Bəxtiyar Abbas İntizar — Halımı görən qafillər sanırlar divanəyəm

Bəxtiyar Abbasov

 

Gəlir

Divani

 

Öz dünyamı tərk edəndə hisslərim oğrun gəlir,

Dönüb qəfil bir qonağa ərköyün, çılğın gəlir.

Halımı görən qafillər sanırlar divanəyəm,

Üstəlik də deyirlər ki, bir məcnun, vurğun gəlir.

 

Nagümana qışqırmıram, atmıram başa səsi,

Tapılmayır miskinlərin, qəriblərin yiyəsi.

Kələk gəlib, yalan deyib aldatmıram heç kəsi,

Duruşumda, yerişimdən deyirlər mağmın gəlir.

 

Bağlanıbdı hər tərəfdən məhəbbətin qalası,

Qədərinə bağlı olan, olacaqmış olası.

Başa düşmək olanların, olur başın bəlası,

Necə deyim olacağı, qarşıdan qırğın gəlir.

 

Ömrümü verdim yellərə, qocalıram, yaş dolur,

Arzularım həbs olunub, qəlbimin kökü solur…

Tək qalmışam istəyimdə, ətrafım bomboş qalır,

Şeytanlarla döyüşlərdən Bəxtiyar yorğun gəlir.

 

Könlüm

 

Hələ can verməyib, can almayıbdı,

Hələ ki qıvraqdı, canlıdır könlüm.

Həsrətdən saralmaq istəməyibdi,

Çıxıb döyüşlərdən, qanlıdı könlüm.

 

Boyana bilməyib zaman rəngində,

Hələ səbr eləyir fitnə cəngində.

Döyünür eşq ilə öz ahəngində,

Özü öz içində ünlüdü könlüm.

 

Nə kimsə anlamaz, nə kimsə duymaz,

Bəşər saldığını yerinə qoymaz.

Allah Bəxtiyardan heç zaman doymaz,

Musanın Turdakı könlüdü könlüm.

 

Məzəli şeir

 

Mən necə görüşüm səninlə, gülüm,

Sosial məsafə saxla, deyirlər.

Necə xoş sözləri söyləsin dilim,

Maskayla ağzını bağla, deyirlər.

 

Yaşamaq olubdur bahadan baha,

Ümid qalmayıbdı axşam, sabaha.

Mənə deyirlər ki, gülməynən daha,

Əgər kasıbsansa ağla, deyirlər.

 

Alda alacağım, verəcəyim yox,

Tikməyə kərpicim, əhəng, gəcim yox,

Bu gün avarayam, işim-gücüm yox,

Hərdən şairləri yoxla, deyirlər.

 

Hərdən zarafatla başla söz belə,

Yarızarata salıb yaz belə.

Mənada onluğa sapla düz belə,

Sonra da yadigar saxla, deyirlər.

 

Şefdən yorum aldım işarət ilə,

Davamı eylədim məharət ilə.

Ürəyin hökmüylə hərəkət elə,

Əyilmə idraka, ağla, deyirlər.

 

Evlənə bilmərəm bir mehrə görə,

Ağlayan deyiləm hər qəhrə görə.

Yapdım hər bəndini bir şərhə görə,

Axırda mövzunu bağla deyirlər.