Baba Pünhan «O bilər – mən bilərəm»

Baba Pünhan

O bilər – mən bilərəm

 

Bivəfadırsa əgər yar, o bilər — mən bilərəm,

Ya vəfa əhlidi dildar, o bilər — mən bilərəm.

 

Nə düşüb xəlqə axı hər şeyə rişxənd eləyir,

Qeyri dindardı ya dindar, o bilər — mən bilərəm.

 

Məni cadulər ilən salma gözündən o gülün,

Çalma kandarıma mismar, o bilər — mən bilərəm.

 

Dedim ol yarə hicabı sənə vacib bilib həqq,

Dedi ki, eyləmə israr o bilər — mən bilərəm.

 

Dəstəmazım gözümün yaşı namazımdı muğam,

Bunda həqqəm ya günahkar o bilər-mən bilərəm.

 

Məni gah Tanrı çəkib qaldırar ərşin üzünə,

Gahi ordan yerə çırpar, o bilər — mən bilərəm.

 

Can alanım ikidir, göydə fələk, yerdə mələk,

Desələr hansıdı qəddar, o bilər — mən bilərəm.

 

Pünhanın eyblərin yarə gedib kim saydı,

Kimə nə, eybi əgər var, o bilər — mən bilərəm.

 

 

Bu adam, bizim adamdır

 

Gözü ac, xəyalı xamdır, bu adam, bizim adamdır,

Yediyi tamam haramdır, bu adam bizim adamdır.

 

Yemək ilə doymaq olmur, dedi ki, vətən malından,

Yalayım doyum məqamdır, bu adam bizim adamdır.

 

Neçə ildi parlamanda, gözünü döyüb oturmuş,

Pulu çox, özü avamdır, bu adam bizim adamdır.

 

Desə ki, müsəlmanam mən, həzər et uzaq gəz ondan,

Desə erməni qudamdır, bu adam bizim adamdır.

 

Alınıb əgərçi görsən, nəyi var tamam əlindən,

Yeri daş qəfəsdi damdır, bu adam bizim adamdır.

 

O gələn qonaq-qaradan, mən ölüm nigaran olma,

Adı nola ki, Aramdır, bu adam bizim adamdır.

 

Yezidə desə babamdır, ona lənət eylə, Pünhan,

Desə ki, babam İmamdır, bu adam bizim adamdır.

 

Gəlsə qiyamət, ay ata

 

Nə yaman eyləmisən rüşvətə adət, ay ata,

Yıxacaq evmizi bir gün bu cinayət, ay ata.

 

Sənə mənsəb verilibsə, o deməkdirmi məgər,

Tikəsən nəslinə hər yerdə imarət, ay ata.

 

Əməlinlə məni rüsvayi-cahan eyləmisən,

Çəkirəm dostlar arasında xəcalət, ay ata.

 

Sənin ekrandakı yaltaqlığın üzmüş anamı,

Ona rişxənd eləyir külli-cəmaət, ay ata.

 

Bilirəm, sən də alırsan yığasan verdiyini,

Verməsən ustuluva yoxdu zəmanət ay ata.

 

Salmısan zindana yüzlərlə günahsızları sən,

Onların qarğışı qoymaz bizi rahət, ay ata.

 

Gəmiçi öz gəmisində sənə yer verdi fəqət,

Gəmisin istədin ondan bu xəyanət, ay ata.

 

Hara getsən son ümidün yenə Allah olacaq,

Tövbə qıl, gəl namaza eylə ibadət, ay ata.

 

Xəlqdən pünhan olan sərvəti qaytar xalqa,

Macalın olmayacaq gəlsə qiyamət, ay ata.

Qiymət