Baba Pünhan. Körpəmiz olsun, olmasın?

Körpəmiz olsun, olmasın?

 

Məsləhət eylərəm sana, körpəmiz olsun, olmasın?

Körpə yüz əlli şirvana, körpəmiz olsun, olmasın?

 

Xeyli götür-qoy etmişik, borca girib toy etmişik,

Hər ikimiz də həmxana, körpəmiz olsun, olmasın?

 

Borcu sələmnən almışıq, dərdnən-ələmnən almışıq,

Borcu verən də bir «dana», körpəmiz olsun, olmasın?

 

Baxmır həkimlər imkana, xətt çəkilibdi vicdana,

Ya öl, ya pul ver, ol ana, körpəmiz olsun, olmasın?

 

Yaşı çatanda yeddiyə, gün bükülür göy əsgiyə,

Dönür tədrisi «şirvana», körpəmiz olsun, olmasın?

 

Körpə soruşsa bir zaman, ay ata, yurdum hardadır,

Mən nə cavab verim ona, körpəmiz olsun, olmasın?

 

Vermə əzabı Pünhana, qıyma o yazıq insana,

Ver bu sualı Sübhana, körpəmiz olsun, olmasın?

 

Pulun göstərir

 

Get-gedə dövran özü insanların,

Dəymişi halında kalın göstərir.

 

Heç nə yox, ancaq şəhərin qızları,

Azərbaycanın halın göstərir.

 

Xalqının artisti olandan sora,

Xalqına şalvarda dalın göstərir.

 

Kəndi təzəknən qızınan ölkəmiz,

Neft kimi dünyaya malın göstərir.

 

And içərəm, hakim öz övladına,

Rüşvətin ən yaxşı yolun göstərir.

 

Nəmli betondan tutulub dizləri,

Dost ona parketli polun göstərir.

 

Hündür ev inşa eləyən hər adam,

Böylə hədis var ki, pulun göstərir.

 

Öz ərinin razılığıynan demə,

Əndamın hər yerdə yalın göstərir.

 

Səbr elə, Pünhan, yetişir haqq günü,

İblis oyunda finalın göstərir.

 

Bakının dərdi var

 

Yorğundur, yatmayır haçandan Bakı,

Doyub yad ellidən, qaçqından Bakı.

Üzülüb, öləcək acından Bakı,

Məğrur görünsə də o can üstədir,

Bakının dərdi var Bakı xəstədir.

 

Yaltaqlar dəstəsi baş alıb gedir,

Qeyrət yavaş-yavaş boşalıb gedir,

Məktəbli qızlar da qaş alıb gedir,

Ərli də, ərsiz də bir həvəsdədir.

Bakının dərdi var, Bakı xəstədir.

 

Əsrlər itirdik illər içində,

Qanqallar bitirdik güllər içində,

Çaqqallar dolaşır ellər içində,

Aslanlar, pələnglər daş qəfəsdədir,

Bakının dərdi var, Bakı xəstədir.

 

O, Cıdır düzüyçün çadır ağlayır,

Çadır övladıyçün Cıdır ağlayır,

Namus itkin düşüb abır ağlayır,

Köməksiz qız-gəlin dəstə-dəstədir.

Bakının dərdi var, Bakı xəstədir.

 

Sən ey «Qız qalası» qalasan hələ,

Səni həmişə qız qalasan hələ,

Dərdini Pünhana qala sən hələ,

Ta ki, göz yollarda qulaq səsdədir,

Bakının dərdi var Bakı xəstədir.

Qiymət