DÜNYAYA ŞƏFƏQ SAÇAN AZƏRBAYCANIMIZ VAR
Cəng eyləyin, igidlər, atılın bu meydana,
Türkün gücün göstərin türkə qarşı durana.
Kim cürət edib çıxar bundan sonra yoluna?
Vüsala qucaq açın, bitdi artıq intizar.
Dünyaya şəfəq saçan Azərbaycanımız var!
Murovdan salam gedir, Süsən dağdan hay gəlir,
Şəki, Şirvan, Qarabağ bir-birinə tay gəlir.
Öz kökünə bağlanmış, igid, ərli soy gəlir,
Ey yenilməz ordumdan xəbərdar olmayanlar,
Dünyaya şəfəq saçan Azərbaycanımız var!
Şuşadan yola çıxsın dalğalansın bayrağım,
Odlar yurdu, od eli, əsla sönməz çırağın.
Qara qızıl, ağ qızıl bərəkətli torpağım,
Vüqarlı dağlarının köksü qızıl, başı qar.
Dünyaya şəfəq saçan Azərbaycanımız var!
Lap uzaq tarixlərdən, yol alıb gələr bu yurd,
Sərt dağların qoynunda yuva qurandı boz qurd.
Qarabağı, Şuşanı, yağı düşmən, sən unut!
Bizim igid ərənlər aləmə çəkdilər car,
Dünyaya şəfəq saçan Azərbaycanımız var!
SUSQUNLAŞAN AĞRILAR
Dəniz yorğun ruhunu təslim edər sahilə,
Bəzən də dalğa-dalğa qayalara dağılar.
Ürəyim də dərdini açıb deyər qələmə,
Susqunlaşan ağrılar şeirlərə yıxılar.
Kağız üstə göynəyər kəlmələr, qafiyələr,
Ömrün yaşantıları heca-heca dil açar.
Fikirlər misra-misra havalanar göylərə,
Əlim çatmayanlara doğru uçar, hey uçar.
Bir uşaq saflığıyla bəndlər gələr yanaşı,
Boynubükük kəlmədə neçə tale görüşər.
Mən məndən yazdığımı düşünərkən yazanda
Bir həsrət şeirindən neçəsinə pay düşür.
Təkcə mən deyiləm ki, kədəri başdan aşan,
Həyat asan olmayıb gəlib-keçən hər kəsə.
Betərindən saxlasın Allah — budur təsəlli,
Onsuz da həyat qısa, onsuz da ömür kəsə.
GÖZÜN AYDIN OLSUN, AZƏRBAYCANIM
Gözün aydın olsun, Azərbaycanım,
Sıx saxla köksündə Qarabağını.
Ayıq ol, bil kimdir dostun, düşmənin
Ucalt, səmayla tut tən bayrağını.
Zəfər tariximiz yazıldı bu gün,
Neçə oğulların al-qanlarıyla.
Ötəri bir zəfər, qələbə deyil,
Ərənlər qazandı öz canlarıyla.
Dünya şahid oldu qüdrətimizə,
Başı dik, qürurlu, həm vüqarlıyıq.
Bir sözlə döyünür hər kəsin qəlbi,
Biz bu gün hamımız QARABAĞLIYIQ!
ŞƏHİDƏ ANASI AĞLADI
Nakam qalan ömürlər yığıldı üstü üstə,
Vətənə uzun ömür oldu.
“Başın sağ olsun” deyənlər
baş alıb getdi bir-bir,
Ananın təskinliyi təklənmiş qəbir oldu.
Evdə xatirə izi, əşyalar dil-dil ötdü,
Hamı ağıllı çıxdı, hamı dili öyüdlü.
Dırnağı daş görməzlər misallar gətirdilər,
“Şəhidlər ölməz” deyib qışqırıq götürdülər.
Evin oğlu Elin oğlu adın aldı,
Qürururlandı hər kəs, hamı –
Xala… bibi…
Əmi… dayı…
Ucu toxunan hər kəsin şəhid qohumu oldu,
Amma ömrü boyunca anası yas saxladı,
Anası xatırladı,
Bir tək anası ağladı —
Şəhidə anası ağladı.
ŞƏHİD ÖVLADLARI
Şəhid övladları gülməz ürəkdən,
Yaralı qəlbində arzular solar.
“Ata” səsləyəndə kənardan kimsə,
Həsrət gözlərindən dolub boşalar.
Hər axşam qapıda qalar gözləri,
Sükut qucaqlayar hər künc-bucağı.
Üşüyər qolları şəhid oğlunun,
Olmaz isinməyə ata qucağı.
Baharı, yazı da qış havasında,
Əksilməz yağışı bulud gözündən.
Nifrəti azalmaz düşmənə qarşı,
Çəkilməz heç zaman ata izindən.
Uca zirvədədir, bilir atası,
Şəhid övladının qüruru böyük.
Şərəflə daşıyar bu adı daim,
Çıxmaz heç bir zaman andına dönük.
ŞƏHİD ATASI
Qürurla dayanıb məzar başında,
Ürəyində boğur gözünün yaşın.
İçində oğluna ağı söyləyir,
Əyməyir önünə vüqarlı başın.
Yer-göy nalə çəkir onun yerinə,
Bir kəlmə söz demir, çıxmayır səsi.
Tək «Vətən sağ olsun» demək asandır,
Qəlbinə dağ çəkdi övlad itkisi.
Min arzuyla oğul böyüdən ata,
Məzara arzusun dəfn edir bu gün.
Xalq igid əsgərin torpağa verir,
O, körpə quzusun dəfn edir bu gün.
İlahi, analar ağlar boşalar,
Atalar içindən məhv olar axı.
Övladın itkisi qəddin əysə də,
Şəhid atasına baş əyər çoxu.
***
Güzgüdə ciliklənir əksim,
İlahi, kimdir bunlar?!
Cilik-cilik olanların hanı bütöv bir “Mən”i?
Kim qaraya sürmələdi yaşla dolu gözlərimi,
Kim soldurdu baxışımı,
Kim dəyişdi o sən yazan taleyimin naxışını?
Artdıqca artır alnımdakı ağrıların xəritə izi,
Beynimə agah olmur ürəyimin üsyan səsi.
Əksliklərin vəhdətidi gerçəkliyin içində məhv olan Mən
Mənim məndən ayrı səndə “Mən”im var
Mən sənə gəlirəm, sənə gəlirəm.
HƏSRƏT İLMƏ-İLMƏ HÖRƏR PAYIZI
Göylər qara bulud libasın geyər,
Sapsarı saralar yerin bənizi.
Rüzgar gah qaş çatar, gah xəfifləyər,
Həsrət İlmə-ilmə hörər payızı.
Gündüzlər qısaldar boyun ölçüsün,
Gecə uzun-uzun cəng eyləyəndə.
Günəş min ədayla gülüşün yayar,
Arada, sırada yel səngiyəndə.
Qəm, kədər qovrular söz arasında,
Hər kəlmə kağızın sinəsin dağlar.
Düşərsən xatirə burulğanına,
Canlanar gözündə ən gözəl çağlar.
Çəkər tənhalığa öz havasıyla,
Milyonlar içində darıxarsan tək.
Bax belə yaşarsan xəzəl ömrünü,
Öl(ü)mü xatırladar “payız mübarək”
NƏ TEZ UNUTDUN MƏNİ
Viranə könlümdə bayquş ulayar,
Uğramaz səmtimə nə yaz, nə bahar.
Unudulmağın da bir zamanı var,
Nə tez unutdun məni?
Kimə gileylənim, kimə dərd yanım,
Bilməm kimi düşmən, kimi dost sanım.
Ay Məni hamıdan tez anlayanım,
Nə tez unutdun məni?
Sözə ümidlənib, səsə sığındım,
Ən çox güvəndiyim kəsə sığındım.
Deyilmiş ürəkdə əbəs sıxıntım,
Nə tez unutdun məni.
Bir quru hal xoşu, salamı kəsən
Əhsən yaddaşına, qəlbinə, əhsən,
Sən ki unutmağa həvəsliymişsən
Nə tez unutdun məni.
LÖVBƏR SALMAZ GƏMİLƏR
Bu limana lövbər salmaz gəmilər,
Susar qağayılar sahil boyunca.
Günəş də dənizə qıyğacı baxar,
Çəkilər qınına yerdən doyunca.
Rüzgar qayalara çırpar dalğanı,
Dənizə atılmış dərdlər dağılar.
Buxarlanıb göyə çıxan hər dərdə,
Yağış söylər həzin-həzin ağılar.
Yer üzü islanar insan ahıyla,
Allahı unudan yadına salar.
Yenə o sahildə bərk qaya üstə,
Bəxtindən gileyli bir cavan ağlar.
APARDI
Budandı arzumun qolu, qanadı,
Solub xəzəl oldu, quşlar apardı.
İntizarla açdım səhərlərimi,
Gecəmi sel kimi yaşlar apardı.
Gülüşüm yarımçıq, kəm‐kəsir oldu,
Arzum gözlərimdə lap əsir oldu.
Ürəyim kədərə tələsir oldu,
Ömrümü bəlkələr, kaşlar apardı.
Gedən karvanımı kim çəkib əylər?
Həyat nə eləsə, tək mənə eylər.
Deyin, sahib çıxsın ruhuma göylər,
Cismimi torpaqlar, daşlar apardı.
BAYRAĞIM
Canımızdan keçərik,
uğruna canlar fəda.
Əyilmərik, əymərik
səni yağıya, yada.
Ey yenilməz bayrağım,
qəlbim sənə calanmış.
Şəhidlərin əzmiylə
rənglərin cilalanmış.
Qarabağın düzündə
ucaldığını gördük.
Qələbə sevinciylə
Qürurlandıq öyündük
And yerimizsən bizim,
enmə yerə heç zaman.
Bütün xalqlar içində,
ucalsın Azərbaycan.
Ucal, ucal, bayrağım,
başın göylərə dəysin,
Qoy önündə dost, düşmən,
bütün dünya baş əysin.
ÖMRÜMƏ ŞEİR BOYLANIR
Ömrümə şeir boylanır,
Kəm xoşbəxtlik misrası.
Yuxulu dəniz səhəri,
Boylanır son hecası.
İlk iki heca düşüb ,
Qalıb gün batımında.
Ömür süzülüb gedir,
Bitir qum saatında.
Həyat mənasız gəlir,
Düşünürsən keçmir vaxt.
Yel qanadlıdı illər,
Gənclikdən yoxdu soraq.
Göz dikilir göylərə,
Günəş çıxır, Ay batır.
Göz göyə dikilsə də
Son mənzil torpaqdadır.
Nə var-dövlət, nə mal-mülk?
Nəfsini tox tutana.
Əbədi heç nə yoxdur
Borcluyuq quru cana.
QURUDULMUŞ ÇİÇƏKLƏR
Qurudulmuş çiçəklərdən
gül ətri gəlməz bəlkə,
Ancaq xatirə qoxusu var
ruhu saran.
Hər kəsi bir gün keçirəcək,
Həyat ağır sınağından
oğurlayacaq
ən məsum gülüşlərini dodağından.
Kirpiklərin nəm qalan hissəsindən
asılacaq ümidlər.
Yalnızlığın rütubətindən
Yosun tutar ürəklər.
Uzaqlaşdıqca uzaqlaşarsan,
Ən yaxın saydıqlarından
Qürub çağı doğmalaşar,
Sübh çağı soyuyarsan həyatdan.
KÖRPƏLƏR EVİ
Dünyaya gələn hər körpə,
Sevgidən doğulmur.
Sevgisizlikdən yaranan
uşaqlar tamamlayır ‐
körpələr evinin siyahısını.
Ana sevgisi,
ata zəhmətiylə böyümür onlar.
O körpələrin ahıdır
göydəki qara buludlar,
Lənətlənir yer üzü.
ʺAnaʺ kəlməsini
söyləyə bilməyən körpələrə
ʺBalamʺ‐ xitabı da gərəksiz,
dayə nəvazişi də soyuq.
Necə inanaq xoşbəxt gələcəyə?
Bu sevgidən kasıb körpələr
Böyüyəcək taleyini söyə‐söyə
Ehtiyacdan töküləndə küçəyə…
***
Dibçəklərə əsir edilən güllərin
Özgürlüyü yoluxa ürəklərə.
Sevgi hissiylə bəslənən, əzizlənən,
Qanadlanıb uçmadan
Ruh vücuda sarılaraq yaşaya azadlığı.
Bu dünyanı cənnət edə
O dünyada
cənnətə qovuşmaq istəyənlərin saflığı.
YOL BİR NƏFƏS
Öz dibinə kölgə salmaz
şam ağacı
Dərd gözünü zilləyər
Sevinc baxar qıyğacı.
Həyatları ölçər zaman
Ömür adlı
Bir gün gəlib keçmək bilmir
İllər isə yel qanadlı
Uzaq gəlir hər şey uzaq
Ümid əsir arzu əbəs
Bu dünyadan o dünyaya
Uzaq deyil yol bir nəfəs
***
Lupanın bir üzünü tutsaq
ümidimizin ən xırdaca zərrəsinə,
Bir üzünü Günəşə.
Yenidən alov alsa ümidlərimiz,
Buz bağlayan qəlbimizi sarsaq
Ümid dolu atəşə.
Ömrü əmanət etsək
İkicə xoş kəlməyə,
Bir içdən gələn gülüşə
Yaşayıb getsək belə.