BAŞ DAŞI (hekayə) ƏLİ BƏY AZƏRİ

Əli Bəy Azəri

 

Onlar qəbiristanlığa çatanda gün günortanı keçmişdi. Darvazadan içəri keçən kimi Azər maşını sağa yönəldib saxladı. Daha əvvəlki vaxtlar deyildi. Böyük bir sahəni əhatə edən qaçqın qəbiristanlığında maşınla qəbirlərin arası ilə getmək mümkün deyildi. Sıxlıq yarandığından qəbirlər arası yolları da mollalar ölü yiyələrinə satmışdılar. Girişin sağ tərəfindəki ədəbxanadan, üç-dörd maşının dayana biləcəyi dayanacaqdan və qapısında qərənfil satılan Məşədinin otağından başqa hər yer qəbir idi.

Məşədi otağının qarşısında durub gənc, saqqallı bir oğlanla nə barədə isə qızğın söhbət edirdi. Onların danışığı hərəkətlərindən söhbətdən daha çox mübahisəyə bənzəyirdi. Məşədinin təmkinli olduğunu Azər yaxşı bilirdi. Bilirdi ki, bilmədiyi söhbəti etməz, bildiyini isə izah edib qurtarmayınca həmsöhbətindən əl çəkməzdi. “Amma indiki gənclər yaman səbirsiz və höccət olublar. Bildiklərini də danışırlar, bilmədiklərini də. Əsasən də özlərindən yaşlıların dediklərini yalana çıxarmaq üçün dəridən-qabıqdan çıxırlar. Guya ki, köhnə vaxtın adamları dindən xəbərsiz olublar. Ha deyirəm ki, belə söhbətlərə qoşulmayım, onlardan qaçım, yenə də alınmır, gəlib üstlərinə çıxıram”.

Hər ikisi bir xeyli Məşədi ilə gənc, saqqallı oğlanın mübahisəsini müşahidə edib maşından yerə endilər.

-Yenə də alınmır. – deyə Azər öz-özünə gileyləndi.

-Nə alınmır? Niyə alınmır? – Cəmil səbəbini soruşdu.

-Çünki din əhli, əgər onları belə adlandırmaq mümkünsə, çox höcət olub. Heç kimə inanmırlar, hamıya şübhəylə yanaşırlar. Elə bilirlər ki, ətrafdakıların hamısı kafirdir, hamı şeytan əməlinə uyub. – Azər pultu basıb maşının qapılarını bağladı. Əlindəki pultu göstərdi. – Bunun nəyi şeytan əməlidir? Texnikadır, inkişafdır. Min il bundan əvvəl əlbəttə ki, insanlar belə bir inkişafı dərk edə bilməzdilər. Bəs indi? İndi bu din əhli adlandırdığımız adamlar heç bir elmi əsaslara söykənməyən məsələlərdə dirəşirlər ki, yox, bu elə min dörd yüz il əvvəl deyildiyi kimi olmalıdır. Qınamıram, onların əksəriyyəti gənc yaşlarından bu yola çıxır, yəni yetkinləşməmiş, oxuyub normal təhsil almadan hansısa kəmsavad, amma şirin-şirin danışığı olan mollanın təsiri altına düşür. Mollaların əksəriyyətinin savadı olmasa da müəyyən həyat təcrübələri var. Gəncləri təsir altında saxlamağı bacarırlar. Bərkə düşəndə, bilmədiyi məsələlərlə üzləşəndə “Tanrı belə buyurub, Peyğəmbər belə edib, biz nə karəyik ki, onların buyruqlarına baxmayaq?” deyə vəziyyətdən çıxmağı bacarırlar.

Yavaş-yavaş Məşədigilə yaxınlaşdılar.

-Bax, oğlum. Sözlər də elə-belədən yaranmayıb. İnsan şüuru inkişaf etdikcə müəyyən nizam çərçivəsində bir məntiq əsasında Adəm övladı sözləri yaratmağa başlayıb. Amma heç kim demir ki, bu sözləri Allah yaradıb, Peyğəmbər buyurub. Adəm əslində elə adam deməkdir. Bu söz yalnız bizim dildə belə işlədilir. Bax, gör başqa millətlər Adəm peyğəmbəri öz dillərindəki sözlə adlandırırlar?

-Siz hansı sözləri deyirsiniz? Məğər bilmirsiniz ki, ilk yaranan söz Allah sözüdür? Peyğəmbərə buyurub deyiblər ki, oxu. Allahın adıyla oxu. Bağışlayan və mərhəmətli, rəhimlilərin rəhmanı Allahın adıyla oxu!

-Oğlum, səbrin olsun, əvvəlcə bir dinlə. Məhəmmədə bunu qırx yaşında deyiblər. Bəs qırx il Məhəmməd heç bir söz işlətməyib? Məhəmməddən qabaq nə qədər insan yaşayıb, elə neçə mini peyğəmbər olub. Demək istəyirsən ki, onlar söz səsləndirməyiblər?

-Quranda belə yazılıb.

-Mən də bilirəm Quranda belə yazılıb. Ancaq bunun mənası başqadır. Onu dərk etmək lazımdır. Əlahəzrət sözün ən böyüyü, ilki, birincisi Allahdır kimi başa düşəsən gərək. Yaxşı, hələlik Quranla işimiz yoxdur. Ümumi sözlər barədə danışaq. Bir çox hallarda oxşar, yaxın və uyğun sözlər tamam əks həyatı təsvir edirlər. Lap elə olum və ölüm sözləri kimi. Olum sözündəki qalın saitləri qarşılığı olan incə saitlərlə əvəzlədikdə bir dünyanın tamam əks tərəfi yaranır. Olum həyatdırsa, yaşamaqdırsa, ölüm sondur, məhvdir, cansız bir müqəvvaya çevrilməkdir.

-Görün necə də gözəldir. Ölüm hər kəsə qismətdir. Bu söz nöqtələ­rin hesabına yaranıb. Nöqtələr Tanrının sevdiyi, biz müsəlmanlara Quran göndərdiyi ərəb əlifbasının naxışıdır. Ərəb əlifbası qədər nöqtələrlə zəngin ikinci bir əlifba yoxdur. Nöqtələr bizim əlifbaya da ərəb əlifbasından köçürülüb.

-Bu barədə mübahisə etmək istəmirəm. Çünki buna savadım çatmır. – Məşədi söhbətə yekun vurmaq üçün Azərgilin yaxınlaşdığını sanki indi görürmüş kimi onlara tərəf addımladı. Salamlaşdılar.

-Salam, Məşədi.

-Salam. – Məşədi adəti üzrə hər ikisi ilə əl tutub görüşdükdən sonra əlavə etdi. – Cəmi qəbiristanlıq əhlinə bir salavat çevirək. Allahın məsəlli ali Məhəmmədən vali Məhəmməd.

-Allahın məsləhəti ilə onun yer üzündəki sonuncu vəliəhdi Məhəmməd peyğəmbərə və cəmi qəbiristanlıq əhlinə salavat çevirək. – Azər və Cəmil ona qoşularaq salavat çevirdilər.

Höcət cavan oğlan da onları təkrarladı. Sonra qəbirlərin arası ilə uzanan dar cığırla irəlilədilər. Qabaqda gedən Cəmil ətrafdakı qəbirlərin baş daşlarına diqqətlə baxır, sanki oradakı yazıları oxuyaraq kimi isə axtarırdı. Onun bu hərəkəti digərlərinin də diqqətini cəlb etdi.

-Nəyə lazımdır bu cür dəbdəbəli qəbirlər, bahalı başdaşılar? – Höcət oğlan dilləndi.

-Necə nəyə lazımdır? Hər kəs ölüsünə öz ehtiramını bildirir. Kimin imkanı nəyə çatırsa əzizinin qəbrini elə də düzəltdirir. – Cəmil cavab verdi.

-Onun əvəzinə beş-on manat verib Quran oxutdursalar, savabı daha çox olardı, nəinki dəbdəbəli qəbir düzəltməkdən. – Molla da öz münasibətini bildirdi.

-Bəs deyirlər Quranın ölüyə heç bir aidiyyatı yoxdur? – Azər soruşdu.

-Onu da son vaxtlar çıxardıblar. – Molla dərhal cavab verdi. – Guya ki, Quran dirilər üçündür. Ay balam, bizdən qabaqkılar belə edib, biz də belə görüb götürmüşük. Köhnə bazara təzə nırx qoymayacağıq ki? Mənə qalsa, Quran hamı üçündür, həm ölülər, həm də dirilər. Onsuz da dirilər də bir gün ölüb gedəcəklər.

-Qəbir götürməyin özü günahdır. – Höcət oğlan davam etdi. – Peyğəmbər buyurub ki, qəbir yerdən dörd barmaq hündürlüyündə olmalı və torpağa qarışaraq itib-batmalıdır.

-Bu elə belə də olur. Amma bir az gec-tezi var. – Azər münasibətini bildirdi. – Peyğəmbər buyurub ki, qəbir itməlidir, amma deməyib ki, neçə ildən sonra itməlidir. İnsanın qəbrini yalnız övladları və yaxın qohumları ziyarət edir. Müstəsna hallarda nəvələr, çox az hallarda nəticələr onun qəbirinin üstünə gəlirlər. Bu da o deməkdir ki, qəbir unudulur, itir və müəyyən müddət keçəndən sonra torpağa qarışır.

-Ay balam, nə düşmüsünüz qəbir yiyələrinin üstünə? İnsan ölüsünün ruhu qarşısında son borcundan çıxır. Ölüm fiziki həyatın məhvi ilə nəticələnən sondur. Bundan sonra ona təzə paltar alınmayacaq, müalicəyə, sanatoriyalara aparıb pul xərcləməyəcəklər, bir qəbirdir də düzəldirlər. – Cəmil deyilənlərə son vermək istədi.

-Olsun e.., kimin nə işinə qalıb. – Molla dedi. – Ancaq dəbdəbəli qəbir düzəldənlər elə adamlardır ki, onlar “əziz”lərinə sağ vaxtı divan tutublar. Bir qarın doyunca yemək verməyiblər. Təzə paltar üzünə həsrət qoyublar. Bir dəfə həkim yanına aparmayıblar.

-Əslində, qəbirin siz dediyiniz kimi Məhəmməd peyğəmbərə heç bir dəxli yoxdur. Qəbir ondan qabaq da olub, sonra da. Nə qədər ki, adam var, qəbir də olacaq. İlk qəbiri Adəm peyğəmbərin oğlu Qabil qazıb. Qısqanclıq üstündə qardaşı Habili paya ilə vurub öldürən Qabil onun cəsədi ilə nə edəcəyini bilmədiyindən çiyninə alıb biçənəkdə xeyli gəzdirir. Sonra bir çalağan göydən yerə şığıyıb qarğanı öldürür, caynaqları ilə yerdə çala qazaraq onu basdırır və üstünü torpaqlayır. Çalağanın hərəkətinə baxıb nəticə çıxaran Qabil də belə edir və Yer kürəsində insan yaşayışı yaranandan bəri ilk qəbir qazan kimi tarixin daş yaddaşına həkk olur.– Azər gördü ki, söhbət uzanır, məcranı dəyişmək, onları çətinə salmaq istədi. – Yaxşı, bu bəlli, kim deyər, bəs baş daşı nə üçündür? Baş daşının yaranma tarixi necədir?

-Baş daşı da qəbirin elementlərindən biridir. – Cəmil dərhal cavab verdi.

-Baş daşısız nə qəbir? Elə qəbirin yaraşığı baş daşıdır da. – Molla əlavə etdi.

-Yox. Bu belə deyil. – Azər başını buladı. Üzünü höcət oğlana tutdu. – Bəs sən nə deyirsən? Sən axı mötəbər məclislərdə olursan, mötəbər din xadimlərinin söhbətlərinə qulaq asırsan. Sonra da gəlib – Mol­lanı göstərdi – Əhməd kimi mollaların pişiyini ağaca dırmaş­dırırsan.

-Baş daşıdır da. Baş daşı, yəni əhlət daşı. – deyə höcət oğlan mızıldadı.

-Xeyir, bu belə deyildir. – Azər Cəmilin doğma qəbirə çatıb da­yan­dığını gördü və ayaq saxlayıb fikrini qətiləşdirdi.  – Qulaq as, sonra da öz mötəbərlərinə danışarsan. Baş daşı Qabilin qazdığı qəbirin vaxtında deyil, çox-çox sonralar yaranıb. Qoşunlar arasında müharibələr zamanı sa­vaşa yollanan döyüşçülərin hər birinə balaca daş verirmişlər. Vuruş­ma­lardan sonra döyüşçülər həmin daşları bir yerə toplayırmış. Sər­kərdənin əmri ilə bir nəfər həmin daşları sayıb ölənləri və sağ qalanları müəyyənləşdirirmiş. Elə həmin vaxtlardan baş daşı ifadəsi yaranıb. Daş sayı – baş sayı deyiblər. Vuruşmada ölənlərin də qəbirinin baş tərəfində daş qoyarmışlar ki, sayanda asan olsun. Qəbir torpaqla bərabərləşsə belə daş daha uzun müddətə qalır. – Azər sözünə azacıq ara verib davam etdi. – Əhlət daşı isə başqa şeydir.

-İnsanın başı əhlət daşına dəyməyincə ağıllanmaz deyiblər. – Bunu da molla dedi. Cəmilin qarşısında dayandığı qəbirdəki şəkilə baxıb əlavə etdi. – Gəlin, məhrum qardaşımızın ruhu xətirinə onun gül camalına bir salavat çevirək.

-Ağıllansa da onda artıq gec olar. – Azər astadan əlavə etdi.