Aslan Quliyev: Stalin rejimindən bir kimsə sənətinə, qabiliyyətinə görə yox, xidmətinə görə canını qurtara bilərdi.

Fikirlər Xatirələr
Yazıçı Aslan Quliyev represiya illərində yazıçı və şairlərin hansı təzyiqlərlə üzləşdiklərini, ədəbiyyat xatirinə, yazıb-yaratmaq xatirinə nələrə hazır olduqlarını, Rejim-Ədəbiyyat münasibətlərini araşdırır.
Bu söhbətlər illərdir davam edir, yazılar yazılır, kitablar çap olunur. Həvəskar tarixçilərdən tutmuş, elmi dairələrin yüksək çinli əməkdaşlarına kimi fərziyyələr söyləyir, subyektiv fikirlərini cəmiyyətə az qala aksioma kimi sırımaq cəhdinə düşürlər. Həqiqət isə sadə və aydındır. Əyər Stalini, partiyanı tərifləmək, xalqlar dostluğunu tərənnüm eləmək yaltaqlıq hesab olunarsa, onda o dövrdə üzdə olan yazıçı və şairlərimizin hamısı yaltaq olublar. Həm də təkcə bizim yox, bütün müttəfiq respublikaların. Çünki bu yarışdan kənarda olan, səssiz qalan kimsə olmayıb.
Bundan ötrü o dövrdə yaşayan söz adamlarımızı tənqid, təhqir eləyənlərdən soruşuram: Əyər siz bilsəniz, tərifləməsəniz, satmasanız, təkcə öz həyatınızı kabusa döndərməyəcəksiniz, ailə üzvlərinizə də qaranlıq zirzəmilərdə işkəncələr verəcəklər, yaxın qohumlarınızı, hətta dostlarınızı belə incidəcək, sürgün eləyəcəklər, sizinlə bağlı olan hər kəs işsizliklə, aclıqla imtahana çəkiləcək, qazandığınız nə varsa hamısını itirəcəksiniz, doğrudanmı tərifləməz, satmazsınız? Təriflərsiniz də, satarsınız da, təkcə tanıdıqlarınınzı yox, tanımadıqlarınızı da güdaza verərsiniz.
Amma çoxu hətta tərifləməklə, ya da satmaqla da həyatlarını xilas eləyə bilməyiblər. Bu işi də peşəkar səviyyədə bacarmaq lazım olub.
Qaldı repressiyaya məruz qalmayanlara, həbs olunmayanlara, ailə üzvləri qoruma altında olanlara, onlar isə təkcə satmaqla qalmayıblar, birbaşa repressiya maşınının hansısa səviyyədə bir mexanizmi olublar. Kim olursa olsun! Kimsənin qara gözünə aşiq deyildilər, Stalin rejimindən bir kimsə sənətinə, qabiliyyətinə görə yayına bilməzdi. Yalnız xidmətinə görə canını qurtara bilərdi. Ölkəsinə, xalqına yox, rejimə və Stalinə xidmətinə görə!
Mircəfər Bağırova gələndə isə, bu məsələdə də bir mənalı danışmaq, hökm vermək yanlışdır. Azərbaycandakı repressiyaları təkcə Bağırovun adıyla bağlamaq da eləcə. O zaman hakimiyyətdə Bağırov yox, daha humanist, ürəyi yumşaq birisi olardısa repressiyaların daha geniş vüsət almayacağını bir kimsə deyə bilməz. Bağırovun təkcə ətrafı yox, ən ucqar rayonlardakı nkvd sədrləri ermənilər, gürcülər idi. Stalin-Mikoyan cütlüyü respublikanın taleyini bu adamlara tapşırmışdı.
Qonşu respubliklarda da repressiyalar olub, təbii ki Azərbaycandakı səviyyədə yox. Ermənistan və Gürcüstan indi olduğu kimi, onda da məlum məsələlərə görə mərkəzin nəzərində olub. Bu respublikalarda da repressiyaya məruz qalanlar ən çox azərbaycanlılar olublar. Biz Ermənistandan azərbaycanlıların köçürülmələrindən, sürgün edilmələrindən yazırıq, amma nədənsə Gürcüstandan köçürülən, sürgün edilən 100 minə yaxın azərbaycanlının üzərindən isə sükutla keçirik.
Bağırovun xidmətləri də olub, bunu da danmaq olmaz. Dağlıq Qarabağın Ermənistana verilməsinin qarşısını almışdı. Stalin Mikoyan cütlüyü qərara alanda ki Bakı Rusiyaya birləşdirilsin, qalan ərazilərdən isə əhali Sibirə və Qazaxıstana köçürülsün, Bağırov bunun da qarşısını ala bilmişdi.
Biz kiminsə üstünə gedəndə onun xalqı üçün elədiklərini unudur, yalnız bəzi işlərini qabardırıq. Bir misal deyim, Mikoyan Ermənistan və ermənilər üçün böyük işlər görüb. 1937-ci ildə Ermənistan Nazirlər kabinetinin sədri Saak Ter-Qabrielyan naməlum şəraitdə öldürüləndə Stalin məsələni araşdırmaq üçün Malenkovun başçılığı altında Ermənistana komissiya göndərir. Komissiyanın işi Stalini razı salmır, bu dəfə Mikoyanın başıçılığı altında komissiya göndərir və Mikoyan Yerevana çatan kimi də Stalinə məktub yazıb, güllələnənlər üçün müəyyən edilən kvotanya daha 700 nəfər əlavə edilməsinə icazə istəyir. Sonra isə bu rəqəmi 1500-ə qaldırırlar. Mikoyan, erməni, ermənilərin əsas hamisi! Amma ermənilər onu bizim Bağırovu lənətlədiyimiz qədər lənətləmirlər.
Yenə deyirəm, bütün hallarda o dəvrdəki söz adamlarına, dövlət xadimlərinə qiymət verəndə tələsmək lazım deyil. Hərtərəfli qiymət vermək lazımdır. Zamanın şərtlərini, rejimin tələblərini, nəyə qadir olduğunu, repressiya mexanizminin necə işlədiyini nəzərə almaqla. Yoxsa filan qəzetdə belə yazıb, filan yerdə belə çıxış edib, mənasız demoqoqiyadır.
Qiymət