Günorta saat bir, zəng edirsən, «haradasan?» — «çayxanada», 5-də soruşursan -çayxanada, axşam 10-da çayxanada. Həftənin əksər günləri!
Deyirəm, bircə günlüyə Azərbaycanda çayxanalar bağlanaydı, nələr baş verərdi!? İqtisadiyyat nə qədər irəli gedərdi, ailələrdə problemlərin sayı nə qədər az olardı, çox ailənin maddi gəliri nə qədər qabağa düşərdi?
Əsl azərbaycanlı kişisi gününü necə keçirir? İş varsa — işləyir öz saatını, gedir çayxanaya, iş yoxsa 11-12-yə kimi dözür evdə, sonra çayxana. Dönüb pandemiyaya bu çayxanalar. Qeybət yeri, asıb kəsmək yeri, boş laqqırtı vurmaq yeri.
Evdə işin-gücün yoxdu? Uşağınla, nəvənlə vaxt keçirməyə acizsən? Heç olmasa, arvadın var, yada sal, son dəfə nə vaxt 2-cə saat oturub arvadla şirin danışmısan? Bəs arvadla qalan məsələlərdə necə, həyat güllə kimi uçur, bir də gördün oldun qoca, nə arvadlıq iş, nə məhəbbətlik…
Heç olmasa, çayxana da bir çayxana ola! Paltaryuyan maşından çıxan suyu xatırladan «çay»ı içməkdən niyə qorxmursunuz? Ucuz çayxanalarda gedən «söhbətlər»də ucuz olur, «filankəs pisdi, filankəs arvadın quludu, filankəs pis adamdı» — budur ucuz çayxanalrın mövzusu.
İşgüzar adam kiminləsə görüşmək, hansısa məsələni həll etmək istəyir. Gedir bir xüdmani çayxanaya. Bir çaynik əla çay götürüb içirlər, məsələlərini həl edib gedirlər işlərinin dalıyca. Ucuz, natəmiz çayxanalarda, görmüsüz, gələn bir çayniklə doysunlar? Yox! Gərək adama 20 stəkan o zəhərdən töksünlər qarına. Bədəninizə, böyrəklərinizə niyə yazığınız gəlmir?
Hələ, limonlu çay içirlər və ağızlarını marçıldadırlar ləzzətlə.
Bir dəfə elə çayxanaların birində oldum, tualetin yolunu səhv saldım, girdim «kuxna»-mətbəxlərinə. And içirəm ki, taxta parçasının üstündə doğranmış limon dilimləri tarakanların, milçəklərin ixtiyarında idi. Həmin taxtanın üstündə nə vaxtsa doğranmış ətin də izi var idi!
A kişilər, niyə canınıza yazığınız gəlmir? 7-8 manata alın bir qutu qəşəng çay, dəmləyib ləzzətlə için evdə arvadla, həm cana xeyir, həm arvadla fəlsəfi düşüncəyə.
İnanmıram ki, ikinci elə bir xalq var ki, qızıla bərabər ömrünün az qala üçdən birini çayxanalara sərf etsin. Az-maz ingişaf etmiş, ölkələrdə yoxdur çayxana. Çayxana ola bilər Azərbaycanda, tacik-özbəkdə, bir də İranda. Çünki, 21-ci əsr neyroset əsri heç kim qızıl tək ömrü laqqırtıya xərcləmir.
Kimsə deyər ki, bizdə çay içib ömür keçirirlər, Rusiyada, Almaniyada, Çində, ABŞda çayxana yoxdu, arağ içirlər. Yox, bir də yox! Azərbaycanda içilən arağı rus qələt edər içdiyi yerdə. Ağlım var, gözüm var, müşahidə edirəm.
Rus, alman, çin axşam evindədir, arvadın — uşağın yanındadır.
Siz Azərbaycanda axşam çayxanaları boş görürsünüzmü? Ölkə orada, çayxanada yaşayır, orada xəbər öyrənir, orada söyür hökuməti, orada tərifləyir yuxarıları. Bu hal hökumətə də sərf edir. Xalq o çayxanalarda vaxtını dedi-qoduya xərcləyir, kütlələşir, şəxsi cavabdehlik və şəxsi tələbkarlıqdan uzaq olur. Çayxanalarda dostluq qurub işini yola verənə, dostlar arasında ürəyini boşaldana hökumətdən nəyisə tələb etmək ehtiyacı qalmır.
Bir gecədə 5-10 ağac bitən yeri xaraba qoyurlar, səhərisi yerində çayxana yaranır. Yuxarılar pulunu alır, aşağılar çayını.
Dünya 21-ci əsri, -texniki yüksəliş əsrini yaşayır, ingişaf edir, həyat tərzi gözəlləşir. Çayxanasız.
Neçə ki, çayxanalar var, gündə ömrünün 5-6 saatını orada mənasız itirən xalq var, şüurun, intellektin ingişafından söhbət gedə bilməz. İngişaf edən bir amil olacaq: dedi-qodu, demoqoqluq qabiliyyəti. Bu, sübuta ehtiyacı olmayan haldır. Həyat göz qabağındadır.