Yaşayırıq hələ ki
Keçib getdi ömrümüz gündə bir qaçaqovda,
Bir gün istidə yandıq, bir gün qarda-qırovda,
Bir yerdə qərar tutub bitən deyil bu sevda,
Həyat davam eləyir, yaşayırıq hələ ki.
Savaşımız kəsilmir kainatla, cahanla,
Əzib udur bir ucdan mişar dişli dəhanla,
Sınansaq da hər çətin, hər ağır imtahanla,
Həyat davam eləyir, yaşayırıq hələ ki.
Min-min qayğı əlində düyümlənir qaşımız,
Qovğalardan açılmır bir an olsun başımız,
İşıq sürəti ilə ötüb keçir yaşımız,
Həyat davam eləyir, yaşayırıq hələ ki.
Heç bir şeylə ödənmir ürəyin ehtiyacı,
Gün çıxır acı-acı, gün batır acı-acı,
Bütün bu acıların olmasa da əlacı,
Həyat davam eləyir, yaşayırıq hələ ki.
Ruhumuzu titrədib dilləndirir saz kimi,
Qışa don geyindirir allı-güllü yaz kimi,
Dünya daim aldadır bizi sehirbaz kimi,
Həyat davam eləyir, yaşayırıq hələ ki.
Gedirik bu yolları dolama da, kəsə də,
Ən sonuncu işığa, ən sonuncu səsə də,
Xoşumuza gəlsə də, lap elə gəlməsə də,
Həyat davam eləyir, yaşayırıq hələ ki…
Sağalmaz yarası acı günlərin
Sağalmaz yarası acı günlərin,
Sən mənim dərdimə ayrı əlac gəz.
Həkim o verdiyin analginlərin,
Biri də ağrımı azalda bilməz.
Nəfəsdi, alıram-verirəm az-az,
Durma bu qəfəsə boş yerə zamin.
Sən mənə bir dənə «bomba» resept yaz,
Olum birdəfəlik İlahi-amin.
Başımı aldatma cavansan deyib,
İsrarın əbəsdi, cəhdin əbəsdi.
Hər axşam ömrümü-günümü yeyib,
Çəkdiyim ağrılar özümə bəsdi.
Yatdığım otağın pəncərəsindən,
Ölüm əl eləyib neçə yol mənə.
Kömək etməyəcək, bildim səsindən,
Yazdığın validol, karvalol mənə.
Gecdi, o mənasız təsəlli gecdi,
Söyləmə bildiyin doğrunu yanlış.
Bu ömrün sonuncu baharı keçdi,
Qəfildən qapıma dirənibdi qış.
Nə mənə şəfa var, nə sənə əhsən,
Sağalmır diləknən könül çatları.
Orda bir yara var, harama dəysən,
Sınama üstümdə aparatları…
Azalmaz könlümdən qüssə-qəm, qəhər,
Qar tutub, buz tutub iliklərimi.
Qəbirdən dururam sanki hər səhər,
Yığıb-dəstələyib sümüklərimi.
Bu pəhriz-bu məhriz nəyimə gərək,
Sən o dərmanı da tam azalt, həkim.
Elə şumlayıb ki, içimi fələk,
Boşuna söhbətdi inam-zad, həkim.
Bir yerə cəmlənib, dövlətim-varım,
Duzlara, qumlara, daşlara dəymə.
Qoy özüm-özümü yuyum qurtarım,
Gözümdən süzülən yaşlara dəymə.
Sağalmaz yarası acı günlərin,
Sən mənim dərdimə ayrı əlac gəz,
Həkim o verdiyin analginlərin,
Biri də ağrımı azalda bilməz…
Dan yeri söküləndə
Sökülmüşdü dan yeri
zirvələrin qaşından,
bir əsər qalmamışdı gecənin təlaşından.
Kəsilmişdi yalançı küləyin iniltisi,
yuyulmuşdu yağışdan
yolların pası-hisi.
Qəlbim öz yuvasında çılğın-çılğın atırdı.
çıxdım astaca evdən,
«millət» hələ yatırdı.
Qara yol çantamı da götürmüşdüm özümlə,
bir az da pendir-çörək
iki salxım üzümlə.
Məni oğru sanardı baxsa kimsə qıraqdan-
bir də atam çəkdiyi
yarım şüşə araqdan.
Xülasə, hazır idi nizam yol tədarüküm,
qiymətdə ağır idi,
vəzndə yüngül… yüküm.
Elə nəşəli idim, elə nəşəli, elə,
məni rahatlamazdı,
heç bir dəbdəbə belə.
Uzanırdı durmadan gözümdəki mavilik,
misilsiz bir xəzinə,
sonsuz bir səmavilik.
Köksü açıq səmadan günəş gülümsünürdü,
bir sürü buraxma it
yolboyu sümsünürdü.
Saxlamışdı şah palıd dünyanı qollarında,
quşlar dəm olmuşdular,
yemişan kollarında.
Şirin zümzümələrlə
yola dəm verə-verə.
Yetişdim könül açan mənzərəli bir yerə…