Aslan Quliyev: «Seyran Səxavət hekayəmi çap eləmirdi ki, qəhrəman sərxoşdur».
— Aslan müəllim, siz ədəbiyyata səksəninci illərdə gəlmisiniz. Sizin nəslinizi, müəyyən mənada, itirilmiş nəsil də adlandırmaq olar. Yaşıdlarınızdan çoxusu doxsanıncı illərin durğunluğunda ədəbiyyatdan uzaqlaşdı. Siz qalan azsaylı yazıçılardan oldunuz. Mümkünsə, ədəbiyyata gəldiyiniz dövr haqqında bir az danışardınız. Gənc nəsil üçün də maraqlı olar.
— Ədəbiyyata gəlmək deyəndə ki, hərdən fikirləşirəm, mən ədəbiyyata gəlməyə çox çalışdım, amma heç indinin özündə də gələ bilməmişəm. Əsgərlikdən qayıdandan sonra yazmağa başladım. Kənddə yaşayırdım onda. On-on beş günə bir roman yazırdım. Bu, mənə əyləncə kimi gəlirdi. Demirəm ki, yazdıqlarımın bədii səviyyəsi çox yüksək idi, yox, amma yazmaq mənim üçün adi bir şey idi. Yazırdım, Martin İden kimi ölkədəki bütün qəzetlərə, jurnallara göndərirdim, hamısı da çap etməkdən imtina edirdi, azacıq ümid yeri də qoymurdu.
Qoca şturman — Saşa Sokolovun hekayəsi — Azərbaycan dilində ilk dəfə
Ana dörd uşağını niyə atmışdı?
Cəhənnəm qadını ledi Betti — Həmid Piriyevin yeni hekayəsi
— Səbəb kimi nəsə göstərirdilər, yoxsa sadəcə imtina edirdilər?
— Sadəcə imtina edirdilər. Hərdən “bədii cəhətdən zəifdi”, “bunu siz yazmamısınız”, “kimisə təqlid eləmisiniz” kimi şeylər deyirdilər… Yeddi-səkkiz il keçdi. Çap olunmamaq məni ruhdan salmışdı… Gəl səninçün bir şey danışım, bunu birinci dəfə sənə deyirəm. Bir dəfə atam soruşdu ki, nə olub sənə, kefin yoxdur? Dedim, yazıram, çap eləmirlər. Soruşdu, nə üçün çap eləmirlər? Dedim, mənim adamım-filanım yoxdur da, ona görə. Dedi, Sabir bu işə baxır da. Mənim atamla Sabir Rüstəmxanlının anası xalaoğlu-xalaqızıdı. Atam mindi atına, Sabirin anasının yanına getdi. İş həll oldu, ilk kitabım “Bahar küləkləri” çapdan çıxdı. Kitabımın rəyçisi də Rəhim Əliyev idi. Rəhim müəllimin bir hekayə xoşuna gəlməmişdi, onu kitabdan çıxartmışdı, yerinə başqa hekayə saldım, o hekayənin də rəyçisi Vidadi Babanlı oldu.
— Neçə min tirajla çıxdı?
— Yeddi min. “Müəllifin ilk kitabı” seriyası vardı, orda bütün kitablar yeddi min tirajla çıxırdı. Sonra Vilayət Quliyev həmin seriyadan çıxan kitablar haqqında yazı yazdı, iyirmi-iyirmi beş müəllifin içindən bircə məni tənqid elədi. Aslan Quliyev bizə ekzotik koma, ekzotik meşəbəyi, göz yaşları, yumruq davası sırıyır, bunların hamısı sosializm cəmiyyətinə yaddır və s. Bilirsən, indi yüz dənə tənqidi yazı yazsınlar, onların yazıçının taleyində heç bir rolu yoxdur. Amma onda bir yazı bütün qapıları sənin üzünə bağlamaq üçün kifayət idi.
— Bir şeyi dəqiqləşdirim, o kitabdan əvvəl heç yerdə çap olunmamışdınız?
— Yox, “Bahar küləkləri” çap olunan ilk hekayələrim idi. Düzdür, ondan qabaq bir dəfə “Kənd həyatı” jurnalında bir hekayəm çap olunmuşdu. Bu jurnalda hər rayondan yazıçı-şairlər çap edirdilər. Növbə bizim rayona çatanda “Mart” adında hekayə yazıb göndərdim. Jurnal gəldi. Bəlkə də, inanmayacaqsan, açıb baxdım, hekayədən təkcə adı qalmışdı. Jurnaldakılar nə üçünsə hekayəmi atmışdılar bir qırağa, özlərindən təzə hekayə yazıb mənim adımla vermişdilər. Sonluğu da belə bitirdi: “Sevgilisi qıza deyir, sən çox gözəlsən, amma kəndimiz səndən də gözəldir”. Təsəvvür edirsən? Aslan Quliyevin adından belə bir hekayə gedib. Başqa heç nə. Sonra ikinci kitabın materialını qovluqda götürüb getdim Vilayət Quliyevin yanına. Dedim, oxu, fikrini de. Kitab çap olunandan sonra tənqid etməyin yolumu bağlayır. Dedi, yaxşı, sənə söz verirəm, necə var, elə də yazacağam. Özüm də aparıb nəşriyyata verəcəyəm, sən heç gəlmə. Dediyi kimi, yazıb verdi nəşriyyata. Bir də gördüm, Mustafa Çəmənli məni çağırır. Mustafa o vaxt nəşriyyatda nəsr şöbəsinin müdiri idi. Sabir Rüstəmxanlı artıq getmişdi nəşriyyatdan. Mustafa dedi ki, Vilayət çox təntənəli rəy yazıb, kitabını ikinci rəyçiyə göndəririk. Verdilər Akif Hüseynova. Üç-dörd aydan sonra Mustafa yenə məni çağırdı, dedi, Akif Hüseynov bəyənməyib, mənfi rəy yazıb. Məsələn, yazmışam ki, oğlan ağlayırdı. Akif altından xətt çəkmişdi, yanından üç-dörd dənə nida qoyub yazmışdı ki, göstər də necə ağlayır. Bilmirəm mən kino çəkirdim, ya yazı yazırdım. Nəsə, hər səhifədə belə qeydlər yazmışdı, ağ yer qoymamışdı. Getdim Vidadi Babanlının yanına, vəziyyəti danışdım. Mustafa Çəmənlini çağırdı, soruşdu ki, Vilayet Quliyev rəy yazıbsa, kitabı niyə ikinci dəfə Akif Hüseynova göndərmisən? Mustafa dedi, Vilayət çox şişirdib Aslanı. Vidadi soruşdu ki, sənə kim deyib ki, Akif Vilayətdən böyük tənqidçidir? Mənə dedi ki, get, narahat olma. Kitabı gecə özüm oxuyacağam. Səhər gələrsən. Səhər gəldim, Vidadi dedi ki, kitabı bütün oxumadım, amma lazım olan yerlərini oxudum. Heç kim sənin qabağını kəsə bilməz. Kitabın çap olunacaq. O çap olunan, bu çap olunan, kitab çap olunmadı. Neçə ildən sonra Əkrəm Əylisli qovluğu qaytardı mənə. Sovet vaxtı başqa heç nəyim çap olunmadı. Bilirsən, indi durub deyirlər ki, biz dissident idik. Bütün komsomol mükafatlarını almışdılar, ev-eşik almışdılar, kitabları çap olunurdu, amma indi deyirlər, dissident idik. Belə şey olmur axı. Bax, həmin adamlar mənim hekayələrimi çap eləmirdilər. Çünki hekayəmin axırında personaj deyirdi ki, lənətə gəlsin belə həyat. Sosializm cəmiyyətində belə şey yazmaq olmazdı axı. Bir dəfə də hekayəmi vermişdim “Ulduz”a, Seyran Səxavət çap eləmirdi ki, hekayənin qəhrəmanı sərxoşdur. Sabirə dedim, o da Seyranla danışdı, amma yenə çap eləmədilər. İndi mən bunları danışanda, yazanda zəng edirlər, deyirlər, niyə yazırsan bunları? Unudaq getsin. Niyə unudaq? Həmid, bu mənim həyatımdır. Bir şeyi də danışım. “Zəng çiçəkləri” povestimi apardım “Yazıçı” nəşriyyatına. Sabir dedi ki, nəsr şöbəsində Elçin adlı oğlan var, ver povesti ona, oxuyub cavab desin. Nə desə, odur. Üç gündən sonra Elçin çağırdı, getdim, ovcuma baxdı, dedi ki, sənin ovcundakı izlər bir-birinə paralel deyil, bu da o deməkdir ki, səndən heç vaxt yazıçı olmayacaq. Çox yazacaqsan, amma heç vaxt heç yerdə çap olunmayacaqsan. Soruşdum ki, povesti oxumusan? Dedi, oxumağa ehtiyac yoxdur ki, gördüm də nə var, nə yox. Amma onun peyğəmbərliyi düz çıxdı. Çox yazdım, alınmadı. Bunların hamısını “Onlar məni öldürdü” xatirə yazımda yazmışam.
— Amma hər halda, yazmağa davam edirdiniz?
— Yazırdım, hə. İkinci kitabın çapı alınmayandan sonra, ümumiyyətlə, həvəsdən düşdüm. Çap eləmirdilər də, zorla deyil ki. Heç bir qəzet, heç bir jurnal yaxına buraxmırdı. Çox yorulurdum, mənasız işlə məşğul olurdum. Yığıb bütün yazdıqlarımı yandırdım. Hamısı doxsan altı vərəqlik dəftərlər idi, bir çamadan. Hamısını yığdım, bir qış axşamı yandırdım.
— Hansı əsərlər var idi o çamadanda?
— Səkkiz-doqquz roman idi, on-on iki povest, qalanı hekayələr. Demirəm ki, onların hamısı inci idi, amma sən yazıçını niyə məcbur eləməlisən ki, illərinin zəhmətini yandırsın? Özümə söz verdim ki, bir də yazmayacağam. Amma bacarmadım. Səhv addım idi, yandırmamalıydım…
— Nə qədər sonra yazmağa başladınız?
— Bir il, il yarım sonra. Çox çəkmədi. Çünki, istəməsən də, başında yüzlərlə mövzu dolaşır, səsləri eşidirsən, rəngləri görürsən, işığı duyursan. Bunları yazıya gətirməlisən axı. Olmayanda da gecələr yata bilmirsən, dincliyin pozulur. Yenə yazmağa başladım. İkinci kitabım “Serjant mülki geyimdə” sponsor hesabına çap olundu.
— Yazmağa başlayanda ilk yazdığınız nə oldu?
— Roman yazdım. Səhv eləmirəmsə, adı “Beşyarpaq yonca” idi.
— Bəs ikinci dəfə yazmağa başlayandan sonra sizi kim həvəsləndirdi, nə həvəsləndirdi?
— Ədəbiyyatda mənim bir müəllimim olub, o da Rəhim Əliyev. O, ilk kitabıma rəy yazmışdı, rəy yazmaqla da kifayətlənməmişdi, hər hekayənin üstünə qeyd yazdığı sarı kağızlar yapışdırmışdı. Mənə demişdilər ki, rəyçini “görmək” lazımdı. Mən belə şeyləri bilmirdim. Getdim, Tapdım Rəhimi, yedik-içdik. Qış idi, lopa-lopa qar yağırdı. Şam meşəliyinə getdim, qarın içindən pöhrə görünürdü, onu çıxarıb paltomun cibinə qoydum, aparıb Yardımlıdakı həyətimdə əkdim. İndi böyük ağacdı… Bununla da Rəhimlə dostluğumuz başladı. O vaxtdan indiyə kimi daimi əlaqə saxlayırıq. Sənə adi misal deyim. Heç yerdə çap olunmadığım vaxtlarda “Solğun şüa” romanımı poçtla Rəhimə göndərmişdim. Makinada yığdırmışdım, yeddi yüz səhifəlik roman idi. Üstündən iki həftə keçmiş Rəhimdən yeddi səhifəlik məktub gəldi, əlyazmada. Orda hər şeyi qeyd eləmişdi, mənim haqqımda, yazılarım haqqında və yazdıqları hamısı da düz idi. Rəhim vasitəsiylə Nadir Cabbarovu da tanımışam, o da çox gözəl tənqidçi idi. Bir şey də danışım, bəlkə, maraqlı olar. O vaxt Yazıçılar Birliyinə üzv olanda Sabir Rüstəmxanlı ilə Rəhim Əliyev zəmanət yazdı. Amma Nadirdən ala bilmirdim. Hər dəfə gedirdim, yazmırdı. Axır dedi ki, niyə mənə əzab verirsən? Özün yaz, gətir, qol çəkim. Yazıb apardım, oxudu, dedi ki, mən yazmayanda daha yaxşı yazıram… Hər dəfə şəhərə gələndə Rəhimlə görüşürdüm. Məni çox sərt tənqid edirdi, hər dəfə onun yanından çıxanda söz verirdim ki, bir də bura gəlməyim. Qayıdırdım rayona, bir ay keçirdi, fikirləşirdim ki, düz deyir hamısını. Gələndə yenə görüşürdüm.
— Sonra “Azərbaycan” jurnalında çap olunmağa başladınız.
— Hə. Povestimi göndərmişdim ora. Sonra İntiqam Qasımzadə mənə dedi ki, Ramiz Rövşən gəlmişdi, səni xeyli təriflədi, povestini ondan sonra verdik. Ramiz Rövşənlə tanışlığımız yox idi. Onunla birinci dəfə illər sonra, qızımın toyunda görüşdük. Dedim ki, o vaxt siz deyəndən sonra povestimi çap eləmişdilər. Dedi, bəs sən bilmirsən ki, mən sənin qədim oxucunam?
— Müasir ədəbiyyatımızda ən bəyəndiyiniz əsər hansıdır?
— Rəhim Əliyevin “Tağ ev” romanıdır. O tarix haqqında hələ heç kim yazmamışdı. Çox istəyərdim ki, sən, Rəhim müəllim, mən – üçümüz o romanda adları çəkilən yerlərə gedək, gəzək. Açıq deyim, onun əvvəlki hekayələrini oxuyanda fikirləşirdim ki, tənqidçi kimi daha yaxşıdır. Amma “Tağ ev”i oxuyandan sonra gördüm ki, tənqidçi kimi də, nasir kimi də yerindədir. Romanda Rəhimə xas enerji var.
— Dediniz ki, Yazıçılar Birliyinin üzvüsünüz. Münasibətiniz necədir birliklə?
— O vaxt Anar Yardımlı rayonundan deputat seçilmişdi. Onunla görüşə mən də getmişdim, rayonda nə var, nə yox, danışmışdım. Sonra Rəhim mənim haqqımda “Əşirət xəstəliyi” adında məqalə yazdı. Məqalədə yazmışdı ki, Aslan Quliyev müasir ədəbiyyatımızdakı birinci şəxsdir və bundan yuxarı məqam yoxdur. Bu fikirlə razı deyiləm, amma yazmışdı da. Ondan sonra Anarın mənə münasibəti dəyişdi. Əsəd Cahangir də mənim haqqımda “Başqaları və Aslan Quliyev” məqaləsini yazdı, verdi “Azərbaycan” jurnalına. O yazıya görə jurnalı üç ay buraxmadılar. Sonra çıxanda yazı oldu “Başqaları”. Məni çıxartdılar ordan. Söhbət budur. Bunları demək lazımdır, yazmaq lazımdır.
— Deyəsən, Türkiyədə çıxan antologiyadan da çıxartmışdılar sizi.
— İmdat Avşar tərcümə eləmişdi yazılarımı. Amma nə üçünsə, çap olunmurdu. Başqaları çap olunurdu, mən yox. Sonra Ömər Memetoğlu Bakıya gəldi, o da mənim tərcüməçilərimdəndi. Soruşdu ki, sənin yazıların niyə çap olunmur? Dedim, bilmirəm. Dedi ki, gedəndə maraqlanaram. Qayıtdı Türkiyəyə, bir həftədən sonra “Köpək balıqları” romanım orda çap olundu. Türkiyədə ən çox yayılan romanım da o oldu. Türkiyəyə çox gedirdim, sərgilərdə iştirak edirdim. Böyük planlarımız var idi, amma əvvəlcə pandemiya girdi araya, sonra zəlzələ. Hər şey qaldı.
— Sizin bəzi romanlarınız heç Azərbaycanda çap olunmayıb, birbaşa Türkiyədə çıxıb.
— Elədir. Abdulkadir vardı, romanlarımı, demək olar, pulsuz tərcümə edirdi. “Ayı və kazyol” romanımı da o tərcümə eləmişdi. Cavan oğlan idi, Azərbaycandan təxminən əlli müəllifi tərcümə eləmişdi. Zəlzələdə bütün ailəsiylə öldü. Otuz üç yaşı vardı. Həyatımın ən ağır anlarından idi. Bu barədə heç danışmaq istəmirəm. Beş dənə kitabım çıxdı orda, altıncısına razı olmadım. Abdulkadirdən sonra çap olunmaq ağır gəldi mənə. Özü də sənə deyim ki, Türkiyədə çap olunmaq çətindi. Əvvəlcə romanı tərcümə etdirməlisən, sonra nəşriyyat baxmalıdı. O da çap edəcək, etməyəcək, bilinmir. Çünki səndən qabaq orda çap olunan imkanlı yazıçılar nüfuzumuzu salıb. Naşir baxır kitaba, deyir ki, əfəndim, çox gözəldir, amma sizdən qabaq çap etdiyimiz azərbaycanlı müəlliflərə görə, çap edə bilmərik. Oxucu kitabı açıb Azərbaycan sözünü görən kimi, qatlayıb qoyur qırağa. Türkiyədə Azərbaycan yazıçılarına qətiyyən maraq yoxdur. SSRİ vaxtı burda qabağımızı kəsən yazıçılar, indi də orda kəsir. Pulları var, çap olunub bizim ədəbiyyatı gözdən salırlar. Gir saytlarda bax da, on ildir kitabı çıxıb, iki-üç dənəsi satılıb. Amma gəlir burda deyir ki, romanım Türkiyədə rezonans doğurub… Mənim iki romanımı Türkiyə Mədəniyyət Nazirliyi alıb böyük tirajla. “Türk əsgəri” hekayəmə görə yüzlərlə məktub almışam. Hamısı da gözəl sözlər yazıb. Amma “Türk əsgəri”ni burda “Ədəbiyyat qəzeti” çap eləmədi, Azər Turan qorxdu. Mənə dedi, burda yazmısan ki, türk əsgəri gəlib Azərbaycanda döyüşür, bunu axı ermənilər də oxuyur. Oxuyur oxusun da. Ermənilər Fransadan, Amerikadan gələn döyüşçülərə heykəl qoyublar. Sən niyə qorxursan?
— Haqqınızda başqa yazanlar olub?
— Rəhimi, Əsədi dedim. Vaqif Yusifli “Keçmiş döyüşçü və oğlan” haqqında üç qəzet səhifəsi həcmində yazı yazmışdı. Günel Əskərova bu il Əlabbasın, Azad Qaradərəlinin və mənim romanlarım haqqında dissertasiya müdafiə elədi. O da Tehran Əlişanoğlu ordadı deyə, məni o kitaba saldılar… Bilirsən, o vaxt Hans Xristian Andersen deyirdi ki, mən Danimarka ədəbiyyatının uzaq və ögey qohumuyam. Amma mən Azərbaycan ədəbiyyatının heç uzaq və ögey qohumu da deyiləm, mənim heç Azərbaycan ədəbiyyatına dəxlim yoxdur. “Müasir Azərbaycan ədəbiyyatı” adında kitab çap ediblər. Mən orda yoxam. Yoxamsa, demək ədəbiyyata dəxlim yoxdur da.
Həmid Piriyev, Kulis.az