Yerində
Dolanan dövrandı, dəyişən vaxtdı.
Hər şeyin yaxşısı, pisi yerində.
Çoxdan yaşı ötmüş kənd uşağıyam,
Üzümün-gözümün hisi yerində.
Dünyanın kəbini-talağı puldu,
Pul yoxsa… sən bədbəxt, dünya da duldu.
Kasıb həmin kasıb, qul həmin quldu,
Torpağın qızılı, misi yerində.
Kimin nə vecinə…düzəm-doğruyam,
Qanun haqq deməsə…mən də oğruyam.
Durub, kimə deyim?
-Dağlar oğluyam.
Telimin dumanı, sisi yerində.
Nə göydə güman var, nə yerdə aman,
Başımda çatlayır, qəlbimə daman…
Mərdlərın səsini kəsibdi zaman,
Bu itin -pişiyin səsi yerində.
Deyirlər, Cavanşir çatdı ərəfə,
Əllini yüz eylə, doldur şərəfə.
Nə o tərəfəyəm, nə bu tərəfə,
Durmuşam ömrümün küsü yerində.
Yerinə
Dəftər var, qələm var, buna da şükür!
Göydən yağış yağır, ilham yerinə.
«Səhər naxıradır, axşam axıra»,
Çoxusu gəlməyir axşam yerinə.
Olar birdən çaşıb, kimə desəm yar,
Başımdan, alnımdan daş cığır açar.
Bilsəydim bu qədər daş atanım var,
Qala tikdirərdim, bu dam yerinə.
Ömrü yaşamıram, ömrü sürürəm,
Keçdiyim yollarda tufan körürəm.
Eh… çörək kəsmirəm, çörək bölürəm,
Oturmur savabım, xətam yerinə.
Düşür əziyyətə qanıram neynim?
İçimdən qırılıb, sınıram neynim?
Millətin yolunda yanıram neynim?
Məni qoyanmı var, bir şam yerinə?!
Dərman çox xəstəyə, təbib yox dərdə,
Qarın otarılır, xeyirdə-şərdə.
Adam-adamlıqdan çıxıb bu yerdə,
Tanrım…
— məni qaytar, adam yerinə!
Saxladım
Yenə də qayıtdım, payızdan qışa,
Çiynimdə əllibeş çillə saxladım.
Vəfalı dostlara canımı verdim,
Əcələ qəlpəli kəllə saxladım.
Torpağa əyildim, sığındım daşa,
Abrımla, arımla, dayandım qoşa.
Dolandım zirvəni, çıxmadım başa,
Ortada on-onbeş pillə saxladım.
Köksüm ocaq oldu, ömrüm davalı,
Fələk şans verəndə yandırdım xalı.
Yol sürüşkən idi, mən də havalı,
Gərdişin çarxını əllə saxladım.
Təpəydim, qocalıb qarlı dağ oldum,
Qaranın üzünə ağappaq oldum,
Nə yamaq yaşadım, nə yaltaq oldum,
Deməzdim, başımı dillə saxladım.
Yurdu darda gördüm, sinəmi gərdim,
Alındı Qarabağ, azaldı dərdim.
Bayrağı, silahı oğluma verdim,
Özümə bir paslı güllə saxladım.
Kİmi
Allah deyə-deyə, çıxmışam yola,
Allahın Musası, İsası kimi.
Əsam da olmadı vuram daşlara,
Musanın müqəddəs əsası kimi.
Ağlım söz kəsəndən Haqqa inandım,
Torpağa əyildim, Tanrını andım.
Bayrağa sarıldım, məğrur dayandım,
Büründüm Məhəmməd əbası kimi.
Silahım olsaydı, keçməzdim üzdən…
Yapışıb qələmdən, tutmazdım sözdən.
Millətin heyfini hər şərəfsizdən,
Alardım Qarabağ qisası kimi.
Otuz il boğuldum, havam olmadı,
Mələtdik düşməni, davam olmadı…
Heç kimlə,
-heç kəslə,
davam olmadı,
Bu torpaq, bu vətən davası kimi!