USTADNAMƏ
Vaxtı qayıdıbdı ustadnamənin,
Qeybətlə şöhbəti qarışdırmayın.
Hər şeyi öz adı ilə çağırın,
Xiffətlə möhnəti qarışdırmayın.
Qoymayın doğmadan qaçsın küskün də,
Təbəssüm dadını bilsin miskin də.
Hər şeyin dəyəri olsun üstündə,
Sevgiylə şəhvəti qarışdırmayın.
Qalın xoş əməldə, olun savabda,
Bulunun daxilən sual-cavabda.
Düz olun hesabda, haqda, kitabda,
Rüşvətlə hörməti qarışdırmayın.
Hamının qəsdinə durubdu şeytan,
İzləyir hər zaman, pusur anbaan.
Bilin ki, öləcək həm nökər, həm xan,
Lənətlə rəhməti qarışdırmayın.
BİLMƏDİM
Quru yudum çər donunu,
Bir sulu sərə bilmədim.
Tapsam da haqqın qapısın,
Cəhd edib girə bilmədim.
Bəxtimizə şər düşübdü,
Oda hər başar düşubdü.
Zalım qartıb, şər şişibdi.
Qolunu gərə bilmədim.
İntizarlı eşqim göyçək,
Bilən yoxdu nədir gerçək.
Pəncərəmi döyən mələk,
Üzünü görə bilmədim.
GƏLMƏDİ
Könlümün səsini yazmaq istədim,
Sözün tər növrağı ələ gəlmədi.
Taleyin nəqqaşı özüm olsam da,
Necə istəmişdim elə gəlmədi.
Keçdim qənşərindən əllinin, yüzün,
İlişdim sehrində bir lalə üzün.
Düşdüm arxasınca bir dilbilməzin,
Vaxtından ayırıb dilə gəlmədi.
Zərrə də dünyada itməyib hədər,
Qismətin dəyəri olubdu qədər.
İntizar olanın gözü yol çəkər —
Çoxdan gəlməliydi, hələ gəlmədi.
ŞƏRAİT
Dünyada hər yerdə bələdiyyə var,
Biz qaldıq meriya şəraitində.
Nə olsun atəşlər açılmır burda,
Əslində Suriya şəraitində.
Kaş bilə biləydim nədir əcəlim,
Bircə öz başımdı, bircə öz əlim.
Bir vaxtım olmadı gedib dincəlim
Bir sanatoriya şəraitində.
Bəxtiyar, duyğular aşlamalıyıq,
Mənəvi ağrılar daşımalıyıq,
Hər halda Vətəndi, yaşamalıyıq,
Laboratoriya şəraitində.