«Mən həyatımın sonuna qədər uğursuz olacağına, cocuqluğumun ilk dövründən inanıb, qəlbimdə qəm kitabı daşıdım.»
Yusif Vəzir Çəmənzəminli
Olur ki, əvvəl oxumadığın əsərə rast gəlirsən. Açıb oxuyursan və odlanırsan: niyə əvvəldən mən oxumamışam bu əsəri!- heyfslənirsən.
Azərbaycan ədəbiyyatı tarixində dünya səviyyəsinə çıxmağa layiq qələm sahiblərimizi sadalamağa başlasaq, birincilər sırasında öz yazı üslubu ilə roman janrında xüsusi yer tutan Yusif Vəzir Çəmənzəminlinin adını çəkmək lazımdır. Əsərlərində xalqın tarixi keçmişini, məişətini, siyasi dalğaların xalqımızın həyatında yaratdığı təlatümləri, yaşadığı dövrün problemlərini, ustalıqla qələmə alan yazıçının yaradıcılığı ilə tanış olduqca, əsərlərinin janr rəngarəngliyi ilə seçilən böyük ədibin necə böyük istedad sahibi və intellektual olduğuna heyrətlənməmək mümkün deyil.
Yusif Vəzir Çəmənzəminli 1887-ci il sentyabr ayının 12-də Azərbaycanın Şuşa şəhərində anadan olmuşdur. Yusif Vəzirin atası Məşədi Mirbaba Mirabdulla oğlu Vəzirov Şuşa bəylərindən biri idi. Yusif Vəzir 1910-cu ildə Kiyevə gedib, Müqəddəs Vladimir adına İmperator Universitetinin hüquq fakültəsinə daxil olur. Bir il sonra, Azərbaycan dilində kitabların nəşri və yayılması məqsədi ilə Kiyevin ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrdən ibarət xüsusi nəşriyyat heyəti təşkil edir. 1915-ci ildə universiteti bitirdikdən sonra Saratov məhkəmə palatasında hakimlik vəzifəsinə namizəd qəbul olunur. Yusif Vəzirin tutduğu vəzifə maaşsız olduğu üçün bir neçə aydan sonra başqa iş axtarmaq üçün Kiyevə gedir. Orada «Zemstvo» təşkilatına daxil olub cəbhəyə gedir.
1917-ci ildə Qalitsiyadan Kiyevə gəlir. Kiyevdə oxuyan azərbaycanlı tələbələri ətrafına toplayaraq Türk Ədəbi Mərkəziyyə firqəsi «Musavatın» Kiyev şöbəsini yaradır. Müstəqil Ukrayna Respublikası yarandıqdan sonra Azərbaycan Demokratik Cumhuriyyəti Yusif Vəziri Ukraynada diplomatik nümayəndə təyin edir.
Vətəndaş müharibəsi ilə əlaqədar Azərbaycana qayıdır. 1919-cu ildə yeni yaranmış Respublikanın səfiri kimi İstanbula göndərilir.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Yusif Vəzir tutduğu vəzifəsinin artıq bitmiş olduğunu elan edib, Parisdə siyasi elmlər institutunun diplomatiya fakültəsində təhsil alan kiçik qardaşı Mirinin (Mirabdulla) yanına gedir. Paris yaxınlığındakı Klişi adlı şəhərdə əvvəlcə Lokomativ, sonralar isə avtomobil zavodlarında fəhləlik edir. 1925-ci ildə qardaşı Miri 29 yaşında Parisdə vəfat edir.
Yusif Vəzir vətəninə qayıtmaq üçün Parisdəki Sovet səlahiyyətli nümayəndəliyinə ərizə ilə və Azərbaycan Xalq Kommisarları Sovetinin sədri Q. Musabəyova xüsusi məktubla müraciət edir. Musabəyov Yusif Vəzirdən aldığı məktubu Az. SSR-nin KP-nın birinci katibi Kirova göstərir. Kirov Yusif Vəzirin vətəninə qayıtmaq arzusunu böyük məmnuniyyətlə qarşılayır. Yusif Vəzir 1926-cı ilin aprel ayında həmişəlik olaraq mühacirətdən vətənə qayıdır.
1937-ci il ən çətin illərindən biri idi. Azərbaycan Yazıçılar İttifaqı digər sovet qurumları kimi, yuxarılara qulluq etdiklərini sübut etmək üçün ciddi cəhdlə «sıraları təmizləyirək» inqilabın düşmənlərini, “tör-töküntüləri” aşkarlayırdı. Vəzirov da hədəf alınmış 20-yə yaxın yazıçı arasında idi. Azərbaycan Yazıçılar İttifaqının III Plenumunda (mart, 1937-ci il) İttifaqın sədri Seyfulla Şamilov, Vəzirov da olmaqla bir sıra yazıçıları tənqid atəşinə tutdu, «Ədəbiyyat» qəzetində Çəmənzəminlini əks-inqilabçı olmaqda ittiham edən məqalə çap edildi. Onu «Studentlər» və «Qızlar bulağı» kimi romanlarında mənfi obrazlar vasitəsilə inqilaba, sosializm quruculuğuna qarşı yönəlmiş fikirlər təbliğ etməkdə ittiham edirdilər. Qabağında onu gözləyən təhlükəni dərk edən Çəmənzəminli əlyazma halında saxladığı əsərlərin böyük bir hissəsini yandırdı. 1937-ci ildə o, Azərbaycan Yazıçılar İttifaqının üzvlüyündən çıxarıldı. Çəmənzəminli 1940-cı il yanvar ayının 25-də Urgəncdə həbs edildi, 1940-cı ilin iyul ayının 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsinə göndərildi.
Çəmənzəminli 1943-cü il yanvar ayının 3-də N. Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsində aclıqdan və ürək xəstəliyindən vəfat edir. Səhəri gün – 1943-cü il yanvarın 4-də Yusif Vəzir Çəmənzəminli Betluqa çayının sahilindəki qəbiristanlıqda dəfn olunur.
1956-cı ildə Yusif Vəzirə bəraət verildi.
- V. Çəmənzəminlinin öz həyatı necə bəxt və yığvaldan uzaq olubsa, yazdığı gözəl əsərləri də bəxtdən-taledən kəsik olublar.
Repressiya illəri çoxdan arxada qaldı, Sovetlər birliyi yox oldu. Yüzlər, minlər bəraət aldı, məşhurlaşdı, yazdıqları ən kiçik yazılar belə şedevr kimi qulaqlarda səsləndi. Əfsuslar, bu hal, bu sevinc Y. V. Çəmənzəminlinin yaradıcılığını görmədi, daha doğrusu kimlərsə, şərlənib məhvə məhkum olmuş yazıçının əsərlərini gündəmdə görmək istəmədi. Çünki qeyri-istedad sahibi Y. V. Çəmənzəminlinin yaradıcılığını olduğu kimi ortaya qoymaq, açıqlayıb xalqa çatdırmaq, həm, ədəbiyyat ierarxiyasında donosbazlıqla-yaltaqla bu gün yer tutan, ordenli-medallı fərsizlərin özlərinin yaradıcılıqlarına kölgə salacaqdı, həm də onların bir çoxunun 20-30 il qabaq yaşamış və qələmi ilə yuxarılara qulluq etmiş əcdadlarının hansı satqınlığa, xainliyə və özündən istedalıları yıxmaq kimi əməllərə sahib olduqlarını açıqlaya bilərdi.
Yazıçının «Studentlər», “Qızlar bulağı”, “İki od arasında” və d. əsərlərini oxuyarkən, müəllifin istedadına, qələmin gücünə heyran qalmamaq mümkün deyil.
«Studentlər» əsərində Kiyеvdə охuyan azərbaycanlı tələblərin həyat tərzləri, müəyyən ölçüdə siyasi fəaliyyətləri təsvir olunur. Əsərdə yer tutmuş hadisələrlə, Rüstəm bəy, Salman, Şirin, Qulamrza və digər obrazlarla tanış olduqca, qəti bir nəticəyə gəlib çıxmaq olar: böyük ədibin təsvir etdiyi dövrdə milli marağın öndə qoyulması anlayışının, milli məsələ ətrafında birləşmək yerinə, ziyalıların bir-biri ilə şəxsi zəmində münaqişələr aparması ehtirasının ölçüsü, şəxsi gəlirin şüurda tutduğu yerə, dinə, elmə münasibətlərə, qadına və sevgi anlayışına olan münasibət 100 il sonra da – bu günümüzdə də dəyişmədən qalıb.
Haşiyə kimi: Əsəri oxuduqca Vətəndən xaricdə keçən öz tələbəlik illərimin təsvirini görürəm. 1980-ci illərin sonu, Krasnoyarsk şəhərində bir neçə tələbə dostlarla birləşib milli təşkilat yaratdığımız an baş verənlər sanki həmin romandan götürülüb. Çünki, 80-ci illərin sonunda da, romandakı fərəməzlər, qulamrzalar çıxdı ortaya. Milli birlik, Vətənlə sıx əlaqə və Vətənə xeyir vermək, qərib diyarda yaşamağa məcbur olan həmyerlilərimizi birləşdirmək məqsədi ilə yaratmaq istədiyimiz təşkilata gəlir mənbəyi və vasitə kimi baxmaq istəyənlər də çıxdı ortaya.
.
Tənqidçi, ədəbiyyatşünas, 1937-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1973-cü ildən filologiya elmləri doktoru Hidayət Əfəndiyevin cəmi beş ay ərzində Çəmənzəminlinin “Studentlər” romanı haqqında yazdığı bir-birinə zidd iki məqalə ortaya çıxır. “Ədəbiyyat qəzeti” 1936-cı il 7 noyabr tarixli sayında dərc edilmiş “Nəsrimiz yüksək keyfiyyət yollarında” adlı yazıda Çəmənzəminlinin yaradıcılığı, “Studentlər” romanı yüksək qiymətləndirilir. 5 ay sonra, həmin şəxs tərəfindən “Kommunist” qəzetinin 10 aprel 1937-ci il tarixli sayında dərc edilmiş “Ədəbiyyatda kontrrevolyusioner sarsaqlama əleyhinə” yazısında həmin roman olduqca kəskin şəkildə tənqid olunur. Və bununla da yazıçının hələ bu gün də sona çatmayan qara günləri başlayır. Y. V. Çəmənzəminlinin müəllif olduğu ehtimal olunan “Əli və Nino” romanı ətrafında gedən oyunlar buna sübutdur.