Bəxtiyar Abbas İntizar – Mən sürünmək istəmirəm

Bəxtiyar Abbasov

GƏLİR

Gen dünya başlara dar olan zaman,

Şükürlər, hələ ki, nəfəsim gəlir.

Qulaqlar kar olub eşq söhbətinə,

Özümdən özümə xoş səsim gəlir.

 

Hələ işıq düşmür sevgi yoluma,

Qara bağlamışam sınıq qoluma.

Asudə vaxt tapıb tənha halıma

Bir şeir yazmağa həvəsim gəlir.

 

Yollar yorğunuyam həsrətdən mən də,

Ola bilməmişəm Xaliqə bəndə…

Sağ ola biləydim vəd olan gündə,

Görəydim ən gözəl pir kəsim gəlir.

 

 

ÖLÇÜLÜ ŞEİR

Hündürlük şan vermir dağlara, haşa,

Gərəkdi zirvənin duman ölçüsü.

Ömrün uzunluğu əl çəkmir başa,

Dəyərlə uyuşmur zaman ölçüsü.

 

Yarıda qırılan yollara hayıf,

Nə qədər erkəklər satıldı pula.

Dişini bəlkə də bilərdik zəif,

Heç kim təmizlikdə dönməyib qula.

 

Dövran da çevrilir hey sağa, sola,

Şair təmizlikdən bezənə qədər.

Yazdığı şeirdə giribdi rola,

Mən də girələnim Azana qədər.

 

Cırtdana oxşadıq yağ-əppək üçün,

Şairim, özümüz ola bilmədik.

Çox yekə yazmışıq başlardan üstün,

Amma bir sözümüz ola bilmədik.

 

Bezmərəm şəhərin lap göbəyində,

İtsə də kalağay, tuman ölçüsü.

Gündəmi görəndə şər dəməyində,

Hesaba gəlməyir iman ölçüsü.

 

 

YAĞIŞIN

Həsrəti gözümdə rəngarəng idi,

Elə bil açıldı gülü yağışın.

Pəltək uşaq kimi kirik olmuşdu,

Təzəcə açıldı dili yağışın.

 

Göydən yer üzünə uzanan damar,

Sərinlik süzülüb canıma damar.

Çəkilir üzümə, başıma tumar,

Elə bil məlhəmidi əli yağışın.

 

Bəxtiyar, kimin var fərəhlə çağır,

Dəyişə bilmərəm bu şirin çağı,

Ruhuma gör necə atəş-nur yağır.

Dəlisi olmuşam dəli yağışın.

 

 

GƏLMİŞƏM

Nədir, yenə çıxdım özüm özümdən,

Elə bil nəzərə, gözə gəlmişəm.

Dönmüşəm uşaqlıq çağlarına mən,

Şahdağdan şəhərə təzə gəlmişəm.

 

Doğru etdiyimi pis eləmirəm,

Keçib xəyallardan səs eləmirəm.

Harda olduğumu hiss eləmirəm,

Elə bil Məcnunsuz düzə gəlmişəm.

 

Nələr gətririldi miskin başıma!

Axır gəlib çatdım ömür qışıma.

Körpəlik illərdən ahıl yaşıma,

Həsrətin çəkdiyim sözə gəlirəm.

 

MƏN SÜRÜNMƏK İSTƏMİRƏM

Üz tutanda bu dünyaya,

Düşdüm, dostum, Mən də haya.

Hər bir dərdə, hər bir aha,

Doğulmuşam, sinə gərəm,

Mən sürünmək istəmirəm.

 

Eşq evinə xəlvət girdim,

Gördüm darda qalıb mərdim,

Çörəyimi əldən verdim,

İmanımı çətin verəm,

Mən sürünmək istəmirəm.

 

Otur evdə, çıxma bayra,

Köynək geyin əynə qara…

Nə ilana, nə çayıra

Yoxdu axı məndə görkəm,

Mən sürünmək istəmirəm.

 

Heç nə deyil öz yerində,

Qaşı gördüm göz yerində,

Yuva saldım söz yerində,

Mən həm göyəm, Mən həm yerəm,

Mən sürünmək istəmirəm.

 

Qalmadım təklikdən yana,

Məlhəm etdim qəmdən cana,

Qoşuldum eşq karvanına,

Gözü yolda neçə hərəm,

Mən sürünmək istəmirəm.

 

Mən nə qulam, nə də kölə,

Bəxtiyaram, bil ay Lələ.

Düz seçmişəm eşqə qiblə,

Nə Məcnunam, nə də Kərəm,

Mən sürünmək istəmirəm.

TAPMIRAM

Yedim bütün xəyalları,

Yeni, tər xəyal tapmıram.

Demişəm axır sözümü,

Yenidən məsəl tapmıram.

 

Ya inkar et, ya da bəyən,

Bu dünya deyil sən deyən.

Ağrılarım tükənməyən

Başıma dəsmal tapmıram.

 

Batıram hər gün günaha,

Ömür ucuz, ölüm baha.

İntizaram qərib, tənha,

Sönməyə vüsal tapmıram.