Ərdəbil Cənubi Azərbaycanda Araz şayının sağ qollarından Qarasu çayına tökülən Balıqlı çayın sol sahilində, Savalan dağının qərbində, Ərdəbil düzənliyinin cənub-qərb hissəsində, 38°15′00″ şimal enliyi 48°18′00″ şərq uzunluğunda, dəniz səviyyəsindən 1570 m. hündürlükdə, tarixi ticarət yollarının üzərində yerləşən tarixi Azərbaycan şəhəridir. Hal-hazırda İran İslam Respublikasının ərazisində yerləşir.
Ərdəbil şəhərinin salınması tarixi haqqında dəqiq məlumat yoxdur. Yaqut Həməviyə görə Ərdəbilin əsasını Sasani hökmdarı Firuz şah qoymuş və ona Firuzabad adını vermişdir. Həmdullah Qəzvini Ərdəbili Siyavuş oğlu Keyxosrovun adı ilə bağlayır. Bəzi qaynaqlara görə Makedoniyalı İsgəndər İran səfəri zamanı qərargahını bir müddət burada qurmuşdur.
X əsrdə əl-Müqəddəsi Ərdəbili Azərbaycanın paytaxtı və möhkəm bir qala olaraq göstərir. O, qalanın arxasındakı təpədə bir camini təsvir edir və hamamlarını tərif edirdi. Əl-İstəxri Ərdəbili Azərbaycanın ən böyük şəhəri kimi qeyd edir, 3 və ya 4 qapısı olan qala divarları ilə mudafiə olunduğunu bildirirdi.
Ərəblərin işğalına kimi Cənubi Azərbaycanın paytaxtı Ərdəbil şəhəri idi. VIII əsrin ortalarında baş verən hadisələri qələmə alan əl-Bəlazuri yazırdı: “Xəlifədən hücum əmri alan Huzeyfə Azərbaycanın baş şəhəri Ərdəbilə yola düşdü; əhalidən vergi toplayan Sasani mərzubanının iqamətgahı da burada idi”. İlk vaxtlar ərəblər bu şəhərin siyasi və inzibati mərkəz statusunu saxladılar, hətta xəlifə Əli (656-661) dövründə Azərbaycan hakimi təyin edilmiş əl-Əşas ibn Qeys dövlətin təminatı hesabına yaşayan ərəbləri Ərdəbildə yerləşdirmiş, bu şəhəri abadlaşdırmış, burada məscid tikdirmişdi. Əməvilər dövründə (661-750) ərəblər hərbi və idarə mərkəzlərini Ərdəbildə yerləşdirdilər. Ərəb-xəzər müharibələrinin başlanması ilə Ərdəbil və onun ətrafındının gərgin döyüş meydanına çevrilməsi Mərvan ibn Məhəmmədin valiliyi dövründə (732-744) paytaxtın yenidən bərpa edilmiş Marağaya köçürülməsinə səbəb oldu. IX əsrin sonlarınadək, yəni Yusif ibn Əbu-s-Sacın Ərdəbili paytaxt etməsinədək bu yer vilayətin baş şəhəri oldu.
IX əsrin ortalarında Ərəb Xilafətinin parçalanması nəticəsində Azərbaycan feodal dövlətləri təşəkkül tapmağa başladı. Bu dövlətlərdən biri də Məhəmməd ibn Əbu Sac tərəfindən yaradılan Sacilər dövləti idi. 901-ci ildə Yusif Əbu Sac tərəfində paytaxtın Marağadan Ərdəbilə köçürülməsi şəhərin gələcək inkişafına müsbət təsir göstərdi. Elə bu dövrdə şəhər üç darvazası olan qala divarları ilə əhatə edildi. Burada olmuş İbn Havqəl yazırdı: “Hal-hazırda Cənubi Azərbaycanın ən mühüm vilayəti və böyük şəhəri Ərdəbildir. Hərbi düşərgə və hökmdarlar sarayı buradadır… Şəhərin havası saf, satış qiymətləri ucuzdur… Şəhər çox gözəldir. İçərisindən çaylar axır, su quyuları vardır. Çörək isə demək olar ki, həmişə bol olduğundan 1 dirhəmə 50 lavaş almaq olar. Ətin 1,5 manını (1 man təqribən 831 qramdır) 1 dirhəmə verirlər. Bal, ərinmiş yağ, yarma, qoz, fındıq, kişmiş və başqa yeməli şeylər çox ucuzdur, demək olar ki havayı verirlər”.
Ərdəbilin yaxınlığında yaxşı möhkəmləndirilmiş böyük Kursura qalası vardı. Hər təzə ay çıxanda burada böyük ticarət bazarı açılırdı. Hələ gəncliyində bu bazarda olmuş İbn Havqəlin təsvirinə görə, müxtəlif yerlərdən gələn adamlar buraya satmaq üçün “əmtəə və ticarət mallarından bez, səqat, ətir, sirkə, sərrac və misgərlərin məhsullarını, qızıl, gümüş, at, qatır, iri buynuzlu mal-qara gətirirdilər”.
941-ci ildə Sacilər dövlətinə son qoyaraq Salarilər dövlətini yaradan Mərzuban ibn Məhəmməd Ərdəbili paytaxt kimi saxladı. Tranzit ticarət yollarının üzərində yerləşməsi Ərdəbil şəhərinin hərtərəfli inkişaf etməsinə müsbət təsir göstərdi.
Səlcuqlar dövründə Ərdəbili Bişkin və Balak adında iki türkmən bəyi idarə edirdi. Səlcuqluların son dövrü və Atabəylər zamaı Ərdəbili Ağarslan, Xasbəy, Nəsrəddin, onun oğlu Məhəmməd, Atabəy Eldənizin oğlu Məhəmməd Cahan Pəhləvan idarə etmişdilər.
Ərdəbil Elxanilər zamanında yenidən daha gözəl inşa edilmiş, şəhərin əhalisi artmış, strateji mərkəzə çevrilmişdir. XIV əsrin ilk yarısında yaşamış və böyük nüfüza sahib olmuş Şeyx Səfiyəddinin vəfatından sonra Səfəvi təriqətinə rəhbərlik oğlu Sədrəddin Musaya tapşırılmışdır. Onun varisləri dövründə, xüsusən də Şeyx İbrahimin oğlu Şeyx Cüneyd XV əsrin ortalarında ilk dəfə olaraq sufi təriqətinin nufuzunu siyasi bir silah kimi istifadə etməyə təşəbbüs etmişdi. Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tərkibində olan Ərdəbil şəhəri Səfəvi təriqətinin mərkəzi kimi öz mövqeyini daha da möhkəmləndirmişdir. XV əsrin sonlarında Ərdəbil şəhərini Ağqoyunlu hakimi Əli bəy Cagirli idarə etmişdi.
XVI əsrin başlanğıcında Azərbaycan Səfəvi dövləti yarandı. Təbriz şəhəri paytaxta çevrilsə də, Ərdəbil öz əhəmiyyətini itirmədi. Şah Abbas Şeyx Səfi türbəsini qızılla bəzədi və kitabxana yaratdı.
Jan Sarden və Adam Oleari Ərdəbili yalnız türklərlə məskun və əhalisi çox olan şəhər kimi təsvir edirlər. Adam Oleari Şeyx Səfi türbəsinə aid olan mətbəxdən hər gün əhaliyə şorba, ət və plovdan ibarət havayı yemək verildiyini yazırdı. Ərdəbil şəhəri Səfəvi dövləti süqut etdikdən sonra da əhəmiyyətini saxlamışdı. XVII əsrin birinci yarısında Azəbaycanda olmuş Evliya Çələbi Ərdəbildə 300 əsgər, darğa, kələntər, münşi, qazi və şeyxüslamın olduğunu yazır. Yan Streys XVII əsrin ortalarında Ərdəbildə 5 küçənin olmasını xəbər verir. 1728-ci ildə Ərdəbilin 5 məhəlləsi vardı.
XVIII əsrin 40-cı illərində Nadir şahin ölümündən sonra şahsevən tayfa başçısı Nəzərəli xan Ərdəbildə özünü müstəqil xan elan etdi və Ərdəbil xanlığın paytaxtı oldu.
Qacarlar dönəmində Abbas Mirzə saray və qərargahını Ərdəbildə yerləşdirdi və Ərdəbildə fransız generalı Qardanın nəzarəti altinda qərb üsulunda qala inşa etdirdi. Balıqlı çayın sahilində yerləşən Ərdəbil qalası dördkünc olub, daxili sahəsi 77 sajenə (1 sajen təqribən 2 m.) bərabər idi. Qala yerdən 30 fut (1 fut təqribən 30 sm.) hündürlükdə, 3 fut enində hündür daş divarlarla əhatələnmişdi. Divarı əhatə edən xəndək 6 sajen enliyində, 12 fut dərinliyində idi, qala uzunmüddətli mühasirəyə davam gətirmək qabiliyyətində idi. 1828-ci ildə Ərdəbildə 7 məscid, 6 hamam, 100-dən çox dükan və 1000-dək ev var idi. 1827-ci ildə rus qoşunları şəhəri ələ keçirmişdi. 1828-ci ildə onlar şəhəri tərk edərkən Şeyx Səfi məqbərəsindəki zəngin kitabxana general Paskeviç tərəfindən hərbi qənimət kimi Sankt-Peterburqa göndərilmiş və İmperator İctimai kitabxanasının əlyazma fonduna verilmişdir.
XIX əsrin ikinci yarısında Ərdəbil şəhəri 16 məhəlləyə bölünürdü: 1. Darvaza, 2. Zeynal, 3. Qəriblər küçəsi, 4. Bağmeşə, 5. Qara Dəyənək, 6. Təbriz qapısı, 7. Təkkə Mənsur, 8. Təzə meydan, 9. Üçdükan, 10. Çeşməbaşı, 11. Əbülməlik piri, 12. Yaqubiyə, 13. Seyidabad, 14. İbrahimabad, 15. Zərgər piri, 16. Şəmsəddin piri.
Şəhərdə 21 məscid, 12 karvansara, 4 mədrəsə, 3 meydan, 14 hamam, 4 fəvvarə vardı. Əhali əsasən ticarət, sənətkarlıq və çarvadarlıqla məşğul olurdu, Burada bağçılıq da inkişaf etmişdi. Ərdəbildə təxminən şəhər əhalisinin yarısı ruhani və onlara mənsub ailələr olduğu üçün vergilərdən azad idilər.
Ərdəbil şəhərinin əhalisinin sayı müxtəlif zamanlarda fərqli olmuşdur. 1728-ci ildə təxminən 14-15 min olmuşdur. XVIII əsrin ikinci yarısında Ərdəbil şəhərində 2 mindən artıq ev var idi. XIX əsrin I yarısında Rusiya-İran müharibələri ilə bağlı olaraq 1813-cü ildə şəhərdə əhali 4 min nəfər, 1828-ci ildə isə 3 min nəfər təşkil etmişdir. XIX əsrin II yarısından başlayaraq şəhər əhalisi artmağa başlamışdır. XIX əsrin sonlarına doğru artıq şəhərdə 20 min əhali yaşayırdı. 1930-cu ildə Ərdəbilin əhalisi 40 min nəfərə çatmışdır. 1992-ci ilin məlumatına görə Ərdəbil şəhərinin əhalisi 332.497 nəfər təşkil edirdi.
Ərdəbil şəhərinin memarlıq abidələri arasında Şeyx Səfi türbəsi və ona aid məscid, Çinixana mədrəsəsi, Şeyx Cəbrayıl türbəsi və Ərdəbil qalasının isə xarabalıqları qalmışdır.