Yoxsa səni…
Etmisən sən düzü car, istə üzr, yoxsa səni…
Bunun öz yolları var, istə üzr, yoxsa səni…
*******
Sənə lazımdı məgər haqq deyəsən? Haqq səsinə,
Qulağın olmalı kar, istə üzr, yoxsa səni…
*******
Sənə kim «tırka» verib,kimdi tutanlar ipini?
Var belə çox havadar, istə üzr, yoxsa səni…
*******
De ki,səhv eyləmişəm,bir də etmərəm belə şey,
Bizə gəl açma bazar, istə üzr, yoxsa səni…
*******
Çox fikirləşmə,üzr istə «davay» gözləyirik,
Bunu tez eylə bacar, istə üzr, yoxsa səni…
*******
Qara zindan olacaq lap ən azı yüngül işin,
Dörd tərəf bağlı divar, istə üzr, yoxsa səni…
*******
Zalimə lənət edibsən, bu nə «volyadır» axı?
Yayıb hər yerdə şüar, istə üzr, yoxsa səni…
*******
Nə bilim…şilləyə getdi,pula getdi əqidə
Çoxu oldu giləvar, istə üzr, yoxsa səni…
*******
Ceyhun,sən haqqı deməklə nədi qardaş, amalın?
Çoxalıb mərdiməzar, istə üzr, yoxsa səni…
Yandırma qazı
Vermisən sən bu qaza xod hara? Yandırma qazı!
Qaza borc göz çıxarır, ver ara, yandırma qazı.
*******
Borcu borc üstə yığıb,kef eləyirsən hələ ki,
Sonra bu borcu da vermək var a, yandırma qazı.
*******
Öl soyuqdan yola ver,gözlə ki, yaz fəsli gələr,
Baxma heç vaxt nə yağış, lap qara, yandırma qazı.
*******
Gizli qaz çəkmək oğurluqdur, adam oğru olar?
Səbr et, sıx dişini,aşkara yandırma qazı.
*******
Hətta var qazda limit,qəlbdə ümid səbr edirik,
Kömək olmaz, nəsə çatmaz kara, yandırma qazı.
*******
Tör-töküntü yanası varsa nəyin atma çölə,
Taxta yandır,belə düşsən dara yandırma qazı.
*******
Qara millət,qaradır bəxtin əzəldən bu yana,
Necə ki,neft qaradır, gün qara, yandırma qazı…
*******
Donub öl,xəstələnib lap belə yorğanlara düş,
Qalmayıb cibdə qəpik,pul-para, yandırma qazı…
*******
Sən bu «Odlar diyarında» oda həsrət yaşadın,
Özünü atma qəti «od»lara, yandırma qazı…
*******
Nəyi pisdir? belə qazlaşmağa sənsən narazı,
Açmısan evində karvansara, yandırma qazı.
*******
Deyilən vədlər edilmədi, bir an döndü qaza,
Vur apar sən bu qazı anbara, yandırma qazı…
*******
Ceyhun, əvvəlcə sönür,haqq sözün yaddan çıxılır,
Partlayır sonra olur qumbara, yandırma qazı…
Pul ölüb
Keçinibdir ayaq üstə, canı yoxdur, pul ölüb,
Zəlilər tək sovurublar, qanı yoxdur, pul ölüb.
*******
Pula bir zərbə dəyib ki, hələ gəlmir özünə,
Yıxılıb,sanki çöküb, bir yanı yoxdur, pul ölüb…
*******
Bu qoğal nəysə haramdır yetimə, düşmür o da,
Taa əzəldən kasıbın dövranı yoxdur, pul ölüb.
*******
Bərəkət-ruzi elə o köhnə pullarda idi,
«Nizami»si, «Məmməd»i, «Şirvan»ı yoxdur, pul ölüb.
*******
Pula yox, sən bu pulu öldürənə lənət oxu,
Pulun heç bir günahı-nöqsanı yoxdur, pul ölüb…
*******
Daha gecdir dirənib,son nəfəsində dayanıb,
Edə bir çarə təbib-loğmanı yoxdur, pul ölüb.
*******
Dirilərsə sayılar möcüzə bir, amma çətin,
Geri qaytarmağa heç dərmanı yoxdur, pul ölüb….
*******
Qərib ünvanlara iş tapmaq üçün getdi çoxu,
Qərib ellərdə qalıb,ünvanı yoxdur, pul ölüb…
*******
Yatırır divləri narkoz verərək divlər elə,
İşin əvvəlki kimi cırtdanı yoxdur, pul ölüb…
*******
Düzü inkar eləmə,bircə sözü etiraf et,
Çox uzun söyləmə bu dastanı, yoxdur, pul ölüb…
*******
Bir tikə əppəyyə möhtac yaşayır millət hamı,
Tapa fürsət,sevinə bir anı yoxdur, pul ölüb…
*******
«Toxun acdan xəbəri yox» demə, qardaş balası,
Zor bilirlər kasıbın imkanı yoxdur, pul ölüb…
*******
Xalqın onurğası tək yük götürənlər kef edir,
Bunu hər kimdir edən,vicdanı yoxdur, pul ölüb.
*******
Siz bu Ceyhun deyəni anlamayın başqa cürə,
İraq olsun, nəsə bir üsyanı yoxdur, pul ölüb…
Mənə nə
Çox ola ac-yalavac, lap ölə millət, mənə nə.
Gəl görə hər cürə işgəncə və zillət, mənə nə…
*******
Lal olub hər edilən zülmə susub, seyr edənə
Yüz faiz cəlladı qan uddurar əlbət, mənə nə.
*******
Qara neftin qara gün taleyinə,andım ola,
Məndən olduqca uzaqdır, qara rüşvət, mənə nə.
*******
Günü-gündən çoxalır qiyməti,hörmət bahadır,
Görməsən, eyləmərəm mən sənə hörmət, mənə nə.
*******
Var pulum,villalarım,yoxdu sizin heç nəyiniz?
Qalxa Alp dağlarına bir günə qiymət, mənə nə.
*******
Bağ evimdə elədi xidməti oğlum gecələr,
Dağ yerində var edən torpağa xidmət, mənə nə…
*******
Var kürü-ikra balıq, evimdə hər gün yeyirik,
Yesə kartof qabığı evində külfət, mənə nə…
*******
Sürüm öz dövranımı,kef də çəkim,sonra ölüm,
Deməyin bircə kərə öləndə rəhmət, mənə nə…
*******
Qızı yaşda biri ilə yaşayır «sevgi» guya,
Maşınlar-evlər alır hər dəfə xəlvət, mənə nə…
*******
Çalır alqış neçə yaltaq, çoxalıb xeyli sayı,
Üzdədir arsız-abırsız, ya biqeyrət, mənə nə…
*******
Çəkib it zülmü hər an, şükr eləməkdən başqa,
Barmağı qatdalasın, neylədi dövlət mənə nə???
*******
Ceyhun,çox haqqı demək şairə zindan yaşadar,
Qal ürəkdə elə çox arzuya, həsrət, mənə nə…