“Babək” hakimiyyətə gəliş- tərcümə – Xaliq Məmmədov

Xaliq Məmmədov

l hissə

 Aşağıda rus tarixçi alim  М. Тоmarаnın Babək barədə sənədli tarixi araşdırmasından bir parçanı, Babəkin hakimiyyətə gəlməsi səhnəsini təqdim edirik. 100 il qabaq yazılıb.

“…Ərəb tarixçisinin qeydi:

“Parlaq cənub günəşi Ərdəbil yaxınlığındakı Savalan dağının daimi qarla örtülmüş zirvəsini qızılı şüalara bürümüşdü. Ərdəbillə Arran arasında yerləşən əzəmətli dağ, dağı əhatə edən sıldırım qayalar, keçilməz dərələr qalın qar örtüyü altında idi. Bu dağda qala dayanmışdı, alınmaz, məğrur Bəzz qalası.

Qalada ziyafət gedirdi.

Şən nəğmələr, fleyta, sinc və mandolinlər oynaq səsləri ziyafəti başına götürmüşdü. Şərab çay kimi axırdı. Ziyafətdə iştirak edən qonaqların qarşısına qızardılmış çöl donuzları, şişə çəkilmiş dovşanlar, dinin və hakimiyyətin qadağan etdiyi digər yeməklər, içkilər düzülmüşdü. Ömürlərini açıq havada, gah qızmar cənub günəşinin şüaları altında, gah qarlı zirvələrin sərt soyuğunda keçirməkdən dəriləri tunc rəngi alan igid döyüşçülər arasında üzü açıq qadınlar da oturmuşdu.

Ziyafətin gur vaxtı yaxınlıqdakı kənddən minarədən axşam namazına çağıran müəzzinin səsi eşidildikdə ziyafət edənlərdən heç biri ayağa qalxmadı, dəstəmaz almadı, namaza durmadı. Bütün bunlar Peyğəmbərin dünyasını dəyişdiyi vaxtdan ikicə yüz il sonra, xəlifələr imperiyası daxilində, “ən dindar, Allahın xeyir-duasına nəsib olan” Abbasilər sülaləsinin hökm sürdüyü, “Allahın etibarlısı” Abdullah əl-Məmun hökmranlıq etdiyi zaman baş verirdi.

Bu bayram hansı münasibətlə idi? Kimlər idi İslamın bütün qanunlarını açıq-aşkar pozmağa, şərab içməyə, haram yeməkləri yeməyə cəsarət edən iştirakçılar? Qadınların örtüksüz üzlərinə baxmağı, qanunla müəyyən olunmuş vaxtlarda namaz qılmamağı mümkün sayan bu cəsarətli insanlar kimlər idilər? Onlar müsəlman tarixçilərinin dediyi kimi “kafir, alçaq quldurlar” idilər, müsəlman ilahiyyatçılarının rəsmi terminologiyasına görə, xürrəmilər idilər.

Bu cəsurlar hakimiyyətə qarşı üsyan edən kəndlilər idilər.

Ziyafət, bu yaxınlarda dünyasını dəyişən Cavidanın (Azərbaycanın Ərdəbil şəhərindən olan Cavidan Səhrək oğlu) yerinə yeni rəhbər seçilməsi və yeni seçilmiş rəhbərin mərhumun dul arvadı ilə evlənməsi münasibətilə qurulmuşdu.

Cavidanın yürüşü uğurlu olsa da, ölümcül yaralı halda qayıtdı. Üç gün yaşayaraq, dünyasını dəyişdi. Mərhumun dul qalan arvadı Cavidan dəstəsindən olan gənc Babəki yanına çağırıb dedi: “Sən qətiyyətli və ağıllısan,  sözündən dönməyən adamsan. Sabah tezdənə hazırlaş, ərimin müridlərini çağıracağam. Və onlara söyləyəcəyəm ki, mərhum ölümündən qabaq mənə dedi: “Yoldaşlarıma de, – bilirəm ki, bu gecə ölməliyəm, – ruhum bədənimdən Babəkin bədəninə keçəcək və onun ruhu ilə qovuşacaq. Sonra sizin köməyinizlə indiyəcən heç birimizə qismət olmayan gücə və qüdrətə çatacaq, sizinlə birgə güclü düşmənləri məhv edərək Məzdək təlimini bərpa edəcək. Aranızda olan və düşmən tərəfindən alçaldılmağa, təhqirə məruz qalan hər kəs izzət qazanacaq, təvazökarlar ucalacaqlar”…

Ertəsi gün səhər Cavidanın dəstəsinin bütün döyüşçüləri mərhumun arvadının çağırışına toplaşdılar. Qadın onlara bildirdi ki, mərhum əri ona öz varisi ilə bağlı son vəsiyyətini çatdırmağı tapşırıb. Döyüşçülər soruşdular: “Nə üçün o, ölümündən əvvəl bunu bizə demədi?” Qadın cavab verdi: “Siz hərəniz  bir kəndə səpələnmişdiniz. Əgər sizi çağırmaq üçün hər kəndə bir qasid göndərsəydi, ərəblər bundan xəbər tutacaq və onun yaralı və zəif vəziyyətindən istifadə edəcəkdilər. Ona görə də sizi çağırmağı mənə məcbur etdi ki, onun vəsiyyətinə qulaq asıb yerinə yetirəsiniz”.

“Danış” dedi kəndlilər, – biz sağ ikən ona tabe olmuşuq və indi mərhumun iradəsinə zidd getməyəcəyik.” Qadın dedi: “Budur, onun son sözü: “Mən bu gecə ölməliyəm, ruhum mənə xidmət edən bu gəncin (və Babəki göstərdi) bədəninə keçəcək. Qərara gəldim ki, yoldaşlarım üzərində hakimiyyəti ona etibar edəm. Mən ölən kimi onlara bu xəbəri yetir. Bu qərarın əleyhinə olan, mənim iradəmə zidd çıxan hər kəsi lənətləyirəm”. Döyüşçülər “Razıyıq” deyə, cavab verdilər.

Bu cavabdan sonra xanım onlara bir öküz gətirməyi, onu kəsib dərisini soymağı əmr etdi. Dərini yerə sərib üstünə bir qədəh şərab, ətrafına isə çörək dilimləri qoymağı əmr etdi. Sonra hamını növbə ilə çağırmağa başladı: “Ayağını dəriyə sürt, bir tikə çörək götür, o şəraba batır, ye və de: “Əvvəllər Cavidanın ruhuna necə inanırdım, indi Babəkin ruhuna elə inanıram!” Sonra əyil və Babəkin əlindən öp”. İştirak edənlərin hamısı bu əmri yerinə yetirdi. Bundan sonra hamı süfrəyə əyləşdi, ziyafət və əyləncə başladı. Üç dəfə içki içdilər.

Sonra mərhum Cavidanın arvadı bir dəstə ətirli ot götürüb Babəkə verdi. Bu onların toy mərasimini təsdiq edən adət idi. Hamı ayağa qalxaraq bu evliliyi bəyəndiklərinə işarə olaraq onlara baş əydi.

 

Babəkin ilk dəfə xalq arasına çıxması haqqında məlumatı ərəb yazıçısı ibn İshaq belə təsvir edir. Özü isə bu məlumatı, bizə gəlib çatmamış qədim “Əxbar Babək” (“Babək haqqında xəbərlər”) kitabından götürdüyünü qeyd edir.

Xürrəmilərin başçısı olmuş Babək kim idi? Babəkin doğulduğu il haqqında dəqiq məlumatımız olmasa da, dolayı göstərişlərdən onun 798-800-cü illərdə doğulduğu qənaətinə gəlmək olar. Atasının adı Abdulla idi. Sırf ərəb adı – Abdulla – onun müsəlman olduğunu göstərir. Ərəblər tərəfindən fəth edilən Savadın bir çox sakinləri kimi, o, zahirən də olsa, İslamı qəbul etmişdi, çünki İslama keçid müxtəlif imtiyazlar verirdi və ən əsası, can vergisindən azad edilirdi.

Abdulla Mədəində doğulsa da, yaşamaq üçün orada qalmadı, Azərbaycana köçdü və orada bitki yağı alveri edərək dolanışığını bir təhər qaydaya saldı.  Onların kasıb yaşadıqları mənbələrdən aydın görünür. Kürəyində bitgi yağı ilə dolu tuluqla Azərbaycanın dağ-dərələrini gəzib-dolaşaraq bir gün Mimed nahiyəsinin Bilalabad kəndinə gəlir. Burada o, adını mənbələrdə göstərməyən bir qızla tanış olur. Yalnız, qızın tək gözlü olduğunu göstərilir. Oтгт heç bir ritual və ya rəsmi icazə olmadan, atasının razılığını almadan Abdullaya ərə getməyi, onun ailəsinin Xürrəmi məzhəbinə mənsub olduğunu güman etməliyik.

 

Bir dəfə kənd qadınları qamışlığın yanından keçərkən, oradan mahnı səsi eşidirlər.

Maraqlanan qadınlar qamışlığa girdilər və bu qızı orada yad biri ilə qucaqlaşmış tapdılar. Abdulla qaçdı. Qadınlar dindar müsəlman idilər, Abdullahın bədbəxt arvadının saçından tutub kəndə sürüklədilər, orda pozğun qadın kimi onu hər cür zülmə məruz qoydular.

Görünür, bu zorakılıq və döyülmələr Abdullanın arvadının qəlbində silinməz iz qoymuş və onun Xürrəmi inancını gücləndirmiş, qadın sonradan bu inancları övladlarına ötürmüşdür.

Daha çox təqiblərə məruz qalmamaq üçün Abdulla nikahı rəsmiləşdirməli olur. O, toy etmək xatirinə Bilalabada məskunlaşsa da, ticarətindən əl çəkməyərək Azərbaycanın bölgələrini gəzməyə davam edir.

Bir dəfə Ərdəbil yaxınlığında, Savalan dağı yaxınlığında bir nəfər yolçunun hücumuna məruz qaldı, onunla savaşa girərək onu yaraladı, lakin özü ölümcül yara aldı və evə qayıdarkən tezliklə öldü.

 

DAVAMI OLACAQ