Ceyhun Həsənzadə, şeirlər

Xəyanət

 

Bəzəklər içində xəlvət süslənir,

Nədən kor olubdur qeyrətin gözü?

Bu axır zamanlar tez-tez səslənir,

Xəyanət kəlməsi, xəyanət sözü.

 

Pozuldu nizamı hər bir cəhətdə,

İşləri açılmaz düyünə düşdü.

Xəyanət çoxaldı bu məmləkətdə,

Bu millət nə üçün bu günə düşdü?

 

Pozğunluq, oğraşlıq adi hal alıb,

Namusun çox ucuz satışı gedir.

Özünə əl qatan yaman çoxalıb,

Elə bil xəyanət «yarış»ı gedir.

 

Xəyanət şah olub,qeyrətsə vəzir,

Hər kəsən yeriyir öz yerişiylə.

Üç övlad anası girəvə gəzir,

Otelə getməyə özgə kişiylə…

 

Düzələn şey deyil pozğun pozduğu,

Gözü tutduğuna həvəsi düşür.

«Qadın» tanıyıram gəzib-tozduğu,

Yaşda-təvəllüddə nəvəsi düşür.

 

Vicdanı olmayan, qeyrəti axsaq,

Həqiqi ehtiras köpəkləridir.

Var elə qadınlar, onlara baxsaq,

Kişilər «Çarlinin mələkləri»dir.

 

Var qanı xarabın xəyanət donu,

Çəkəcək pis işə qolunu mütləq.

Sandığın içinə qoysan da onu,

Tapacaq xəyanət yolunu mütləq.

 

Qoyub ürəklərdə sevgi, dərin iz,

Qeyrəti hər şeydən baha kişilər.

Siz də az xəyanət etməmisiniz,

Kənara çəkməyin yaxa «kişi»lər.

 

Xəyanət eyləməz düz kişi əlbət,

Düz kişi ləyaqət əhli sayılar.

Kişiyə-qadına baxmır xəyanət,

Kim etsə, xəyanət əhli sayılar.

 

Eləmə oğraşlıq, olma nakişi,

Ailənə baxmağa səndə üz olsun.

Namus bir çirkli qab deyil a kişi,

Şampunla yuyasan tərtəmiz olsun.

 

Ar etməz, saxlamaz həya hər qadın,

Namusdur eyləyən gözəl, qadını.

Çalışsın hər kişi və ya hər qadın,

Məzara aparsın təmiz adını.

 

M.Ə. Rəsulzadənin xatirəsinə

 

Ey mənim millətimin dahi, yenilməz oğulu,

İlk azad dövlətimin dahi, yenilməz oğulu.

Sən bizim liderimiz, öndərimizsən, bunu bil,

Haqqını inkar edənlər, azad insan ki, deyil.

Öyrəşibdir o adamlar həmişə qul yaşasın,

Ona quyruq, buna quyruq bulasın, «Full»yaşasın.

Nədir əslində? Biri etsə təsəvvür: Yaşamaq,

Deyəcəkdir, köləlikdən çıxaraq, hürr yaşamaq.

Qoyduğun yolla gedənlər, hələ yollar qət edir,

Müstəqil milləti azad yaşamaq millət edir.

Kəsərik əlləri, bir kimsə bulandırsa suyu,

Nigaran qalma, məzarında yatıb,rahət uyu.

 

Yatıram

 

Bir elə bərk yuxu tutmuş məni, çoxdan yatıram,

Yuxudan ötrü ölüb, hey atıram can — yatıram.

 

Nə var e, sübhü o başdan, qulu-qu, quqqulu-qu?

Məni etmə yuxudan, ay gözü mərcan,yatıram!

 

Zalım oğlu, hürürəm bəlkə evə oğru girib,

Belə girsin də, nəyim var axı, Toplan? Yatıram.

 

Bu yuxu daş yuxusundan da betər bir yuxudur,

Savaş olsun, düşə lap ortalığa qan,yatıram.

 

Məni bomba ilə cəht  eylədilər qaldıralar,

De ki, tərpəndi belə bir tükün insan? …Yatıram!

 

Çıxıram köhnə evin eyvanına addım atam,

Dil aça, az qala ki, söyləsin eyvan: «yatıram» .

 

Nə olar xoş güzərandan da bizə pay düşə bir,

Neçə illərdir elə bil qara zindan, yatıram.

 

Yazılıb «işçi qadın axtarılır», bəxtimə bax,

Bekar evdə oturub, mən cavan oğlan — yatıram.

 

Niyə çoxdan eləmirdim axı pəhriz rejimi?

Azalıb dərd-kədərim, pul çoxalıb, yan yatıram.

 

Nəsihət-zad da edirlər ki, «gedib işlə bala»,

Həmin an qəsdlə verir mürgünü şeytan, yatıram!

 

Ala, yatmaq nədi? Boş şeydir, özüm mırtdaşıram,

Tapıram bircə saat güc-bəla imkan, yatıram.

 

Vururam yüz kisə mal anbara, yoxdur «axod»um,

Qalıb əlli kisə kartoşka-badımcan, yatıram.

 

Qazı söndür və durub idman elə isnişəsən,

İki eylə sayı — at üstümə yorğan, yatıram.

 

Məni yatmaqda günahlandıran alçaq yığını,

Necə ki, sizdə oyanmır hələ vicdan – yatıram!

 

Qara fəhlə babayam, əppəyə möhtac biriyəm,

Nə siyasət bilirəm heç, nə də meydan! Yatıram!

 

Lap ürək xəstəsi Ceyhunu edib xalq kədəri,

Atıram hər gecəni, beş dənə dərman, yatıram…

 

Başdan—xaşa.

 

Adamı infakt edirsən, guya baş yeyən deyilsən,

Düzə qalsa,baş yeyənsən, niyə xaş yeyən deyilsən?

O da başdır,bu da başdır,sənə baş yemək tuş olsun,

Adamın başı haramın, heyvanın başı nuş olsun.

Bu qədər baş arasında başımızdan nədir azlıq?

Elə baş var ki,sığallıq,elə baş var ki,qapazlıq.

Bu baş ilə deyəcəm söz,məni lap daşladacaqsan,

«Nədir başlar və başlamaz?»- mövzuna başladacaqsan.

 

Dəymə mənə

 

Keçsə də min bir əzabdan hər ilim, dəymə mənə,

Mənə xoşdur,çəkim işgəncə zülüm, dəymə mənə.

 

Niyə pisdir ki, sürünmək?buna da şükr edirəm,

Sən deyilsən nə vəzir, nə vəkilim, dəymə mənə.

 

Əlidən,Pirvəlidən ya Vəlidən borc edirəm,

Alıram, əldə qalır xalça-kilim, dəymə mənə.

 

Mən adamtək yaşamaq istəmirəm, zor ilədir?

Lap gedib qab da yuyum, yer də silim, dəymə mənə.

 

Rüşvət almaqda ya verməkdə ki, hallanmır adım?

Rahatam, yox ki, həyəcan təbilim, dəymə mənə.

 

Ala, qurd basmış olan işləri, gəl qurtdalama,

Saya gəlməz,nə qədər var zibilim, dəymə mənə…

 

Mən kiməm? Kəlmə demək həddimə düşmür qətiyyən,

O uzunluqda deyildir kəkilim, dəymə mənə…

 

Sən «Azad»lıq sözünü beş dəfə təkrar elədin,

Tez çıxım, indicə burdan «əkilim», dəymə mənə.

 

Necə ki, tısbağa? Eynən yaşayış tərzi budur,

Səs eşitcək qınıma tez çəkilim, dəymə mənə.

 

Bəlkə ondan da maraqlı, daha çox qəmli olar,

Həyatımdan çəkilib, olsa bir film, dəymə mənə.

 

Bir dəfə «tırka»ya getdim, dedim haqq kəlməsini,

Yayıldı hər yerə dörd-beş şəkilim, dəymə mənə.

 

Belə yorma özünü, vermə suallar boşuna,

Bildiyim təkcə budur: «mən nə bilim», dəymə mənə.

 

«Dəvəsi ölmüş ərəb»dən betərəm,bir mənə bax,

Hal, nə əhval o deyildir, «mən ölüm» dəymə mənə.

 

Ceyhunu, sən canı, söylətmə, danışdırma qəti,

Bəladır öz başıma çünki dilim, dəymə mənə…

Qiymət