Ceyhun Həsənzadə — Savada yox ki, qoyan bircə çürük qoz, oxuma…

Ceyhun Həsənzadə

OXUMA

 

Yatacaq diplomun evdə, basacaq toz, oxuma!

Dediyim sözləri gəl doğruya bur, yoz, oxuma!

Mənə rəhmət oxuyarsan ki, demişdin bu sözü,

Verirəm mən sənə çox öncə praqnoz, oxuma!

Olsa lap diplomunun qırmızı rəngi, kimə nə?

Düzələn vaxtı işə rəngin olar boz, oxuma!

Pulu ver, «daydayı» sal ortaya, get işlə rahat,

Savada yox ki, qoyan bircə çürük qoz, oxuma!

Sürünürsən daha çox, get-gələ yollar uzanır,

Adamı burda edir təhsili nevroz, oxuma!

Kimisə hər dəfə bədbəxt elədin, xəstələrə,

Qoya bilmirsən əgər doğru diaqnoz, oxuma!

Sənət öyrən, sürücü,usta,çilingər ola bil,

Oxuyan qoy oxusun, sən belə narkoz oxuma!

Yaramır heç nəyə diplom, çata bilmir köməyə,

Mal otar, vardı rayonda neçə savxoz, oxuma!

Oxuyanlar da bekar, sən də durub qalma bekar,

Tütün ək, pampıq elə, var neçə kalxoz, oxuma!

Başa salmış sənə Ceyhun acı gerçəkləri, get,

Seçim et, ya da seçim etdiyini poz, oxuma!

 

MƏMUR ƏSAS ÖLMƏSİN.

Vur, tala yıx milləti, məmur əsas ölməsin.

Biz çəkərik zilləti, məmur əsas ölməsin.

Qəlbinə at dinmə heç, kimsə səni görməsin,

Qoyma, durar qeyrəti, məmur əsas ölməsin.

Görmədəsən zilləti, külfət acından solur,

Yeddi nəsil sərvəti, məmur əsas ölməsin.

Döz, gün ötür birtəhər, pul sənə lazım deyil,

Xeyli maşın, şirkəti, məmur əsas ölməsin.

Dinc oturaq qoyma gəl, təşvişə sal gülməyək,

Qaldır ə, dur qiyməti, məmur  əsas ölməsin.

Bir tikə loxman ki var, bunlara ver qalmasın,

Saxla çalış hörməti, məmur əsas ölməsin.

Gəlsə zülümlər sənə, ol daha bundan betər,

Gör, yaşa hər dəhşəti, məmur əsas ölməsin.

Sup, makaron-verməşil çatsa, bəsindir bəsin,

Sən yemə hərçənd əti, məmur əsas ölməsin.

Ceyhun, axır pis günə qalsaq əgər, eybi yox,

Gəl yaşayaq qisməti, məmur əsas ölməsin.

 

 

 

MƏN SƏNİ SEVƏNDƏN…

Mən səni sevəndən zülümlər çəkib,

Ruhumu canımdan usandırmışam.

Gözümü sən olan xəyallarıma,

Qələmi varağa dadandırmışam.

Qovrula-qovrula yandım hər şeyə.

Özümtək kül etdim toxundum nəyə,

Şəkillər yandırdım unudum deyə,

Məni çox üşüdüb nə yandırmışam.

 

Bu sözü demirəm söz xatirinə,

Dönsə də günlərim qana-irinə,

Gözlərim kor olub başqa birinə,

Hissimi özgəyə utandırmışam.

Heç baxmaq istəmir gözüm özümə,

Qəm verir dediyim sözüm özümə,

Bir anda sevməklə özüm-özümə,

Bir ömür həsrəti qazandırmışam.

Nə edim, ayrılıq qismətim olub,

Sənə çox dözülməz həsrətim olub,

Səni çox görməyə fürsətim olub,

Getməyib, özümü dayandırmışam.

Yaşadım sevgimin nə hallarını,

Cavabsız qorxulu suallarını,

Təklikdən qorxanda xəyallarını,

Hər gecə yuxudan oyandırmışam.

Ara bir ey Ceyhun, demişəm dayan!

Sən də xoş gün yaşa, yuxudan oyan,

Hissimi,duyğumu sonu olmayan,

Böyük bir yalana inandırmışam.