Borsunlu Məzahir Daşqın- Hayanda yatmısan, ay qara baxtım

Borsunlu Məzahir Daşqın

Hayanda yatmısan, ay qara baxtım,

Dağılıb dövlətim, var da yan geçir.

Gəlhagəl günümdə can deyən dostlar,

Görürlər qalmışam darda yan keçir.

 

Dərin-dərin dəryalara dalmışam,

Aslanlar əlindən  şikar almışam.

Çarxı-fələk, gör nə günə qalmışam,

Yapalaq bəyənmir, sarda yan keçir.

 

Günəşli gündüzüm olubdur gecə,

İtirib aqlımı, dönmüşem gicə,

Allah’ın gözündən düşmüşəm necə,

Əcəl yaxın gəlmir, qor da yan keçir.

 

Bəxtın yatıb, işin nəsdi Məzahir,

Dostlar ülfətini kəsdi, Məzahir,

Köç belə dünyadan, bəsdi Məzahir,

Qohumlar yad olub, yâr da yan keçir.