Cavanşir Qənbər -Həddin çatır, çıx deşikdən…- şeirlər

Cavanşir Qənbər

Yadımdan çıxmayır o cığır, o iz…

Dünən sən yaşayan küçədən keçdim,

Yenə görüşməyə fürsət olmadı.

Belə yazılıbdır yazımız demək,

Bizim ki, eşq oldu, qismət olmadı…

 

Qocaldı arzumuz nağıla döndü,

Həsrətin alnımın qırışlarında.

Sönməyib, istəklər gözümdə hələ,

«Tutdum-qaç,  oynayır baxışlarımda.

 

Yayı yola verdik, payız da gəldi,

Qış bardaş qurubdu yolların üstə.

Nömrənə zəng çatmır, olsaydın barı,

Azca isinərdim qolların üstə.

 

Yadımdan çıxmayır o cığır, o iz,

Gedəndən, gələndən soraqlaşıram.

Sən elə bilirsən yuxu yatıram?

O, mənəm yuxumda dağlar aşıram.

 

Yoxdu  «yazımız»da, bir xoş gün görək,

Bizim yazımiz da qaragünlükdü.

Görüşək, dərdləşək.., bir yer  də yoxdu,

Dünyaya baxıram yenə tünlükdü.

 

Bir «çappa» vururam, unudam səni,

Eh, mey də sevgimə bir sevgi qatır.

Şərab da belədir dərd də belədir,

Çəkənlər oyaqdı… içənlər yatır.

 

Yanırdım, deyirdin bu hələ nədir?

Sinəm ocaq kimi boşaldı-doldu.

Qəddim də əyildi, tel də ağardı,

Get, ver nəzirini sən deyən oldu!

 

Yeri

Daha üzümüzün suyu ha yoxdu,

Çoxdan qurutmuşuq su vuran yeri.

Dilimiz yalana elə öyrəşib,

Nə «Tövbə» yeri var, nə «Quran» yeri.

 

Dinən söyləməsin, yoxdu haqq-divan!

Haqqım qəpik-quruş, sırtım nərdivan.

Bu yumşaq kreslo, bu pambıq divan,

Kürsüdür adamın quduran yeri.

 

Fərqinə varırıq, biz yazıq nəyin…

Payı dəyənəkdi bizim tək səyin.

Bakı on lotunun, Gəncə bir bəyin,

Mil-Muğan ərəbin quş vuran yeri.

 

Göydən tökülmədi, gəldi köz əldən,

Bildi yerimizi Tanrı əzəldən.

Torpaq ayıb örtən, qəbir düzəldən,

Buradır bəndənin düz duran yeri.

 

Gedirlər

Bu dünyaya səpələnir millətim,

Para çörək aş dalınca gedirlər.

Elm üçün Cinə gedən oğullar,

İİndi Cinə daş dalınca gedirlər.

 

Tufan olur, ağ-qaraya qarışır,

Millət selə qismət deyib, barışır.

Efirlərdən çoxu elə danışır,

Rusiyaya quş dalınca gedirlər.

 

Guya, bizdə dövlət yoxdu, var yoxdu?

Var olsada… ac qurdlarda ar yoxdu!

Bu ölkədə boran yoxdu, qar yoxdu?

Alyaskaya qış dalınca gedirlər.

 

Haqqımızı əlimizdən alırlar,

Başımıza daşı belə salırlar,

Qalanlar da çox pis günə qalırlar,

Gedənlər də baş dalınca gedirlər.

 

Köklənir

Türklər demiş: «Hər şey yalan»,

Bu millət gopa köklənir.

Ağaları pul dərməyə,

Kasıbı «Cop»a köklənir.

 

Kim ortada , kim qıraqda,

Hərə bir cür oynamaqda.

Eh…uduzur «Qarabağ*da,

Adamlar topa köklənir.

 

Fərqi itib ağın-bozun,

Mən üyüdüm, siz də yozun…

Tutma adın qaqqa-qozun,

Novruza lopa köklənir.

 

Gücümüz dizə dirənir,

Cibimiz üzə dirənir.

Hər qamış bizə dirənir,

Bu balta sapa köklənir.

 

Qəm yağışla, dərdlər illə,

Qış qurtarır, çıxmır çillə.

Gənclər qaçır pillə-pillə

Ağsaqqal hopa  köklənir.

 

Səslənirəm, bax eşikdən,

Qorxun yoxsa, it-pişikdən…

Həddin çatır çıx deşikdən,

Başında zopa köklənir.

Qarabağ*- futbol komandası.

 

 

 

 

 

Qiymət