Nüsrət Kəsəmənli — şeirlər

Ədəbiyyat

Bu gün Nüsrət Kəsəmənlinin anım günüdür.

 

Bir də bu dünyaya gətirmə məni

 

Diz çöküb qarşında dua edirəm,

Ucalardan uca bilirəm səni.

Saxla öz yanında ruhumu,Allah,

Bir də bu dünyaya gətirmə məni.

 

Sirli röyalarım dağılacaqsa,

Arzum gözlərimdə boğulacaqsa,

Əzabım mənimlə doğulacaqsa,

Bir də bu dünyaya gətirmə məni.

 

Namərdi mərdindən çox olacaqsa,

Alim ac,gədalar tox olacaqsa,

Yaranmışlar bir gün yox olacaqsa,

Bir də bu dünyaya gətirmə məni.

 

Bu dünya zövq-səfa verməsə əgər,

Hər dərdə bir şəfa verməsə əgər,

Əzrayil istefa verməsə əgər,

Bir də bu dünyaya gətirmə məni.

 

Bu yalan dünyanın tərs aynası var,

Sevincə bənzəyən çox bəlası var,

Təkrar görməyimin nə mənası var?!

Bir də bu dünyaya gətirmə məni.

 

Gördüm bu dünyanı,quru qəfəsdi,

Sən bizə verdiyin ibrətli dərsdi,

Bir dəfə peşman olmuşam,bəsdi,

Bir də bu dünyaya gətirmə məni.

 

Diz çöküb qarşında dua edirəm,

Ucalardan uca bilirəm səni,

Saxla öz yanında ruhumu,Allah,

Bir də bu dünyaya gətirmə məni!

 

BİRİ VARDI, BİRİ YOX

Olan olub, keçən keçib bəlkə də,

İndi daha kövrəlməyin yeri yox.

Ömrüm boyu belə gəlib mənimki

Əvvəlindən biri vardi, biri yox.

 

Uzaqdaydı mən istəyən ocaqlar,

Ürəyimdən gəilb keçdi sazaqlar.

Atalıydı, analıydı uşaqlar,

Bizim evdə biri vardı, biri yox.

 

Gözlərimə doldurmuşam yağışı,

Bir köynəkdə çıxarmışam mən qışı.

Şalvar-pencək geyinirdi tay-tuşum,

Məndə isə biri vardı, biri yox.

 

Üzüm güldü tələbəyəm deyəndə,

Sıxılırdım dost pencəyi geyəndə.

Müəllimlə dil tapa bilməyəndə

Qiymətimin biri vardı, biri yox.

 

Qəlbim yandı ilk sevgimdən, eşqimdən,

Dara düşdüm, əl ummadım heç kimdən.

Məclislərdə can deyib, can eşidən

Dostlarımın biri vardı, biri yox.

 

Mən orduya nələr görüb getmişdim,

Ürək alıb, ürək qırıb getmişdim.

İki qıza könül verib getmişdim,

Qayıdanda biri vardı, biri yox…

 

Uzaq gəzdi əmi, dayı, bibilər.

Sözarası mənə «evlən» dedilər,

Nişan üçün iki şey istədilər,

Məndə isə biri vardı, biri yox.

 

Vaxt gələcək, bu günü görəcəksən,

Çox suala gözünü döyəcəksən,

Vaxt gələcək, sən özün deyəcəksən,

Deyəcəksən: «Biri vardı, biri yox!»

 

DAHA NAĞILLARA İNANMIRAM MƏN

Çapıb öz atını Ağatlı getdi,

Atları şimşəkdən qanadlı getdi,

Uşaq yaddaşımı qanatdı getdi,

Daha nağıllara inanmıram mən.

 

Nənəmin inamı, dərdi nağıllar,

Namərdə aldatdı mərdi nağıllar,

Bizi yuxulara verdi nağıllar,

Daha nağıllara inanmıram mən…

 

Uşaq ovutmağa bir noğul idi,

Sözlərdə yaşayan bir ağıl idi,

Yaxşı adamlar da bir nağıl idi,

Daha nağıllara inanmıram mən…

 

«Sim-sim»i sözlə yox, zorla açdılar,

Tilsimi min cürə yolla açdılar,

Him-cimi möhürlü qolla açdılar,

Daha nağıllara inanmıram mən.

 

Fatmalar ayağı kəndirdə qalmır,

Xəmrimiz küt gedir, təndirdə qalmır,

Qarğalar tülküyə daha aldanmır,

Daha nağıllara inanmıram mən.

 

Acı həqiqətlər bal dadır indi,

Arısı olmayan bal satır indi,

Keçəli saçlılar aldadır indi,

Daha nağıllara inanmıram mən.

 

Elə yuxularda atlar kişnədi,

Divləri qazana saldım, bişmədi,

Gözlədim,göylərdən alma düşmədi,

Daha nağıllara inanmıram mən!..

 

APARDI SELLƏR SARANI

Ağla, Xan Çobanım, ağla,

Apardı sellər Saranı.

Daha qəmə könül bağla,

Bağlayan yoxdu yaranı.

Əlin yetməz, ayaq saxla,

Ölüm kəsibdi aranı;

Yerə, göyə qarğış etmə,

Apardı sellər Saranı…

Nəyin vardısa, varını -yoxunu apardı ölüm.

Sevinc paym az olacaq,

Çoxunu apardı ölüm.

Nahaq yerə mürgüləmə

Yuxunu apardı ölüm,

Yolları gəl yorma belə,

Axtarma, dağı-aranı, —

Apardı sellər Saranı.

Sellər hardan biləydi ki,

Baharın qışa dönəcək.

Qəmdən ağırdı yorğanın,

Yastığın daşa dönəcək.

Kimlər qadanı alacaq,

De, kimlər başa dönəcək?!

Ömrünü qurban verdiyin

O xoşbəxt çağların hanı? –

Apardı sellər Saranı…

Tavan başına enəcək,

Divarlar sıxacaq səni

Sara bir ehtiyac olub

Qarşına çıxacaq sənin.

Min dərd olsa yıxılmazdın

Bu dərdin yıxacaq səni…

Sevincimi tanımışdın,

İndi də qəmini tanı,

Ağla, Xan Çobanım, ağla,

Apardı sellər Saranı…