Ayaz Arabaçı — Gedir bir əbədi sükuta sarı…

Ayaz Arabaçı

Gedir bir əbədi sükuta sarı

 

Bir az rəngi solmuş,

yaşıla çalan,

Köhnə yun şalına bürünüb gedir.

Yorğun ayaqları düşüb yanına,

Boz küçə boyunca sürünüb gedir.

Gedir dayanmadan göz işlədikcə,

Gedir təngnəfəs,tənha və təkcə.

Ürəyi dünyaya aşiyan qadın.

Bir suyu anama oxşayan qadın.

 

Gedir adamları qoyub arxada,

Söykənir arabir əl ağacına.

Qəm-qüssə gətirən bu buz havada,

Kimsə dərman olmaz ehtiyacına.

Bağrımın başında yara,gedir o,

Kimin anasıdı, hara gedir o..

Yaramı göynədib qaşıyan qadın,

Bir suyu anama oxşayan qadın…

 

Necə sehirlənib qalarmış adam,

İçim əsməmişdi belə, haçandı.

Gedir bu dünyaya məhəl qoymadan,

Gedişi üfüqdən o yanacandı.

Eyninə almadan yağışı-qarı.

Gedir bir əbədi sükuta sarı.

Çiynində qəm yükü daşıyan qadın,

Bir suyu anama oxşayan qadın.

 

Çağırdım dalınca səsim çatmadı,

Son anda səsimin sınmışdı şaxı.

O günəş könlümdə heç vaxt batmadı,

Dedim birdən qəfil o olar axı.

O olar çiskinli yağışlarıyla,

O olar dumanlı baxışlarıyla.

Ağrı-acısında yaşayan qadın.

Bir suyu anama oxşayan qadın…

 

Sanki uzaqlardan səsləndi adım,

Mənə elə gəldi bu onun səsi.

Getdi yoxa çıxdı addımbaaddım,

O yorğun qadının solğun kölgəsi.

Könlümə təskinlik gətirdi bir az,

Dərdimi-sərimi götürdü bir az.

İsti xatirəmdə üşüyən qadın,

Bir suyu anama oxşayan qadın…

 

Bilməyək

 

Ola bilərmi ki, özümüzü biz,

Təzədən yoğurub-yapa bilməyək.

Və bir də adına ömür deyilən,

Bu atı doyunca çapa bilməyək?

 

Tamah zəhər olsun, mar bizi boğsun,

Verməsin pis arzu bar, bizi boğsun..

Harama uzansaq ar bizi boğsun,

Ayıbdı söyləyək, qapa bilməyək.

 

İnsanlıq hər kəsin mərəzi olsun,

Alçaq əməllərə qərəzi olsun,

Hamının ürəyi tərəzi olsun,

Heç cür ədalətdən sapa bilməyək.

 

Dinc olsun həmişə baş-qulağımız,

Çağlasın durmadan pul bulağımız,

Elə güclənsin ki, könül bağımız,

Elə güclənsin ki…qopa bilməyək.

 

Hərəsi bir cürə yolla girməsin,

Sağdan baş aldadıb solla girməsin,

Tanrıynan araya, molla girməsin,

Keşiş tanımayaq, papa bilməyək.

 

Qatıbdı başını min-min qan-qada,

Bəlkə də onunçün düşmürük yada,

Qorxuram gedəndə heç o dünyada,

Allahı salamat tapa bilməyək..

 

Yoxdu

 

Beş-on dənə çiyindi axırıncı nəqliyyat,

Gizlənməyin-qaçmağın heç bir üsulu yoxdu.

Əkdiyi-becərdiyi ancaq elə ölümdü,

Allahın yer üzündə başqa məhsulu yoxdu.

 

Yandı günəşə uçan taleyin qanadları,

Gəldi bir haram tikə, pozdu bürün dadları,

Kimsə hey körükləyir siçan boyda adları,

Bu qədər ad içində yoxdu məhz, iri yoxdu.

 

Kim görüb ki, aşiqin başı ötüb xeyirdə,

Eşq gözəldi, o da ki, filmlərdə-seyrdə,

Zarıyan çox olsa da musiqidə, şeirdə,

Ortada bir dənə də canlı əsiri yoxdu.

 

Divara çırpılırsan çaşıb yan götürəndə,

Yadımdadı o vaxtlar məni qan götürəndə,

Qızlar əzazil olur, imtahan götürəndə,

Baxsın zaçotnikinə, kimin kəsiri yoxdu.?..

 

Dolanıram dilimdə Prometeyin odu,

Açılıbdı əlimdə sonsuz göylərin kodu,

Ömrüm yazı-pozuda nədisə, elə odu,

Həyatımın elə də gizli bir sirri yoxdu.

 

Bir gün arzum tükəndi, bir gün niyyətim itdi,

Vardı əldə balaca bir ümid yetim, itdi,

Bu qara qovğalarda immunitetim itdi,

İndi mənə heç nəyin müsbət təsiri yoxdu.

 

Dadıbdı bu dünyanın sevincindən, qəmindən,

Zilə çox da çıxmayıb, tutub gedib bəmindən,

Qızıl xırdalasa da məhəbbət aləmindən,

Ayazın da bu işdə güclü təhsili yoxdu..

 

 

Qiymət