Ceyhun Həsənzadə — Üzdədir arsız-abırsız, ya biqeyrət — mənə nə…

Ceyhun Həsənzadə

Mənə nə

 

Çox olub ac-yalavac, qıvrıla millət, mənə nə.

Görə yüz min cürə işgəncə və zillət, mənə nə…

***************

Lal olub, hər edilən zülmə susub, seyr edənə,

Kəsərək cəlladı, qan uddurar əlbət, mənə nə.

***************

Qara neftin qara gün taleyinə andım ola,

Məndən olduqca uzaqdır,qara rüşvət, mənə nə.

***************

Günü-gündən çoxalır qiyməti, hörmət bahadır,

Sənə mən eyləmərəm, etməsən hörmət, mənə nə.

***************

Var pulum,villalarım, yoxdu sizin heç nəyiniz,

Çıxır Alp dağlarına hər günə qiymət, mənə nə.

***************

Bağ evimdə elədi xidməti oğlum gecələr,

Var edən dağda qalıb torpağa xidmət, mənə nə…

***************

Var kürü-ikra balıq, evimdə hər gün yeyirik,

Yesə kartof qabığı sizdəki külfət, mənə nə nə…

***************

Sürüm öz dövranımı, kef də çəkim, sonra ölüm,

Deməyin bircə kərə öləndə rəhmət, mənə nə…

***************

Qızı yaşda neçəsiynən yaşayır «sevgi» guya,

Maşınlar-evlər alır hər dəfə xəlvət,mənə nə…

***************

Çalır alqış neçə yaltaq, çoxalıb xeyli sayı,

Üzdədir arsız-abırsız, ya biqeyrət — mənə nə…

***************

Verib it zülmü hər an, şükr eləməkdən savayı,

Barmağı qatdalasın,neylədi dövlət mənə nə???

***************

Ceyhun,çox haqqı demək şairə zindan yaşadar,

Qal ürəkdə elə çox arzuya, həsrət,mənə nə…

 

Bir payız yağışı…

 

Bir payız yağışı yağdı bu gecə,

Yuyuldu küçələr yollar boyunca.

Gör ürək buludtək dolarmış necə,

Gözlər də ağlayıb, yağar doyunca.

************

Yarımçıq qalıbdır, oxunmadığı,

Eşq dolu qəlbimin neçə sözü var…

Bir ömür hiss edib, toxunmadığı,

Yuyuldu tozlanan keçən «anı»lar.

************

Bir suyun ovucdan axdığı kimi,

Xəyallar dərd olur, ömrü aparır.

Şimşəyin kükrəyib çaxdığı kimi,

Hay çəkib ürək də, üsyan qoparır.

************

Ruhumu üşüdən, qəddimi əyən,

Özümdən aşırı kimidir eşqim.

Kimsəsiz bir evdə, yada düşməyən,

Navalça mamırı kimidir eşqim.

************

Yarımçıq qalan eşq, tək deyil bizim,

Çox sevən kəslərin ürəyi közdür.

Yağan bir yağış ki, deyil əzizim,

Hər nakam arzuya ağlayan gözdür.

************

Vaxt olur gec gəlir, sanki yubanır,

Bəzən bol-bol yağır, bəzən az olur.

Yağış da yağandan sonra dayanır,

Çəkilir özünə, əlçatmaz olur.

************

Həsrətə yol oldu, tutduğun hədəf,

Mənsizdir hər yerə etdiyin köçün.

Gəlirəm yenidən dərdimə tərəf,

Bir daha geriyə dönməmək üçün.

 

Dönəri

 

Son zamanlar çoxalıb, hər yer olub ət dönəri,

Sanki qəsdən yeyir ölsün daha millət, dönəri.

***************

Düşməsin arvada çox güc-əziyyət, var bu yolu,

Ver yesin hər kəsə doysun, yekə külfət dönəri.

***************

Bilmirik biz, nə ətinnəndi, satırlar beləcə,

Kəsmiş eşşək-at ətindən bizə xəlvət dönəri.

***************

Bir dönər, bir dənə ayran, yeyib-iç, vur bədənə,

Fışqırıq reklamı var, əntiqə-ləzzət dönəri.

***************

Burdan o dünyaya barmaq elədik gör «nətəri»?

Niyyətin cənnətə düşməksə… ye  «cənnət» dönəri.

***************

Göz dikin, qaldırın e, tez dönərin qiymətini,

Burnumuzdan gətirin bir tikə, qismət dönəri.

***************

Acıdır günlərimiz, vurma bibərnən-soğanı,

Bol vurub ət çox elə, bir sənə zəhmət dönəri.

***************

Mundar olmuş, neçə cür ətdən edir yüz haramı,

«Tam halal» adda satır xalqa biqeyrət dönəri.

***************

Vermiş elan ki, dönər pulsuz olur bircə günü,

Xalqı yığmış, cəm edib, bir yerə vəhdət dönəri.

***************

Ceyhun, onsuz dəyişən tək deyil ət, ver pulunu,

Çatdırılsın, sən olan mənzilə xidmət dönəri.

 

Dünyada nə var ki, insandan qəliz

 

Doğrular nədirsə, insan unudur,

Hər izi yol sandıq, ora yönəldik.

Qəlizə çəkməsək, həqiqət budur,

Doğulub, yaşayıb, ölməyə gəldik.

**************

Kirləndik günahdan, yuya bilmədik,

Kənardan görsəndik «qəhrəman» kimi.

Doğulduq nə təhər?- Duya bilmədik,

Yaşaya bilmədik nə insan kimi.

**************

Nədir bu çarəsiz, müşkül vəziyyət,

Qəlbi tən yarıdan bölüb gedirik.

Cismimiz,ruhumuz çəkir əziyyət,

Əzablar içində ölüb gedirik.

**************

Qayıtmaz, boş qalar yaşadıqların,

Düşər üz-gözünə bir vaxt qırışlar.

Saçına dən salar yaşadıqların,

Yaş verər gözünə yaşanmamışlar.

**************

Bu qədər deyildir bir ölüm belə,

Bir ömür daşısaq  kürəyimizdə.

Ən böyük itkidir, sağ ikən hələ,

Ölmüş çox arzumuz ürəyimizdə.

**************

Dünyada nə var ki, insandan qəliz,

Boş verdik əvvəli, sonu düşündük.

Əslində bugünü yaşamadıq biz,

Gələcək gəlməmiş, onu düşündük.

**************

Ömürdən gün alan, yalan həyatda,

Bir saat əqrəbi, zamandır oğru,

Oyaq yox, yatarkən yuxuda hətta,

Gedirik biz ömrün sonuna doğru.

**************

Deyirik zamandır keçir, tez gedir,

Çox zaman yolları seçən bizlərik.

Dərindən düşünsək, görərik nədir,

Dayanan zamandır, keçən bizlərik.