Cavanşir Qənbər, şeirlər

Cavanşir Qənbər

 İstəyir

Yaş üstünə yaş gəlməyir, daş gəlir,

Daş yükü də möhkəm ürək istəyir.

Yerlə-göyün arasında qalmışıq,

Cismi torpaq, canı fələk istəyir.

 

Bir fakt söylə… mən söykənim dəlilə,

Ümüd verim, vədə verim əlilə.

Necə deyim?

– vicdansıza, zəlilə,

Beləfilan…

Acdır, çörək istəyir.

 

Körpələrlə, problemlər doğulur,

Həyat, pulun girdabında boğulur.

Hansı ailə kef-damaqdan dağılır?

Hər qadın ər,

-hər ev dirək istəyir…

 

Çinar boylu, çan-can deyir bu vətən,

Ümüd olmur, kölgələrdə kol bitən.

Bu zamandan baş açmayır hər ötən,

Durmaq təpər, vurmaq bilək istəyir…

 

Ölməyibdi, düşmənlər də diridi,

Öz dərdimiz içimizdə iridi.

Yazıq Vətən… vallah xırman yeridi,

Seçmək ağıl, seçim ələk istəyir…

 

Əlli beş

İlahi, yüzlüyü xırdaladım ki,

Beşləri yan-yana sıraladım ki,

Öm(ü)rün bostanını uraladım ki,

Bostandan qurtarıb, bağa çıxıram.

 

Beş alıb, şux durmaq havasız olmur,

Bu dünyan qovğasız, davasız olmur,

Ömür-gün bir yoldu, qəzasız olmur,

Sola daş atırlar sağa çıxıram.

 

Nə verdin, Sən verdin… sormadım niyə?

Səninlə sığmadım mən yerə-göyə…

Dağlar dərgahına yaxındı deyə,

Tövşüyə-tövşüyə dağa çıxıram.

 

Verdiyin fürsətlər üzümdə ağdı,

Həyatın qarası, gözümdə ağdı,

Tellərim də ağdı…

-bezim də ağdı,

Tanrım, yavaş-yavaş ağa çıxıram…

 

Dirənmişik

Yemək olmur, ət -yağ baha,

Duza, şora dirənmişik.

Əli göyə, yönü haqqa,

Üzü gora dirənmişik.

 

Tərimizdi, çıxan kirə,

Genəlirik girə-girə.

Şeytanlardı dönüb pirə,

Oda-qora dirənmişik.

 

Yerlə -göyün arasında,

Para çörək davasında,

Qızıl balıq havasında,

Düşüb tora, dirənmişik.

 

Soruşursan, hamı xəstə,

Baxan varmı… hər şikəstə?

Kölgələrik ayaqüstə,

Vallah, zora dirənmişik…

 

Belə deyil, qədərimiz,

Çox sıxılıb kəmərimiz.

Yox arxadan xəbərimiz,

Başı kola dirənmişik.

 

Düşdük Haqdan uzaqlara,

Ümüd qaldı uşaqlara…

Bizi apar sabahlara,

Beş-on kora dirənmişik…

 

Çıxıram

Hər gün sənin dərdinə,

Vətən şərik çıxıram.

Uğrunda can verməyə,

Əldə çəlik çıxıram.

 

Hal da yoxdu, ta canda,

Göz oynayır tavanda.

Səhər evdən çıxanda,

Birdəfəlik çıxıram..

.

Zədə qalıb davadan,

Başım çönür havadan.

Bir də gördün dünyadan,

Bir həftəlik çıxıram.

 

Nəyim var ki, küs niyə?

Gördüklərin nisiyə…

Çağırırlar kürsüyə,

Cibi dəlik çıxıram.

 

Girmək lazım, hər işdə…

Məndə yoxdu səriştə.

Şir də olsam döyüşdə,

Evdə ləlik çıxıram.

 

And içib, yerə-göyə,

Mollalar basır küyə…

Deyilən qıl körpüyə,

Mən gündəlik çıxıram.