BBBBB – BƏŞƏRİN BAŞBİLƏNDƏRLƏRİ BUNDAN BETƏRİNİ BİLMƏDİLƏRMİ? Əli Bəy Azəri

Fikirlər Xatirələr

 

“Münəccimlər yozubdu bu yozunu,

Tarixçilər yazacaq bu yazını…”

Təbimin saz vaxtları, şeirfason cızma-qaralar etdiyim də olub. Bunu 1993-cü ildə qiyamçı Sürət Hüseynovun Bakıya yürüşü ərəfəsində yazmışdım. Bir il əvvəl belə bir münəccim yozumu olmuşdu: “Azərbaycan xalqı kimi Prezident kürsüsünə gətirir gətirsin, düz bir ildən sonra özü də devirəcək!”

Fərqinə varmadığımız öncəgörmələr qoşa ili 2020-ni də hədəfdən yayındırmayıblar. Dünyanın başbiləndərləri (Rusiyanın çıxması ilə YEDDİLİK adlanan qürum, yaxud çəkisiz kapital sahibləri (Bilt Qeys, Rokfeller, və s)) bir yerdəmi, ayrı-ayrılıqdamı, hər nəsə ortaya elə bir zibil çıxardıblar ki, üfunəti Yerli-Göylü bütün dünyanı bürüyüb. Nə üstünü ört-basdır edə, nə təmizləyə bilirlər, rezin kimi dartdıqca uzanır. Adına da koronavirus deyirlər, hələ bir emblem də yapışdırıblar üstünə: COVİD-19. Dünyanı vəlvələyə salan pandemiyadır, 220-dən çox ölkəni ağuşuna almışdı, indi 20-dək ölkədə qaldığı söylənilir. Daha çox 20 rəqəmi hallandığından ciddi qəbul etməyə bilərsiniz, ancaq statistika belə deyir.

Əhalinin sayı yeddi milyardı çoxdan keçib. Düha sahibi Karl Marks Yer kürəsinin beş milyard əhalini, dünya quruluşunu dəyişmək gücündə olan Lenin isə yeddi milyardı yedirtmək gücündə olduğu fikrini irəli sürmüşdü. Koronavirus adı gələn kimi Allahın evi deyib pir kimi yapışdıqları məscidləri tərk edən, hətta Kəbə evini kimsəsiz qoyan möhtərəm din üləmaları bu ərəfədə cıqqırlarını çıxartmırlar. Əcabə, bütün dünya elmlərindən baş olan, insan yaşayışının hər mərhələsinə aydınlıq gətirən “Quran”da bir başqa cür yazılmayıbmı? Əlbəttə, yazılıb, açıqlayan din alimi gərəkdir.

Koronavirusun sədası gələn kimi bir çox ayıblar açıldı. Eyni zamanda bir çox ayıbların da üstü örtüldü. İndi bu ayıblı-ayıbsız dünyada xaotik molekullar kimi daima durmadan hərəkətdə olan insanları nizama düzmək başbiləndərlərin nəyinə lazımdır?

Şübhəsiz, Ulu Tanrının iradəsi olmadan heç kim başbiləndər ola biləz, bəlkə bu da onun istəyindəndir. Yoxsa, Ulu Tanrının dünyaya başbiləndər yetişdirdikləri, görəsən, şeytana uyub bundan betərini bilə bilməzdilərmi?