Şəmsəddin Eldəniz
Rəvayətə görə, Dərbənd şəhərinin məşhur qul bazarından bir Azərbaycan taciri 40 qul almışdı. O zaman qul alverinin qaydası vardı: hər hansı tacir əgər bir dəfəyə 40 qul alırdısa, 40-cı qul ona bağışlanırdı, yeni pulsuz verilirdi. Ona görə də bu tacirə bir qul pulsuz olaraq verilirdi. Lakin tacirə bağışlanan qul balaca və çox zəif idi.
Tacir Eldəniz adlı bu qulu sultanın vəzirinə satdı. Eldəniz sultanın sarayında xidmət etməyə başladı. Çox gözüaçıq, qabiliyyətli uşaq olduğunu görüb ona hərbi təlim, ərəb və fars dilləri, müxtəlif elmlər öyrətdilər. Bir qədər sonra Eldənizi sultanın mühafizə dəstəsinə daxil etdilər. Bacarıqlı olduğunu sübut edən gənc Eldəniz çox keçmədən sultanın qoşunlarından birinin başçısı, yəni əmir təyin edildi. Tezliklə, o sultanın oğlunun atabəyi oldu. “Atabəy” sultanın böyük oğlunun, yəni onun gələcək varisinin tərbiyəçisinə deyilirdi.
Eldəniz öz sədaqəti ilə sultanın və onu ailəsinin rəğbətini qazanmışdı. O, sultanın ölümündən sonra onun ailəsinin qayğısını çəkməkdə davam etdi. Sultanın dul qalmış arvadı Möminə xatun Eldənizə çox güvənirdi. Bir qədər sonra Eldəniz Möminə xatunla evləndi.
1136-cı ildə Eldəniz Azərbaycanın şimal torpaqlarının bir hissəsinə- Arana hakim təyin edildi. Beləliklə, Azərbaycan Atabəylər dövlətinin əsası qoyuldu. Eldənizin adı ilə bağlı olaraq bu dövlət Eldənizlər dövləti də adlanır.
Eldənizin hakimiyyəti dövründə yadelli yürüşlərinin qarşısı alındı. Ölkəmizin ərazi bütövlüyü təmin edildi. Tezliklə bu dövlət Azərbaycan torpaqlarını vahid dövlət halında birləşdirdi. Nəticədə ölkədə iqtisadi və mədəni inkişaf baş verdi. Qazandığı parlaq qələbələrə və ədalətli olduğuna görə Eldənizə “Şəms-əd-din”, yəni “Dinin günəşi” ləqəbi verildi. Şəmsəddin Eldəniz geniş torpaqlara sahib olan qüdrətli bir Azərbaycan dövləti yaratdı. Bu dövlət tariximizdə şərəfli bir yer tutur. Adi bir qulun hökmdar səviyyəsinə yüksəlməsi Şərqdə hər kəsin öz qabiliyyəti və bacarığına görə qiymətləndirilməsini göstərir.
Atabəylər dövləti dövründə Azərbaycan mədəniyyəti özünün intibah dövrünü yaşamışdı. Bu dövrdə məşhur alimlər, şairlər və memarlar yetişmişdir. Şəhərlər abadlaşmış və genişlənmişdi. Məhz bu dövrdə Azərbaycan və dünya memarlığının şah əsərlərindən olan Möminə xatun türbəsi inşa edilmişdir. Atabəylər dövlətinin ilk paytaxtı Naxçıvan Azərbaycanın ən qədim şəhərlərindən biri idi. Karvan yolu üzərində yerləşməsi burada sənətkarlığın və ticarətin inkişafına əlverişli şərait yaratmışdı.
Atabəy Eldənizin göstərişi ilə Atabəylər dövlətinin baş memarı Əcəmi Əbubəkr oğlu Naxçıvanda nadir memarlıq abidələri ucaltdı. Naxçıvan şəhəri bağlı-bağatlı, gözəl və zəngin şəhərə çevrildi. Atabəy Şəmsəddin Eldəniz ömrünün sonuna qədər bu şəhərdə yaşadı. Eldənizdən sonra hakimiyyətə gəlmiş oğlanları Məhəmməd Cahan Pəhləvanın və Qızıl Arslanın dövründə dövlət daha da qüvvətləndi. Bu zaman Atabəylər dövləti bütün Şərqin ən güclü dövlətlərindən hesab olunurdu. Təsadüfi deyil ki, Qızıl Arslan “sultan” titulu qəbul etmişdi.
Azərbaycan Eldənizlər (Atabəylər) dövlətinin sərhədləri Dərbənddən İran körfəzinə qədər çox geniş əraziləri əhatə edirdi.