Ayaz Imranoglu «Əlvida kəlməsin deməyə nə var» — şeirlər

Ayaz Imranoglu

 

AYRILIQ

Hələ ayrılığın yormayıb məni,

Uzun bir yolçuyam mən sənə doğru.

Ovsunlu gözümə şəklini çəkib

Tilsimə salacam — deyərsən: «oğru».

 

Hələ ayrılığın ümid kimidir,

Arzular, xəyallar şərab içirlər.

Bizim sevgimizdən məst olan dünya,

Leylilər, Məcnunlar baxıb keçirlər.

 

Hələ ayrılığın uşaq kimidir,

Elə dəcəl-dəcəl mənə baxırsan.

Əlvida kəlməsin deməyə nə var,

Nazınla, ədanla oda yaxarsan.

 

Hələ ayrılığın ruhsal adı var,

Mənim Göy evimə yazılıb adın.

Hələ ki, doymazlıq halındayam mən.

Cismani yaşamlar bilməz ki, dadın.

 

ÇİÇƏK EŞQ

Çıxdın taleyimə yol ayrıcında,

«Tanrı göndərdimi, özünmü gəldin?»

Gəldin arzuların tükənən vaxtı,

Ömrümün ümidə söykənən vaxtı.

Baharda gövdədən çıxan şiv kimi,

Sən adlı arzuya uzanıb əlim.

Daha uzatmışam nə ola, ola,

İndi bu əl mənim, ətək sənindir.

 

Getsən ətəyini kəsib gedərsən,

Ömrümü sərmişəm ayaqlarına.

Gedərsən, üstümdən basıb gedərsən,

Sən mənim son arzum, son ümidimsən.

Tunelin sonunda işıq kimisən,

Bir yol başlamışam

nuruna doğru.

Qoy gəlim axırı nə ola, ola,

Bu sevgi mənimdir, nə deyim sənə,

Dibçək gülü kimi boynubükükdü.

Torpağı da sənsən, suyu da sənsən.

Bu çiçək sevginin, kövrək sevginin,

Baharı da sənsən, qışı da sənsən.

Bir az ümid versən çiçəkləyəcək

Bircə təbəssümlə bar verəcəkdi.

Bu çiçək sevgini al əllərinə,

Getsən ürəyimin çatını ək, get.

Qanım suyu olar, qəlbim torpağı

Qoymaram solmağa bu çiçək eşqi.

Ayaz İmranoğlu

 

DƏLİ DƏRVİŞ

(Özümə)

Dəli dərviş, yolun yorğun,

Şimşəyin, buludun dolğun,

Əllərində çiçək solğun,

Tufandan, qardan gəlirsən.

 

Gördün kəsilən başları,

Gərəksiz boş savaşları.

Yerə düşən göy daşları,

Sənindi ordan gəlirsən.

 

Torpağın dağ, daşın itib,

Quruyub göz yaşın itib.

Lap elə başdaşın itib,

Qəbirdən — gordan gəlirsən.

 

Dəli Dərviş, apar məni

Yer üzündən qopar məni.

Tanrı eşqi tapar məni

Sən ordan, vardan gəlirsən.

 

 

RUHUM MƏNİM

Təzə çiçək ətirlidi,

Mis kimi dağ havalıdı.

Hələ uşaq təbəssümlü,

Dədəlidi, babalıdı

Ruhum mənim!

 

Yerel deyil, göyel ərmiş,

Gözlərində nur cücərmiş.

Həqiqət barını dərmiş,

Bütöv dünya memarıdı

Ruhum mənim!

 

Min yol dilindən asılmış,

Yarasına duz basılmış.

Yenə özünə qısılmış,

Yurd Ululu, obalıdı

Ruhum mənim!

 

İnam Evi-Göy Evi var,

İnsanlığa sevgili yar.

Çalınanda saz ilə tar,

Bir Qobustan qavalıdı

Ruhum mənim!

 

Hər dindən uca olandı,

«Mütləqə İnam» qalamdı.

Türk yaddaşında qalandı,

Dünənlidi, sabahlıdı

Ruhum mənim!

 

Yoxa çıxsa o şər dedi,

Dünya korpələşər dedi.

İnsanlaşsın bəşər dedi,

Yalanlarla davalıdı

Ruhum mənim!

 

 

 

Qiymət