DƏBİLQƏ (hekayə) AYAZ İMRANOĞLU

Ayaz İmranoğlu

Lüks avtobusla yeni salınmış şümşad yolla üzü Qarabağa gedirdik. Qırx dörd nəfər sərnişin idik. Hamımız da şəhid ailələrinin üzvləri.

Son dayanacağımız Daşaltı kəndi olacaqdı. O kəndə ona görə gedirdik ki, orada əzizlərimizin qanları axıdılıb. Dəqiq bilirdim ki, qardaşımın oğlu noyabrın dördünü, beşini Daşaltıda olmuşdu. Oradan Şuşanın qayalıqlarını xüsusi təyinatlı dəstəsi ilə dırmaşıb Qalaya daxil olmuşdular. Düşmən Şuşaya gedən yolların hamısına nəzarət etsə də, sıldırım qayaları aşıb gələcəklərini ağıllarına gətirməmişdilər.

Avtobusda olanlarımızın hamısı eyni dərdli idik. Bir-birimizi tanımasaq da dərdlərimiz bizi doğmalaşdırmışdı.

***

Daşaltıya avtobusumuz yaxınlaşdıqca hamımız darıxmağa başlamışdıq. Tez-tez “çatmırıq” sözünü bir-birimizə deyirdik. Həyəcan hissi yaşayırdıq. Hətta arxa oturacaqda olan qadın:

-Yaranmaqda olan Azərbaycan ordusu ilk döyüş əməliyyatını 1992-ci ilin yanvarın 25-dən 26-na keçən gecədə Daşaltıda keçirmişdi. Əməliyyat uğursuzluqla nəticələnmişdi. Şıxov özünümüdafiə taborunun doxsan nəfəri şəhid olmuş, xeyli hissəsi bu gün də itkin sayılır, — deyən adam tərəfə çöndüm.

Əlli-əlli beş yaşlarında olan qadın qara libasda idi. Başına qara yaylıq bağlasa da yaylığı altından ağ birçəklərindən görünənləri vardı.

-Bağışlayın, yəqin doğmanız həmin əməliyyatda olub? – dedim.

-Hə, qardaş, ərim həlak olub. Gedirəm onun qəbrini axtarmağa. Adı Cümşüddür. İtkinlərin siyahısında olub. İllər sonra bizə gələn döyüşçü dostu dedi ki, həlak oldu. Meyitini çıxara bilmədik. Ona “mərdəkanlı Cümşüd” deyirmişlər.

-Bəs nə bildiniz onları dəfn ediblər? Otuz il keçir həmin hadisədən… — soruşdum.

-Düşmən onları basdırmasa da Cümşüdüm Daşaltıdadı. Daşaltının havasında, suyunda, torpağında, daşında ərimin ruhu dolaşır. O daş-torpağa, suya, havaya, ağaca, gül-çiçəyə dua oxuyacam. Bilirəm Cümşüdün ruhu eşidəcək. Ərim mənim səsimi çox sevirdi. Deyirdi səsinin sehri var. Daşaltının ab-havasından biləcəm ki, ərim gəlişimə sevinir.

-Hə, düz deyirsiniz. Sidq-ürəkdən dua edəndə gedib sahibinə çatır.

O, ah çəkdi:

-A qardaş, ümidim dua etməyə qalıb.

***

Daşaltındaydıq. “Yaşad” fondunun nümayəndəsi, hərbi geyimli mayor, otuz-otuz beş yaşlarında olan oğlan bizə rəhbərlik edirdi. Qırx dörd günlük müharibənin iştirakçısı olub. O, Daşaltıda baş verənlərin hamısını bittə-bittə bildiyini deyir. Şəhidlərin çoxusunu da tanıyır.

Bir vaxtlar döyüş getmiş bu yerləri gəzdikcə qulaqlarımıza güllə, mərmi, tırtıllı tankların qulaqbatırıcı vahiməli səsləri gəlir. Hətta komandirlərin verdiyi əmrlər, can verən döyüşçünün yaralarının ağrılarını da canımda duyuram. Mənim kimi yəqin bu səfərə çıxan şəhidlərin doğmaları da o halları yaşayırlar.

Birinci Qarabağ müharibəsində, eləcə də 44 günlük Vətən müharibəsində döyüşənlərin doğmaları olan biz hər yerə diqqətlə baxa-baxa nəyisə tapağcağımızın sorağındayıq. Addımlarımızı ehtiyatla torpağa qoyuruq ki, bəlkə elə addım qoyduğumuz yerə qanları tökülüb. Hansısa möcüzənin baş verəcəyinə inanıb gələnlərimiz də var. Onlar elə bilir doğmalarını burada tapıb əl-ələ tutub evlərinə gedəcəklər. Kaş, düşündükləri gerçək olaydı. Allahın möcüzəsinin şahidinə çevriləydik.

Beləcə, düşünə-düşünə öz aləmimdə idim. Dəstəmizə rəhbərlik edən hələ də adını bilmədiyim mayorun həlim səsi məni xəyal dünyamdan ayırdı:

-Bu ağacın dibində Qələndərli oturub cib bloknotuna qara karandaşla rəsm çəkirdi, — deyib on-on beş addım aralıdakı gər ağacını göstərdi, — Lap “Uzaq sahillərdə” filmindəki Mixaylo necə şəkil çəkir, o da eləcə çəkirdi. Əslən cənub bölgəsindən olan Axundzadə bu yerlərə elə vurulmuşdu ki, müharibədə olduğunu da unutmuşdu. Bax o qızılı qayanı çəkirmiş, — deyib yenə sözünə ara verib sərt qayalığa əlini uzatdı, — Snayperlə başından vurulmuş, qan damcıları çəkdiyi rəsmi ləkələmişdi. Oturduğu yerdəcə başını sinəsinə əyib əbədi yuxuya getmişdi.

Sonra mayor əlində olan qərənfil güllərindən iki ədədini ayırıb ağacın dibinə qoyub baş əyib, fatiə surəsini oxudu. Biz də onun kimi fatiə oxuyub salavat çevirdik.

Şəhidin bacısı havalanmış kimi ağacı qucaqlayıb öpməyə başladı:

-Can qardaş, döyüşdən sonra dincəlirdinmi? Yoxsa bu yerləri bizim talış dağlarına oxşadırdın, şəklini çəkirdin? Kürəyini ağaca söykəmişdin ki, qızınasan? Axı həmişə deyirdin ki, kürəyin üşüyür.

Hüznlü halda ağacın yanından, “Axundzadənin qəbrindən” aralandıq. Bir az da getmişdik ki, mayor dayandı. Nəyisə dəqiqləşdirirmiş kimi saga, sonra da sola baxıb dedi:

-Aha, buradır. Səmədbəyli ağ daşın dibində çöməlib radiostansiya ilə əmr gözləyirdi. Elə həmin vaxt mərmi düşür yaxınlığına. Qəlpə başının yarısını aparmışdı.

Səmədbəylinin babası aramızdan çıxıb ağır addımlarla ağ daşa yaxınlaşdı. Titrək əllərini ağ daşa sürütlədi. Sürtdükcə dodağı altında öz-özüylə danışırdı. Doğma admlar bir-birini uzun müddət görməyəndə necə darıxırdılarsa, qoca da o haldaydı. Əlləri daşın hər tərəfində gəzdikcə, sanki nəvəsinə qovuşmuş kimi sevincək olmuşdu. Anidən əyilmiş belini dikəldib əllərini qoşalaşdırıb üzünə sürtdü:

-Allahım məsləhətinə şükür. Özün vermişdin, özün də aldın. Daşın üstündə qurumuş qan ləkəsi görəndə elə bildim gözlərim məni aldadır. Ona görə əllərimi dönə-dönə həmin ləkəli yerə sürtdüm və əmin oldum ki, yanılmamışam. Daşa hopmuş qan ləkəsini yağış, qar, şaxta yox e… aylar, illər də yuyub apara bilməyib, — sonra üzünü bizə tutub, — Bilirsiniz niyə? Çünki bu torpağın şah damarında bizim qanımız axır. Bizim qanımızla suvarılıb torpağımız. Ona görə də qanımız hara düşür, orada donub qalır, silinmir, — deyib boğazını arıtladıqdan sonra kövrəlmiş halda, — Allah sənə rəhmət eləsin, nəvəm. Babanın nəvəyə rəhmət deməsi dəhşətdir. Hətta o sözü dilimə gətirəndə təəccüblənirəm. Gör müharibə necə qəddar, rəhmsizmiş…

Bu vaxt Bakıdan buracan sakit olan, kimsəylə dinib danışmayan, saqqallı, özü də axsaq kişi dəstəmizin arasından çıxıb Səmədbəylinin babasının yanına gələrək o da daşı sığalladı:

-Belə bir günü otuz ildən çox gözlədim. Onu deyim ki, Daşaltı faciəsi həm də bizim qələbəmizdir. Ölkəmiz ikinci dəfə müstəqillik əldə etdikdən sonra xalqımızın beyninə düşmənlər yeritmək istəyirdilər ki, hərb bizlik deyil. Ona görə də İlk döyüş əməliyyatımızın məğlubiyyətinin bir səbəbi də düşmənin təxribatı idi ki, ümidlərimizi puç edə. Amma igid oğullarımız subut etdi ki, biz döyüşkən xalqıq və ordu yaratmaq bizim boyumuza biçilib. Mən Daşaltı əməliyyatında əsir düşdüm. Hadrutda bir erməni zabitinin evində saxlanılırdım. Uzun müddət onun həyətində işlədiyimdən mənə inanmışdı. Bir gün o mənə siyahı göstərdi. Erməni dilində yazılmışdı. Əsir düşəndən sonra çalışırdım onların dilini öyrənəm. Öyrənmişdim. Siyahını oxuya bildim. Həmin erməni polkovnik olub. Daşaltıda baş verənlərin hamısını bilirdi. Həmin siyahı bilirsiniz nədir? – deyib bizlərə baxdı. Hamı susqunluqla ona baxırdı. Sözünə davam edib, — İtkin kimi tanıdığınız döyüşçülərimizin siyahısı. Hamısının adını əzbərləmişəm. Cümşüd Mərdəkanlı da o siyahıda idi. Erməni tankı iri arxı keçə bilmədiyindən bizim meyitləri arxa tökürlər. 23 meyit olur. Üstündən tankla keçirlər. Sonra da o meyitləri yandırırlar. Erməni deyir ki, o meyitləri pul müqabilində dəyişəcəkdik. Ona görə siyahısını tutmuşdum. Tankla üstündən keçildiyi üçün tanınmaz olmuşdu deyirdi erməni, — danışan keçmiş əsir göz yaşı tökə-tkə ağ daşı öpüb, — igidim sən qələbəmizin bayraqlarındansan. Bu gün həm də Daşaltı faciəsinin anım günüdür. Ona görə burdayam…

***

Qışın orta ayı olsa da, orda-burda qar vardı. Soyuq günəş içimizi qızdırırdı. Daşaltı faciəsinin anım günü olduğunu indi dərk edir, duyur, yaşayırdım. Bura həm də 44 günlük Vətən müharibəsində Şuşa fatehlərinin Daşaltıdan hücuma keçmələri və qələbə möhrünün vurulduğu yer kimi də xalqın yaddaşına həkk olunub.

Mayor qabaqda komandir kimi gedir, biz “əsgərlər” də arxasınca. Ziyarətçilərdən hər biri ondan xoş xəbər eşitmək istəyindəydilər. O isə hamımızı kədərli notlar üstə kökləndirirdi.

Xeyli getmişdik ki, birdən geri çevrilib ağ daşın yanına gəldi.

-Həmin mərmi qəlpəsindən Nadirli də şəhid oldu. Xırda bir qəlpə ürəyini dəlib kürəyindən çıxmışdı. Ayağa durub bir neçə addım atsa da… Çox cəsur döyüşçü, həm də yaxşı kəşfiyyatçı idi. Bölüyün döyünən qan damarı idi. Kim yaralanıb qan itirirdisə tez Nadirlinin qanından çəkib vururdular.

Mayor danışdıqca Nadirlinin anası ağlayırdı. Qadınlar da ona qoşulmuşdu. Kişilərin gözləri şeh damcıları kimi nəmləndi.

Qadın özüylə gətirdiyi yaylığı çantasından çıxarıb əvvəlcə Nadirlinin öldüyü yerə sərdi, sonra yaylığın içinə bir ovuc torpaq yığıb yaylığı düyünçələdi.

-Nişanlısının yaylığıdı. Öldüyü yerə yaylığı sərməsini xahiş etdi. Deyir nişanlısının qoxusu o torpaqda yaşayır. Bir ovuc da torpaq istəyib. Əhd eləyib ki, şəhid nişanlısı kimi qalacaq.

-Yazıq qız, — kimsə dedi.

-Hə, mən də dedim ki, ay qızım, ölənlə ölmək olmaz. Həyat davam edir. Öz ömrünü yaşa. Nə illah etdimsə, daş atıb başını tutdu…

Bizə yalnız ah çəkmək qaldı.

Mayorun köməkliyi ilə hər birimizə şəhidləri haqda xatirələr danışıldı. Tək bircə nəfərdən başqa…

***

Daşaltıya axşam düşmüşdü. Qışın sazağı üz-gözümüzü yaladıqca, üşütmə canımıza yayılırdı.

Mayorun köməkliyi ilə 44 nəfərimizin hər birinə doğması haqqında bu və ya digər formada xəbər “hədiyyə” olunmuşdu. Ona görə də səfəri təşkil edənlərə təşəkkürümüzü bildirdik. Tək bircə nəfərin isə gözləri hələ də axtarırdı.

Müharibə iki il öncə bitsə də hələ də uşaq evində böyümüş Caviddən heç bir xəbər yox idi. Şəhid ya da əsir düşməsi haqqında heç nə bilmədiklərindən itkin kimi qeydə almışdılar. Tək onu bilirdilər ki, son dəfə Daşaltıda görüblər. Onun sorağı ilə bura gələn bir vaxtlar tərbiyəçi müəlliməsi olmuş Xalidə xanım kor-peşiman geri dönəcəkdi. Axı bura gələndə uşaq evinin balaca sakinlərinə söz vermişdi ki, Caviddən xəbər gətirəcək.

Uşaq evindən çıxıb sərbəst həyata atılsa da, vaxtaşırı uşaqlara baş çəkməyə gələrdi, — dedi müəllimə.

Mayor da Cavid Qələndərli adlı əsgərin olduğunu yadına sala bilmirdi.

-Müəllimə, ola bilsin Cavid Qələndərli Daşaltıda yox, başqa yerdə şəhid olub. Üç minə yaxın şəhidimiz var. Qarabağın hər yeri igid oğullarımızın qanları ilə suvarılıb. Məzarının da olmaması sual yaradır.

-Yox, ay qardaş. Daşaltıda şəhid olduğunu görənlər olub. Yuxuda da burada döyüşdüyünü görmüşəm. Mənim yuxularım gerçək olur. Ona görə bura gəlmişəm.

-Gedirik. Yazda bir də gələcəyik. Onacan döyüş yoldaşlarını tapın. Şəhid olduğu yeri, məzarının harda olduğunu desinlər.

***

Dəstəmiz yola düşmək üçün avtobusa yaxınlaşırdı. Bu vaxt kimsə arxadan bizi səslədi:

-Dayanın dəbilqə tapdım, — deyən bizi müşahidə edən minaaxtaran və əsgərlərdən biri idi.

Eyni anda hamımız geri çevrildik. Əlində tutduğu dəbilqəyə gözlərimiz dikildi.

Əsgərə yaxınlaşıb dəbilqəni ondan istədim. Əsgər dəbilqəni yun əlcəyi ilə silib, təmizlədikdən sonra mənə verdi. Təzə dəbilqə idi. Çünki tünd yaşıl rəndi hələ getməmişdi Demək 44 günlük müharibədən qalmışdı.

-Birdən düşmən dəbilqəsi olar ha, — dedi Səmədbəylinin babası.

Mən dəbilqənin tutacağındakı Azərbaycan bayrağının şəklini gördüyümdən:

-Yox, ay dayı. Bizim əsgərin dəbilqəsi olub. Özü də şəhidindir. Güllə yeri var, — dedim.

Dəbilqəni o üz, bu üzə çevirib içinə baxdım. Heyrətlə üzümü tərbiyəçi müəlliməyə tuşlayıb soruşdum:

-Müəllimə, dediniz şəhidimizin adı Caviddir?

-Hə!.. Hə!.. – deyib göz yaşı içində mənə tərəf cumdu.

Mən dəbilqənin içində bıçaq ya da mismarla yazılmış yazını ona göstərdim. “Şağanı. Uşaq evi. Cavid”.

Xalidə müəllimə dəbilqəni quş kimi məndən alıb sinəsinə sıxdı:

-Can!.. Can bala, can!..

Hamı sevinirdi. Dəbilqə əldən — ələ gəzdi.

Mayor üzünü dəbilqəni tapan əsgərə tutdu:

-Dəbilqəni hardan götürdün?

-O xırda təpəcikdən, — deyib əlini yaxınlıqdakı qarla örtülü təpəciyə tuşladı.

-Gəlin o təpəyə dəbilqəni qoyaq. Qərənfil güllərini düzüb baş əyək! – dedi mayor.

Bir azdan qarla örtülü təpəcikdə yaşıl dəbilqə, ətrafında da qırmızı qərənfillər və biz dövrəyə almışdıq.

-Əsil şəhid abidəsidir, — dedi şəhid anası.

Hamı bir ağızdan “hə, düz deyirsiniz”, – dedilər.

***

Avtobus yola düşdü.

Maşının arxa şüşəsindən indicə abidəyə çevirdiyimiz yerə baxırdım.

Ağ təpə, dəbilqə, qərənfil gülləri şəhid Cavidə dönüb bizə gülümsəməsi gözlərim qarşısında canlandı.

21.03. 2023.

Atakənd (Bakı), Gözətçi odası