CAVAB YOX
Bu səhər susadım sözə, söhbətə,
Əcaba, ürəkdən dilə cavab yox.
Oturdum, gözlədim dan üzünədək,
Dedim insaf edə gələ, cavab yox.
Rüzgarın səmti dəyişdi yaman,
Bəxti dəyişənə olmadı aman.
Daha diz üstündə inləmir kaman,
Sinədə mizrabdan telə cavab yox.
Əl atıb köksünü edəsən masaj,
Qaranlıq üzünə çəkəsən miraj.
Xəlvət göndərildi mənə bir mesaj,
Bəlkə də heç kimə belə cavab yox.
Elə bil aldadır uşaq-muşağı,
Mudirdə gördüyüm o çinli yağı…
Gedirəm başımı salıb aşağı,
Qurulub yoluma tələ, cavab yox.
YANIR
Sübh duası nə şirindi, ay Allah,
Çırağımda elə bil ki, söz yanır.
Qafil dünya qaranlıda uyuyur,
Məndə isə dodaq yanır, göz yanır.
Xəyallarda yüksəlirəm ərşə mən,
İntizaram, həm dərvişəm, həm şaman,
Ovucumda buz kimidi bu zaman.
Yer üzündə cığır yanır, iz yanır.
Bu məbədin çardağı yox, üstü yox,
Od yurdunda hərarət yox, isti yox…
Bu ocaqdan baca çıxmaz, tüstü yox,
Köksüm altda nə yanırsa, düz yanır.
TƏNHALIQ
Məni başa düşmək, duymaq çətindi,
Külli ehtiyacım can orucudu.
Bütün günahlarım vurular saya,
Nələr etmişəmsə, sevgi suçudu.
Qunutum göylərin tərəf nöqtəsi,
Var ilə yoxluğun bufer nöqtəsi,
Sonadək sıxılmış şərəf nöqtəsi,
İnsan dəyəridi, vaxt ayrıcıdı.
İnsanın imanı pula satmağı,
Gözəllik altından ocaq çatmağı…
Günəşin çıxmağı, ayın batmağı,
Ən son yaranışın ən sonucudur.
Tənhalıq özü də şərbətdi, meydi,
Edilən hər minnət könlümə dəydi,
Ölüm dedikləri nə olan şeydi,
Mənimçün dünyanın bu son ucudu.
OĞURLUQ ŞEİR
Məni tutma nahaq sorğu-suala,
Taleyim min əvvəl sorğulanıbdı.
Dünyanın suları bulanıb başdan,
Şairlər yox ikən doğrulanıbdı.
Şeytan pusqusudu hər dağ, hər dərə,
Həsrətim bitməyir bax ona görə…
Qırma ürəyimi gündə on kərə,
Şən halım, qəm halım duyğulanıbdı.
Görsəm də dünyanı əcaib yöndə,
Tapdım öz yolumu İlahi dində.
Sərvətin deyilsə Allahın, bəndə,
Özünün deyil ha, oğurlanıbdı.
İSMARIC
Könlüm böyük, qolum qısa,
Qalıb bir arzumu qucam.
Əl eyləyir uzaqlardan,
Çənli zirvəm, qarlı ucam.
İnkar etdim bu dünyanı,
Bəsimdir bir dua anım.
Zülmət bürüyüb hər yanı,
İntizaram, haqqa acam.
Nicat üçün sözüm olar,
Qurtuluşa üzüm olar.
Yazım qalsın, lazım olar,
Gələcəyə ismarıcam.
AZADLIQ
Hələ gəlib çatmayıbdı, iyləyirəm azadlıq.
Gizlin-gizlin, xısın-xısın söyləyirəm azadlıq.
Qara yellər çəkilməyib başımızdan hələ də,
Quru sözdən yaram üstə düyləyirəm azadlıq.
Gəlib burdan keçənlərin yüklərində taylanan,
Hər nakəsin, hər alçağın ayağında yaylanan,
Yad əllərdə qumar kartı olub hər gün paylanan,
Ləkələnmiş ortaq maldan neyləyirəm azadlıq.
Dayanaraq haqq yolunda həsrətə açdım qucaq,
Qorxutmadı mən fəqiri tufan, boran, qar-sazaq.
Min illiyin soyuğundan çatmışam isti ocaq,
Nakam qalan arzulardan qalayıram azadlıq.
Çox gözlədim neçə ildi, nə səs var, nə soraq var,
Bu İntizar taleyimi tək yaşadım, Bəxtiyar.
Son tingi də vurdum yerə, dedim bəlkə verə bar,
Göz yaşımla öz canımda bulayıram azadlıq.