Cek london (hekayə) Həyat eşqi

Ədəbiyyat

Onlar axsaya-axsaya çaya tərəf endilər. Qabaqda gedənin ayağı çay qırağına səpələnmiş daşlara dəyib büdrədi və o səndələdi. Hər ikisi bərk yorulmuş və taqətdən düşmüşdülər.

Üzlərindəki ifadədən hiss olunurdu ki, uzun müddət çətinliklərlə üzləşmiş, hər cür mərhumiyyətlərə məruz qalmışdılar. Çiyinlərindəki qayış kəmərlə çəkilib asılmış , maral dərisindən olan kisədəki yüklər onlara əziyyət verirdi. İkisinin də tüfəngi var idi. Hər ikisi başlarını aşağı sallayıb belləri bükülmüş halda hərəkət edirdi.
— Eh… O gizlətdiyimiz patronlardan ikicəciyi burda olsaydı, yaman olardı – deyə onlardan biri cılız səsi ilə dilləndi. Onun səsi əlini hər şeydən üzmüş adamın səsini xatırladırdı.
Daşların üzərindən köpüklənə-köpüklənə axan, sanki südə oxşayan çaya yenicə girmiş yoldaşı ona cavab vermədi.
İkinci yolçu da çaya girdi.İkisi də ayaqqabılarını çıxarmamışdı.Su buz kimi soyuq idi. Suyun soyuqluğundan ikisinin də ayaqları, ayaq barmaqları keyimişdi. Çayın bəzi yerlərində su dizə qədər qalxırdı və onlar müvazinətlərini saxlaya bilməyib səndələdilər.
İkinci yolçunun ayağı hamar və sürüşkən buzlaq daşında sürüşdü, ancaq o yıxılmadı. Ayağından tutan ağrının şiddətinə dözə bilməyib bərkdən qışqırdı. Çox güman ki, onun başı gicəllənmişdi. O səndələdi və sanki havadan tutub müvazinətini saxlayacaqmış kimi əlini havada oynatdı. Özünü ələ alıb irəli hərəkət elədi, amma yenə də səndələdi və az qalmışdı ki, yıxılsın. O dayandı və yoldaşına baxdı. Yoldaşı isə arxasına baxmadan irəliyə doğru hərəkət edirdi.
O, sanki nəyisə götür-qoy edərək beləcə, bir dəqiqəyə kimi hərəkətsiz qaldı və sonra ucadan səsləndi:
— Ey, Bill! Bill!..Ayağım burxuldu!
Bill isə süd kimi ağappaq çayda hərəkət etməyə davam edirdi və o bir dəfə də olsun dönüb arxasına baxmadı. Geridə qalan yolçu Bilin arxasınca baxdı. Onun sifətində əvvəlki kimi bir kütlük, gözlərində isə yaralı maralın gözlərindəki kimi bir kədər hiss olunurdu.
Bill isə artıq o biri sahilə çıxmışdı və yoluna davam edirdi. Çayın ortasında qalan yolçu gözünü uzaqlaşan Bildən çəkə bilmirdi. Onun dodaqları əsməyə başladı və cod, kürən bığları tərpəndi. Dilinin ucu ilə qurumuş dodaqlarını yaladı.
— Bill!- deyə o ucadan səsləndi.
Bu səsdə bədbəxtliyə düçar olmuş bir insanın ümidsiz yalvarışı hiss olunurdu. Bill isə geriyə baxmadan irəliləyirdi.O, Bilin ləng addımlarla, axsaya-axsaya, səndələyərək çox da hündür olmayan təpəyə qalxmasını və yamacdan aşaraq tamamilə gözdən itməsini axıra kimi izlədikdən sonra geri çöndü və məlun- məlun ətafına baxdı.
Üfüq üzərində görünən günəşin zəif şüaları hər tərəfi bürümüş qatı dumandan güclə seçilirdi. O, bütün ağırlığını bir ayağına salaraq saatını çıxardı. Artıq, saat dörd idi. Son iki həftə ərzində o, vaxtın hesabını demək olar ki, tamamamilə itirmişdi. O bilirdi ki, indi iyulun axırı,ya da avqustun əvvəli olmalıdı və bu vaxtlar günəş şimal-qərbdə yerləşməlidi. O, cənub tərəfə boylandı və düşündü ki, haradasa, o qaranlıq təpələrin arxasında Böyük Ayı gölü olmalıdı və həmin istiqamətdəki Kanada düzənliyindən Qütb dairəsinin qorxulu yolu keçir. Ortasında durduğu çay Koppermayn çayının qolu idi.Koppermayn çayı isə şimal istiqamətində axır və Şimal Buzlu okeanındakı Koronasiya körfəzinə tökülür. O heç vaxt həmin yerlərdə olmamışdı, amma bu yerləri Hudson körfəzi kompaniyasının xəritəsində görmüşdü.
O yenidən durduğu yerin ətrafına göz gəzdirdi. Heç də ürəkaçan mənzərə deyildi. Çox da hündür olmayan nizamsız yamaclar üfüq boyu uzanırdı.Sonu görünməyən və qorxulu səhradan başqa heç nə, nə ağac, nə kolluq, nə də ot var idi. Onun gözlərində bir qorxu hiss olunmağa başladı.
-Bill!- o, pıçıldadı .-Bill!- deyə ikinci dəfə yazıq-yazıq səsləndi.
O çomələrək bulanıq çayın ortasında oturdu və bu ucsuz-bucaqsız səhra sanki özünün qorxulu sakitliyi,yenilməz gücü ilə onu özünə ram etmək istəyirdi. O, qızdırmalı adam kimi titrədi və tüfəngi şappıltı ilə suya düşdü. Bu, onu özünə gəlməyə məcbur etdi və o, onu bürüyən qorxu hissinə güc gələrək özünü ələ aldı və əlini suya sallayıb tüfəngini axtarmağa başladı, sonra ağrıyan ayağına güc düşməsin deyə, çiynindəki yükü sol çiyninə tərəf çəkdi və şiddətli ağrıdan üz-gözünü turşuda-turşuda, ağır-ağır,ehtiyatlı addımlara sahilə tərəf irəlilədi.
O, nəfəsini dərmədən hərəkət eləyirdi. Ayağının ağrısını unudub Bilin gözdən itdiyi təpəyə tələsə-tələsə, qətiyyətlə dırmaşmağa başladı. Onun bütün görkəmi axsaq Bilin görkəmindən daha gülməli, daha yöndəmsiz görünürdü. O, təpənin o biri tərəfindəki dərəyə baxdı, amma gözünə heç kim dəymədi. Qorxu hissi onu yenidən bürüdü. Ancaq, o bu dəfə də bu hissə güc gələrək yükünü sol çiyninə tərəf çəkdi və axsaya-axsaya yamacdan dərəyə tərəf enməyə başladı.
Dərənin dibi bataqlıq idi və sıx mamırlar suyu süngər kimi canına çəkmişdi.Yeridikcə ayaqlarının altından su sıcrayır, ayaqqabısı nəm mamırdan şappıltı ilə qopurdu.O, Bilin izi ilə getməyə çalışıraraq mamırların arasından çıxan və kiçik adacıqları xatırladan daşların üstü ilə bir gölməçədən o biri gölməçəyə adlayırdı.
O, bu düzü-biyabanda yalnız olsa da, gedəcəyi yolu azmadı. Bilirdi ki, tezliklə kiçik dəyənəkləri xatırladan alçacıq və qurumuş şam və küknar ağaclarının əhatə etdiyi, yerli dildə “kiçik dəyənəklər ölkəsi” mənasını verən kiçik Titçin-Niçili gölünə çatacaq. Bu kiçik gölə də kiçik bir çay tökülür və bu çayın suyu bulanıq deyil. Onun yaxşı yadındadır ki, çayın sahillərində qamış bitir və orada ağac yoxdur. O, çayın suayrıcına qədər gedəcək. Suayrıcıdan sonra qərbə axan daha bir çay başlayır və həmin çayın istiqaməti ilə Diz çayına çatacaq və orada üstü daşlarla örtülmüş, çevrilmiş qayığın içində gizlətdiyi bağlamanı tapacaq. Gizlətdiyi şeylərin içində özünə qida əldə etmək üçün lazım olan hər şey- patronlar, balıq tutmaq üçün tilov, qarmaqlar və kiçik tor var idi. Orada bu şeylərdən başqa bir az un, bir parça qaxac edilmiş döş əti və paxla da olmalıdır.

Bill orada onu gözləyəcək və onlar birlikdə Diz çayı ilə üzüb Böyük Ayı gölünə çatacaqlar. Gölü də üzüb keçəcəklər, sonra isə cənub tərəfə
gedəcəklər.Qış isə onları haqlayacaq, çayın iti axınına buzlar mane olacaq və günlər isə soyuq keçəcək. Ona görə də yalnız cənub istiqamətində hərəkət etmək, hündür, əzəmətli agaclar bitən, istədiyin qədər ərzaq olan Hudson körfəzinin hər hansı bir faktoriyasına (faktoriya- Avropa tacirlərinin müstəmləkələrdə təşkil etdikləri ticarət mərkəzi-Ş.Q.) çatmaq lazımdır.

Bütün bunları xəyal edən yolçu irəli çox çətinliklə hərəkət edirdi.Ancaq irəliləmək onun üçün nə qədər çətin olsa da, daha çətini Bilin onu atmayacağına, gizlədiyi şeylərin yanında onu gözləyəciyinə inanması idi.O, bu cür düşünməyə məcbur idi.Əks halda , mübarziəni davam etdirməyin heç bir mənası olmazdı və o zaman yeganə çarə əl-ayağını uzadıb ölmək olardı. Zəif işığı düşən günəş şimal-qərbdə gözdən itənə qədər o, gələcək qışın soyuğundan uzaqlaşmaq üçün Billə cənuba gedəcəkərini bir dəfə yox, bir neçə dəfə götür-qoy etdi.

O, bir daha gizlətdiyi şeyləri və Hudson körfəzi Kompaniyasının anbarında olan ərzaq ehtiyatlarını xəyalına gətirdi.Artıq iki gün idi ki, dilinə heç nə dəyməmişdi. Doyunca yemək yemək hələ ki, ona qismət olmamışdı. O, aşağı əyilərək soluxçamış bataqlıq giləmeyvələrini qopardıb ağzına qoyur və çeynəyərək udurdu. Giləmeyvələr sulu idi və ağzında tez həzm olurdu. Ancaq onların acı dadı, bərk cəyirdəkləri var idi. Onun həyat təcrübəsi deyirdi ki, bunlarla doymaq olmaz, yaşamaq ümidi isə onu bu güləmeyvəlri səbrlə çeynəməyə məcbur edirdi.

Saat doqquz idi. Onun ayağı daşa dəydi və ayağının baş barmağı əzildi. Zəiflikdən və yorğunluqdan səndələdi və yıxıldı. Bir xeyli vaxt böyrü üstə , uzanıqlı vəziyyətdə qaldı. Sonra yük asılan qayış kəmərləri açıb yükünü yerə qoydu, dikəlib oturdu. Axşam hələ düşməmişdi. Amma hava alatoran idi. O, daşların arasından quru mamır cəngələri toplamağa başladı. Bir qucaq mamır topladıqdan sonra zəif közərən,tüstüsü alovundan çox olan bir ocaq qaladı və su ilə dolu qazançanı ocağın üstündən asdı.

O, kisənin ağzını açdı və nə qədər kibritinin qalmasını saydı.Kibritin sayı altmış yeddi dənə idi. Şübhələrini dağıtmaq üçün kibritləri üç dəfə saydı və onları üç yerə bölərək, hər topasını perqament kağızına bükdü. Bir bükməni tənbəki kisəsinə, digərini nimdaş papağının astarına, üçüncüsünü isə qoynuna qoydu. Amma, qorxu hissi onu tərk etmirdi. O, bütün bükmələri açdı və yenidən saydı. Kibritlərin sayı yenə də altmış yeddi idi.
Yaş ayaqqabılarını ocaqda qurutdu. Mokasinin (Şimali Amerika hindilərinin maral dərisindən tikdikləri ayaqqabı-Ş.Q.) cındırı çıxmış, ədyaldan düzəldilmiş corabları yırtıq-yırtıq olmuşdu. Sürtülməkdən ayaqlarının qanı çıxmışdı. Topuğu bərk ağrıyırdı. O, topuğunu gözdən keçirdi.Topuğu şişib dizi boyda olmuşdu.Ədyaldan uzun bir parça çırıb topuğunu var gücü ilə sarıdı.Ədyaldan daha bir necə parça cırdı və ayaqlarına doladı və bununla da mokasini və corabı əvəz etmiş oldu. Sonra qaynanmış sudan içdi, saatını qurdu və qalan ədyalı üstünə örtüb uzandı.

O, ölü kimi yatmışdı. Gecə yarısı hər yer qaranlığa qərq oldu. Amma qaranlıq uzun sürmədi. Günəş şimal-şərqdən çıxmışdı, daha doğrusu , günəş həmin yerdən işıqlanmağa başladı, çünki, o, boz buludların arxasında gizlənmişdi.
O, saat altıda oyandı. Arxası üstə uzanmış bir vəziyyətdə idi. Gözlərini boz səmaya dikdi və hiss elədi ki, acdır.Çönərək dirsəyi üstə qalxdı və bərk bir fınxırtı eşitdi. Bir az aralıda böyük bir maral maraqla ona baxırdı. Maralla onun arası əlli addımdan çox olmazdı. Onun xəyalına ehtiyat qida və tavada fışıldayan maral ətinin dadı gəldi. O, qeyri-ixtiyarı boş tüfəngindən yapışdı və maralı nişan alıb tətiyi çəkdi.Maral fınxırdı və dırnaqları ilə daşları döyəcləyərək uzaqlaşdı.

O donquldandı və tüfəngini kənara tulladı və inildəyərək ayağı üstə qalxmağa çalışdı və çətinliklə də olsa, ayağa dura bildi. Onun oynaqları sanki paslanmışdı və əyilmək,yaxud dikəlmək böyük iradə gücü tələb edirdi.Nəhayət, o bir az da dikəldi, qamətini bir müddətdən sonra düzəldə bildi.
O, kiçik bir təpənin üstünə çıxdı və ətrafa boylandı. Ətrafda boz daşlar, boz göllər və boz çaylar və boz mamırdan başqa heç nə, nə ağac, nə kol-kos var idi. Səma da boz idi. Nə günəş işığı görünürdü, nə də parıltısı! O, şimal tərəfin harada olmasını, dünən axşam hansı tərəfdən gəldiyini belə xatırlaya bilmədi. Buna baxmayaraq, yolunu azmadığına əmin idi. Tezliklə o, Kiçik Dəyənəklər Ölkəsinə çatacaq. O bilirdi ki, bu ölkə buradan çox da uzaqda deyil və sol tərəfdə, ola bilsin ki, hətta növbəti yamacın arxasındadır.

O, yükünü yola hazır etmək üçün qayıtdı. Kibritlər olan üç bağlamada kibritlərin nə vəziyyətdə olmasını yoxladı,amma saymadı.O, maral dərisindən olan,ağzınacan dolu yastı kisəyə baxıb fikrə daldı.Kisə heç də böyük deyildi və iki ovucun arasına yerləşə bilərdi, amma çəkisi on beş funt ( 1funt=453 qram-Ş.Q.)idi və bütün başqa şeylərin birlikdə çəkisinə bərabər idi. Bu onu narahat edirdi. Nəhayət, kisəni bir tərəfə qoyub, qalan şeyləri yığıb bağladı. Sonra yenidən kisəyə baxdı və cəld bir hərəkətlə kisəni götürdü və sanki səhra onun qızılını əlindən alacaqmış kimi ətrafa göz gəzdirdi. Nəhayət ayağa qalxıb yoluna davam etdi və qızıl olan kisə də belindən asdığı kisənin içində idi.

O, sol tərəfə dönüb irəliləməyə davam etdi.Arabir dayanaraq bataqlıq giləmeyvələri qırırdı. Ayağı sanki qaxaca dönmüşdü və o daha möhkəmdən axsayırdı. Amma bu ağrı mədəsindəki ağrı ilə müqayisədə heç nə idi.Aclıq ona dözülməz dərəcədə əziyyət verirdi. Ayağının ağrısı ilə mədəsindəki ağrı bir-birinə qarışmışdı. O,artıq Kiçik Dəyənəklər Ölkəsinə çatmaq üçün hansı tərəfə gedəcəyini belə bilmirdi.Giləmeyvələr əzablı ağrılarına kömək etmir, üstəlik də dilini yara edirdi.

O, kiçik bir dərəyə çatanda, daşların və iri kəsəklərin arasından qanadlarını xışıldadaraq “kr,kr,kr” qaqqıldayan ağ kəkliklər ona tərəf uçmağa başladı… O, daş götürüb kəkliklərə tərəf atdı, ancaq daş kəkliklərə dəymədi. Sonra çiynindəki kisəni yerə qoyub, pişik sərçələrə gizlicə yaxınlaşdığı kimi, sürünərək kəkliklərə yaxınlaşmağa başladı.Çapıq və iti daşlar şalvarını cırmışdı, dizlərindən qan axırdı, ancaq o, bu ağrını hiss etmirdi. Aclıq hissi ağrıya güc gəlirdi.O,yaş mamırların üstü ilə sürünürdü, paltarı islanmış, soyuqdan bədəni əsirdi. Amma o, yenə də heç nə hiss etmirdi, ona daha çox əziyyət verən isə aclıq idi. Ağ kəkliklər isə pırıldayaraq onun ətrafında uçurdular. Nəhayət, bu “kr,kr” ona ələ salınma kimi göründü və o, uca səslə kəkliklərin qaqqıldamasını yamsılamağa başladı.

O,kəklikləri təqib edərək yatmış bir kəkliyin üstünə çıxsa da, daşların arasındakı sığınacağından qanadlarını pırıldadaraq uçmağa hazırlaşan kəkliyi əvvvəlcədən görməmişdi.Amma o, özünü itirmədi və uçmaq istəyən kəkliyi qamarladı.Kəklik əlindən sürüşüb çıxdı və uçub getdi.Onun əlində kəkliyin yalnız üç lələyi qaldı.Kəkliyin uçduğunu görüb, ona elə bir nifrət elədi ki, sanki kəklik ona böyük bir pislik etmişdi. Sonra o, yükünün yanına qayıtdı və onu yenidən belindən asdı.

Günorta üstü çoxlu ov quşları olan bir bataqlığa çatdı. Sanki ona acıq verirlərmiş kimi iyirmiyə qədər maral onun lap yaxınından ötüb keçdi. Elə yaxından ki, onları tüfənglə vurmaq olardı. Maralların arxasınca qaçmaq kimi vəhşi bir istək onu bürüdü və o əmin idi ki, onlara çata bilər. Onun qarşısından ağzında kəklik olan qara-qonur rəngdə bir tülkü keçdi.O bərkdən qışqırdı.Qışqırtıdan qorxan tülkü kənara sıçradı, amma qənimətini ağzından buraxmadı.

Axşam düşürdü.O, əhəngin təsirindən suyu bulanıq olan çayın nadir qamış bitən sahili ilə irəliləyirdi. Arabir aşağı əyilib qamış köklərini qoparmağa çalışırdı.Çətinliklə də olsa, çox da böyük olmayan, soğanağa oxşayan bir şey qoparıb ağzına atdı.Qamışın kökü yumşaq idi və o, onu çox böyük bir iştahla, xırçıldada-xırçıldada ağzında çeynəyirdi. Qamış da giləmeyvələr kimi sulu və bərk idi və onun aclığına heç cür kömək etmirdi. O, yükünü yerə atdı və sürünə-sürünə özünü qamışlığa vurub ot yeyən heyvan kimi qopardığı qamışın köklərini yeməyə başladı.

O, çox yorulmuşdu və uzanıb yatmaq istəyirdi.Ancaq Kiçik Dəyənəklər Ölkəsinə çatmaq istəyi, aclıq hissi buna mane olurdu.O, kölməçələrdə qurbağa axtarmağa başladı, qurd tapmaq həvəsi ilə əlləri ilə torpağı eşələdi, baxmayaraq ki, Şimalda, bu qədər uzaqda nə qurbağa, nə də qurd olmadığını çox yaxşı bilirdi.

O, hər bir gölməçəni diqqətlə gözdən keçirirdi. Nəhayət, toran düşənə yaxın gölməçələrin birində qumlaqçı balığı (çəki balıqları fəsiləsindən kiçik çay balığı-Ş.Q.) boyda yeganə bir balıq gördü. Sağ əlini çiyninə qədər suya saldı, ancaq balıq sürüşüb əlindən çıxdı.O, balığı iki əli ilə tutmağa cəhd etdi və gölməçənin dibindəki bütün bulanıq çöküntünü çıxardı.Həyəcandan ayağı büdrəyərək suya yıxıldı və qurşağına kimi islandı. O, suyu o qədər bulandırdı ki, balığı görmək mümkün olmadı.Çarəsiz qalıb, bulanıq suyun durulacağını gözləməyə məcbur oldu.

O, yenidən balığı tutmağa cəhd etdi və suyu bir də bulandırdı. Artıq onun gözləməyə səbri çatmadı. Balaca dəmir vedrəni belindən açıb suyu onunla götürməyə başladı.O, suyu əvvəlcə çox cəld bir hərəkətlə götürürdü. Üstü-başı tamam su içində idi.Gölməçədəki suyu vedrə ilə elə yaxın yerə boşaldırdı ki, su yenidən gölməçəyə axıb gəlirdi.Özünü cəmləyib suyu ehtiyatla götürməyə başladı. Özünü sakit və təmkinli aparmağa çalışsa da, ürəyi çırpınır, əlləri əsirdi.Yarım saatdan sonra gölməçədə demək olar ki, su qalmadı. Amma balıq da yox idi. O, daşların arasındakı yarığı gördü və balıq da həmin yarıqdan daha böyük bir gölməçəyə üzüb keçmişdi. Elə böyük bir gölməçə ki, onun suyunu heç bir günə də qurutmaq mümkün deyildi. Əgər o, bu yarığı əvvəlcədən görsəydi, onu daşlarla tutar və balıq da onun olardı.

O, ümidsiz halda yaş torpaqda oturub əvvəlcə sakit-sakit, sonra isə ucadan ağlamağa başladı və sanki, onu əhatə edən bu amansız səhranın ona yazığı gəlməsini istəyirdi. Beləcə o, bir xeyli hıçqıra-hıçqıra ağladı, amma gözlərindən yaş gəlmədi.

O, ocaq qaladı və çoxlu qaynanmış isti su içərək qızışdı. Sonra, keçən gecə olduğu kimi, bu gecə də gecələmək üçün daş bir çıxıntıda özünə yer düzəltdi. Yatmazdan əvvəl kibritlərin islanıb-islanmamasını yoxladı və saatını qurdu. Ədyallar nəm və soyuq idi. Bütün ayağı ağrıdan od tutub yanırdı. Ancaq, o, ağrını yox, yalnız aclığı hiss edirdi və gecə yuxusunda yeməklərlə dolu ziyafətlər, keyf məclisləri gördü.

O, üşümüş və əzgin halda yuxudan oyandı. Günəş hələ çıxmamışdı. Torpağın və səmanın boz rəngləri daha da tündləşmişdi.Güclü külək əsirdi.İlk yağan qar yamacların başını ağartmışdı. O, ocaq qalayıb su qaynatmağa başladı.Quşbaşı sulu qar yağmağa başladı.Yerə düşən qar o dəqiqə əriyirdi, sonra qar get-gedə daha güclü yağmağa başladı və yer ağardı.Onun topladığı mamırların hamısı islandı və ocaq söndü.

Bu, onun üçün irəliyə, naməlumluğa getməsi üçün bir siqnal idi. Artıq o, nə Kiçik Dəyənəklər Ölkəsi, nə Bill, nə də Diz çayının yanında gizlətdiyi şeylər barəsində düşünürdü. Ona yalnız bir istək hakim idi: yemək! O, aclıqdan dəli kimi olmuşdu. Artıq hansı tərəfə getməyinin fərqində deyildi,təki getdiyi yer düz bir yer olsun.Qarın altını əli ilə eşərək sulu giləmeyvə tapır, qamış kökünü qopardırdı. Ancaq, bütün bunların heç biri onun aclıq hissinə kömək etmirdi. Daha sonra dadı turş olan ot tapıb yeməyə başladı. Amma, bu uzun sürmədi. Çünki ot daha yox idi. Daha doğrusu, qarın altından onu tapıb çıxarmaq çətin idi.

Həmin gecə onun nə ocağı, nə də isti suyu var idi. Ədyalı üstünə örtüb, aclıqdan irəli gələn və həyəcan dolu bir yuxuya getdi. Daha sonra qarı soyuq bir yağış əvəz elədi. Yağış onun üstünə yağdığından o, oyandı .

Günəşsiz və boz bir gün başladı. Yağış kəsmişdi. Artıq aclıq hissi ona əzab vermirdi və demək olar ki, bu hiss tamamilə kütləşmişdi, əvəzində mədəsində küt bir ağrı var idi. Ancaq, bu da ona bir o qədər əziyyət vermirdi. Get-gedə fikirləri aydınlaşmağa başladı və o yenidən Kiçik Dəyənəklər Ölkəsi, Diz çayına yaxın yerdə gizlətdiyi bağlama haqqında düşünməyə başladı.

O, qalan yeganə ədyalı çırıb bir parçası ilə qan çıxana qədər sürtülmüş ayağını sarıdı, o biri parçasını isə ağrıyan ayağına doladı və gündüz gedəcəyi yola hazırlaşdı.Növbə bağlamaya gələndə, o maral dərisindən olan kisəyə bir xeyli baxdı və onu da özü ilə götürdü.

Yağış qarı əritmişdi, qar yalnız yamacların başında qalmışdı.Günəş görünməyə başladı və o, səmtləri müəyyən edə bilsə də, bilirdi ki, yolunu azıb.Çox güman ki, son günləri azaraq dolaşmış və daha çox sol tərəfə getmişdir.Ona görə də o, düzgün yola çıxmaq üçün sağa tərəf döndü.

Aclıq hissi kütləşib daha ona əziyyət verməsə də, o hiss edirdi ki, çox zəifləyib. O tez-tez dayanmağa və dincəlməyə, bataqlıq giləmeyvələri və qamış kökü qoparmağa məcbur olurdu. Dili şişmiş, quru və çat-çat olmuşdu, ağzında acı bir tam vardı. Hər şeydən çox onu təngə gətirən isə ürəyi idi. Bir neçə dəqiqə yol getdikdən sonra ürəyi amansızcasına döyünməyə başladı və daha sonra, sanki ürəyi yerindən çıxacaqmış kimi çox şiddətli halda titrəməyə başladı və onun boğulmasına, başının gicəllənməsinə və az qala hüşunu itirməsinə səbəb oldu.

Günortaya yaxın böyük bir gölməçədə iki qumlaqçı balığı gördü.Gölməçədəki suyu qurutmaq mənasız bir iş idi. Artıq o, özünü sakit apararaq balıqları vedrə ilə tuta bildi.Balıqlar çöçələ barmaqdan da kiçik olardı.Amma, nədənsə onun yeməyə həvəsi olmadı.Mədəsindəki ağrı azalmışdı və sanki mədəsi yatmışdı və kəskin ağrı yox idi. O, balıqları çiy-çiy yedi və ağzında çox səylə çeynədi. Bu, sırf hissiyatsız bir hərəkət idi.O, yemək istəmirdi. Ancaq bilirdi ki, sağ qalmaq üçün bunu etməlidir.

Axşamüstü daha üç qumlaqçı balığı tuta bildi, ikisini yedi, birini isə səhərə saxladı. Günəşin şüaları arabir rast gəlinən mamır cəngələrini qurutmuşdu və o, su qaynadıb içdikdən sonra bir az isindi. Həmin gün onun qət etdiy məsafə on mildən (1mil=1609 metr-Ş.Q.) artıq ola bilməzdi.Ertəsi gün isə yalnız ürəyi sancmayanda hərəkət edirdi. Ona görə də o, gün ərzində cəmi-cümlətanı beş milə yaxın məsafə qət edə bildi. Mədəsindəki ağrı daha onu incitmirdi. Mədəsi, sanki yatmışdı. Bu yerlər ona tanış gəlmirdi, marallar, hətta canavarlar tez-tez rastına çıxırdı.Səhranın dərinliklərindən onların tez-tez ulaşması eşidilirdi. Bir dəfə isə o, yolu oğrun-oğrun keçən üç canavarı gördü.
Daha bir gecə arxada qaldı. Səhərisi, nəhayət o, özünü ağıllı, təmkinli apararaq dəri kisəni saxlayan kəməri açdı. Kisədən sarı rəngdə iri qızıl qum dənələri və külçə tökülməyə başladı. O, qızılı tən yarıya böldü. Yarısını ədyala bükərək uzaqdan yaxşı görünən qayanın çıxıntısında gizlətdi, digər hissəsini isə kisəyə tökdü. Axırıncı ədyalını da ayaqlarına doladı. Ancaq tüfəngi hələ atmaq istəmirdi.Çünki, Diz çayının yanında gizlətdiyi bağlamada patronlar var idi.

Dumanlı bir gün idi. Onun aclıq hissi yenidən oyanmağa başladı. O, çox əldən düşmüşdü və bəzən başı elə gicəllənirdi ki, heç nəyi görə bilmirdi.O, tez-tez büdrəyir və yıxılırdı. Bir dəfə isə kəklik yuvasına yıxıldı.Yuvada yumutadan təzə çıxmış, yaşları bir gündən çox olmayan dörd kəklik balası var idi və hər biri bir uduma bəs edərdi.O, kəklik balalarını dir-diri, acgözlüklə, yumurta qabığı kimi xırçıldada-xırçıldada yeməyə başladı. Ana kəklik yüksəkdən gələn qışqırtısı ilə onun ətrafında dövrə vurmağa başladı.O, tüfəngin qundağı ilə kəkliyi vurmaq istədi, lakin kəklik uçaraq ondan uzaqlaşdı. O, kəkliyə daşlar atmağa başladı və onun qanadını zədələdi. Kəklik zədəli qanadını yelləyərək pırıltı ilə uçub ondan uzaqlaşdı.O isə kəklikdən əl çəkmək istəmirdi.

Kəkliyin balaları onun aclığını daha gücləndirdi. O, yöndəmsiz halda yerindən sıçrayır, xəstə ayağı ilə axsaya-axsaya gah kəkliyin arxasınca daş atır və xırıltılı səslə qışqırır, gah da səssizcə hərəkət edirdi. O, hər dəfə yıxılandan sonra ağır-ağır ayağa qalxır, hüşunu itirməklə nəticələnə biləcək başgicəllənməsinin qarşısını almaq üçün isə əlləri ilə gözlərini ovuşdururdu.

Kəkliyi təqib etmək onu bataqlıq bir dərəyə gətirib çıxardı və o, burada yaş mamır üzərində insan izlərinə rast gəldi.Bu, onun izləri deyildi.Çox güman ki, bu izlər Bilin idi. Ancaq o, izlər olan yerdə dayanmadı.Çünki, ağ kəklik daha da uzaqlaşırdı.O, kəkliyi tutandan sonra qayıdıb izlərə baxmağı qərara aldı.

O, kəkliyi əldən salmışdı, amma özü də taqətdən düşmüşdü. Kəklik ağır-ağır nəfəs alaraq böyrü üstə yıxılmışdı.O da çətin nəfəs alırdı və kəkliyin demək olar ki, on metrliyində idi. Ancaq, kəkliyə bundan artıq yaxınlaşmağa onu gücü yox idi. O bir az dincini aldı, kəklik də gücünü toplayıb ona acgözlüklə uzadılan əlin altından uçub getdi. Təqib yenidən başladı. Amma qaranlıq düşdüyündən, kəklik gözdən itdi.O, yorğunluqdan büdrəyərək belindəki bağlama ilə birlikdə yıxıldı və yanağını yaraladı. Uzun müddət hərəkətsiz qaldı, sonra böyrü üstə uzanıb saatını qurdu və səhərə qədər bu vəziyyətdə qaldı.

Yenə dumanlı bir gün başladı. O, ədyalın yarısını ayağına dolamışdı. Bilin izlərini tapa bilmədi. Ancaq, artıq bu onun üçün bir o qədər də vacib deyildi. Aclıq hissi təkidlə onu irəliyə qovurdu. Bəlkə Bill də azıb?.. Günortaya yaxın tamamilə əldən düşdü. Qızılı yenidən bölməyə başladı. Bu dəfə qızılın yarısını sadəcə olaraq yerə tökdü.Axşama yaxın isə qızılın qalanını da tulladı, özündə yalnız ədyal qırıntısını, dəmir vedrəni və tüfəngi saxladı.
Qarışıq fikirlər ona əzab verirdi.Nədənsə ona elə gəlirdi ki, bir patronu qalıb, silahı doludu və o sadəcə olaraq buna fikir verməyib. Eyni zamanda, o bilirdi ki, daraqda patron yoxdur. Bu fikir onu rahat buraxmırdı və o, saatlarla bu fikirdən uzaq olmağa çalışırdı. O, darağa baxdı və əmin oldu ki, daraqda heç bir patron yoxdur.Onun məyusluğu o qədər güclü idi ki, sanki daraqda həqiqətən patron olmasını gözləyirdi.

Yarım saata kimi bir vaxt keçdi və qarışıq fikirlər ona yenidən qayıtdı.O, bu fikirlərlərlə mübarizə apardı, ancaq bu fikirlərə qalib gələ bilmədi.Özünə heç olmasa bir şeylə kömək etmək üçün yenidən tüfənginə baxdı. Düşüncəsi arabir dumanlanır və o sayıqlayırdı.Qəribə fikirlər və mənasız düşüncələr beynini qurd kimi yeyirdi. Ancaq, o tez bir zamanda özünə gəlirdi. Aclıq əzabı onu daima gerçəkliyə qaytarırdı. Bir dəfə isə, o elə gerçəkliklə üzləşdi ki, az qala gördüyü mənzərənin təsirindən hissiyatsız halda yıxılıb qalsın. O, sərxoş insan kimi səndələdi və ayaq üstə durmağa çalışdı.Onun qarşısında at dayanmışdı. At! O, gözlərinə inana bilmirdi. Ətrafı qatı duman bürümüşdü. O, var qüvvəsi ilə gözlərini ovuşdurdu. Gözləri aydınlaşanda qarşısında at yox, böyük bir qonur ayı gördü. Ayı da ona pis-pis baxırdı.

O, tüfənginə əl atmaq istəyəndə, tez bu fikrindən daşındı.Tüfəngi aşağı salıb, muncuqdan düzəldilmiş qınından ov bıçağını çıxartdı. Qarşısında ət və həyat vardı. Baş barmağı ilə bıçağın ağzını yoxladı. Bıçağın özü və ucu çox iti idi. O, ani olaraq ayının üstünə atılacaq və onu öldürəcək. Amma, ürəyi tuk, tuk, tuk eləyərək bərkdən döyünməyə başladı və sanki onu bu fikirdən çəkindirmək istəyirmiş kimi çırpınmağa başladı .Ürəyinin çırpıntısı getdikcə daha da gücləndi. Alnını sanki dəmir halqa ilə sıxdılar və gözlərinə qaranlıq çökdü.

Qorxu hissi cəsarətinə güc gəldi. O, çox əldən düşüb, zəifləyib. Birdən ayı ona hücum etsə, onda onun halı necə olar? O, qamətini düzəldib əzəmətli bir görkəm aldı və bıçaqdan möhkəm yapışıb ayının düz gözlərinin içinə baxdı. Ayı yöndəmsiz bir addımla irəli hərəkət elədi və pəncələri üstə qalxıb nərildədi. Əgər o qaçsa idi, ayı onun arxasınca düşərdi. Ancaq o, qorxu hissindən cəsarətlənərək yerindən tərpənmədi və vəhşi heyvan kimi nərildədi, bununla da həyatla, onun ən dərin kökləri ilə sıx bağlı olan qorxu hissini ifadə etmiş oldu.

Ayı düz onun qarşısında dayanan və ondan qorxmayan bu qəribə varlıqdan qorxaraq geri çəkildi.Ancaq, o hələ də hərəkət etmirdi və təhlükə sovuşana qədər yerindən tərpənmədi. Sonra əsə-əsə yaş mamırın üstünə sərildi.

Nəhayət, bütün gücünü toplayıb, yenidən baş qaldıran qorxu hissi altında irəliləməyə davam etdi. Bu, artıq aclıqdan irəli gələn ölüm qorxusu deyildi. O,aclıqdan sönən həyatını son dəfə xilas etmək cəhdindən əvvəl baş verə biləcək zorakı ölümdən qorxurdu. Dörd bir tərəfində canavarlar dolaşmağa başladı.Səhranın hər yerindən onların ulaşması eşidilirdi. Havadan təhlükə qoxusu gəlirdi və o bu təhlükəni özündən uzaqlaşdırmaq üçün küləyin yellədiyi çadır parçası kimi qeyri-ixtiyari olaraq əllərini qaldırdı.

Canavarlar iki-iki, üç-üç onun qarşısından keçiridlər. Amma onlar yaxınlaşmırdılar. Canavarların sayı bir o qədər çox deyildi. Bundan başqa, onlar müqavimət göstərməyən maralları ovlamağa adət eləmişdilər. İki ayaq üstə duran bu qəribə varlıq isə çox güman ki, cırmaqlamağı, dişləməyi bacarır.

Axşama yaxın o, canavarların öz qənimətlərini haqladıqları yerdə atılmış sümüklərə rast gəldi. O, tər-təmiz gəmirilmiş,parıldayan və hüceyrələrində həyat hələ sönmədiyindən çəhrayı rəngdə olan sümüklərə baxdı.Ola bilsin ki, günün sonuna kimi ondan da yalnız sümüklər qalacaq. Çünki, həyat fani və beşgünlükdür. Yalnız həyat əzab çəkməyə məcbur edir.Ölmək ağrılı deyil. Ölmək-yatmaqdır. Ölüm son, istirahət deməkdir. O halda, o niyə ölmək istəmir?

Ancaq o, çox fikirləşmədi. Bir az sonra o çömələrək həyatın son zərrəciklərini hələ də özündə saxlayan çəhrayı rəngli sümükləri sorurdu. Güclə eşidilən,xatirə kimi əlçatmaz olan ətin şirin dadı onu azğınlıq həddinə çatdırırdı. O, dişlərini daha möhkəm sıxaraq sümüyü gəmirməyə başladı. Bəzən sümük, bəzən də dişi sınırdı. Daha sonra, o, sümükləri daşla sındırmağa başladı və sıyıq halına saldığı sümükləri acgözlüklə udurdu. Tələsidiyindən, bəzi hallarda daşı sümüyə yox , barmaqlarına vururdu və təəccüblənirdi ki, niyə ağrını hiss eləmir.

Yağışlı və qarlı günlər başladı. Artıq o, nə vaxt gecələdiyini, nə vaxt yoluna davam edəcəyini xatırlamırdı. Vaxta fikir vermədən, gecə-gündüz hərəkət edir, yıxıldığı yerdə dincəlir, sönən həyatı yenidən alovlananda isə irəliləyirdi. Artıq o, adi insanlar kimi mübarizə etmirdi. Lakin ondakı həyatın özü məhv olmaq istəmirdi və onu irəliyə getməyə məcbur edirdi.O, daha əzab çəkmirdi.Əsəbləri sanki donaraq kütləşmiş, beynində qəribə xəyallar dolaşır, ümidverici yuxular görürdü.

O, son qırıntılarına qədər topladığı və özü ilə götürdüyü əzilmiş sümükləri dayanmadan sümürür və çeynəyirdi.Artıq o, yamacların başına qalxmır, suayıranları keçmir, yalnız geniş vadidən axan böyük çayın maili sahilində dolaşırdı. Onun gözləri qarşısına yalnız xəyallar gəlirdi.Onun ruhu və bədəni yanaşı gedirdilərsə də, onları bağlayan tel çox kövrək və nazik idi.

Bütün gecəni yastı daşın üstündə huşsuz halda uzanıqlı qalmışdı və yalnız səhər açılanda huşu özünə gəldi.Günəş parlaq işıq saçır və qızıdırırdı.Uzaqdan maralların böyürtüsü eşidilirdi. O, yağışı, küləyi,qarı xatırlayırdı. Amma, bu cür havanın iki gün,yaxud iki həftə onu təqib etməsini xatırlamırdı.

O, bir müddət uzanmış vəziyyətdə qaldı.Səxavətli günəş öz şüalarını onun sifətinə saçır, istiliyi ilə onun məsum bədənini qızışdırırdı.”Yaxşı gündür”-deyə o fikirləşdi. Ola bilsin ki, o, günəşə görə səmti müəyyən etməyi bacaracaq. Əzabverici bir güclə böyrü üstə çevrildi. Aşağıda geniş, saki-sakit axan bir çay var idi.Bu çay ona tanış gəlmirdi və o buna çox təəccübləndi. O, indiyənə qədər gördüyü yamaclardan fərqli olan, çılpaq, daha sərt yamacların arası ilə axan çayı ağır-ağır seyr etdi. Ağır-ağır, biganə, heç bir maraq göstərmədən ona məlum olmayan bu çayın üfüqə qədər uzanıb getməsinə tamaşa elədi və onun aydın və parlaq bir dənizə töküldüyünü gördü. Bu onu heç həyəcanlandırmadı.”Çox qəribədir, bu xəyaldımı, yaxud pozulmuş təxəyyülün nəticəsidirmi?”-deyə o fikirləşdi. O, buna parlaq dənizin ortasında lövbər salmış gəmini gördükdə daha çox əmin oldu.Bir anlığa gözlərini yumdu və yenidən açdı.Qəribədir, xəyal yox olmadı!Amma burada qəribə heç nə yoxdur. O bilirdi ki,onun tüfəngində patron olmadığı kimi, məhsulu olmayan bu torpaqda da nə dəniz, nə də gəmi var.

O, nəfəs almağa, öskürəyə oxşayan bir fısıltı eşitdi. Çox ağır-ağır, zəifliyinə güc gələrək, o biri böyrü üstə çevrildi.Yaxınlıqda heç nə görmədi və gözləməyə başladı.Yenə də fısıltı və öskürək səsi eşidildi.O, iti uclu iki daşın arasında, ondan iyirmi addımdan çox olmayan bir məsafədə dayanmış canavarın boz başını gördü. Canavarın qulaqları onun gördüyü canavarlarda olduğu kimi dik deyildi. Canavarın gözləri tutqun və qan sızmış kimi idi, məyus-məyus başını aşağı sallamışdı. Görünür ki, canavar xəstə idi, çünki elə hey asqırır və öskürürdü.

“Bax, bu artıq xəyal deyil”-deyə o düşündü və xəyallardan uzaq olan həqiqi dünyaya qayıtmaq üçün o biri böyrü üstə çevrildi.Dəniz uzaqda olsa da, yenə də parıldayırdı və gəmi aydın görünürdü. Ola bilsin ki, o həqiqidir? O, gözlərini yumdu və fikirləşməyə başladı və nəhayət, nə baş verdiyini başa düşdü. O, Diz çayından uzaqlaşaraq şimal-şərq tərəfə getmiş və Koppermayn çayının vadisinə çatmışdır.Bu, enli, ləng axan elə Koppermayn çayının özü,parıldayan dəniz isə Buzlu okean imiş. Gəmi isə Makkenzi çayının mənsəbindən şərqə tərəf üzmüş balına ovlayan gəmidir.O, Koronasiya körfəzində lövbər salmışdır.O, nə vaxtsa baxdığı Hudson körfəzi Kompaniyasının xəritəsini xatırladı və hər şey ona aydın oldu.

O oturdu və ən vacib işlər barəsində düşünməyə başladı.Ədyaldan olan dolaqlar tamamilə üzülmüşdü və sıyrılmış ayaqlarının əti görünürdü. Axırıncı ədyalı da istifadə etmiş, tüfəngi və bıçağını da itirmişdi.Papağı da itmişdi.Qoynundakı kisədə perqamentə bükülmüş kibritlər salamat idi və nəmləməmişdilər. O, saatına baxdı. Saatı hələ işləyirdi və vaxtı da on bir göstərirdi. Yəqin ki, o saatı qurmağı yaddan çıxarmamışdı.

O, sakit və tamamilə özündə idi. Son dərəcə zəifliyinə baxmayaraq, heç bir ağrı hiss etmirdi. Yemək də istəmirdi. Yemək barədə düşünmək ürəyini bulandırırdı. O, nə etməsindən asılı olmayaraq, hər şeyi ağlının hökmü ilə edirdi.O, şalvarını dizinə qədər cırdı və ayaqlarını sarıdı.Nədənsə o, vedrəni atmamışdı. Onun ürəyinə dammışdı ki, gəmiyə gedən yol çox ağır bir yol olacaq və yola çıxmazdan əvvəl su qaynadıb içmək lazımdır.

O, çox ağır-ağır hərəkət edirdi. İflicə tutulmuş adam kimi əsirdi . O, quru mamır topalamaq istədi,amma ayağa dura bilmədi.Ayağa durmağa bir neçə
dəfə cəhd etsə də, bacarmadı və sonda iki əli və iki ayağı üstə sürünməyə, iməkləməyə başladı. Bir dəfə o, xəstə canavara lap yaxınlaşdı.Canavar könülsüz halda kənara çəkildi və dili ilə sifətini yaladı.O, canavarın dilinin sağlam,qırmızı yox, sarı-qonur rəngdə, yarı qurumuş seliklə örtüldüyünü gördü.

Baxmayaraq ki, onun taqəti qalmamışdı, ancaq qaynar suyu içdikdən sonra hiss etdi ki, ayağa dura, hətta yeriyə bilər.O, demək olar ki, hər dəqiqə dincəlməyə məcbur olurdu. Zəif, dolaşıq addımlarla hərəkət eləyir, canavar da eyni ilə onun kimi zəif, dolaşıq addımlarla onu təqib edirdi.
Həmin gecə parıldayan dəniz qaranlıqda itəndə, o başa düşdü ki, dənizə tərəf dörd mildən artıq yaxınlaşmayıb.

O, bütün gecə xəstə canavarın öskürəyini, bəzən də maralların səsini eşitdi.Ətrafda həyat var idi. Ancaq bu həyat aşıb-daşan və sağlam bir həyat idi.O başa düşürdü ki, xəstə canavar xəstə adamın arxasınca o ümidlə düşüb ki,bu insan birinci öləcək. O, səhər gözünü açanda canavarın ona kədərli-kədərli və acgözlüklə baxdığını gördü. Canavar, əldən düşmüş, qəmgin it kimi məyus-məyus başını aşağı sallamış, quyruğunu qısmışdı.O, xırıltılı, pıçıltılı səsi ilə canavarı səsləyəndə, soyuq küləyin təsirindən titrəyən canavar qəmgin-qəmgin ona baxıb dişlərini qıcadı.

Parlaq bir gün çıxmışdı.Yolçu bütün səhəri büdrəyə-büdrəyə, yıxılaraq parlaq dənizdəki gəmiyə tərəf irəliləyirdi.Gözəl bir hava var idi. Bu, şimal en dairəsində payızın əvvəlində başlayan qısa müddətli isti günlər idi. Bu cür isti hava bir həftə də davam edə bilərdi,bir-iki gün də.

Günortadan sonra o, bir izə rast gəldi. Bu,yeriyərək yox, iməkləyən, sürünən başqa bir adamın izləri idi. Ola bilsin ki, bu, Bilin izləridir-deyə o
könülsüz və laqeyd bir halda düşündü.O, artıq hər şeyə biganə idi. Mahiyyətcə, o indi nəyisə hiss etmək və ya həyəcanlanmaq hisslərini itirmişdi. Artıq o, ağrını da hiss etmirdi.Mədəsi və əsəbləri sanki yuxuya getmişdi.Ancaq,onda hələ sönməyən həyat eşqi vardı və onu irəliyə getməyə məcbur edirdi. O, çox yorulmuşdu, ancaq ondakı həyat məhv olmaq istəmirdi.Ona görə məhv olmaq istəmirdi ki, insan hələ də bataqlıq giləmeyvələri və xırda qumlaqçı balığı yeyir, qaynar su içir, xəstə canavardan gözünü çəkmir və onu izləyirdi.

O, iki əli,iki ayağı üstə sürünən başqa adamın izi ilə gedirdi və tezliklə onun yolunun sona çatdığı yeri də gördü: yaş mamır üstündə gəmirilmiş sümüklər, canavar pəncələrinin izləri.O,ağzınacan dolu, didik-didik edilmiş, eyni ilə ondakı kimi maral dərisindən olan kisəni gördü.Zəifləmiş barmaqları bu cür ağırlığı saxlamaq gücündə deyilsə də, o, kisəni qaldırdı. Bill yükünü sona qədər saxlamışdı. Ha-ha! O, Bilə hələ çox güləcək.O, sağ qalacaq və Bilin kisəsini də da götürüb parıldayan dənizin ortasında duran gəmiyə gedəcək.O, xırıltılı, qarğa qarıldamasına oxşayan əcaib bir səslə gülməyə başladı, xəstə canavar isə həzin-həzin uladı.O, səsini kəsdi.O, Bilə necə gülə bilər ki, Billdən yalnız bu ağ-çəhrayı rəngdə sümüklər qalmışdı?
O, üzünü çevirdi. Düzdü, Bill onu atsa da, o nə Bilin qızılını götürəcək, nə də onun qalan sümüklərini soracaq. Görəsən, Bill onun yerində olsaydı, bu cür edərdimi?-deyə o düşündü və sürünərək irəliləməyə davam etdi.

O, kiçik bir gölə çatdı və qumlaqçı balıq axtarmaq üçün gölün üzərinə əyildi və ilan vurmuş kimi geriyə sıçradı.O, suda əks olunan sifətini gördü. Bu əks o qədər dəhşətli idi ki, hətta onun yatmış ruhunu belə oyatdı. Göldə üç qumlaqçı balığı üzürdü.Ancaq, göl böyük idi və o, onu dibinə qədər qurutmağı bacarmazdı. O, balıqları vedrə ilə tutmaq istədi və sonda bu fikirdən də daşındı. O qorxurdu ki, yorğunluqdan suya yıxılar və boğular. Çayın qumlu, dayaz yerlərində tir çox olsa da, tir üzərində çayın axarı ilə üzməyə cəsarət etməmişdi.

Həmin gün o, özü ilə gəmi arasındakı məsafəni üç mil, sonrakı gündə isə iki mil qısalda bilmişdi. İndi o da Bill kimi sürünürdü. Beşinci günün axırında gəmi ilə onun arasında yeddi milə qədər məsafə qalmışdı. Artıq o, gündə bir mildən artıq hərəkət edə bilmirdi. İsti günlər hələ davam edirdi. O gah sürünür, gah hissiyatsız halda yıxılır, xəstə canavar da öskürüb, asqıraraq onun izi ilə sürünürdü. Köynəyindən iki parça cırıb sıyrılmış dizini, ayaqlarını sarısa da, qan izi mamırın,daşların üstündə qalırdı. Geriyə çönərkən canavarın necə bir acıgözlüklə bu qan izini yaladığını gördü və əgər o, canavarı öldürməsə, sonunun necə olacağını təsəvvürünə gətirdi.Həyatda rast gəlinən ən amansız bir mübarizə başladı. Son qüvvəsi ilə sürünən xəstə insan və axsaya-axsaya onun ardınca düşən xəstə canavar. Hər ikisi ölümcül halda idi və bu boz və soyuq səhrada sürünərək bir-birini gözdən qoymaq istəmirdilər.

Əgər canavar sağlam olsaydı, insan oğlu bir o qədər müqavimət göstərməzdi. Düşünəndə ki, bu mənfur, demək olar ki, leş kimi heyvanın qarnına düşəcək, iyrəndi və sayıqlamağa başladı, qarabasmalar şüurunu dumanlandırdı.

Birdən qulağının dibində kiminsə nəfəsini eşitdi və o dəqiqə özünə gəldi. Bu, onu təqib edən canavarın nəfəsi idi. Canavar geriyə sıcradı və zəiflikdən büdrəyərək yıxıldı. Mənzərə gülməli olsa da, insan gülmədi.O, hətta qorxmadı.Artıq qorxu hissi ona hakim deyildi. Düşüncəsi bir anlığa aydınlaşdı və o, uzanmış vəziyyətdə düşünməyə başladı.Gəmiyə qədər məsafə dörd mildən artıq olmazdı.O,dumanlı gözlərini ovuşduraraq parıldayan dənizdəki gəmini, ağ yelkənli qayığı aydın gördü. Ancaq o, bu dörd mil məsafəni qət edə bilməyəcək. O, bunu bilirdisə də, özünü son dərəcə təmkinli aparırdı. Onun yarım mil məsafəni də qət etməyə gücü qalmamışdı. Buna baxmayaraq, o, yaşamaq istəyirdi. Bütün bu olub keçənlərdən sonra ölmək axmaqlıq olardı.Tale ondan çox şey tələb edirdi. O, ölümün astanasında olsa da, ölümə təslim olmadı. Bəlkə də bu, ağılsızlıq idi.Ancaq, o, ölümün pəncəsində olanda belə ölümə meydan oxudu, onunla mübarizə apardı.

O, gözlərini yumdu və bütün gücünü topladı və çalışdı ki, bütün varlığını təhlükə altına salan axmaq hisslərə qapılmasın.Bu hissiyyat güclənərək beynini dumanlandırdı. Bəzən o, mürgü burulğanına qərq olur və çabalamağa başlayır, amma, qalan iradəsi onu müəmmalı şəkildə xilas edirdi.
O, hərəkətsiz halda arxası üstə uzanmışdı və canavarın xırıltılı nəfəsinin ona necə yaxınlaşdığını eşitdi.Nəfəs getdikcə daha da yaxınlaşır, ancaq o, yerindən tərpənmir, daha doğrusu, tərpənə bilmir. Budur, o, nəfəsi qulağının lap dibində eşidir. Quru və cod bir dil onun yanağına toxunur.O, barmaqlarını çaynaq vəziyyətinə salıb canavarı boğazlamaq üçün əllərini yuxarı qaldırmaq istəsə də, bacarmadı. Çevik və inamlı hərəkət üçün güc lazım idi.Onun isə gücü yox idi.

Canavar səbirli idi. Ancaq, insan daha səbirli bir məxluqdu. O, yarım günə qədər hərəkətsiz qaldı və mürgü ilə, onun keşiyini çəkən və onu yemək istəyən canavarla mübarizə apardı.Əgər bacarsaydı, o özü canavarı yeyərdi.Arabir mürgü onu basır və yuxular görürdü. Ancaq, istər yuxuda, istərsə də oyaq olanda o gözləyirdi ki, elə bu dəqiqə xırıltılı nəfəsi eşidəcək və kələ kötür dil onu yalayacaq.

Bu dəfə o, nəfəsi eşitmədi. Ancaq, kələ-kötür dilin onun əllərinə toxunmasından oyandı və gözləməyə başladı. Canavar dişləri ilə onun əllərini əvvəlcə azacıq sıxdı, sonra dişlərini daha dərinə batırmağa başladı. Canavar son gücü ilə çalışırdı ki, dişlərini çoxdan keşiyini çəkdiyi qənimətə batırsın. Amma, insan da çoxdan gözləyirdi. O, dişlənmiş əlləri ilə canavarın çənəsini sıxmağa başladı. Canavar azacıq geri çəkildi. O, bir əli ilə canavarın çənəsini sıxdı, o biri əli isə canavardan yapışdı. Bir az keçmiş o, bütün ağırlığı ilə canavarın üstünə yıxıldı və onu sıxmağa başladı. Canavarı boğmaq üçün onun əllərində güc olmasa da, o, sifətini canavarın boynuna sıxdı, ağzı canavarın tükü ilə doldu. Yarım saata qədər vaxt keçdi. O, boğazından isti bir şeyin axdığını hiss etdi.Bu, çox müdhiş bir mənzərə idi. Sanki onun mədəsinə ərinmiş qurğuşun tökmüşdülər və o, yalnız iradəsinin gücünə görə dözə bilirdi. Daha sonra, o, arxası üstə çevrildi və hüşunu itirdi.

“Bedford” balina ovlayan gəmisində elmi ekspedisiyanın bir neçə işçisi də var idi. Onlar gəminin göyərtəsindən sahildə qəribə bir məxluq gördülər. Bu məxluq dənizə tərəf sürünürdü. Alimlər bunun nə olduğunu başa düşə bilmədilər və qayığa minib sahilə tərəf üzdülər.Onlar sahildə canlı bir məxluq gördülər. Ancaq, onu insan adlandırmaq olmazdı. Bu məxluq heç nə eşitmir, heç nə başa düşmür və nəhəng qurd kimi qumda qıvrılırdı. O, demək olar ki, irəliyə hərəkət edə bilməmişdi, ancaq geri çəkilməmiş və qıvrılaraq, sürünərək saatda iyirmi addım məsafə qət edə bilmişdi.
Üç həftədən sonra “Bedford” gəmisində çarpayıda uzanan insan, göz yaşları içində kim olduğunu, başına nələr gəldiyini danışırdı.O, öz anası, Cənubi

Kaliforniya, güllərin və portağal ağaclarının ortasındakı ev barəsində rabitəsiz cümlələrlə nəsə mızıldanırdı.
Bir neçə gün keçdi.O, artıq gəmidəki alimlərlə, kapitanla kayut kompaniyada bir masa arxasında otururdu.Ərzağın bol olmasına çox sevinir, başqasının ağzında yox olan hər bir tikəni həyəcan dolu baxışlarla müşayiət edir, sifəti dərin bir təəssüf hissi ifadə edirdi. Onun ağlı yerində idi, ancaq o, masa arxasında oturanların hamısına nifrət edirdi.O, qorxurdu ki, birdən gəmidə olan ərzaq tükənər və bu qorxu hissi ona əzab verirdi.Ərzaq ehtiyatı barədə gah aşpazdan, gah matros olmağa hazırlaşan şagirddən, gah da kapitanın özündən soruşurdu.Onu sakitləşdirsələr də, o, heç kimə inanmır və əmin olmaq üçün gizlincə anbara göz gəzdirirdi.

Bir müddətdən sonra gəmidəkilər onun kökəlməsini müşahidə etdilər. O, demək olar ki, hər gün kökəlməyə başlayırdı. Alimlər başlarını bulayır və bunu cürbəcür fərziyyələrlə izah etməyə çalışırdılar.Sonda onun yeməyinə məhdudiyyət qoysalar da, xeyri olmadı və o kökəlməyə davam edirdi.
Matroslar öz aralarında pıçıldaşıb gülürdülər. Çünki, onlar nə baş verdiyini bilirdilər. Alimlər onu izləməyə başladılar və sonda hər şey onlara aydın oldu.O, səhər yeməyindən sonra gizlincə baka( gəmidə yuxarı palubanın qabaq hissəsi-Ş.Q.) qalxır və dilənçi kimi əllərini matroslara uzadırdı.Matroslar gülümsəyir və ona bir qırıq dəniz suxarısı uzadırdılar. İnsan acgözlüklə suxarını qapır və xəsis qızıla baxan kimi onu gözdən keçirib, sonra da qoltuğunda gizlədirdi.Başqa matroslar da ona suxarı verirdilər.

Alimlər susub ona heç bir söz demirdilər. Amma, bir gün onun yatdığı yeri gizlincə yoxladılar.Çarpayı da, döşək də suxarı ilə doldurulmuşdu.Bir sözlə, hər güncdə suxarı var idi.Buna baxmayaraq, bu insan tam sağlam, düşüncəsi yerində olan bir insan idi. Sadəcə olaraq, aclığa qarşı tədbir görürdü, vəssalam. Alimlər deyirdilər ki, bu hal bir müddətdən sonra keçib gedəcək.Həqiqətən də, ondakı bu hal “Bedford” San-Fransisko limanında lövbər salmamışdan qabaq keçib getdi.

Qiymət