İllərin səltənətindən adlayıb bugünümüzə gəlib çatmış Aşıq poeziyasından söhbət açarkən ilk olaraq Aşıq Qurbani yada düşür, sonra da bu sırada Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım, Sarı Aşıq, Molla Cuma, Aşıq Valeh, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Hüseyn Bozalqanlı, Aşıq Şəmşir, Aşıq Əmrah Gülməmmədov, Aşıq Hüseyn Saraçlı, Aşıq Kamandar Əfəndiyev, Aşıq Şakir, Aşıq Pənah, Aşıq Bəylər, Aşıq Mikayıl Azaflı, Aşıq İmran Həsənov və Aşıq Əkbər Cəfərov da yer tutr. Bu ustad aşıqlar uzaq-yaxın tariximizin sənət fədailəridir – hər birinin özünəməxsus sənət yolu, öz yaradıcılıq dəsti-xətti olub…
Təbii ki, Aşıq sənətinin ucalıqlarından bəhs edərkən Tovuz Aşıq məktəbinin görkəmli davamçısı, saz-söz sənətinin ölməz dühası Aşıq Əkbər Cəfərovun zəngin yaradıcılığından söhbət açmaya bilmirsən. Əslində, məqsədimiz bu günlərdə 90 illik yubileyi olacaq, yaddaşımızda artıq bir məktəbə çevrilmiş Əkbər Cəfərov — böyük sənəti ilə daim diqqət mərkəzində olmuşdur. Məqsədimiz misilsiz ozan haqda söhbət açmaq, onun yaradıcılığı barədə yazı yazmaq, dəyərli sənətini bir daha Aşıq poeziyasını sevənlərə təqdim etməkdir.
Məlum olduğu kimi, görkəmli saz, söz ustası Aşıq Əkbər Cəfərovun 90 illik yubileyi ilə əlaqədar hazırlıq işləri gedir. Bu mövzuda bir neçə dəfə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı ilə görüşüb söhbət etdik. Məhərrəm müəllim söhbət əsnasında bildirdi ki, Aşıq Əkbərin 90 illik yubileyi həm boya-başa çatdığı Tovuz rayonunda, həm də Bakı şəhərində çox yüksək səviyyədə qeyd olunacaq. Bu günlərdə Şəmkirdə yaşayan bir dostumdan eşitdim ki, Tovuzda Aşıq Əkbər Cəfərovun 90 illik yubileyi münasibətilə hazırlıq işləri görülür…
Aşıq Əkbər Cəfərov yaradıcı aşıqdır. Onun həm ifaçılıq bacarığı, həm də yaradıcı ruhu aşıq sənətinə misilsiz töhfədir. Onun kimi bir ozan haqqında istəkli oxucularımıza məlumat verməyi özümə borc bilirəm.
Aşıq Əkbər Cəfərov 1933-cü ildə Tovuz rayonunun Bozalqanlı kəndində Zərbəli kişinin ocağında dünyaya gəlmişdi. Erkən yaşlarından el-obanın toy şənliklərində aşıqlara qulaq asmış, məşhur zurnaçı Lələni, balabançı İbrahimi, dəfçi Mikayılı dinləmiş, onların ifaçılığına vurulmuş və onlardan çox şey əxz etmişdir. Beləliklə, balaca Əkbər ilk sənət ruhunu yastı balaban çalmaqla başlamışdır. Balabanın qəlbinə yatan sehrli sədaları onu Aşıq sənətinin ecazkar dünyasına yaxınlaşdırmışdır. Sonra ustad aşıqların yanında şəyirdliyə başlamışdır. Aşıq Əkbərin ilk ustadı Aşıq Hüseyn Bozalqanlının bacısı oğlu Aşıq Qədir İsmayılov olmuşdur.
Əkbəri el şənliklərində aşıq formasında görən insanlar — Ayə, bu, bizim balabançı Əkbərdi ki… — deyirmişlər. Aşıq Mirzə Bayramov, Aşıq Yusif Yusifov, Aşıq Mikayıl Azaflı kimi ustadlar gənc Əkbərə öz xeyir-dualarını veriblər. Ustadı Aşıq Qədir İsmayılov isə ömürünün sonuna qədər Aşıq Əkbər Cəfərovdan ayrılmayıb.
Mən Azərbaycan aşıq sənətinə kifayət qədər bələd olan bir insan kimi, Aşıq Əkbərin sənətə gəlib, bu meydanda necə “at oynatdığına”, hörmət-izzətlə qarşılanıb, hər ifasından sonra sürəkli alqışlarla qarşılanmasına dəfələrlə şahid olmuşam. Aşıq Əkbərin el şənliklərində, toyda-nişanda ifa zamanı vurduğu zəngulələr, oxuduğu müxtəlif havacatları yerli-yerində ifa etməsi hələ də onun pərəstişkarlarının yaddaşından silinməyib.
Aşıq Əkbərin anası Gədəbəy rayonunun Şınıx mahalının Hacılar kəndindəndir. Əkbərin Şınıx mahalına olan sevgisi «Şınıxa gəlsin» qoşmasında da özünü aşkar büruzə verir:
…Əkbər də çox görüb cavan yaşında,
Kəklik ötür hər xınalı daşında.
Kimin meyli varsa, bulaq başında
Çiyələk dərməyə Şınıxa gəlsin.
Şınıx camaatını, bu mahalı yaxından tanıdığı üçün sakinlər Aşıq Əkbər Cəfərova xüsusi rəğbət bəsləyir və onun əvəzsiz səsinin vurğununa çevrilirlər. Beləliklə, Aşıq Əkbər, Aşıq Əlxan və balabançı Müseyib üçlüyü bu mahalda düzənlənən toyların yaraşığı olur.
Aşıq Əkbər həm respublika daxilində, həm də kənarda keçirilən müxtəlif festivallarda fəal iştirak etmiş, Azərbaycanın Aşıq sənətinə uğurlar qazandırmışdır. O, 1956-cı ildə Azərbaycanda keçirilən I Ümumittifaq Xalq Yaradıcılığı Festivalında qızıl medala və I dərəcəli laureat adına layiq görülür. 1957-ci ildə Moskvada keçirilən VI Ümumdünya festivalına dəvət alır və qızıl medalla təltif olunur. Festivalda qazandığı uğura görə 1967-ci ildə ona Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə «Azərbaycan SSR-in Əməkdar Mədəniyyət İşçisi» fəxri adı verilir.
Aşıq Əkbər Cəfərov 1975-ci ildə I Ümumittifaq Folklor Festivalının laureatı, 1977-1979-cu illərdə gənc aşıqlar festivalının laureatı, 1984-cü ildə Polşada keçirilən XI Beynəlxalq Folklor Festivalının laureatı, 1987-ci ildə Almaniyada keçirilən Aşıqlar Festivalının qalibi olur. Qazandığı dörd qızıl medalı da bu uğurların sırasına daxil etmək olar.
Bir neçə gün əvvəl Azərbaycan televiziyasının «Mədəniyyət» kanalında Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlının növbəti verilişi Aşıq Əkbər Cəfərovun 90 illik yubileyinə həsr edilmişdi. Verilişə Əkbərsayağı oxuyan orta və gənc nəslin aşıqları dəvət olunmuşdu. Tamaşa etdikcə bəlli oldu ki, onlar çox yüksək səviyyədə Aşıq Əkbərin yolunu mənimsəyiblər və təbliğ edirlər. Həmin verilişdə Məhərrəm müəllim çox doğru olaraq qeyd etdi ki, Aşıq Əkbərə el arasında «Zilxan» təxəllüsü verilmişdi, o, nadir aşıqlardan idi ki, hər üç (zil, bəm, orta) köklərdə həm çalır, həm də oxuyurdu…
Aşıq Əkbər Cəfərov dediyimiz kimi, həm də yaradıcı aşıq idi. O, Aşıq şeirinin bütün janrlarında qələmini sınamışdır. Onun yazdığı qoşma, gəraylı, təcnis, divani, müxəmməs aşıqların dilinin əzbəridir. Bu da Aşıq Əkbər Cəfərovun Aşıq sənətinin bütün incəliklərinə bələd olduğunu təsdiqləyir.
Gözümü açanda, ağlım kəsəndə,
Yurdumuz uçurdu qəmi, — dedilər.
Doğuldum Kür üstə, seyr etdim Kürü,
— Suyun üzündədir gəmi, — dedilər.
Sancıldım yurduma, göstərdim, bitdim,
Boy atdım, böyüdüm, məclisə getdim.
Mən sazı özümə havadar etdim,
— Asıq, bizə çal «Kərəmi», — dedilər.
Qarşıladım neçə-neçə yazları,
Yaş ötdükcə təzələdim sazları.
Dünən əmi dediyimin qızları,
Bu gün mənə — «Əkbər əmi», — dedilər.
Və yaxud başqa bir qoşmasında ustad Aşıq yazır:
Saz sənəti eşqim təki təmizdi,
Hərbə-zorba qıfılbəndlə əkizdi,
Deyən olsa «Misri», «Cəngi» qəlizdi,
Bu meydanda sən Əkbəri nişan ver.
Aşıq Əkbərin zəngin yaradıcılığı onun ərsəyə gətirdiyi «İşıqlı tellər» və «Saz danışanda» kitabları öz əksini tapmışdır.
Aşıq Əkbər Zərbalı oğlu Cəfərov 24 avqust 1990-cı ildə — 57 yaşında bu fani dünyaya “əlvida” deyib ulu Tanrının dərgahına qovuşdu. Yaradıcılığının coşub-daşan, bulaq kimi çağlayan vədəsində dünyadan köç etdi. Amma böyük bir irs qoyub getdi. O, öz səsinin sədaları altında — «Laylamı sən çalarsan, ay Mirzə dayı» avazının müşayiəti ilə Bozalqanlı kənd qəbiristanlığında ustadı Aşıq Qədir İsmayılovun yanında torpağa tapşırıldı.
Allah rəhmət etsin, ruhu şad olsun!
Unutmamalıyıq ki, Azərbaycan Aşıq sənətini zənginləşdirən ozan, yaradıcı – şair aşıqlardan idi Aşıq Əkbər. Onun bir neçə Azərbaycan filmində obrazlaşdırılması sənət üçün örnək addımdır və nə yaxşı ki, o filmlərdə Aşıq Əkbərin şaqraq-məftunedici səsi bu gün də pərvaz edir.
Dövlətimizə minnətdaram ki, görkəmli saz-söz fədaisi, ustad ozan Aşıq Əkbərin 90 illik yubileyinin keçirilməsi ilə əlaqədar sərəncam imzalayıb. Bu, olduqca təqdir olunası haldır və Aşıq Əkbərin fonunda bütün Aşıq sənətinə verilən misilsiz dəyərdir.
Bəli, hələ bundan neçə əsr sonra da Aşıq Əkbər yaradıcılığı, Aşıq Əkbər səsi könülləri fəth edəcək. Buna şübhəm
yoxdur.
Hüseyn İsaoğlu (Məmmədov),
AYB və AJB-nin üzvü.