Unudulmuş şeirlər
1.
Gəl bir tutaq əl-ələ,
Sıfırdan şans yaradaq.
Pandemiya dövründə
Düzgün balans yaradaq.
Hardan çıxdın ay kasıb,
Bərəkət niyə qaçıb.
Tövbə edib, əl açıb
Xeyrə avans yaradaq.
Düz dünya qurmaq üçün,
Fitnəni qırmaq üçün,
Ayağa durmaq üçün
Yeni alyans yaradaq.
2.
Nə beyindən, nə ürəkdən
Olmuşları pozmaq olmur.
Bələdəm daş yaddaşıma,
Girib, gəzib azmaq olmur.
Ələ vermir baxt cilovu,
Nə qədər atsam tilovu…
Dadsızdı xəyal plovu,
Onda qara, qazmaq olmur.
Yoluma salmır ay işıq,
Yol da zəhrimar, qırışıq…
Alında qırış qarışıq,
Üstündə rəy yazmaq olmur.
11.04.2021
3.
Gedib ortadan doğmalıq,
Ovunuruq yad əlində.
Sovrulur arzu-murazlar,
Ürək yaxan dad əlində.
Yaşamağa bu yer yersə,
Uşaq niyə getmir dərsə?
İşlərimiz dönüb tərsə
Bir heyvərə Zad əlində.
Bəxtiyar, sən ağlı dayaz,
Gördüyünü xəlvətdə yaz.
Üzdə danlaq, başda qapaz,
Qalmışıq Arvad əlində.
12.04.2024
4.
Göydən ensə bərəkətin
Sən bir ikən yüz olarsan.
Tutsan haqq ilə işini
Şeytanla üz-göz olarsan.
Sınaqdır hər an, dəqiqə,
Axirətə et səliqə…
Verməsən nəzir, sədəqə,
Pis ağızda söz olarsan.
Dünya hara, məsum hara?
Gəlib düşdük burda dara…
Tapşırılıb Bəxtiyara,
Hər işində düz olarsan.
06.02.2024
HƏMRƏNGLİK ŞEİRİ
Tək yol açıqdı havaya,
Sərhədlərmiz mənfurlaşır.
Hamıya olmuşuq misal,
Daxilimiz gavurlaşır.
Hardan ulaşdıq sümsüyə,
Yaşayırıq söyə-söyə.
Ritmimiz düşmür sümüyə,
Alətimiz şeypurlaşır.
Yarımız yad ölkələrdə,
İt ulayır bölgələrdə…
Aqil, adil kölgələrdə,
Bicbalalar məhşurlaşır.
Oğru-doğru olub əlbir,
Halala qalmayıbdı yer.
Xərcləyir savabı bir-bir,
Bəxtiyar da məkruhlaşır.
30.12.2023
OLASAN
Bütün nəzərdən istəsən,
Mahir cadugar olasan.
Məcnundan betər sevəsən
El içində xar olasan.
Ayılmayasan röyadan,
Qurtulasan rəng-boyadan.
Ötüşəsən bu dünyadan,
Külli ixtiyar olasan.
Qalmayasan belə yerdə,
Ölüb diriləsən bir də,
İlişib qalasan sirrdə,
Təkliyinə yar olasan.
Görməyəsən min bir sifət,
Yurdunu qurasa xəlvət.
Kimsəylə qılmayıb ülfət,
Əhli-İntizar olasan.
28.12.2021
HİCRAN GƏRAYLISI
«Koroğlu dübeytisi» üstündə
Üsyan etdi xatirələr,
Çox olanlar yada düşdü.
Sevdikcə bu Vətəni mən
Ürəyimə qada düşdü.
İmtahanlar baxmır yaşa,
Nələr gördüm, haşa, haşa…
Bəxtəvərlik dəydi başa,
Ömrum-günüm oda düşdü.
Günahkaram neçə qatda,
Əhli-İrfan batabatda…
Vüsalıma çathaçatda
Aralığa bəda düşdü.
27.12.2023
NƏĞMƏ
(«Nəcəfi» havası ustündə)
Mənə əl uzadan gözəl,
Qəlbimə yol çəkməlisən.
Toxunma aman günüdü,
Əl üstə əl çəkməlisən.
Yandırarsan bir dənə şam,
Nə sübh-sabah, nə də axşam.
Gözün görə yoxa çıxsam,
Saçından tel çəkməlisən.
Əhvalını eyləmə tox,
Nağıllara inanma çox.
Başın üstdən şəklimi yox,
Bir qızılgül çəkməlisən.
İntizarlıq deyil köçün,
Sevgini de için-için.
Sən məni sevməyin üçün
Dünyadan əl çəkməlisən.
18.12.2023
BAŞ QOYULANDA
Yetişər zəmanə axır çağına,
Dodaqlar şişəndə, qaş qoyulanda.
Acların kəlləyə çıxar ki, gözü,
Zalım qabağına aş qoyulanda.
Qaldısa fəqirin əlində əmək,
Əynində libas yox, qabında yemək…
Huhun tufanına az qalıb demək,
Ölülər qəbirə yaş qoyulanda.
Tülkülər əlinə düşsə ədalət,
Başını itirib eyləmə heyrət.
Bürüyər hər yanı fitnə, səfalət,
Əmir sahibləri boş qoyulanda.
Biclər şər oynadıb meydanı çapar,
Yetimi hər məlal, hər bəla tapar.
Arvad erkəkləyər, ərini qapar,
Ayağı altına daş qoyulanda.
Bəxtiyar, itirmə ümüdü bütün,
Çəkilib xəlvətə həsrətə bürün.
Həqiqət yerinə qoyular o gün,
Din-iman yolunda baş qoyulanda.
24.03.2024
QƏM YERI
Doğru danışmağın yeri də yoxdu,
Gözündə gəzirlər bir him-cim yeri.
Bağlanmır ürəklər bir-birlərinə,
Qalmayıb əlaqə, sarı sim yeri.
Hər yerdə qarşına çıxır yapalaq,
Dinsən enəcəkdi başa şapalaq.
Papağın üstündən qoyulur papaq,
«Salam əleykə» də olub yem yeri.
Ölmək də pulludu haqqın yolunda,
Yıxılsan görməzsən kimsə qolunda…
Pozğunlar oynayır afət rolunda,
Əzabdı anlamaq, görmək dəm yeri.
Dünya mənə yaxın, mən ondan uzaq,
Vüsalı təşnədi, hicranı sazaq.
Aşiqin alnına yazılıb ancaq,
Köksündə gəzdirmək ağır qəm yeri.
29.02.2024
SÖZLƏRİM
Mənim şeirmdən oğurluq olmaz,
Atəşdi, alovdu, qordu sözlərim.
Arifə məlhəmdi, qafilə zəhər,
Yaltağa, qorxağa gordu sözlərim.
Çəkirəm haramdan qulağı, gözü,
Almıram eynimə hər yalan sözü.
Məni qınayanlar, deyirəm düzü,
Yanımda durmayın, zordu sözlərim.
Bəxtiyar, korlama hicran təbimi,
Sevg istəyimi, eşq tələbimi.
Burada bitirim hər mətləbimi,
Deməyin sizləri yordu sözlərim.
DEYİB
Mən düşəndə aydınlığa arada,
Gözükorlar duman deyib, sis deyib.
Dillənnəndə bu zülmətə, zillətə,
Bütün hamı mumla deyib, sus deyib.
Yoxdu burda heç bir şeyə sığorta,
Yağ adıyla sırıyırlar ağartı…
Yağmalandı ev-eşiyim günorta,
Cavabdehlər halalını qus deyib.
Dayday yoxsa getmək olmur uzağa,
Atlananı hey salırlar tuzağa…
Dedim rəis, aman ver mən yazığa,
Dönüb mənə qonşuları pus deyib.
Əyininə beytül maldan geyənlər,
Bu millətə inək, qoyun deyənlər,
Genə-bola sərvətimi yeyənlər
Üstəlik də qızılıma mis deyib.
Heç bir yöndə qalmayıbdi bir Dədə,
Bütün günü başım yarır min hədə…
Əsli, zatı bilinməyən hər gədə,
Aman Allah, Bəxtiyara pis deyib.
06.02.2023
İNTİZAR
Heç kim qovuşmayıb öz məşuquna,
Ömür intizardı, yaş intizardı.
Çəkilmir yollardan baxışlar bir an,
Kiprik intizardı, qaş intizardı.
Bizə verilənlər verilibdi kəm,
Torpağa gübrəyik, fələyəsə yem.
Üzlərdə təbəssüm, çöhrələrdə qəm,
Gözlərdən süzülən yaş intizardı.
Bu boyda gen dünya başa olur dar,
Hamı ömür boyu yar soraqlayar.
Qurban gedənlərin bizə adı var,
Boyundan üzülən baş intizardı.
Ülfət paltarını geyən görmürəm,
Yarı görməmişdən öyən görmürəm.
Zamanın adını deyən görmürəm,
Bahar intizardı, qış intizardı.
17.01.2024
QONUB
Məni ovundurur ancaq xəyallar,
Sanki çəpərimə qaranquş qonub.
Ömrüm bu dünyanın düşdü sonuna,
Bütün hacətimə tufan, qış qonub.
Zaman yaman qaçır, gedir qabağa,
Ağa nökər olur, nökərsə ağa…
Mənim şahlıq quşum ölüb, ay Qağa,
Çiynimə iraqdan bir bayquş qonub.
Dözüb səbr etməkdi bu yerdə peşim,
Protez olsa da ağrıyır dişim…
Allah ümidinə qalıb hər işim,
Bütün yollarıma bəd qarğış qonub.
16.01.2024
AĞIR ŞEİR
Əl istəmir ürəyimi köçürüm,
Günah ruha deyir:- hara gəlmişəm?
Dedim günü sabahıma keçirim,
Bilən yoxdu, aglamışam, gülmüşəm.
Qədərimə xələl vurdum ağıldan,
Tövbə üçün paklıq vaxtı açıldı.
Boş xəyallar an içində dağıldı,
Yüz nisgilin birdən bəxti açıldı.
Son umidi təvəkküllə bağladım,
Hər tilsimin balta batmaz qatı var.
Gedən qəmi öz əlimlə saxladım,
Hər bəndənin bir məhkumluq zatı var.
Peşmanlığın yeri yoxdu bu yerdə,
Tənha qalsan, səni duyan olmasa.
Duyğularım mənə şeir deyir də,
Hətta qurur gendən xəlvət tamaşa.
İndi otur, olanları yazgınan,
Oxuyanlar səni başa düşməsin.
Sifətlərdə maskalara az inan,
Qoy ürəyim sətirlərə köçməsin.
14.01.2022
BILMƏZ
Kiçik görünməsin gözünə sənin,
Kiprik göz yaşını qaldıra bilməz.
Bilsən ki, alnına nələr yazılıb
Başın heç qaşını qaldıra bilməz.
Necə ağır imiş zamanın izi,
Ən böyük sınaqlar yaşatdı bizi.
Açılsa bəndənin bəsirət gözü
Utanıb başını qaldıra bilməz.
Nə qədər bəndə var danışan, gülən,
Onlardan neçəsi eşqində bulan..?
«Tənhalığı məzə bilən, mey bilən,
Həsrətin daşını qaldıra bilməz»
13.01.2022
ÜZÜLDÜM
«Bayramı» havası üstündən
Yarımı tapmadım qərib məkanda,
Gözəllər üzünə baxdım, üzüldüm.
Sınıq ürəyimlə qaldım baş-başa,
Həsrəti sinəmə sıxdım, üzüldüm.
Əllərim çatmadı canan əlinə,
Aldandım yalanın şirin felinə.
Döndüm xəyalların gürşad selinə,
Əlçatmaz yerlərə axdım, üzüldüm.
Yön aldım nurlanan odlara sarı,
Yolumda səsləndi hicranın tarı…
Bir ömrü eylədim altun, mirvari,
Şeytan barmağına taxdım, üzüldüm.
Aləmdən aləmə salınıb kəmər,
Zamanın belinə qoyulub yəhər…
Mənə heç qalmadı bir quruş səmər,
Dünya faydasından çıxdım, üzüldüm.
08.01.2024
BAYATILAR
Aşıq, dərddən bolam mən
Öz əhdimə qulam mən.
Boşamışam dünyanı,
Başqa cürə dulam mən.
Aşıqlar dolanıbdı,
Ocaqlar sulanıbdı.
Bir görən yoxmu məni,
Beyinlər bulanıbdı.
Qəm odum qalanıbdı,
Ürəyim talanıbdı.
Dünya görüb sərvətim,
Ağızı sulanıbdı.