ARZU HEYDƏROVA «OĞURLUQ DƏRMANI» (hekayə)

Ədəbiyyat

Real həyat hekayəsi

 

‐Nənə, həyətə düşmək istəyirəm, sən də gəl mənimlə, nolar?! Asim dayıgilin həyətindəki ördəklərə baxmaq istəyirəm.

Bayaqdan bəri altı yaşlı Zəhra beləcə nənəsini tələsdirir, həyətə düşməyə can atırdı. Nənəsinə o qədər alışmışdı ki, onsuz həyətə getmək istəmirdi. Heç nənə də buna icazə vermirdi. Zəhra icazəsiz həyətə düşəndə belə, nənə mətbəxdəki işlərini yarımçıq saxlayıb tez aşağı enir, nəvəsini bir an belə gözdən qoymaq istəmirdi. Həyətdə ağaclar, müxtəlif adda bitkilər var idi deyə, Rəna xanım nəvəsinin bir təhlükə ilə üzləşəcəyindən ehtiyat edirdi.

Onlar birmərtəbəli həyət evində kirayənişin idilər. Bu evə yeni köçdüklərində ev sahibi ilə beşillik müqavilə bağlamışdılar. Ev sahibi Cəfər adlı «yeraz», yəni erməni-müsəlman münaqişəsinə görə məcburiyyət qarşısında qalıb Yerevandan köçüb gələn azərbaycanlılardan biri idi. O, bir neçə məhəllədə hamısı eyni formada olan evlər tikdirib kirayəyə vermişdi. Rəna xanımın ailəsi ilə birlikdə yaşadığı ev Nübar qəsəbəsində yerləşirdi. Geniş həyətdən və hər cür şəraitlə təmin olunmuş üç otaqdan ibarət olan evin mətbəxində son standartlara cavab verən mebeli, həyətində su çəni, darvazası vardı, tam təmirliydi. Bu evdə Rəna xanım həyat yoldaşı və iki oğlu ilə birgə yaşayırdı. Qızları ailə qurub Bakının digər rayonlarına köçmüşdülər. Uzun illər Binə qəsəbəsində yaşayan ailənin üç üzvü, Rəna xanımın həyat yoldaşının və iki oğlunun iş yeri bu qəsəbədə idi. Bu səbəbdən onlar iş yerinə yaxın bir ərazi sorağı ilə qəsəbəyə gəlib çıxmış və kirayə etdikləri evdə məskunlaşmışdılar.

Zəhra da, Rəna xanımın digər nəvələri də tez‐tez bu evin qonağı olurdular. Beş uşaq böyüdən Rəna xanım övladlarına qarşı çox tələbkar, həm də onları böyük məhəbbətlə sevən bir ana olmuşdusa da, övladlarını ürəyi istəyən kimi firavan böyüdə bilməmiş, zamanında onları nə bir gəzintiyə, nə də istirahət məkanlarına aparmaq barədə düşünməyə belə macalı olmamışdı. O, bunu heç zaman unutmur, ən azından nəvələrini Bakının görməli yerlərinə aparıb gəzdirməklə, sanki o illərin hayıfını çıxırdı. İşinin çox olmasına, yorğunluğuna baxmayaraq, mütləq vaxt tapıb nəvələrini parka, bulvara, əyləncə mərkəzlərinə, Qobustan qayalıqlarına, muzeylərə, Yanardağa aparır, müxtəlif alış‐veriş mərkəzlərinə kimi gəzdirir, onların hər bir məkan haqqında məlumatlı olmasını istəyirdi.

Zəhra Rəna nənənin və Arif babanın ən kiçik nəvəsi idi. Aylarla onların yanında qalır, maraqlı günlər keçirirdi. Onun çox sevdiyi ördəklər isə qonşu Asimgilin həyətində idi. Onlar da eyni həyətin kirayənişinləri idilər, amma həyəti məftildən hörülmüş setka ilə hasara almışdılar ki, toyuq‐cücələr, ördəklər qonşunun həyətinə keçməsinlər. Kiçik Zəhra bapbalaca, sapsarı ördək balalarına baxmaqdan doymurdu.

Bu gün də belə adi günlərdən biri idi ki, Zəhra nənəsinin işlərini tez bitirib onunla həyətə düşməsini israr edirdi. İşlərini tam bitirməsə də, Rəna xanım razılaşıb nəvəsi ilə birlikdə həyətə düşdü. Qonşuluqda yaşayan Səbinəgilin pəncərəsi onların həyətinə açılırdı. Səbinə pəncərədə dayanmışdı, Rəna xanım onunla salamlaşıb pəncərə ilə üzbəüz olan kiçik səkinin üstündə oturdu. Asim dayının ördəkləri görünmürdülər. Zəhra başını həyətin bir tərəfində səliqə ilə əkilmiş gül-çiçəklərə baxmaqla qatır, Rəna xanım da Səbinə ilə söhbət edir, nəvəsinin çox darıxdığını söyləyirdi:

‐Həmişə bacısı ilə gəlirdi, ikilikdə oynayıb başlarını qatırdılar, bu dəfə tək gəlib uşaq, bilmir nə etsin. Tapşırmışam ki, otluğa tərəf getməsin, birdən ilan‐çayan olar. Həm də su sevəndir. Bağa girdisə, krantı açıb üst‐başı islanana qədər sudan çəkilməyəcək, məcburam ki, nəzarət edim.

‐Zəhra, televizorda qəşəng cizgi filmi gedir, «Maşa və ayı». Baxmaq istəyirsənsə, gəl bax, ‐ deyə, Səbinə Zəhraya səsləndi.

Zəhra bu sözləri eşidib nənəsinə baxdı, şübhəsiz ki, gözləri ilə nənəsinə «Gedimmi?» sualını verirdi.

Nənəsi onu çox gözlətməyib dedi:

-Get, ürəyim, mən buradayam, hələ evə getmirəm.

Zəhra darvazanı açıb küçəyə çıxdı. Onların evləri də, darvazaları da bir‐birinə çox yaxın idi. Küçənin qarşı tərəfində, darvazası onların darvazası ilə üzbəüz olan evdə yaşayanlar erməni işğalı nəticəsində doğma yurd‐yuvalarını tərk etmiş Qarabağ qaçqınları idilər ki, o evə yalnız yay aylarında gəlirdilər. Küçədə gediş‐gəliş olmurdu. Hərdən Səbinə zarafatla deyirdi ki, kirayənişin olsaq da, bu küçədə qayda‐qanuna biz nəzarət edirik. Buralar insan ayağının az dəydiyi, gəlib‐gedənlərin az olduğu bir məhəllə idi.

Zəhra cizgi filminə baxdığı müddətdə Səbinə pəncərədən çəkilməyib Rəna xanımla söhbətinə davam edirdi. Rəna xanım söhbət etsə də, televizorun səsini o da eşidirdi.

Beləcə, yarım saata yaxın vaxt keçdi, cizgi filmi qurtardı. Deyəsən, Zəhra gəlmək istəmirdi. Televizorun səsinin kəsildiyini eşidən Rəna xanım işarə ilə Səbinədən soruşdu:

‐ O, nə edir orada?

Səbinə Zəhra eşitməsin deyə, pıçıltıyla dedi:

‐Termonun qabağındakı əşyalarla oynayır, Rəna xala. Qızıllarıma baxır, ən çox da parfumlarımla, kosmetikamla maraqlanır, sizin evdə belə şeylər yoxdur axı, görünür maraqlı gəlib ona.

Rəna xanımın evində doğrudan da heç vaxt kosmetika‐filan olmamışdı. Toyunda belə oğlan evinin gətirdiyi zər‐zibalar, zinət əşyaları, bahalı geyimlər arasında ətirdən başqa kosmetik vasitələrə aid nəsə olmamışdı. O, Zəhranın kosmetik vasitələrlə maraqlanmasına güldü:

‐Allah, Allah, çox maraqlanmasın, indidən aludə olar, bəziləri kimi.

‐Uşaqdır da, Rəna xala, parıltılı nə görsə, gözəl görünəcək ona.

Darvazanın səsinə hər ikisi o səmtə döndülər. Səbinə Zəhranın evdən nə vaxt çıxdığından xəbər tutmamışdı. Zəhra qıpqırmızı qızarmış halda həyətə girdi. Sol əlində nəsə vardı. Gəldiyindən bəri onsuz da Səbinənin nənəsi ilə söhbətə aludə olduğunu görüb ona demədən evindən çıxmışdı, bütün bacarığını işə salıb əlindəkini həm ondan, həm də nənəsindən gizlətmək məqsədilə sürətlə evə tərəf yeridi.

Rəna xanım o eşitməsin deyə, bayaqkı pıçıltıyla Səbinədən:

‐Uşaqdır, bilməz, üzüklərin xoşuna gələr, götürüb gətirər evə, bir bax, gör qızılların yerindədirmi? ‐ soruşdu.

Səbinə başını otağa tərəf çöndərib tez də cavab verdi:

‐Hə, Rəna xala, yerindədir, narahat olmayın.

‐Yaxşı, qızım, mən gedim görüm nəymiş uşağın əlindəki.

Bu söhbət cəmisi bircə dəqiqə çəkmişdi. Rəna xanım qaçaraq evə gəldi. Bilirdi ki, uşaq əlindəkini gizlədəcək və sonra onu tapmaq çətin olacaq. Onun eyvanın qapısını açması ilə Zəhranın qonaq otağındakı servantın qapısını örtməsi eyni anda baş verdi. Qonaq otağının qapısı tam açıq idi və çöl qapı ilə qarşı‐qarşıya olduğundan otağın içərisi aydın görünürdü.

Nənəsinin gəldiyini görən Zəhra tez servantın qabağından çəkilib divana sarı getdi. Qıpqırmızı qızarmışdı. Nənəsinə baxmaq istəmir, sanki onun duyuq düşəcəyindən qorxurdu.

Rəna xanım hədsiz narahat olsa da, bunu uşağa qətiyyən bildirmək istəmirdi. O, altı yaşlı qızcığazdan belə «Əlindəki nə idi?» deyə, soruşmayacaq qədər kübar, yüksək mədəniyyətə malik bir xanım idi. Bu sualı verməklə uşağın qəlbinə toxunacağından ehtiyat edirdi.

‐Nənə qurban, yəqin susamısan, çay gətirimmi sənə? Ya da birlikdə gedib çayı mətbəxdə içək.

‐Yaxşı, nənə, gəlirəm.

Birlikdə mətbəxə gedib çay içdilər. Zəhra yorulmuşdu, onsuz da hər gün günorta saatlarında yatmağa alışmışdı.

‐Nənə, yuxum gəlir.

‐Gedək, yerini rahatlayım, yat, nənənin ürəyi. Oyanandan sonra danışarsan görüm Səbinə xalanın evi xoşuna gəldimi?

‐Hə, onların evi çox qəşəngdir, bir gəlincik vardı, lap Rüqəyya kimi canlıydı. Böyük bir güzgüləri var, qabağı rənglərlə doluydu.

Rəna xanım nəvəsinin gəlinciyi Rüqəyyaya bənzətməsinə güldü. Rüqəyya qonşu Asimin bir yaşlı qızı idi. Amma rənglərin nə olduğunu anlamayan nənə sual verdi:

‐Necə rənglərlə, mələyim?

‐Elə də, televizorda qızlar üzünə vurur ha, onlardan.

‐Bildim, bildim, can. Çox yorulmusan, yat, oyananda danışarıq, yaxşımı?

‐Yaxşı. Nənə, sən mahnı oxu mənə, ya da şeir danış.

‐Hansı şeiri danışım, məsələn?

‐Yaxşısı budur quzunun mahnısını oxu.

‐Yaxşı, sən gözlərini yum ki, mən oxuyanda tez yuxuya gedəsən.

‐Yumdum! ‐ deyib Zəhra gözlərini bərk-bərk yumdu.

Nənə mahnını oxumağa başladı:

 

Yaz gəlir, coşur sular,

Çiçəklənir arzular.

Yayılır çölə, düzə

Körpə‐körpə quzular.

 

Nənənin çox sevdiyi həzin bir nəğmə idi «Quzum, gəl» nəğməsi. Uşaqlıq illərindən yaddaşında qalmışdı. Sözləri kimin idi, musiqisi kimin, bunları çoxdan unutmuşdu. Asta səslə, bir az da aram‐aram oxuyurdu ki, sevimli nəvəsi tez yuxulasın. Günortalar da, axşamlar da Zəhra yatağına uzanıb nənəsinin nağıllarını, şeirlərini, mahnılarını dinləməyə öyrəncəli idi. Ən çox da «Quzum, gəl» nəğməsini. Bu, uşaqlar üçün nəzərdə tutulmuş bir nümunə idi. Zəhra çox diqqətlə qulaq asırdı. Həmişə belə olurdu. Əvvəlcə nənəsi oxumağa başlayanda yuxusu qaçırdı, sonra həzin səsin əmələ gətirdiyi müsiqidən xoşhallanır, yuxuya necə getdiyindən xəbəri olmurdu. Nənə həmişə birinci bəndin nəqaratına çatanda oxumağını dayandırır, diqqətlə nəvəsinin üzünə baxır, yuxuya gedib‐getmədiyini öyrənməyə çalışırdı. Gözlərini yumub özünü yatmış kimi göstərən Zəhra qəfildən gözlərini açıb nənəsinə baxır, gülürdü… Bununla da, hələ yatmaq fikrində olmadığını bildirir, nəğmənin davamını eşitmək istəyirdi. Rəna xanım böyük sevgiylə onun üzündən öpür, saçlarını tumarlayır və oxumağa davam edirdi:

 

Quzum, gəl, ay quzum, gəl,

Ay mənim yalquzum, gəl.

Sənin zərif boynuna

Zınqırovlar düzüm gəl.

 

Mən gəzirəm çəməndə,

Yoldaş ol mənə sən də.

Duyaq yazın ətrini

Nərgizdə, yasəməndə.

 

Mahnının ikinci nəqarətınə çatanda, artıq Zəhra yuxulamışdı. Əllərilə nənəsinin əllərindən möhkəmcə yapışmış, yuxuya getsə də əlləri eləcə qalmışdı. Oyanmasın deyə, Rəna xanım onun əllərini ehmalca əllərindən ayırıb yorğanın altına saldı, ayaqlarının ucunda yeriyərək otaqdan çıxdı. Nə oxuduğu nəğmə, nə də nəğmənin təsiri altında yada düşən xatirələr bayaqkı narahatçılığını azalda bilməmişdi. Qapını örtüb qonaq otağına gəldi. Servantı açıb Zəhraya aid olan dairə şəkilli dəmir qutuya baxdı. Nəvəsinə aid olan bütün kiçik əşyalar o qutuya yığılmışdı ‐ bantiklər, müxtəlif formalı saç rezinləri, buroşkalar və digər bəzək əşyaları. Sözsüz ki, Zəhra Səbinəgildən gətirdiyini bu qutuya qoya bilərdi. Lazım gələndə onlar ikilikdə tez‐tez qutudakı əşyalara baxır, nəsə seçib götürürdülər. Buna görə də Rəna xanım qutudakı yeni əşyanı dərhal təyin etdi və əlinə alıb baxdı. Bu, ağ rəngli mətbəx salfetinə bükülmüş yanaq boyası idi. Görünür, çox kiçik kosmetik qablarda olan toz şəklində boya uşağın diqqətini çəkmiş, həmin boyadan bir çimdik götürüb salfetə tökmüş və evə gətirmişdi, daha doğrusu, “oğurlamışdı”.

Oğurlamışdı… Bunu düşünəndə qadını sanki ildırım vurdu. Salfet əlində quruyub qaldı. Buna nə ad verəcəyini bilmədi. Oğurluq desinmi, deməsinmi? Axı qızcığaz nə qədər kiçik olsa da, etdiyi işin yaxşı bir iş olmadığını anlamış, toz şəkilli yanaq boyasını quru salfet kağıza töküb bükmüş, əlində gizlədərək evə gətirmişdi. Bütün bunları kimsə görməsin deyə, belə etmişdi.

Rəna xanım salfeti əvvəlki formada büķüb qutuya qoydu. Mətbəxə keçdi, bayaq həyətə düşəndə yarımçıq saxladığı işlərin davamını görməyə başladı. Düşüncələr ona imkan vermirdi. Nə etsin, nəvəsinin qəlbinə dəymədən etdiyinin yaxşı bir hərəkət olmadığını ona necə anlatsın?

Qapının zənginə fikirlərdən ayrıldı. Saata baxdı. Böyük oğlu Rasimin işdən qayıdan vaxtıydı. Hər gün evə ən əvvəl o gəlirdi. Ana qapını açmağa tələsdi.

Rasim anasının pərtliyini dərhal hiss etdi. Elə qapıdaca nə baş verdiyini soruşdu. Rəna xanım heç nə söyləmək istəməsə də, bu məqamda ailə üzvlərinin köməyinə ehtiyac duyurdu. Bu, onun üçün kiçik məsələ deyildi və axşamüstü bütün ailə üzvləri bir yerə toplaşan zaman müzakirə ediləcək məsələ də deyildi. Həssas ana qəlbi sevimli nəvəsinin bunu ittiham kimi qəbul etməsinə razı olmurdu. Hətta babası və dayıları bu məsələni zarafat kimi qəbul edib gülə‐gülə yola versələr belə, Zəhranın məsum qəlbinin zədələnəcəyindən qorxurdu. Elə buna görə də bu mövzuda yalnız Rasimlə danışmaq qərarına gəldi. Həm də Zəhra yatmışdı deyə, oğlu ilə rahat danışa bilərdi.

Rasim iş paltarlarını dəyişmiş, vanna otağında əl‐üzünü yuyub mətbəxə keçmişdi. Ana heç nə söyləməsə də, Rasim onun halındakı pəjmürdəliyi hiss etməmiş deyildi. «Görəsən, nə baş verib?» sualı qapıdan içəri daxil olduğu andan etibarən onun da düşüncələrində yer almışdı.

Rəna xanım stolun üstündə süfrə açmış, oğlunun yeməyə başlamasını gözləyirdi. Bəlkə də Rasim yeməyi bitirənəcən ana ona heç nə deməyəcəkdi. Amma oğlunun narahat baxışlarını görüb məsələni danışdı. Arada şəhadət barmağını dodaqlarının üstünə qoyub «Sus» işarəsi verir, bu yolla Zəhranın eşidə biləcəyindən narahatçılıq keçirdiyini anladırdı. Məsələni təfsilatı ilə öyrənən Rasim gülümsədi və bircə kəlmə söylədi:

‐Sən də dərhal Rəşad üsulundan istifadə edəydin də…

Rəşad Rasimin kiçik qardaşı, evin sonbeşiyi idi.

Rəna xanım oğlunun dediyinə heyrətləndi. Necə olmuşdu ki, bu, onun ağlına gəlməmişdi? «Allah, Allah, necə də unutmuşam. Görünür yaddaşımı itirmək üzrəyəm, 45 yaşım var, amma yaddaşım nə qədər zəifləyib. Nə yaxşı ki, Rasim unutmayıb».

İndi səbirsizliklə nəvəsinin yuxudan oyanmasını gözləyirdi. Bayaqkı nigarançılığı qismən də olsa, keçmiş və o, xatirələrin qoynunda on beş‐on altı il əvvələ qayıtmışdı.

On beş‐on altı il əvvəl uşaqlar azyaşlıydılar. Böyük övladı Lalənin 12, sonbeşiyi Rəşadın isə cəmi yeddi yaşı vardı. İkinci sinifdə oxuyurdu. Birinci sinif dərsliklərini tam mənimsədiyi üçün beş yaşı tamam olanda birinci sinfə qəbul olunmuşdu. Dərslərini yaxşı oxuyur, həm də çox dəcəlliklər edirdi. Bir yerdə qərar tutmaq kimi xasiyyətdən çox uzaq idi. O zaman onlar ailəlikcə bağ evində yaşayırdılar, geniş həyət‐bacaları vardı. Evləri də bir neçə geniş otaqdan ibarət idi. Rəna xanım heç vaxt dolabların qapısını açarla bağlamırdı, uşaqlar anadan icazəsiz nəyəsə əl uzatmaz, dolabları açmazdılar. Hansı əşyanın hansı dolabda olduğundan belə xəbərsiz idilər. Əsas da «böyük otaq» adlandırdıqları az istifadə olunan otağın qapısı az hallarda açılar, ana əsasən qonaq gələndən‐gələnə istifadə etdiyi qab‐qacaqları və yataq dəstlərini, o cümlədən digər ləvazimatları səliqəli şəkildə o otaqda yerləşdirmişdi. Evə alınan bütün ərzaqlar mətbəx mebelinin bir dolabına yığılırdısa da, Rəna xanım həmin ərzaqlardan vaxtsız gələn qonaqlar üçün ayırdığı bəzi şirniyyatları «böyük otaq»da bir dolabda saxlayırdı. Ümumiyətlə, hədsiz qonaqpərvər olan bu ailənin xüsusi qanunlarından biri belə idi ki; «Yorulub yolda qalmış, yaxud yol azmış» Allah qonağı qəfildən qapını döysə, evdə mütləq onu yaxşı qarşılamaq və yaxşı yola salmaq üçün lazım olan bütün ərzaqlar olmalıdır. Bu səbəbdən də qonaqlar üçün müxtəlif çeşiddə şirniyyatlar saxlanılan dolab heç vaxt boş olmur, evin uşaqları isə o dolaba əl uzatmırdılar. Amma bir dəfə bu adətin əksinə olaraq, uşaqlardan kimsə bu qaydanı “pozmuşdu”. Rəna xanım dolabı açanda konfet qutusunun açıldığını və qutudan bir konfetin əksik olduğunu gördü. Onun belə məqamlara qarşı həssas olması özünə çox əzab verirdi. Məsələ konfet qutusunun açılmasında deyildi. Ana “oğurluq” hesab etdiyi bu hərəkəti övladının tərgidə bilməyəcəyindən qorxurdu.

Uşaqlar həyətdə oynayırdılar. Ana eyvanın pəncərəsinə yaxınlaşıb həyətə baxdı, diqqətlə övladlarının oyununu seyr etməyə başladı. Kənardan kiçik görünə biləcək bu məqam onun nəzərində çox böyük qəbahət sayılırdı, fikirləşib bir çarə arayır, övladlarına bunun pis hərəkət olduğunu anlatmaq istəyir, amma bunu elə etmək istəyirdi ki, «nə şiş yansın, nə kabab». O, bütün bunları övladlarına hədə‐qorxu gəlmədən bacarmaq fikrində idi.

Fikirli halda mətbəxə keçdi, çox düşündü, çox yollar aradı və nəhayət, tapdı. Deyəsən, alınacaqdı. Tapdığı üsulun gözəl nəticə verəcəyinə ümid edirdi. Amma əvvəlcə «cinayətkarın» kim olduğunu təyin etməli idi.

Çox keçmədi ki, uşaqlar hay‐küylə evə gəldilər. Adətləri üzrə vanna otağına keçib yuyundular. Hamıdan qabaqda qaçıb mətbəxə daxil olan Rəşad stulda oturub onları diqqətlə süzən anasının qucağına atılıb «Ana, mən susamışam», dedi.

Ana növbə ilə uşaqlara çay süzdü, «Çayınızı için, sizinlə söhbətim olacaq», deyib eyvana çıxdı. Uşaqlar az əvvəl həyətdə oynadıqları oyunu müzakirə edə‐edə həvəslə çaylarını içirdilər. Əlində yarım stəkan suyu çay qaşığı ilə qarışdıra‐qarışdıra mətbəxə qayıdan ana üzünü uşaqlara tutub bir az həyəcanlı, bir az da kədərli halda danışmağa başladı:

‐Baxın, bu əlimdəki nədir, bilirsinizmi?

Əvvəlcə Fatimə dilləndi:

‐Nədir? Mən bilmirəm.

‐Mən də bilmirəm.

Rasim sevincək:

‐Mən tapdım, sudur, su! ‐ dedi.

Ana başını buladı:

‐Yox, sən də tapmadın, gözüm nuru. Bu, oğurluq dərmanıdır. Oğurluq çox pis əməldir. Kim oğurluq edibsə, mən bu dərmandan ona göndərmişəm ki, sağalsın, ölməsin. Çünki oğurluq edən adam bu dərmanı içməzsə, öləcək. Baxın, bu dərmandan cəmisi yarım stəkan qalıb evimizdə. Mən elə bilirdim ki, siz heç vaxt icazəsiz nəyəsə əl uzatmayacaqsınız. Amma yanılmışam. Az əvvəl gördüm ki, «böyük ev»dəki şirniyyat dolabında saxladığım konfet qutusunu kimsə açıb, icazəsiz konfet götürüb. Yaxşı ki, gördüm. Yoxsa pis hadisə baş verə bilərdi. Oğurluğu kim edibsə, o, ölə bilərdi. İndi mən bilməliyəm ki, bunu kim edib və bu dərmanı ona içirməliyəm ki, ölməsin.

Ana əlində tutduğu stəkanın suyunu qaşıqla qarışdıra‐qarışdıra bunları deyir, eyni zamanda qarşısında dayanıb ona diqqətlə qulaq asan uşaqlarının gözlərinə baxır, günahkarı tapmağa çalışırdı.

Birdən Rəşad bərk qorxmuş halda, ucadan ağlamağa başladı. Axan göz yaşlarını əlləri ilə silə‐silə həyəcanlı halda, kəkələyə‐kəkələyə dilləndi:

‐Mən… Mən götürmüşəm… oğurluq eləmişəm.

«Cani» tapılmışdı. Həm də etdiyi əməldən çox peşiman olduğu bəlli idi, hətta ana onun bir də heç vaxt belə bir iş tutmayacağına artıq əmin idi. O, cəld qalxıb oğluna yaxınlaşdı, stəkandakı suyu qaşıqla daha sürətlə qarışdırdı və oğluna uzatdı:

‐Al, al bu dərmanı iç. Yaxşı ki, az da olsa, qalmışdı. Birdən bu da qalmasaydı, Allah bilir nolardı. Şükür Allahın varlığına ki, var. İç, sağalacaqsan. Amma, baxın, hamınıza deyirəm, birdən kimsə oğurluq etsə, daha dərman yoxdur ki, ona içirək.

Qardaşı və bacıları qorxu, həyəcan və təşvişlə Rəşada baxır, «Yaxşı ki, dərmandan az da olsa, qalıbmış, yoxsa Rəşad ölə bilərdi», deyə, düşünür, heç vaxt belə hərəkət etməmək qərarını verirdilər.

Aradan uzun illər keçmişdi və bu illər ərzində evin uşaqları ananın bu müqəddəs nəsihətini heç vaxt unutmamışdılar.

«Tarix təkrar olunur» deyirlər. Fərqli zamanlarda və fərqli insanlar tərəfindən həqiqətən də tarix təkrar olunur. Rəna xanım illər öncə övladlarına tətbiq etdiyi üsulu bu gün sevimli nəvəsi üçün edəcəkdi. Zəhranın könlü qırılmasın deyə, çox ehtiyatla davranmaq, həm də uşağı belə bir dərmanın mövcud olduğuna inandırmaq lazım idi. Ona elə gəlirdi ki, Zəhra bu günkü günorta yuxusundan çox gec oyandı. Ona «dərmanı» gec içirəcəyindən təlaşlandı. Zəhra yatan otağın qapısını açıb çarpayıya tərəf baxdı. Qız oyanmışdı, hətta çoxdan oyandığı gözlərindən bilinirdi. Üzü, gözləri gülürdü. Nənə yaxınlaşıb çarpayının bir tərəfi üstə oturdu, «nənəsinin ürəyi oyanıbmış» deyib güldü, nəvəsinin saçlarını sığalladı, üzündən, əllərindən öpdü və mülayimcəsinə soruşdu:

‐Zərim, sən bilirsənmi oğurluq nədir, ürəyim?

‐Bilirəm.

‐Həə? Nədir oğurluq? De görüm hələ.

‐Kiminsə pulunu oğurlamaq.

‐Təkcə pulunu?

‐Mən hardan bilim, ay nənə?

‐Bəs pul götürməyin oğurluq olduğunu haradan bilirsən?

‐Ehh, nənə, mən qalxmaq istəyirəm buradan, çay istəyirəm.

‐Yaxşı, dur, əl‐üzünü yu, gəl mətbəxə.

Çox keçmədən Zəhra çay içmək üçün mətbəxə gəldi, nənə çay süzüb ona müraciətlə bayaqkı söhbətinə davam etdi:

‐Bayaq saç sancağı üçün servantdakı dəmir qutuya baxanda, orada salfetə bükülmüş nəsə gördüm, toz kimi bir şey. Quzum, görmüsən sən də onu? Nədir o?

Zəhranın halındakı dəyişikliyi hiss etməmək mümkün deyildi. O, utanmış və qıpqırmızı halda cavab verdi:

‐O rəngdir, nənə, mən qoymuşam ora. Yoxsa atdın onu?

‐Yox, ürəyim, atmamışam. Nə edəcəksən onu?

‐Eyy, nənə, lazımdır da, elə‐belə.

‐Onu haradan götürmüşdün, bilmək istəyirdim, ürəyim.

‐Səbinə xalagildən.

‐Səbinə xala verdimi onu sənə?

‐Yox, mən özüm götürdüm.

‐Vayy, nə danışırsan, Zəhra? Necə yəni özün götürdün?

‐Yaxşı da, nənə, nolar götürəndə? Çoxdur onlarda ondan, üzümə vurdum, çox gözəl göründü, bir damcı götürdüm, istəsən ataram.

‐Zər, nənə qurban, heç bilirsən nə etmisən? Səbinə xaladan icazəsiz onun evindən nəsə götürmək oğurluq etməkdir. Sən oğru deyilsən axı. Bilmədən etmisən, anlayıram.

‐Mən oğru deyiləm, nənə.

‐Bilirəm, bilirəm, quzum, Allah eləməsin oğru olasan. Sadəcə bunun oğurluq olduğunu bilməmisən. Bax, Rəşad dayın da uşaqlıqda bilmədən belə bir hərəkət etmişdi. Dolabdan konfet götürmüşdü. Əgər ona dərman verməsəydim öləcəkdi. İndi sənə də o dərmandan verəcəyəm, yoxsa Allah eləməmiş başına bir iş gələr.

Eşitdiyi sözlərdən bərk qorxmuş Zəhra təlaş içində soruşdu:

‐Dərman içməsəm öləcəm, nənə?

Nənə artıq otaqda deyildi. Mətbəxə getməyi ilə qayıtmağı bir oldu. İllər öncə olduğu kimi əlində yarıya kimi su ilə doldurulmuş stəkan və çay qaşığı vardı. O, suyu çay qaşığı ilə qarışdıra‐qarışdıra Zəhraya yaxınlaşdı.

‐Tez bunu iç, gözüm nuru. Yaxşı ki, xəbər tutdum bu gün. Yoxsa çox pis şeylər olardı. Bax, bu dərmandan tapmaq çox çətindir. Həm də oğurluq edən kimsə bunu yalnız bir dəfə içə bilər. İkinci dəfə oğurluq edərsə, dərman içsə belə, sağalmaz, ölər, ya da vəhşi heyvanlarla qarşılaşa bilər.

Zəhra necə qorxmuşdusa, stəkandakı suyu birnəfəsə içdi. Bununla da sanki qorxu hissi çəkilib getdi. Əslində o, Səbinə xalagildən götürdüyünü oğurluq hesab etmirdi. Bütün bunlar da, məhz buna görə baş vermişdi. Bundan tez duyuq düşdüyü üçün və dərmanı ona vaxtında içirdiyi üçün ürəyində nənəsinə minnətdar idi. Elə bu anlarda da qətiyyətlə düşünürdü ki, bir də heç zaman oğurluq etməyəcək. Çünki o, nə ölmək, nə də vəhşi heyvanlarla qarşılaşmaq istəyirdi.

Nəvəsinin bir daha belə bir hərəkəti təkrarlamayacağına əmin olan Rəna xanımın da könlü rahatlamışdı və o, nəvəsini inandırmaq üçün etdiyi əməldən böyük məmnunluq hissi keçirirdi.

S  O  N