“Azərbaycanın su ehtiyatlarının 70 faizə qədəri ölkə xaricində formalaşır və transsərhəd çaylar vasitəsilə yaranır. Ölkəmiz adambaşı su ehtiyatının miqdarına görə 100-lükdə 90-cı yerdədir”.
ENA.az xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyətlə bağlı keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, qlobal iqlim dəyişiklikləri Azərbaycanda da özünü göstərib: “Bütün bunlara görə məhdud su ehtiyatlarımızdan səmərəli istifadə edilməlidir: “Son illər su ehtiyatlarımız azalır. 50-ci ilə qədər su ehtiyatlarımız 15-20 faiz azalacaq”.
Qeyd edək ki, tədbirdə, həmçinin “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Rafiq Aslanov, kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov da iştirak edirlər.
***
“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Rafiq Aslanov bildirib ki, Azərbaycanda su ilə bağlı komissiya tərəfindən su qıtlığının qarşısının alınması üçün bir sıra tədbirlər görülür, xarici ölkələrin təcrübəsi öyrənilib.
O qeyd edib ki, qonşu Türkiyədə bütün torpaq məcralı kanallar beton üzlüklə əvəzlənib. Orada su israfına yol verilmir: “Bizdə qanunsuz balıq gölməçələri var. Kürün altında 250 min suvarılan sahə var. Fevral ayında Kürə az su buraxılıb. Respublikada 530 min hektara yaxın taxıl əkilib və bu əkinlər suvarma ilə təmin olunur. Hesab edirik ki, harada suvarma şəbəkəsi yoxdur, orada suvarma əkinçiliyindən istifadə etmək olmaz”.
R.Aslanov həmçinin bildirib ki, Azərbaycanda xam suyun qiyməti 70-80 manata başa gəlir.