Bəzən, ədəbi dairələrdə nəşr olunan jurnalları oxucu və yazıçı (şair) arasında körpü adlandırırlar. Amma, jurnalların əsas rolu, bəlkə də ən böyük missiyası ədəbi prosesə istiqamət verməkdir. Ədəbiyyatımızda yeni düşüncələrin ortaya çıxmasında, bəzən mübahisəli, bəzən, keçmişi unudulmağa qoymayan, bəzənsə zamanı qabaqlayan rəngbərəng süjetlərə malik yeni əsərlərin təqdimatında ədəbiyyatla bağlı jurnalların gördüyü vacib işi inkar etmək olmaz. Düzdür, son illər elektron resurslar aydın səbəblərə görə, nəşr olunan vasitələrlə rəqabətdə üstünlüklər qazanırlar. Amma, buna baxmayaraq, yenə də ədəbiyyatla bağlı jurnallar ədəbiyyatın və ədəbiyyatçıların təbliğində ön sırada durublar.
Ədəbiyyatla bağlı fəaliyyət göstərən hər bir jurnal və qəzeti bir canlı orqanizm kimi qəbul etmək lazımdır. Çünki, onların hər birinin özünəməxsus ədəbiyyat siyasəti, fəaliyyət strategiyası olur. Bu strategiyanın necə qurulmağı, necə və nə qədər yaşamağı isə, əlbətdə, bu yolda çəkilən zəhmət və qayğıdan, həm də ürəkdə ədəbiyyatla bağlı yer tutan təmənnasız sevgidən asılıdır.
***
Təbiət hər halı ilə nümunədir. Ağıllı adam bəhrələnir, həyatını firavan yaşayır. Təkəbbürlülər zor göstərir, gectez acı faciəsini yaşayır. Ədəbiyyat da təbiət kimidir, onunla rəftardan çox şey asılıdır, təbi tutub ilham pərisinin nazını çəkənlər zirvəyə doğru irəliləyə bilərlər.
Dünyanın ən böyük dənizi Filippin dənizi hesab olunur. Ancaq mənə elə gəlir ki, Aralıq dənizidir. Ölçülərinə görə yox, istifadəsinə görə Aralıq dənizi Filippini çoxdan üstələyib. Bir də dünyanın ikinci böyük dənizi Aral dəniziydi, bu gün can verən, ölən, ölə bilməyən Aral. Məcazi mənada ikinci böyük dəniz hesab olunur. Orta Asiya kimi böyük bir diyarda yeganə dənizdir. Orta Asiya özü bir dünya olduğu kimi adamları yeganə Aralı, əlbəttə ki, ən böyük dəniz hesab edə bilərlər. Adamlar daha çox varlanmaq naminə Aral dənizinin iki su mənbəyindən biri olan Amudərya çayının suyunu pambıq plantasiyalarının suvarmasına çevirdilər. Aral qurudu. İndi on Amudərya lazımdır ki, Aral dirçələ. O da mümkün deyil.
Ədəbiyyat da belədir. İndi kim müəyyənləşdirə bilər ki, ədəbiyyat harda yaranır? Şair, yazıçı harda böyüyür, püxtələşir? Əlbəttə ki, ədəbi jurnalların rolu böyükdür, danılmazdır. Adamlar təbiətlə necə rəftar ediblərsə, ədəbiyyatla da elə davranırlar. Sənətlə qazanc bir araya sığmaz. Ya sənətə xidmət göstərməlisən, ya zamanın nəbzin tutub qazancını güdməlisən.
Çağdaş Azərbaycan ədəbiyyatında ədəbi proseslərdə iştirak etmək üçün marafona jurnalla qoşulanlar çox olub. Hətta imzaları hesabatları bəzəyən məşhur hesab olunan imza sahibləri də jurnal yaradıblar. Gücləri, potensialları 2-3 nömrəyə çatıb. Həmişə parıltılı əşya göz qamaşdırıb. Belə fil boyda görünən imzalar da cəmiyyəti həmişə çaşdırıb.
Su axıb çuxurunu tapan kimi ədəbiyyat adamı da gectez öz dərgisini seçə bilir. Balıq dəryada böyüdüyündən şair, yazıçılar da ədəbi jurnalların səhifələrində tanınır, formalaşır, püxtələşir və uğura doğru irəliləyir.
Yolunuz açıq, işıqlı və uğurlu olsun!
Əli BƏY AZƏRİ, Baş redaktor