1
Uzunayaq, uzundimdik ağ quş yenə payız şumunun ortasında, boz-qara buludun altında qonduğu yerə qonmuşdu. Yenə gözü göydəki boşluqla yerdəki boşluğun arasında get-gəldəydi. Qatarından azıb qalana, yol tanımayana, ya da heç yolu olmayana oxşayırdı. Çiskində tozu da, hay-küyü də yatan kəndin qırağında, barı köçmüş çöllərdə özünə bir bələdçi, yol yoldaşı, ya da sığınmağa yer axtarırdı.
Həyəti dolanıb qapıdan çıxmağa dərvişin hövsələsi çatmadı, quşun gəldiyini görən kimi təndirin böyrünə qoyduğu gödək əl ağacını çalıb götürüb çəpərdən aşdı, yolu keçib arxı adladı, ağacı kürəyinin dalında gizlədə-gizlədə, ayağını qorxuda-qorxuda islanmış şumun içiylə ağ quşa sarı yeridi. Ovuna beş-altı addım qala-qalmaya ovçu ağacını gizlindən çıxarıb quşu nişan aldı. Ağac uzundimdik ağ quşun uzun ayaqlarının bir qarışlığına düşüb qaldı. Quş dərvişə üstdən-aşağı qınaqla baxdı; bu balaca oğlandan qaçmaq istəmirdisə də, onun yaraqlı-çomaqlı üstünə gəlməyi ağ quşun könlünü qırmışdı, dimdiyini lələyinə çəkib eləcə ağır-ağır, arxayın-arxayın, saymazyana uçub getdi, havalanıb çiskinin-buludun içində itdi.
Nə ətinə, nə tükünə, nə lələyinə gözü düşmüşdü; dərviş o quşu minib uçmaq istəyirdi. Uçub uzağa getməyəcəkdi, yox, eləcə bu kəndin üstündə, çəpərlərdən, bacalardan, ağaclardan yuxarı hərlənib-fırlanıb hamıya göydən baxacaqdı, istədiyi qapıya, istədiyi evin damına, istədiyi ağacın budağına qonacaqdı, hər axşam anasının yanına düşüb bulağa gedən qonşu qızı buludların arasından, bağın qalınlığından, ya bir quş yuvasından səhər də, günorta da güdüm-güdüm güdəcəkdi…
Dərviş bundan irəli də uçmağa çalışmışdı: qoluna-qıçına çoxlu quş lələyi bağlayıb özünü ağacdan atmışdı, qollu-qıçlı-lələkli yerə dəyib əzilmişdi; küləkli gündə tayanın üstünə çıxıb quş kimi qanad çalmışdı, bir də tayanın dibində özünə gəlmişdi. Yıxılsa da, əzilsə də, diləyindən küsməmişdi, indi də bu uzundimdik quşa quşu qonmuşdu. Quş da əldən belə getdi.
Səhər-səhər nənəsi əyin-başını təzələyib qapıdan çölə ötürmüşdü. İndi üst-başında, ayaqlarında özü ağırlıqda palçıqla qayıdırdı. Doqqazdan içəri girən kimi nənəsiylə üz-üzə gəldi. Nənə də belə yerdə nə deyər:
– Qancığın küçüyü, ta bezdim sənin altını kürüməkdən! Qarnı yanmış anan gələn kimi verəcəm səni qoltuğuna, aparsın…
2
Dərviş şəhərdə darıxırdı. Buranın havası dərman qoxuyurdu, ağacları zəhərli bar verirdi, gilli torpağı da azarlı günəşi kimi xəstə-xəstə saralırdı, asfaltının boyağı adamının üzünə, soyuğu sözünə çıxmışdı. Qara-qara buludları türmə qapısına oxşayırdı, hikkəsindən ağacların yaxasını cıran, yaş paltarı sərgidən alıb aparan zəhərli küləyi quşu vurub göydən salır, zir-zibili göylərə sovururdu.
Dərviş qonşunun qara qızıyla həyətdə evcik qururdu. Qurduğunu kənddəki evlərinə oxşatmaq istəyirdi. Qışdan birtəhər çıxsa da, yaz gələndən dura bilmirdi, elə hey yuxu görür, ayılanda burnuna kəndin iyi dəyirdi; sonra şəhərin soyuq, solğun qoxuları beyninə axıb dolub özgə havaları başından çıxarırdı. İndi bu gilli torpağın üstündə özünə çəpərli-darvazalı balaca bir kənd evi qurmaqdan ötrü əlləşirdi. Bu ev o havanı da gətirəcəkdi. Bu evin çəpər qonşusu, o qonşunun da bir sarıtel qızı olacaqdı, o qız hər axşam günbatan çağı anasına qoşulub suya gedəcəkdi. Bu evin bir gözü də uzandıqca uzanan, ortasında boynuburuq bir söyüd ağacı göyərən çöllüyə baxacaqdı, o çölə bir ağ quş qonacaqdı…
Dərviş bu qıza o qızdan danışırdı, ancaq o qızın üzünü yada salmaqdan yaddan çıxarmışdı, eləcə adı, bir də telinin sarısı yada düşürdü. Birdən-birə o sarı tel könlündə yeddi səsin yeddisiylə də nə təhər dilləndisə, dərviş əlini işdən çəkib qara qıza dedi:
– İstəyirsən səni kəndimizə aparım.
– İstəyirəm, ancaq yolpulunu hardan tapacağıq?
– Pulsuz gedərik. Qəsəbənin yanından keçən dəmiryolu görmüsən?.. Bax, o yola düşsək, düz gedib bizim kəndə çıxarıq. Qorxma, mən yolu tanıyıram.
Əl-ələ tutub getdilər. Dəmiryol boyunca sarı çiçəklər bitmişdi, o çiçəklərin hər ləçəyindən yaz günəşinin şirəsi damırdı. Çiçək yığa-yığa, deyib gülə-gülə şəhərdən, darıxmaqdan qaçırdılar. Ötüb keçən qatara əl qaldırmırdılar, dərviş deyirdi qaça-qaça lap tez çatarıq…
Atalar-analar duyuq düşüb qonşuları haya çağırdılar, qonşular da yubanmayıb polisi ayağa qaldırdılar. Polis bəndi-bərəni göz altına aldı. Gün batabatda itkinləri şəhərdən çıxan sonuncu dəmiryol stansiyasının yaxınlığından tapıb evlərinə qaytardılar. Ata-anası sevindiyindən dərvişi danlamadı. Bundan sonra qara qızı bir də onun yanına buraxmadılar.
3
Dərvişi məktəbə qoymuşdular. Demişdilər yaxşı oxusan, yayda kəndə gedəcəksən, ona görə də bir dərsin, bir tapşırığın üstündən adlamırdı, hamıdan yaxşı oxuyurdu. Müəllimlər onu barmaqla göstərirdilər, pis oxuyan uşaqlar böyründə yaltaq-yaltaq hərlənirdilər, qızlar başına dolanırdılar. Öz yerini dəyişməzdi, qızların gözəlini yanında oturdardı, bir gözəldən küsəndə onu yanından durğuzub ayrısını çağırardı. Onun yanında oturan qızı oğlanlar incitməzdi, onun yanında oturmayan qız özünü gözəl saya bilməzdi.
Dərviş yenə darıxırdı. Dərs öyrənmək ürəyincə deyildisə də, getdikcə daha boynuna düşən birinciliyi əldən verməmək üçün gecə-gündüz oxuyurdu. Dərs arası dəhlizdəki iri pəncərənin qabağında durub məktəbin bağçasındakı adsız, barsız ağaclara, bir də acı-acı qoxuyan o ağacların dibində qurdalanan quşlara baxardı. Burda adamı göyə çağıran bir quş da tapılmazdı, hara baxsan, küllükdə eşələnən süləngi qarğadan, sırtıq sərçədən özgə bir qanadlı görməzdin; bunların da əlacı olsaydı, caynağını bir an yerdən üzməzdi.
Uşaqlar çox uzaq baxdığını görüb dərvişin başına yığılmışdılar, o baxdığı pəncərədən o baxdığı yerə ha baxırdılarsa da, dərviş gördüyünü görə bilmirdilər. Dərviş onlara boyu boyundan uca olan iri ağ quşdan, o quşu minib kəndin üstündə uçmağından danışırdı. Kimsə onun uçduğuna inanmaq istəmədi. Dərviş mərc gələsi oldu:
– İnanmırsız, gəlin dərsdən çıxan kimi düşək yola, gedək bizim kəndə. Mən orda uçmağı sizə göstərərəm.
Danışdılar, kişi kimi sözləşdilər. İşdən qızlar da duyuq düşdülər. Dərvişin yaxasından asılıb yalvardılar:
– Siz də gəlin, – dərviş dedi, – mən hamını apara bilərəm, bizim evdə hamınıza yer tapılar.
Dərviş yalan demirdi, o görəndə quşun boyu doğrudan da onun boyundan ucaydı, ancaq o quş indiyə qalmazdı, qalsaydı da, indi beli dərvişin qurşağına da çatmazdı. Uçmağı da uydurmurdu; xəyalında o quşun qanadından yerə min yol baxmışdı, ona görə haçansa uçduğuna özü də inanırdı.
Dərsdən çıxan kimi birbaşa yola düzəldilər. Danışığa görə, evə dönməməliydilər, ancaq qızlar danışığı pozdular, evə dəyməmiş gedə bilməyəcəklərini dedilər. Qızları evlərinə dağıdıb tez dönməyi tapşırdılar, günortayacan gözləsələr də, qızlardan qayıdan olmadı. Belə ağır səfərin qız işi olmadığına özlərini inandırıb yola düşdülər. Gün günortadan axşama sarı əyiləndə uşaqlardan biri acdı, pendir-çörək götürmək adıyla evə qaçdı. Onu gözləyə-gözləyə, dönüb geri baxa-baxa getdilər. Az sonra aclıq-susuzluq o birilərə də kar elədi, beləcə tək-tək pendir-çörək dalınca gedib qayıtmadılar. Birinin yadına bazarlıq eləməli olduğu düşdü; o birinin anası evdə yataq xəstəsiymiş; bir ayrısı da axşam atasıyla toya gedəsiydi. Gün batanda şəhərin qurtaracağındakı təpənin başına dərvişdən başqa bircə nəfər çıxmışdı, o da üşüdü, qalın geyinməkdən ötrü evə gedəsi oldu.
Dərviş təpənin dikində oturub gözlədi. Gedənin gəlməyəcəyini bilə-bilə axşamın toranında şəhərdən çıxan yollara baxdıqca baxdı. Sonra qaranlıq düşdü, şəhər özü boyda bir işıq dənizinə döndü. Dərviş şalvarının dalını çırpıb özünü bu dənizə atdı.
4
Dərviş məktəbi bitirib, yenicə təkər üstə qoyulmuş qırmızı avtobusla kəndə gedirdi. Gözü əlindəki kitaba baxırdısa da, oxuduğu yadından yan ötürdü. Səhərdən kəndin döngəsində, torpaq yolun ana yola calandığı yerdə durub yol gözləyirdi, özünü qarşılamağa çıxmışdı. Yanında oturan qırmızı donlu, dodağı qırmızı boyalı qız gözünün ucuyla dərvişin əlindəki kitaba baxırdı, deyəsən, araya körpü salmaq istəyirdi. Handan-hana kitabı alıb baxdı, bir az kitabdan, sonra özündən danışdı: tələbəymiş, öyrəndiyini öyrənib doğulduğu kəndə qayıdacaqmış, orda işə düzəlib, ərə gedib, doğub-törəyib sonra da öləcəkmiş. Onun bu dünyada görəcəyi işlər bəri başdan bəlliydi.
Sonra qız dərvişdən soruşdu:
– İndi də sən özündən danış. Kimsən, nəçisən?
– Məktəbi yenicə bitirmişəm.
– Aha, deməli, yol ayrıcındasan, bütün yollar sənə öz yolun kimi görünür. Bir azdan ya sən yolu seçəcəksən, ya da yol səni…
– …
– Yoxsa öz yolunu seçmisən artıq? Gələcəkdə nə olmaq istəyirsən?
– Allah olmaq istəyirəm.
Qız diksindi, dodagını büzüb qaşını qaldırdı:
– Allah olub özünü kimə tanıtmaq istəyirsən? Yoxsa adamlara üstdən-aşağı baxmaqdı qəsdin?
– Yox, eləcə hamını, hər şeyi bir baxışla, bir yerdə görmək istəyirəm… Bir də bir ağ quş var, o quşu tutmaq istəyirəm.
Qız dərvişin üzünə getdikcə gediləsi, ünvanını dəyişəsi yola baxan kimi baxdı. Avtobus kəndin döngəsində dayandı. Dərviş torpaq yola adlayanda səsə geri boylandı: qırmızı donlu qız hayla-küylə yerindən tərpənən qırmızı avtobusun pəncərəsindən ona əl eləyirdi:
– Məni unutma, – deyirdi, – eşidirsənmi, bax, unutma ha!..
Dərviş durduğu yerdə durub avtobus gözdən itənəcən qıza əl elədi:
– Qorxma, unutmaram, – dedi…
5
Evlər yerə yatmışdı, ağaclar, dirəklər gödəlmişdi, qapılar alçalmışdı. Nənəsi yumaq kimi yığılıb bapbalaca bir qarıya dönmüşdü. Cırıldayan taxta doqqazların yerində dəmir darvazalar nərildəyirdi. Tikanlı çəpərlərin yerində daş barılar qaldırmışdılar. Qabaq pambıq əkilən çöldə indi taxıl əkmişdilər.
Bulağa gedən yol durduğu kimi dururdu. Bulaq başında əkilən körpə çinar cavanca bir ağac olmuşdu. Qonşunun qızı daha suya anasıyla yox, tək gedirdi. Saçının sarısı, gözünün acısı, dilinin kəsəri bir az da çoxalmışdı. Baxmaya-baxmaya görürdü, qulaq asmaya-asmaya eşidirdi, kəsməyə-kəsməyə yaralayırdı. Könlündə-gözündə mələklər, yerişində-duruşunda təbiət hər dildə danışırdı. Tozlu yola düşən izlərində kəndin oğlanları yuva qurmuşdular. Həm canında, həm də böyür-başında iki dünya kəllə-kəlləyə gəlmişdi.
Qız bütün oğlanları yolundan qıraq elədi. Bircə dərvişə dəymədi, onun hər gün pusquda durub yoluna çıxmağına, gəlişinə-gedişinə baxmağına cırnamadı, dərvişin dilə gəlib üzündən örtüyü götürəcəyi günü gözlədi. Ancaq dərviş danışmağa ehtiyac da duymurdu, qonşu qızın gözündən baxan mələklə sözsüz də dil tapmışdı. Dərviş kefinə korluq vermirdi, di gəl, qız diz qatlayıb oturammırdı, iki dünya arasında var-gəl eləməkdən əsir-yesir olmuşdu, başında kəllə-kəlləyə gələn iki qoçun zərbindən başını itirmişdi. Sonda dözəmməyib özü dilləndi, dərvişin gözünün içinə dik-dik, acıqlı-acıqlı baxıb:
– Nə istəyirsən? – dedi.
Dərviş ayıldı, ayılan kimi özünü itirib dolaşdı, siftə-siftə nəsə uydurub, istədiyini danmaq istədi, ancaq yalan danışmaq ona çətin gəldiyindən düzünü deyəsi oldu:
– İstəyirəm sən dünya durduqca beləcə bulaq üstə gedib-gələsən, mən də dünya durduqca beləcə sənə baxım. İstəyirəm hər döngəni burulanda qarşıma sən çıxasan, hansı qapını döysəm, o qapını üzümə sən açasan.
Sözlər qızın könlünə nuş oldusa da, qızlığının pəncərəsi daş dəymiş kimi çilikləndi, çiliklənib dərvişin əlini-ayağını doğradı.
– Məni ələ salırsan? – qız dedi. – Bir də səni bu yollarda görməyim!..
6
Qonşuda iki toy çalındı. Qonşunun sarıtel qızını bir ayrı qonşunun qapısına köçürdülər. El hamılıqla toy evinə axışdı, gen qapı-bacada uşaqlar böyüklərin ayağına dolaşdı. Qazanların buğu ocaqların tüstüsünə, kefli başların dumanı gecədən ağaclara ilişib qalmış seyrək dumana qarışdı.
Dərviş də eldən qalmadı, təzə köynəyinin üstündən təzə pencəyini geyib ayaqqabısını parıldayana qədər sürtdü, tay-tuşuna qoşulub oğlan evinin tünlüyünə qarışdı. Hamıdan uca səslə gözaydınlığı verdi, hamıdan çox deyib-gülüb hamıdan çox yeyib-içdi, şıdırğı hava çaldırıb əldən düşənəcən meydan suladı. Gəlinlər onun oynamağına əl çaldıqca baxışıb gözləşdilər, «bunu oynadan oynadır» dedilər.
Kefli başla toya nəmər salmağı da unutdu, ağlını araq şüşəsinin dibində qoyub ayağının dalına düşdü, oğlan evindən birtəhər uzaqlaşıb ayağının yaddaşıyla yolu tapdı: ayağı onu qız evinə aparırdı. Yolun sağına-soluna keçə-keçə ayağını sürüyüb yaxındakı evlərdən birinə salmaq istədisə də, bacarmadı.
Döngəni burulanda gəlin aparan karvanla qabaqlaşdı. İçi bəzənmiş toy adamıyla dolu bəzəkli miniklər dal-dala düzülüb üstünə gəlirdi. Uşaqlar maşınların yanınca qaça-qaça çığırışırdılar.
Dərviş indicə çiyin vurduğu çəpərdən bir paya çəkib yolun ortasında durdu, gəlin arabasının qabağını kəsdi. Karvan dayandı. Miniklər susdu. Uşaqların hay-küyü yatdı.
– Bu boyda kişi də maşın qabağı kəsər? – gəlin aparanlardan kiminsə səsi gəldi.
Sonra gəlin arabasını sürən oğlanın yanında oturmuş ağsaqqal başını pəncərədən çıxarıb:
– Şərtini de görək, nə istəyirsən, – soruşdu, – puldan, maldan, nəmərdən…
– Şərtim belədi, – gəlin də eşitsin deyə dərviş arabaya lap yaxınlaşdı, – gəlin maşından düşüb mənnən vağzalı oynamalıdı. Yoxsa yoldan çəkilən deyiləm.
Cavan oğlanla ağsaqqal bir-birinə baxıb qapıları açdılar. Dalınca o biri miniklərdən də bığıburma oğlanlar tökülüşdü.
Dərvişi möhkəm döydülər, ağzının-burnunun qanını bir-birinə qatdılar, üzündə-gözündə sağ yer qoymadılar. Özünə gələndə nənəsini başının üstündə gördü. Bir sərçəlik gücü qalmayan qarı dizinə döyüb üzünü cırırdı:
– Neynirdin axı o sarı murğuzu, ay evi yıxılmışın oğlu, – deyirdi, – toyu qara gəlsin bunların, koması başına uçsun balama əl qaldıranın…
7
Dərviş qisas almağın ən ağrısız yolunu tapmaqdan ötrü xəyalında min bir fənd işlədirdi. Onu döyənləri heç cür bağışlaya bilmirdi – bağışlamaq üçün gərək onlardan güclü olaydı. İstəyirdi hamıdan güclü olduğuna heç kimə xətər vurmadan adamları inandırsın; istəyirdi hamının işi ondan keçsin, ancaq heç kim qapısından boynuburuq qayıtmasın. Bütün günü şəhəri veyil-veyil dolaşıb öz-özünə fərman verir, divan-tərəzi qurur, hamıya barmaq silkələyib hər kəsi öz yerində oturdurdu. Qıcanmaqdan dişləri laxlayırdı, divarlara vurmaqdan yumruqları döyənək bağlamışdı. Acığı tükənəndə içi bomboş boşalırdı, heyi-hərdəmi qalmırdı; ona görə acığını tükənməyə qoymurdu, qəzəbinin kürəsinə bir ucdan odun atırdı. Bütün günü asdığını asırdı, kəsdiyini kəsirdi, axşamı da bir meyxana küncündə ağır iş günündən sonra başını dincə qoyurdu.
Nəvəsindən uzaqda nənəsi də balasına bir qızı qıymayanlardan öc almağa çalışırdı. Şalını çiyninə atıb kəndi ev-ev gəzirdi, gündə bir qapıya elçi gedirdi. Qonum-qonşu da bir-birinin küyünə gedib bir-birinin bəhsinə qarını əliboş qaytarırdılar, «sənin nəvən ipləmədi, dəliyə heç köpəkoğlu qız verməz» deyirdilər. Qarı getdiyi qapıda özünü tox tutsa da, öz evinə sınıq-sunuq, əzik-üzük qayıdırdı.
Dərviş bu ağır xəbəri meyxanada eşitdi. Qabağında yarımçıq araq şüşəsi, bir kasa dovğa gözünü masanın ağ örtüyünə dikib qaldı. Sonra qələm götürüb, əl silmək üçün qoyulan kağızın üstündə nənəsinə məktub yazdı: «Məndən ötrü qapılara düşmə, onsuz da evlənən deyiləm». Ünvan: kəndə, nənəmə.
Meyxanadan çıxanda kağızı cırıb, yanından tələsik ötən küləyin ətəyinə atdı. Yubanıb-yubanıb komendant saatına düşmüşdü. Əsgərlər onu saxlayıb sənəd istədilər. Dərviş küləyə verdiyi kağız qırıqlarını göstərib:
– Odey mənim sənədlərim, – dedi.
Dərvişi tutub komendaturaya apardılar – yeri zibillədiyinə, rejimə tabe olmadığına, bir də dövlət adamıyla məzələndiyinə görə. Səhərəcən onu soyuq kamerada saxladılar. Dərvişin qayğısı artmışdı: indən belə onu bura gətirən əsgərlərdən, onların böyüklərindən də öc almağın yollarını axtarmalı olacaqdı.
Elə bu yerdə, o soyuq kamerada dərvişin beyni işıqlandı: o, gecələr kimsəsiz küçələrdə qorxu-ürküsüz, qoruq-qaytaqsız gəzib-dolanmaq üçün bu şəhərin komendantı olmalıydı…
8
Dərviş iki hərbi məktəb bitirdi, rütbədən-rütbəyə, vəzifədən-vəzifəyə adladı, o soyuq kamerada cızdığı yolla bir gün mənzilə yetişdi. Şəhərdə istər gecə, istər gündüz onun üzünə bağlı bir yol, bir qapı qalmadı. Ancaq daha gecə gəzintisinə qabaqkı həvəsi tükənmişdi, indi gecə ondan ötrü yalnız iş vaxtıydı.
Nənəsi çoxdan dünyasını dəyişmişdi; qulluğunda min-min toplu-tüfəngli əsgər duran nəvəsinin nə boyda güc yiyəsi olduğunu görmək ona qismət deyilmiş. Ancaq o gecə o meyxanada nənəsinə yazdığı məktubda verdiyi sözün üstündə dərviş bərk dayanmışdı: keçib-gedən illərin heç bir ayında-günündə-saatında evlənməyə, oğul-uşaq becərməyə macalı, ya istəyi olmamışdı. Ölkə onun ev-eşiyi, ordu da balasıydı.
Dərvişin adı, sanı, sorağı bir şəhərə, bir mahala sığmırdı, küçə-küçə, qapı-qapı, ev-ev gəzirdi; ancaq ad-san dərvişin vecinə də deyildi, o butün bu yolları qabaqkı tək yaşamağa, çöldə quş qovalamağa, sudan gələn o qıza dünya durduqca baxmağa ixtiyar almaqdan ötrü keçdiyini yaxşı bilirdi. Ömrünə bir gün də qalsa, uzundimdik ağ quşun qonduğu yerdə özünə dünya quracaqdı, orda bir qala tikdirib bağçasında ağ-ağ quşlar saxlayacaqdı, o quşlar hara uçsa da, qayıdıb ona sarı gələcəkdi. Ömrünə bir gün də qalsa, yaşı yetmiş, səksən, doxsan da olsa, o sarıtel qızı ərindən ayırıb özünə gəlin gətirəcəkdi…
İndi kənddə də hamı dərvişdən danışırdı. Ona işi düşməyən adam çətin tapılardı. Uşağına iş axtaran, əsgər gedən oğlundan arxayın olmaq istəyən, qohumunu tutulmaqdan qurtarmağa çalışan, xəstəsini yaxşı həkimə pulsuz baxdırmaq istəyən, ev alanda aldanan, alverdə pul batıran hamı dərvişin üstünə qaçırdı. Kənddən gələn hər kəsdən qonşu qızı soruşurdu. Dediklərinə görə, sağ-salamat, kefikök yaşayırdı, özünə ev-ocaq qururdu, qarışqa kimi hər gün dimdiyində balalarına yem daşıyırdı. Hə, özünə oxşayan bir qızı da varmış, hər axşam anasıyla bulaq üstə gedirmiş.
Kənddən gələn hər kəsin işini də düzəldirdi, cibinə pul da qoyurdu. Onu döyənlərdən dərviş, bax, belə qisas alırdı.
9
Dərviş qulluğunu başa vurub təqaüdə çıxdı. Saxlancını, olan-olmazını götürüb kəndə getdi. Ömrünün dönüş çağında tökdüklərini yığmalı, itirdiklərini tapmalıydı. Hamıdan, hər şeydən qabaq özünü tapmalıydı – seyrəlmiş ağ saçlarının, qırışmış dərisinin, enlənmiş gövdəsinin bərk-bərk büküb gizlətdiyi özünü…
Dərviş o kənddə azdı. O gördüyü yollar çoxdan pozuq-pozuq olmuşdu – o yolların kəsib keçdiyi yerlər həyət-həyət, məhlə-məhlə bölünüb yeni ev quranlara paylanmışdı. Ağ quşun qonduğu çöldə də bir qarış çöl qalmamışdı – orda böyük bir bazar salıb böyründə ondan da böyük geyim-kecim yarmarkası tikmişdilər. Qalan boşluğu da boyağının qoxusu hələ çəkilməmiş yanacaqdoldurma məntəqəsi, cürbəcür miniklərə cürbəcür qulluq göstərən ayrı-ayrı tikililər doldurmuşdu.
Dərviş bazarda quş satanlardan ağ quşu soraqladı, başlarını bulayıb çoxdandı bu yerlərdə o nişanda bir quş görmədiklərini dedilər.
Dərviş gördüyü evlərdən tək-təkinin daşı daş üstə qalmışdı. İndinin evləri ayrı yöndə, ayrı biçimdə tikilirdi, hasarı da bir adam boyunca yox, üç adam boyu qaldırılırdı.
Tanış ağaclardan da sağ qalanı yoxudu. Bircə bulaq başındakı çinar dururdu – qol-qanadlı, gövdəli, kölgəli bir azman ağac olmuşdu. Bulağa gedən cığır da yekə bir dəyirmanın altında qalmışdı. Dəyirmanı böyür-başı, bulağı, çinarı, bağı qarışıq dəmir çəpərə almışdılar – indi daha qız-gəlin bura suya gəlmirdi. İndi bulağın suyu qapılara gəlirdi.
Qonşu qızı ərindən ayırmağa da ehtiyac olmadı – əri ölmüşdü.
Dərviş geri qayıtdı.
10
Dərviş can verirdi. Xəbər tutan qohum-qardaş, dost-tanış yatağının yanını kəsdirmişdi. Molla başının üstündə yasin oxuyurdu.
Ölüm onu qəfil yaxaladığından son sözünü deməyə macal tapmamışdı. Bayaqdan gözü deyəni sözlə deməyə ha can atırdısa da, dili dönmürdü. Handan-hana bu dünyada olub-qalan son gücünü toplayıb dodağını dodağına vurdu:
– Məni dəyirmanın həyətindəki çinarın altında… – deyə bildi.
Qohum-qardaş, dost-tanış ürkək-ürkək baxışdı. Mollaya genəşdilər. Molla cinlənib özündən çıxdı:
– Nə danışırsız, siz dindən qıraqsız, kafirsiz, nəsiz?! Ölünün ölü yeri var. Hər kəs bəyəndiyi yerdə özünə qəbir qazdırsa, dünyada dirilərə yer qalmaz ki! Tutalım, mən razılıq verdim, bəs o dəyirmanın, o torpağın yiyəsi adama nə deyər? Mən heç qəbiristanlıqda otlayan qoyunun ətini halal saymıram, indi deyirsiz elin çörək ağacının dibində ölü basdıraq?..
11
Molla cənazənin qabağına düşüb boş bədənə bələdçilik eləyirdi. Dərvişin xatirəsi üzü yas tükü gətirmiş qəmli kişilərin çiynindəki taxta beşikdə bəxtəvər-bəxtəvər yırğalanırdı. O, ən böyük diləyinə çatmışdı – dünyanın ən ağır qayğısından qurtulmuşdu. İndi onu nənəsinin yanında yenicə qatı açılmış torpağa bükəcəkdilər, özü boyda bir yaranı sarıyıb özü boyda bir ağrıya məlhəm qoyacaqdılar. Daha onu nənəsindən heç nə ayırmayacaqdı, indən belə nənəsiylə tay-tuş, qardaş olacaqdı…
Dərviş gendən durub gedənlərə əl eləyir, gövdəsinə xeyir-dua verirdi:
– Yaxşı yol, qardaş, yaxşı yol! Səni çox incitmişəm, əməyini halal elə, qardaş, halal elə!..
12
O üzündə gün işaran boz-qara buludun içiylə yanınca bir quş uçurdu:
– Tanıdın məni, – quş deyirdi, – tanıdın?.. Mən də uçmaq istəyirəm, – deyirdi, – məni də apar özünlə, məni də apar…