Bəxtiyar Abbas İntizar, şeirlər

Bəxtiyar Abbasov

DİVANİ

 

Hər bir gecə eləyirəm yata-yata beş lənət,

Zülümkara baş endirən hazarata beş lənət.

Qanun itib, qayda bitib, vəkil yatıb, hakim yox,

Əzab çəkib inlədiyim bu həyata beş lənət.

 

Əsir qaldım təkəm, tənha öz başımın hayına,

Məhkum oldum ixtiyarsız qədər-qəza payına,

Qatılmışam ağlağəlməz, sonu yetməz oyuna,

Qurduğunuz rüşvət yeri xarabata beş lənət.

 

Heç görmədim bu tifaqdan xeyir heç bircə gilə,

Göz önündə olanların hamısı gəlmir dilə…

Hara getdim qarşılaşdım haramzadalar ilə,

Zatınınızda qoy yerisin yeddi qata beş lənət.

07.04.2023

 

HARDADI

 

Bu dünyanı başa vurub qayıtdım,

Ey dildarım, bəs ilqarın hardadı?

Gözəl hesab elədiyin aləmdən

Soruşginən şux vüqarın hardadı?

 

Qoşulmadım zəqqum içən dəmlərə,

Rəng vurmuşam “necə”lərə, “həm”lərə.

Səndən ötüb xitab edim kimlərə,

Kimdən sorum etibarın hardadı?

 

Olmayıbdı ürəyimi görənim,

Şeytan olub ürəyimə girənim!

Qurd südüylə ərsə gəlmiş ərənim,

Didilməmiş qurd diyarın hardadı?

 

Götürmərəm boyunduyruq, nə yedək

Hər bir kəsin öz vaxtı var, nə edək?

Zaman ötər, vədə yetər görərik,

İqtidarım, iqtidarın hardadı?

26.05.2022

 

QURBANLIQ ŞEİR

 

Mən özgə bəşərəm, yoxdu tanıyan,

Yazılır göylərdə fərmanım ancaq.

Dərdim loğman bilməz, təbib anlamaz,

Dirilik suyudu dərmanım ancaq.

 

Kimsəlik deyil ha, başımda çənim,

Qibləm tənhalıqdı, Haqqadı yönüm…

Yoxdu qonaq-qaram, gəlib gedənim,

Qaib mələklərdi mehmanım ancaq.

 

Zamandan “qovhaqov”, “qaç” istəmirəm,

Bu keçəl başıma saç istəmirəm.

Kəsməyə qurbanlıq qoç istəmirəm,

Özüməm özümə qurbanım ancaq.

27.05.2023

 

QUL ABBASA

nəzirə

 

Gözəl, istəyini iqrar eləsən,

Yaralı könlümün sarığından öp.

Nəfəsin çatmasa dərinliyində,

Enmə nüvəsinə, qırağından öp.

 

Bu yolda duman var, bu yolda tüstü,

Əyni qalın geyin, qoy olsun isti.

İstəsən olasan xalqın artisti,

Bizim padişahın yumruğundan öp.

 

Fərq etməz, bu yerdə sən də bir qulsan,

Zaman bazasında açılan gülsən…

Yeni xəbərlərə aludə olsan,

Xəlvətcə şeytanın dodağından öp.

 

Aldanıb Bəxtiyar sehrinə varma,

Kamera önündə yanımda durma.

İşlərin tərs gəlsə fala yalvarma,

Qonaq gəl, İntizar sorağından öp.

21.02.2023

 

VARSA

 

Qoy qopsun qiyamət, qorxusu yoxdu,

Bütün yaranışın bünyadı varsa.

Qarışıb hərənin başı özünə,

Düzələr bəndənin ziyadı varsa.

 

Düzüb sözlərimi elədim dəstə,

Qəmdən şərbət içdim gizlin, ahəstə.

Köklənər İlahi bəstəsi üstə

Yerdə bir möminin fəryadı varsa.

 

Gəlmişdim azacıq para günlüyə,

Vaxt tapıb yaşadım ara günlüyə.

Heç fikir verməyin qaragünlüyə,

Bu yerdə Allahın nihadı varsa.

25.05.2021

 

DEYİL Kİ

 

Bir silkin içindən, düzünə düz bax,

Göz görən zahirdi, batin deyil ki…

Bəndə olan kəslər qorusun dəyər,

Bu da əmtəə deyil, satın deyil ki…

 

Yoxdu ayaqüstə olanı asan,

Doğru olmağından nə çəkin, usan.

Doğrunu söyləmək olmayıb asan,

Yalan da danışmaq çətin deyil ki…

 

Olanlar pislikdən o yana, ötə,

Bu mövzu bitərmi… çətin ki, bitə…

Etibar tutaq ki, verilib itə,

Şərəf insanındı, itin deyil ki…

08.04.2021

 

MƏNDƏ

 

O qədər ağırdı dünyanın yükü,

Üstəlik həsrəti, qəmi də məndə.

Bu axır zamanın sınağı dəhşət,

İmtahan verməyin çəmi də məndə.

 

Bu bir çıxış deyil, vəziyyət deyil,

Şahın söylədiyi vəsiyyət deyil,

Kasıblıq möminə əziyyət deyil,

Şükr etmək halının dəmi də məndə.

 

Bu şər haqq tanımır, qalıb işində,

Zənn edir dünyanı didir dişində.

Yanmaram, batmaram zülm atəşində,

Dərya da məndədir, gəmi də məndə.

 

Deyiləm fitnəyə nə lal, nə də kar,

İntizar zamanım, özüm Bəxtiyar.

Haqq sözün demişəm hər vaxt aşikar,

Gizlin dinən sarı simi də məndə.

09.02.2021