Azərbaycanda bayramlar və unudulmaz tarixlər

1 yanvar – Yeni İl bayramı

Yanvar ayı (latınca “Yanvarus”) Roma allahı Yanusun şərəfinə adlandırılmışdır. Qriqori təqvimində ilin birinci ayıdır. Azərbaycan Respublikasında illərin hesablanması üçün Qriqori təqvimindən istifadə olunur. Buna müvafiq olaraq, yanvarın 1-i istirahət günü kimi qeyd edilir.

 

8 mart — Beynəlxalq Qadınlar Günü

8 mart qadınların iqtisadi, siyasi və ictimai hüquq bərabərliyi uğrunda mübarizədə beynəlxalq həmrəyliyi günüdür. 1965-ci ildə Azərbaycanda martın 8-i iş günü hesab olunmayan bayram günü elan edilmişdir. Azərbaycan müstəqillik əldə edəndən sonra martın 8-i öz bayram statusunu saxlamışdır.

 

9 may – Faşizm üzərində Qələbə Günü

İkincü dünya müharibəsi (1939-1945) bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalmışdır. Faşizmə qarşı müharibədə Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir. 1941-1945-ci illər Azərbaycanın 600 mindən çox igid oğlu və qızı cəbhəyə yollanmışdı. Həmvətənlərimizin təqribən 123 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına, 170 min nəfəri SSRİ-nin müxtəlif orden və medallarına layiq görülmüşdür. Müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları vermişdilər. 1941-45 müharibəsi Azərbaycan xalqının kütləvi qəhrəmanlıq və fədakarlığını nümayiş etdirdi.

28 may – Müstəqillik Günü

1917-ci ildə Rusiyada baş vermiş inqilab nəticəsində Romanovlar sülaləsinə son qoyuldu. Nəticədə rus imperiyası dağıldı. Xalqlar öz müqəddəratlarını özləri həll etməli oldular. Bu imkandan istifadə edərək 1918-ci il mayın 28-də Azərbaycanın milli qayəli, milli təfəkkürlü övladları Azərbaycan Demokratik Cümhuriyyətini elan etdilər. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika millətimizin tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur. ADC təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublika idi. Bu Respublika parlamentli dövlət idi. Onun dövlət atributları – bayrağı, himni, gerbi qəbul edildi. Üç rəngli bayrağında türkçülük, islamçılıq və avropalaşmaq bir vəhdətdə idi. Ancaq ADC cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 28-də süqut etdi. Respublika Günü 1991-cı ildən — dövlət müstəqilliyinin bərpasından sonra — dövlət bayramı kimi qeyd olunur. 15 oktyabr 2021-ci ildən Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü olmuşdur.

15 iyun – Azərbaycan xalqının Milli Qurtuluş Günü

1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. 1993-cü ilin yayında Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Ermənistanın ilhaqçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirirdi. Vətənin bu ağır dövründə Heydər Əliyev hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun bizim tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.

26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü

Azərbaycan Prezidentinin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, iyunun 26-sı Silahlı Qüvvələr günü elan edilmişdir. Azərbaycan Respublikasının Silahlı Qüvvələri Quru Qoşunları, Hərbi Dəniz Donanması, Hava və Hava Hücumundan Müdafiə Qoşunlarından ibarətdir. Azərbaycan ordusu Cənubi Qafqazda ən güclü və hazırlıqlı ordu hesab edilir.

 

18 oktyabr – Müstəqilliyin Bərpası Günü

Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il oktyabrın 18-də keçirilmiş tarixi sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktı yekdilliklə qəbul edildi. 1991-ci il dekabrın 29-da Azərbaycan Respublikasında ümumxalq səsverməsi — referendum keçirildi. Referendum bülletenlərində yalnız bir sual vardı: “Siz “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktına tərəfdarsınızmı?” Azərbaycan xalqı dövlət müstəqilliyinin lehinə səs verdi. 1992-ci ilin mayında Milli Məclis Azərbaycan Respublikasının Dövlət himnini, bir müddət sonra isə Dövlət bayrağı və üzərində alov dilləri olan səkkizguşəli ulduz təsvir edilmiş Dövlət gerbini təsdiq etdi.

9 noyabr — Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

Azərbaycanın Dövlət bayrağı ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 9 noyabr tarixli qərarı ilə milli bayraq kimi qəbul edilmiş və 1920-ci ilin aprelinə qədər dövlət rəmzi kimi istifadə olunmuşdur. Dağlıq Qarabağ ətrafında cərəyan edən ictimai-siyasi proseslər zamanı ziyalıların təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qeyri-rəsmi olaraq 1988-ci il noyabrın 17-də Bakıda indiki Azadlıq meydanında qaldırılmışdır. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunmuşdur. 1991-ci il oktyabrın 18-də müvafiq Konstitusiya aktı ilə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərkən onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını qəbul etmişdir.

12 noyabr – Konstitusiya Günü

Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş Konstitusiyası Azərbaycan dövlətinin sayca dördüncü Konstitusiyası olub onun yeni tarixi modifikasiyasını əks etdirir. 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in yeni, ölkə tarixində yeni mərhələnin reallıqlarını əks etdirən Konstitusiyası qəbul edildi. Azərbaycan müstəqillik əldə edəndən sonra yeni Konstitusiya hazırlanması zərurəti yarandı. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda xalqın iradəsinə uyğun olaraq bu yeni Konstitusiya qəbul edildi. 1995-ci il Konstitusiyası Azərbaycan Respublikasında dövlət quruculuğunun əsasını qoymuşdur. Azərbaycan Respublikası Konstitusiyasının mətni 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. Noyabrın 12-si ölkəmizdə Azərbaycan Respublikasının Konstitusiya günü kimi qeyd edilir.

17 noyabr – Milli Dirçəliş Günü

1988-ci ilin ilk günlərində Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlandı. Ermənistanın hakimiyyət orqanları 200 min nəfərdən çox azərbaycanlının daimi yaşayış yerlərindən qovulmasına faktiki sanksiya verdi.  1988-ci il noyabrın 17-də Bakının baş meydanında – Azadlıq meydanında Azərbaycan ictimaiyyətinin müddətsiz mitinqi başlandı.1992-ci ildən bəri noyabrın 17-si Milli Dirçəliş Günü kimi qeyd edilir.

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü

Hər il dekabrın 31-i azərbaycanlıların milli həmrəyliyi günü kimi qeyd edilir. Dünyanın müxtəlif ölkələrində on milyonlarla azərbaycanlı yaşayır. Azərbaycanlıların ən böyük diasporu Rusiyadadır və 2 milyon nəfəri əhatə edir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra diasporun ictimai statusu dəyişmiş, o, Azərbaycan xalqının rifahı naminə özünün geniş əhatəli fəaliyyətini gücləndirmişdir. 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilmişdir.

 

Novruz bayramı

 

Novruz bayramı baharın gəlişi şərəfinə qeyd edilir və yeni ilin qarşılanmasını bildirir. Baharın ilk günü təqvimdə Günəşin illik dövr etməsinin başa çatdığını göstərir. Novruz bayramının tarixi kökləri çox qədim dövrlərə — Zərdüşt peyğəmbərin zəmanəsinə aiddir. Bu isə təqribən 3700-5000 il deməkdir. Novruz Azərbaycan xalqının ənənəvi dəyərlərini özündə əks etdirən bayramdır. Azərbaycam müstəqilliyə qovuşandan Novruz bayramı günləri qeyri-iş günü sayılır, paytaxtda və bölgələrdə ümumxalq şənlikləri və müvafiq bayram tədbirləri  həyata keçirilir. İndi Novruz bayramı Beynəlxalq bayram kimi qeyd olunur.

Qurban bayramı

Dini mərasim olan Qurban bayramı bütün müsəlman aləmində hər il qeyd edilir. Qurban kəsmək mərasimi islamdan çox-çox əvvəl mövcud olmuşdur. Dini mərasim olan qurban kəsilməsi İbrahim Peyğəmbərlə bağlı bir əhvalatdan sonra yaranmışdır. O, yuxuda görür ki, Allah İbrahimin ona inamını sübut etmək üçün oğlu İsmayılı qurban kəsməsini əmr edir. Əsl dindar olan İbrahim Allahın bu əmrini yerinə yetirməyə, İsmayıl da qurban kəsilməyə hazır idi. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən iki gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Qurbanın bir hissəsindən din xadimlərinə pay göndərilir, bir hissəsi isə kasıblara paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar.

Ramazan bayramı

Ramazan bayramı (Fitr bayramı) — şəvval ayının 1-ci günü. Ramazan bayramı ayının sonunda, orucun sona catması münasibəti ilə qeyd edilir. Ramazan ayında oruc tutulması müsəlmanlara hicrətin ikinci (622-ci il) ili təyin edilmişdir. Orucluq id-əl-fitr bayramı ilə başa çatır. Həmin gün bütün varlı və imkanlı müsəlmanlar kasıb müsəlmanlara kömək etməyə borcludurlar. Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlülüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və oruc tutmaqla ifadə olunur. 1993-cü ildən Orucluq bayramı dövlət səviyyəsində qeyd edilir. Ramazan bayramı 2 gün qeyd olunur.

20 yanvar — Ümumxalq Hüzn Günü

1990-cı il yanvarın on doqquzu, axşam televiziya verilişləri birdən kəsildi, televiziyanın enerji blokunu partlatmışdılar. Axşamdan xeyli keçmiş şəhərdə atəş səsləri eşidilməyə başladı.  Bir gün ərzində Bakıda 137 nəfər öldürüldü, 700-dək insan yaralandı, 800-dən çox adam qanunsuz həbs edildi. Yanvarın 22-si şəhidlərin dəfn günü idi. Ölkəmizdə 3 günlük matəm elan olunmuşdu. 20 yanvar şəhidləri 1918-ci il mart soyqırımı qurbanlarının uyuduqları yerdə dəfn edildilər. Bu yer hazırda Şəhidlər xiyabanı adlanır. Azərbaycan qanunvericiliyinə əsasən, Ümumxalq Hüzn Günü elan edilmiş 20 yanvar tarixi qeyri-iş günü sayılır.

26 fevral — Xocalı soyqırımı və milli matəm günü

 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri  Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımıdır. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Bu soyqırımı zamanı Azərbaycan xalqı yüzlərlə şəhid vermişdir.  Bu soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü.
Xocalı Dağlıq Qarabağın ən mühüm şəhərlərindən biri idi. Onun böyük hərbi əhəmiyyəti var idi. Qarabağda yeganə hava limanı burada yerləşirdi. Xocalı həm də xalqımızın ən qədim yaşayış məskənlərindən və mədəniyyət mərkəzlərindən biri idi. Xocalı hadisəsi təkcə Azərbaycanda, onun xalqına deyil, bəşəriyyətə qarşı törədilmiş ən ağır, misli görünməmiş cinayətdir.

31 mart — Azərbaycanlıların soyqırımı günü

 

Mart soyqırımı və ya Mart hadisələri — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın. Rəsmi mənbələrə əsasən soyqırımının nəticəsində 50 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. 1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırımı Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür.

8 noyabr — Zəfər günü

26 avqust — Laçın şəhəri günü

 

4 oktyabr- Cəbrayıl şəhəri günü

 

17 oktyabr- Füzuli şəhəri günü

 

20 oktyabr – Zəngilan şəhəri günü

 

25 oktyabr – Qubadlı şəhəri günü

 

8 noyabr – Şuşa şəhəri günü

 

20 noyabr – Ağdam şəhəri günü

 

25 noyabr – Kəlbəcər şəhəri günü.

Qiymət