Qərib elin günü — güzəranı xoş olur,ancaq rahatlığı olmaz. Dünyanın heç bir cənnət guşəsi adama ata ocağı qədər rahatlıq verməz. Hansı səbəbdəndirsə, hətta daşlı-kəsəkli, kollu-koslu, enişli-yoxuşlu olsa belə, ata ocağı adamın ömür cövhərlərini artırır və elə bilirsən, əsl cənnətdəsən. Əbəs yerə deyil ki, uzun illər ata-baba ocağından uzaqda – ya xarici ölkələrdə, ya da paytaxt Bakıda yaşayan kənd, qəsəbə adamlarının əksəri ömürlərinin ahıl çağlarında ata ocağına, dədə-baba yurdlarına qayıdırlar. Məsəl var, deyrilər, adamı yaşlı vaxtlarında torpaq çəkir. Əslində, elə bu daxili hisslə insan nə vaxtsa ata ocağına pərvaz edir… Və düşünürəm ki, ata ocağından kənarda vəfat edənlərin ruhları da halallıq üçün məhz ilk olaraq o yurdda dövr edir… Açığı, yazımın əsas qayəsi də elə bu zəmindədir. Bir neçə gün əvvəl məlum səbəblərlə əlaqədar doğulub boya-başa çatdığım Gədəbəy rayonunun Hacılar kəndinə getmişdim. Əlbəttə, kəndimizin füsnükar gözəlliyi, insanı valeh edəcək təbiəti var. Ancaq mənim gözlərimdə qəm-kədər, ana itkisi, göz yaşları var idi və kənddəki gözəlliklər içimdə çırpınan anasızlığı əridə bilmirdi. Qapımıza gələn qonaqlar atama, qardaşlarıma başsağlığı verir, dərdimizə, kədərimizə şərik olduqalrını bildiridilər. Həmin insanlar arasında yaxın qohumumuz olan Mirzə müəllim də vardı. O da ata ocağından uzaqda — Bakı şəhərində yaşayırdı. Onu kənddə görəndə öz-özlüyümdə düşündüm ki, anamın ölüm xəbərini gecə ilə ona kim çatdırıb ki, o da bu qədər uzaq yolu qət edib gəlib?! Çünki bu hadisəni bacı-qardaşlarımdan başqa bir kimsə bilmirdi. Bu düşüncədə olduğum an məni əvvəlcə heyrət, sonra da acı xatirələr bürümüşdü. Mirzə müəllim mənə başsağlığı verəndə, soruşdum ki, anamın ölüm xəbərini sizə kim deyib? O, çox sakit və bir qədər yorğun tərzdə dedi ki, bir neçə aydır burada — kənddə yaşayır. Məni təəccüb bürüdü: Məgər o, Bakıda yaşamır?! Onun bir neçə aydır kənddə nə işi ola bilər?! Qərar verdim ki, duyğularımın sakit vaxtında onu kəndə gətirən səbəbi öyrənim. Hələlik isə oxucularımıza Mirzə Əli oğlu Hacıyev barədə qısa məlumat verim: Mirzə Əli oğlu Hacıyev 1950-ci ildə Gədəbəy rayonunun Hacılar kəndində anadan olub. Orta təhsilini Hacılar kənd orta məktəbində alıb. Üç il Sovet Ordusunda həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıtdıqdan sonra milis (indi polis) nəfəri kimi fəaliyyətə başlayıb. Bir neçə il işləyəndən sonra Azərbaycan Politexnik İnstitutunda qiyabi təhsil alaraq iş yerini dəyişib, Bakı şəhəri Baş Polis İdarəsində yol patrul xidmətində əmək fəaliyyətinə başlayıb. İşlədiyi müddətdə xalqına, dövlətinə sadiq olub, bir polis zabiti kimi müxtəlif vəzifələrdə sadiqlik nümayiş etdirib. Bir neçə il əvvəl isə polis polkovniki rütbəsində təqaüdə çıxıb.
İçimdə ləngər vuran marağı yatırtmaq üçün Mirzə müəllimin kəndə qayıdışının səbəini öyrəndim, bəlli oldu ki, o, Bakı şəhərində ev-eşik sahibi olsa da, doğma kənd — ata ocağı, dədə-baba yurdu onu özünə çəkib, ailəsi ilə birlikdə boya-başa çatdığı Hacılar kəndinə qayıdış edib. Belə deyək, öz qayıdışı ilə ata ocağını şölələndirib, həyətə-bacaya səs-küy salıb. İndi doğma kəndində həyətyanı sahədə çalışır, təsərrüfatla məşğul olur. Mirzə müəllimlə həmsöhbət olanda da o, bildirdi ki, bir neçə sot ərazidə kartof becərir, beş-altı arı ailəsi (yeşik) alıb, onlara qulluq edir. Mən ondan soruşdum ki, siz uzun müddət Bakıda yaşamısınız, necə oldu ki, birdən-birə kəndə qayıtmaq haqqında qərarı verdiniz? O, gülümsəyərək cavab verdi ki, şəhərdə maşınların tıxacından, səs-küyündən, ən əsası da havasızlıqdan boğulurdum. Bu, mənə çətin gəlirdi. Nəhayət, bu yaşımda dözə bilməyib kəndə qayıtmaq barədə qərar verdim. – Mirzə müəllim bir anlıq duruxdu, sonra gözlərinə təbəssüm qondurub əlavə etdi: — Belə gözəl təbiəti, havası olan cənnətməkan yeri necə unutmaq olar? – Əlini kəndimizi əhatə edən gözəlliklərə sarı tuşladı. Azacıq qəhərləndi, udqunub ded: — Yadında olar, 25-30 il əvvəl bizim bu kəndlərin yolları nə gündə idi. Allahın bu gününə çox şükürlər olsun, ən ucqar kəndlərimizin də yolları asfaltlanib. Allah Ali Baş Komandan, Prezidentimiz İlham Əliyevə can sağlığı versin. Bu işlərin hamısı onun sayəsində öz həllini tapır. Kimin ağlına gələrdi ki, bizim bu dağlıq yerlərə mavi qaz çəkiləcək?! Bir neçə ildir ki, Şınıx mahalının bütün kəndlərində mavi qaz var, evlər fasiləsiz olaraq elektrik enerjisi ilə təmin edilir. – Bir qədər ara verdi, titrəyən əlini çiynimə qoyub davam etdi: — Mən onu demək istəyirəm ki, bizim bu ucqar Hacılar kəndində insan üçün hər cür şərait yaradılıb. Bir neçə ildən sonra Hacılar kəndi dünyanın ən gözəl istirahət mərkəzlərindən biri olacaq. Mən burada Bakıdakından çox rahatlıq tapmışam. Ona görə heç olmasa, bu yaşda qayıdıb atamın-anamın ocağının işığını yandırmışam. İndi əminəm ki, valideynlərimin ruhları şaddır. Və əminəm ki, bir vaxtlar ata ocağını atıb getdiyim üçün valideynlərim məni bağışlayıblar. Çünki Hacılar kəndi məni elə bir rahatlığa qərq edib ki, elə bilirəm gənc çağlarımı yaşayıram. Mirzə müəllim ani susqunluqdan sonra dedi: — Çox istəyərdim ki, hər hansı səbəbdən ata ocağını atıb gedənlər geri qayıtsın, sönmüş ocaqları şölələndirsin, ata və analarının ruhlarını sevindirsinlər. Qərib elin günü-güzəranı xoş olar, ancaq rahatlığı olmaz. Mirzə müəllimin çöhrəsində parıltı verən rahatlığı aşkar duymaq mümkün idi. Çünki ata ocağının şöləsi çox parlaq olur…