olanda da əmiləri o qədər sevinmişdilər ki, bütün tay-tuşlarını, yoldaşlarını yığıb, yeni doğulmuş körpənin şərəfinə bir neçə gün qonaqlıq vermişdilər. Rasim əmilərinin sevgisini həmişə onlar faciəli şəkildə dünyadan köçən günə qədər öz üzərində hiss etmişdi. Rasimin natamam xatirələrinin bir küncündə əmiləri də var idi. Bu xatirələrin sonluğu yenə də həmişə xəyallara dönüb reallıqdan uzaqlaşırdı…

***

…Anidən qarşısında peyda olmuş gözəl bir xanımın onunla mehribancasına söhbət etməyə başlaması, Rasimə bir qədər qəribə görünsə də, daxilində bu haldan anlaşılmaz bir məmnunluq hiss etdi. Elə bu hissiyatla da qarşısındakı zərif, gənc xanımı gözucu süzməyə başladı. İlk baxışda nəzərinə çarpan şabalıdı rəngli yarıqıvrım saçlarını çiyninə tökmüş, iri, qara gözlü, mehriban və sevimli üz cizgiləri olan, olduqca zövqlə geyinmiş, təxminən 28-30 yaşlarında olan bu zərif, incə və gənc xanımın həm də al yanağı, fındıq burnu, təbii, qırmızı dodaqları, xırda dişləri, iri sinəsi, kifayət qədər gözəl və mütənasib bədən quruluşu var idi.

-Əyləşin, – deyə Rasim nəzakətlə skamyada onsuz da heç kəsin oturmaq istəmədiyi boş yeri göstərdi.

Gənc xanım sevincək və cəld hərəkətlə keçib Rasimin yanında əyləşdi. Rasim hiss etdi ki, qadının Rasimlə qısa salamlaşmasından sonra keçib yanında oturması, dayanacaqdakı adamların da diqqətini çəkdi. Əvvəlcə sısqa oğlan siqaretini sümürərək, burnunu bir neçə dəfə çəkib təəccübdən bərəlmiş gözlərini Rasimə zillədi. Gənc qızların pıçıltılarına ara verib bir-birinə baxaraq mənalı tərzdə gülümsəməsi də Rasimin diqqətindən yayınmadı. Pencəyinin qolu didilmiş kişinin qəribə, ikrah doğuracaq bir hərəkətlə qanrılıb onları nifrətlə süzməi də gözündən qaçmadı. Bayaqdan boş qalmış skamyaya heç gözünün ucu ilə də baxmayan çit, güllü yaylıqlı qadın isə gəlib gənc xanımın yanında əyləşdi. Rasim dayanacaqdakı bütün bu canlanmanı görməzdən gələrək gənc xanıma müraciət etdi:

-Sualıma cavab vermədiz…

***

…Olduqca yaraşıqlı, boy-buxunlu, idmançılara xas mütanasib bədən quruluşu olan Rasimin gülümsər üzü, dərin mənalı gözləri, ciddi və bir qədər kədərli baxışları var idi. Onu lap gənc vaxtlarından ilk dəfə görən adamların yaddaşında dərin və unudulmaz iz buraxırdı. Yaşı iyirmini yenicə keçməsinə baxmayaraq, onunla söhbət etmək tanıyanların qəlbinə bir fərəh hissi verirdi. Onunla ən doğma, əziz adamları kimi söhbət edirdilər. Mehriban və olduqca ünsiyyətcil bir insan olan Rasimi ilk dəfə görən gənc qızların ona vurulmaması mümkün deyildi. Həm tanrının verdiyi xarici görkəm, boy-buxun, yaraşıq, həm də ağıllı, səlist, məntiqə söykənən mənalı danışığı onun kamil bir insan olduğunu göstərirdi. Bütün gənc qızlar xəyallarında məhz belə bir oğlanı arzulayır, belə bir oğlanla münasibət qurmağa çalışırdılar. Davranışlarındakı nəciblik və ləyaqət onun kübarlığının təsdiqi idi. Bütün bu müsbət keyfiyyətlərlə yanaşı üzündə bir işıq, bir nur sezilirdi. Rasimin ümumi xarakteristikasına nəzər saldıqda, onu yaxşı adam kimi xarakterizə etmək olardı. Gözlərinin dərinliklərində donub qalmış susqun kədəri isə, atasını və əmilərini faciəvi avtomobil qəzasında itirməsindən “yadigar” qalmışdı. Rasim doğmalarını itirəndə onun heç yeddi yaşı yox idi. Bu nisgil Rasimin qəlbində özü böyüdükcə böyümüş, əbədi yuva qurmuşdu. Gözlərindəki heç vaxt gizlədə bilmədiyi kədər də bununla bağlı idi …

Gənc xanım yenə də gülümsədi. Onun zərif gülüşü sanki dayanacaqdakı soyuq payız havasını isidir, ətrafa yazın ilk aylarında bitən çiçəklərin xoş rayihəsini yayırdı. Rasim onu düşüncələrdən ayıran bu gənc xanıma daha gözucu deyil, səmimiyyətlə baxırdı. Qəlbində bu gənc xanıma qarşı bir mehr baş qaldırır, baxışlarından qayğı qarışıq bir məhəbbət süzülürdü. Artıq, çit, güllü yaylıqlı qadının qulaqlarını skamyada oturandan bəri onlara tərəf çevirib hər deyilən sözü eşitmək vəziyyətinə gətirərək, yaylığını başının arxasına sürüşdürüb qulaqlarını açması da Rasimi narahat etmirdi.

-Hansı sualınıza?

Əslində Rasim ondan başqa cavab gözləyirdi. Dayanacaqdakı söhbətin lap əvvəlindən onu məftun etmiş gənc xanımın əvvəlcədən onu tanıyıb-tanımaması sualı beynini məşğul edirdi. Hətta ani də olsa tanışlıqlarının başlanğıcını bir anlıq xəyal da etmişdi. Lakin natamam xəyallara vərdiş etmiş Rasimin yaddaşının dərinliklərində bu gənc xanımla bağlı heç bir xatirənin olmaması xəyalların xatirələrlə növbələşməsini əngəlləyirdi. Bir neçə uğursuz cəhddən sonra Rasim yaddaşındakı xatirələri vərəqləyərək bu gənc xanımla bağlı nə isə tapmaq cəhdlərindən əl çəkdi. Beləcə, bu dəfə də xəyalları yarımçıq qalaraq natamamlığını qorudu…

Əslində gənc xanımın verdiyi cavab Rasimi qane etməsə də, bir o qədər də narahat etmirdi. Sanki elə bu cavabı gözləyirmiş kimi gözlərinin dərinliyində bir işıq közərdi. Diqqətlə baxan olsaydı, üzündəki təbəssüm cizgilərini aydın hiss edərdi…

***

…Tay-tuşları və yoldaşları arasında savadı, aydın zəkası və ədalətli mövqeyi ilə hörmət qazanan Rasim dostlarının təkidinə rəğmən onlarla çox vaxt keçirməzdi. Əsas məşğuliyyətləri kitab oxumaq, şeir yazmaq, bir də futbola baxmaq idi. Asudə vaxtlarını isə, kənd ağsaqqallarının yığışdığı çayxanaya gedib yaşlı insanlarla həmsöhbət olmaqla keçirərdi. Telefonla ümumiyyətlə, uzun danışmağı sevməzdi. Hətta gizli sevdaya düşmüş qızların aramsız zəngləri olanda da telefona yaxınlaşmazdı. Arada dəstəyi qaldıranda zəng edib susan qızların kimliyi də ona maraqlı gəlməzdi, bir neçə dəfə “alo” deyib dəstəyi asardı. Bu vəziyyət şəhərə köçəndən sonra da davam etmişdi. Bəzən təəccüblənirdi ki, onun telefon nömrəsini necə əldə edirlər? Axı ondan heç kim telefon nömrəsi istəməmiş, özü də heç kimə nömrə verməmişdi. Evdə tək olanda “görünür bu işin də ustaları var” – deyərək, özü-özü ilə zarafat edirdi. Telefon zənglərinin yaratdığı narahatlığa o qədər vərdiş etmişdi ki, bir müddət zəng gəlməyəndə “yəqin telefonları kəsiblər”, ya da “telefon xarab olub” – deyə şübhələnirdi. Lakin bütün bunlar ötəri qayğılar idi. Şəhərdə iş tapmaq onun əsas qayğısı idi…

***

…Nəhayət ki, Rasimin də üzünə təbəssüm qondu. Söhbətə başladıqları andan o qədər də çox söz danışmamışdılar. Ümumiyyətlə, cəmi bir sual vermişdi. Ola bilməzdi ki, gənc xanım hansı sual olduğunu bilməsin. Rasim istədi ki, bu söhbətə elə burada da son qoysun. Lakin özünün də anlamadığı bir hiss ona daxildən gənc xanımla söhbəti davam etdirməsini diktə edirdi. Ona elə gəlirdi ki, bu gənc xanımla haradansa tanışdılar. Ola bilsin ki, o özü tanımasa da, gənc xanım onu tanıyır. Bu haqda artıq bir neçə dəfə düşünmüşdü. Düşündüklərini təkrar düşündükcə, gəldiyi qənaətə əminliyi daha da artırdı. Gənc xanımın mehribancasına gülümsəməsi isə, bu əminliyi qətiləşdirirdi. Birdən özündə bu xoş simalı gənc xanıma qarşı bir yaxınlıq hiss etdi. Ona elə gəldi ki, doğma bir adamıyla söhbət edir. Hətta ürəyində bildiyi bütün yaxşı sözləri bu gənc və gözəl xanıma demək zərurəti hiss etdi. Boğazında düyünlənmiş sözləri deməyə hazırlaşırdı ki, ona qarşı ünvanlanmış bir sual istəklərini dilinə gətirməyə mane oldu:

-Siz də 65 nömrəli avtobusu gözləyirsiz?

Çit, güllü yaylıq bağlamış qadın idi soruşan. Rasim ona cavab verməmişdən əvvəl ilk dəfə idi ki, yaşlı bir insanla söhbət etmək istəmədiyinin fərqinə vardı. Sual o qədər yersiz və vaxtsız verilmişdi ki, hətta diqqətli müşahidəçi Rasimin gözlərindəki donmuş kədərin bir anlıq qəzəbə çevrilib tez də dəyişməsini sezərdi.

-Xeyr, – dedi.

-“65” gəlir, ona görə soruşdum – deyə qadın özünə bəraət qazandıraraq, qalxıb Rasimlə gənc xanıma baxa-baxa avtobusa tərəf getdi. Sonra nə fikirləşdisə – “basa-basdı, növbəti avtobusla gedərəm, – deyib, qayıdıb əvvəlki yerində əyləşdi. Oturmamışdan əvvəl isə yenə də “sizi dinləməyə hazıram” vəziyyətini aldı.

Dayanacaqdakı sısqa oğlan siqaretindən bir qüllab da alıb, burnunu bir neçə dəfə çəkdi. Pencəyinin qolu didilmiş kişinin gözlərindəki nifrətəbənzər mənasız baxışların yerini maraq əvəz eləmişdi. Əslində o da çit, güllü yaylıqlı qadının vəziyyətini almışdı. Böyük ehtimalla rəfiqə olan iki gənc qızın da gözlərində qibtə dolu bir maraq var idi…

***

…İxtisasına uyğun iş tapmasa da, Rasim şəhərdə bir tikinti şirkətində işə düzəlmişdi. Fəhlə işləmək üçün getdiyi şirkətin rəisi təsadüfən Rasimi görmüş, sorğu-sual etmiş, bəyənmişdi. Təhsili və savadına bələd olduqdan sonra Rasimə şirkətin ofisində məsul bir vəzifə vermişdi. Rasim də işlədiyi müddətdə etimadı doğrultmuş, həm vəzifəsinin, həm də maaşının yüksəlməsinə nail olmuşdu. Artıq şirkətin bütün maliyyə işlərini o həll edir, şirkətin böyüyüb daha da inkişaf etməsi üçün əlindən gələni əsirgəmirdi. Qısa müddətdə ofisdəki işçilərin, xüsusilə gənc xanımların gözdəsi olmuş, sözlərində, söhbətlərində özünə yer etmişdi. Ofisdə iki xanım bir yerdə söhbət edirdilərsə, mütləq idi ki, Rasim haqqında da öz aralarında nə isə danışardılar. Cavan, yaraşıqlı, subay bir oğlanın gənc xanımların sevimli mövzusu olmasından da təbii heç nə ola bilməzdi. Rasim qulağına çatan bu ilıq söhbətlərdən sıxılır, çalışırdı ki, şirkətdəki iş kabinetindən yalnız zəruri hallar istisna, mümkün olduqca kənara çıxmasın. Kişi-qadın mövzuları Rasimi heç vaxt cəlb etmədiyi kimi, şirkətdəki qadınların söz-söhbətinə də maraq göstərmirdi. Hətta bəzi hallarda “sizin işiniz-gücünüz yoxdur?” — deyə ciddi iradını da bildirirdi…

***

…Rasim bayaq hiss etdiyi doğmalıq hissinin eyforiyasını artıq özündən atmışdı. Təmkinlə gənc xanıma tərəf çevrilib:

-Cəmi bir sual vermişəm, – dedi.

Rasimin duyğularının qarışmasına səbəb heç də onun yüngül, dayaz fikirli və qadın düşkünü olmasına dəlalət etmirdi. Tam əksinə, artıq əlli yaşı arxada qoymuş Rasim, heç vaxt qadın düşkünü olmamış, yetkin bir insan olaraq şit, bayağı hərəkətlər və ləyaqətsizlik etməmişdi. Fəqət qarşısındakı bu incə, zərif görünüşlü gənc xanım onun bütün frekanslarını pozmuşdu. Bu ana olan tək istəyi isə, bu gənc xanımla əvvəlcədən tanış olub-olmamasını bilmək idi. Bu qeyri-müəyyənlik onu sıxır, tədricən qarşısındakı gənc xanımın əsirinə çevirirdi. Bu hal onun danışarkən sözlərindəki bəlağəti və qətiyyətliliyi nəzərə çarpacaq dərəcədə azaldırdı. Heç cür xatırlaya bilmirdi ki, qarşısında dayanmış bu gənc və gözəl xanım onu necə və haradan tanıya bilər…

***

…Gənc Rasimin otuza yaxın yaşı olsa da, atası və avtomobil qəzasında itirdiyi əmiləri kimi sevdiyi qızı da itirməsi onun tənhalığa meyl etməsinə səbəb olmuşdu. Rasim hər kəsdən uzaq gəzərək, bir daha heç kəsi sevməmək qərarına gəlmişdi. Qohumları, dostları və iş yoldaşları onu bu sarsıntıdan çıxarmaq üçün dəfələrlə evlənməsi üçün təkid etsələr də, Rasim sevdiyi qızı unuda bilməmiş və qəti olaraq evlənməyəcəyini bildirmişdi. Qohum-əqraba, dost-tanış da onun bu qərarı ilə istər-istəməz razılaşmağa məcbur olub kənara çəkilmişdilər. Yaxınları Rasimin qərarının doğru olduğunu qəbul etməsələr də, hamının öz problemlərinə başı qarışmış, tədricən Rasimin evlilik məsələsi unudulmağa başlamışdı. Diqqətdən kənarda qalan Rasim isə tənhalığa alışmış, xatirələr və xəyallar aləmində çıxılmaz burulğana düşmüşdü. Bu mövzu hər yadına düşəndə isə, öz-özünə “camaatın öz dərdi-səri az deyil ki, mənim də dərdimi çəksinlər”, – deyə, mövzunu yaddan çıxarmağa çalışırdı. Elə bu səbəbdən idi ki, o öz xoşbəxtliyini real aləmdə deyil, xəyallarda tapmağa ümid bəsləyirdi. Onun üçün dünyanın ən gözəl yeri xatirələri, ən gözəl istirahət isə, xəyalları ilə baş-başa qalmaq idi. Ən kədərli xatirələrini xatırlayarkən belə, özünü şirin xəyalların qoynuna ataraq, dünyanın ən xoşbəxt adamına çevrilə bilirdi. Bir anda üzündəki kədər yoxa çıxır, nur saçan üzü ziyalanır, sevincə qərq olurdu. Evliliklə bağlı təkid edənlərə Rasimin hüzn dolu yarıciddi, yarızarafat “mənim sevdiklərimi Allah əlimdən alır, bir daha heç kəsi sevməyəcəm’ – deməsi isə, ən daşqəlbli insanları da kövrəldirdi…

***

…Gənc xanım yenə zərif tərzdə gülümsəyib dedi:

-Tanışlıq barəsindəki sualınızı deyirsiniz?

Bu dəfə Rasim onu deyəsən, kiməsə oxşatdı da. Sonra da bir başqasına, sonra bir başqasına, sonra… Ona elə gəldi ki, söhbət etdiyi bu zərif gülüşlü xanım hətta onun anasına da bənzəyir. İstədi, “siz bizim qohumlardan deyilsiz ki?” – deyə soruşsun. Amma soruşmadı. Bu axmaq sualı başından qovduğu üçün sevindi də. Hətta o qədər sevindi ki, öz gülünc fikirlərinə qarşı doğan acı gülüşünü də saxlaya bilməyib güldü.

-Üzr istəyirəm, yadıma bir əhvalat düşdü, – deyərək vəziyyətdən çıxdı.

Gənc xanım: – eyb etməz, – deyərək etinasızlığını bildirdi. Rasim yenidən ciddiləşdi. Yenə də onun üçün xarakterik olan düşüncəli adam görüntüsünə qayıtdı. Bir siqaret çıxartdı, lakin yandırmayıb yenidən cibinə qoydu. Ətrafına nəzər saldıqda, çit, güllü yaylıq bağlamış qadının ona narazılıqla baxdığını hiss etdi. Elə bil qadın hansısa bir tapşırığı yerinə yetirməmiş övladını və yaxud nəvəsini tənbeh etməyə hazırlaşırdı. Rasim elə hiss etdi ki, qadın bir himə bənd olan adamlar kimi məqam gözləyir ki, onu danlasın. Sısqa oğlan ikinci siqaretini yandırmışdı. Rasim onun da gözlərində özünə qarşı izah verə bilmədiyi bir duyğu sezdi. Pencəyinin qolu didilmiş kişi artıq üzü yola deyil, üzü dayanacağın içinə baxaraq dayanıb açıq-aşkar hadisələrin sonluğunu nümayişkaranə surətdə gözləyirdi. İki gənc qız isə, Rasimlə gənc xanımın söhbətinə maraq göstərdiklərini o qədər hiss etdirirdilər ki, öz aralarındakı pıçıldaşmaları kəsib, dayanacaqda tam sakitlik yaranmasını təmin etmişdilər. Dayanacağa yeni gələn 10-11 yaşlı uşağının əlindən tutmuş orta yaşlı qadın isə, gözlərini geniş açaraq növbəylə dayanacaqdakı adamları öz süzgəcindən keçirirdi. Qadın ondan əvvəl dayanacaqda nə baş verdiyini təxmin etməyə çalışırdı. Onun daxili içgüdüsü dayanacaqda ondan əvvəl nələrinsə baş verdiyini xəbər verirdi. Yeni gələn qadının dayanacaqdakı insanları süzməsindən hiss olunurdu ki, başqalarının həyatı ilə maraqlanmağı o da sevir. Elə bu maraqla da keçib skamyadakı boş yerdə əyləşdi…

***

…Rasimin işlədiyi şirkətin rəisi iyirmi ildən artıq idi ki, Rasimlə bir yerdə işləyirdi. Bu vaxta qədər aralarında heç bir narazılıq olmamışdı. Lakin bu yaxınlarda qohum olduğu yeni qudasının təkidlə Rasimin vəzifəsini, öz oğlu üçün istəməsindən sonra, çox çalışsa da, tərs qudasını və onun özündən də tərs oğlunu başa sala bilməmişdi. “Ya filan vəzifəni mənim oğluma verməlisən, ya da gəl qızını apar” – deyən qudasının zəhərli sözlərini udmağa məcbur olmuşdu. Kişi həm Rasimlə kəsdiyi duz-çörəkdən keçə bilmir, həm onun əməyini itirmək istəmir, həm də qızının xətrinə tərs qudasına üz döndərə bilmirdi. Odla su arasında qalan rəis, düşdüyü vəziyyət haqqında Rasimlə danışmağa mənəvi əzab çəkirdi. Ancaq vəziyyətin nə yerdə olduğunu Rasim kimdənsə öyrənmiş, iş gününün sonunda işdən azad olunması haqqinda yazdığı ərizəsini müdirin stolunun üstünə qoymuşdu. Başqa vaxt olsaydı, rəis bu ərizəni heç vəchlə qəbul etməz, onun işdən niyə çıxmaq istəməsinin səbəbini soruşar, ona mane olmağa çalışardı. Lakin indiki məqamda bu ərizə rəisə göydəndüşmə olmuşdu. Rasimin ərizəsini niyə məhz bu ərəfədə verməsini təxmin etsə də, heç nə soruşmadan üstünü yazmışdı. Rasim işdən çıxıb fikirli halda avtobus dayanacağına doğru irəliləyirdi. İdarələrindən avtobus dayanacağına qədər qırx-əlli metr məsafə olardı. Lakin bu az məsafə belə onu yorurdu. Nə ayaq üstə durmağa, nə də yeriməyə gücünün olmadığını hiss edirdi. Aralıdan dayanacaqdakı skamyada kimsənin oturub-oturmadığına baxdı. Heç kim oturmamışdı…

***

…Rasim dayanacaqdakı adamların ona zillənmiş baxışlarından əsəbləşirdi. Bu gün onun üçün ağır gün olmuşdu. Bəlkə də bu ağırlığın yükünü qaldıra bilməməyindən idi ki, üzünü gənc xanıma tərəf çevirərək dedi:

-Əslində mən heç vaxt qadın tanışım olsun, istəməmişəm.

Ağzından çıxan sözlərin nə qədər yersiz olmasını sözü dedikdən dərhal sonra anladı. Lakin artıq söz deyilmiş və bu sözləri tək qarşısındakı gənc xanım deyil, həm də dayanacaqdakı digər adamlar da eşitmişdilər. Rasimin yersiz etirafından doğan təəssüf hissi gənc xanıma büruzə verməməyə çalışsa da, üzdüyü üz cizgilərinin dəyişməsindən hiss olunurdu. Gənc xanımın gülərüz siması bir andaca uzun müddətdən bəri yağmağa hazırlaşan bulud kimi dolmuşdu. Boğazında sanki udmaq istədiyi, lakin nə qədər cəhd etsə də, uda bilmədiyi bir tikə qalmışdı. Bu tikə hər hansı bir qida deyil, qəhər idi. Gənc xanım Rasimdən gözləmədiyi etirafı eşitmiş və bu etirafın acılığını həzm etməkdə çətinlik çəkirdi. Bir az da keçsə idi, dolmuş gözlərindən axan göz yaşlarını saxlaya bilməyəcəkdi. Dayanacağa qəribə bir sükut çökmüşdü. İlk sükutu pozan dayanacağa yeni gələn ananın heç dəxli olmayan bir şeyə görə uşağını acılaması oldu. Qadın dayanacaqdakı situasiyanı tez dərk etmişdi. Acığını uşağından çıxması isə, o qədər də xoş görünmədi. Qadın özü də bunu hiss edib skamyadan qalxaraq dayanacaqdan kənara çıxdı. Sısqa oğlan kimə əsəbləşdiyi məlum olmasa da, əlindəki siqareti əsəbi jestlə zibil qutusuna atdı. Sanki siqaret kötüyü ilə zibil qutusunu vurub aşırtmaq istəyirdi. Ardınca da bir neçə dəfə burnunu çəkərək, o da dayanacaqdan kənara çıxdı. Rəfiqə olduğu ehtimal olunan iki gənc qız dərindən bir ah çəkərək, yarımçıq qalmış söhbətlərini pıçıldaşaraq davam etdirməklə, onlar da dayanacağın içərisindən kənarına çıxdılar. Qızların da üzlərindən ən az gənc xanımın təəssüfləndiyi qədər təəssüf hissi oxunurdu. Əvvəldən yarı dayanacaqdan çöldə, yarı içəridə dayanmış pencəyinin qolu didilmiş kişi başını astaca yelləməyə başlamışdı. Onun gözlərində yenidən maraq hissini nifrətəoxşar hiss əvəzləmişdi. Çit, güllü yaylıq bağlamış qadın könülsüz və incik səslə dedi:

-“65” gəlir…

-“Mən də “65”-i gözləyirdim”, – deyən gənc xanım da qalxaraq, çit, güllü yaylıq bağlamış qadınla eyni vaxtda dayanacaqdan çıxdılar.

Avtobus gəlib dayandı. Gənc xanım, çit, güllü yaylıq bağlamış yaşlı qadın, iki gənc qız, sivri, nazik burunlu arıq, çəlimsiz, qısaqol köynək geyinmiş sısqa oğlan, pencəyinin qolu didilmiş, qarını və yanbızları çıxmış kişi və yeni gələn uşaqlı qadın avtobusa mindilər. Dayanacaqda skamyada oturan Rasimdən başqa heç kim qalmadı. O saatına baxdı. Saat 6:37 idi. Cibindən ucuz, filterli siqaretini çıxardıb birini yandırdı. Dərin bir qüllab vurub baş verənləri düşünməyə başladı. Yaşadığı bu gününü əvvəldən axıra qədər gözləri önündə canlandırdı. Sonda yenidən xəyallar qurmağa başladı. Həmişəki kimi bu olanlar da tam deyildi. Rasimin natamam xatirələrinə bir yenisi də əlavə olunmuşdu.

“65” nömrəli avtobus dayandı. Rasim qalxaraq yarıya qədər yanıb sönmüş siqaretini zibil qutusuna atıb avtobusa mindi… Boş yer çox idi…

10-15.11.2022