Arxa (hekayə) Namaz Məmmədoğlu

Ədəbiyyat

Həmin  avqust  günü  İmran  kişinin qızına  elçi  gəlirdi, dünən  oğlan  adamları ismarıc  göndərmişdilər. Amma  qız  evi  özünü  elə  göstərirdi  ki, guya  heç  nədən xəbərləri  yoxdur; dost  var, düşmən  var,  qoy deməsinlər  ki,  qızı başlarından eləmək  istəyirmişlər.  Di gəl elçini qarşılamaq üçün xəlvətcə hazırlıq görürdülər.

O gün İmran kişi bütün ailəni alaqaranlıqdan qaldırdı, hərəyə bir iş tapşırdı. Hava işıqlaşanda həyət tərtəmiz süpürülüb sulanmışdı, heyvanları sürüyə qatmışdılar, iti  qarqaraya bağlamışdılar. Ortancıl oğul mal damını kürüyürdü.

Bir  azdan üfüq xəttindən qıpqırmızı günəş doğdu, gecənin qara fikirlərini, qəmi, nisgili də payız dumanı kimi qovub apardı. İmran kişi gözləri qamaşmasın deyə əlini kepkasının günlüyünə qoyub bir yola, bir həyət-bacaya baxdı, sonra:

– Ay  Saleh,  ay  Saleh,-  deyə  ortancıl  oğlunu  çağırdı.

– Ay Saleh, ay Saleh, –  səsini daha da qaldırdı.

Saleh əlində bel mal damından çıxdı:

– Nədi, ay dədə?

– Zəhrimardı,  damı kürüyüb qurtardınmı?

– Bir az qalıb, bu saat qurtarıram.

– Qurtar, qurtar, işimiz çoxdu.

– İşimiz  çoxdu, – Saleh  öz-özünə  deyindi,-  çoxdu , o  biri  uşaqlara  tapşır, – yenə girdi mal damına.

Kiçik  oğlu  həyətdə, tutun kölgəsində samovar üçün qıx- mıx doğrayırdı. İmran kişi gəldi onun yanına:

– Odunu çox doğra,-  dedi.

– Çox doğramışam.

– Sənə nə deyirlər ona bax, hələ doğra.

– Yaxşı, – kiçik oğlu tənbəl-tənbəl dilləndi.

İmran kişi üç pilləkəni qalxıb evə girdi. Özü  kimi uzun arvadı şüşə dolabdan olan- qalan altı dənə billur stəkanları çıxarıb  silirdi.

– Bahalı stəkanları çıxart,-  İmran kişi Səbinəyə baxdı.

– Bahalıları çıxartmışam. Ancaq altıca dənədi, birdən çox olarlar?

– Uşağı göndər qonşudan alsın. Yox lazım deyil, – fikrini dəyişdi,- çox olmazlar, burda toy ha eləmirəm, bu hələ elçilikdi. Bir də mənə bir köynək çıxart, ütülə.

Arıq, özü kimi də donqar arvadı ona təəccüblə baxdı.

– Sənə nə deyirəm onu elə, – sonra təzədən həyətə çıxdı. Böyük oğlu həyətdə ikiyaşlı oğlunu uşaq arabasında sürürdü. Uşaq əlində peçenye tutmuşdu, onu sorurdu. Peçenye burnunun suyuna bulaşmışdı.

-Məlik, sən toy paltarlarını geyin, məclisdə biz ikmiz oturacayıq, -İmran kişi bayır üçün olan ütülü, təmiz geyimlərə  “toy  paltarı” deyirdi.

Evdə əvvəldən belə bir ədalətsiz bölgü vardı: böyük oğlu həmişə hamıdan yaxşı geyindirirdilər, toya, qonaqlığa, şəhərə  gəzməyə də o gedirdi. Ortancıl oğula- Salehə mal damını kürüdürdülər, bağı əkdirirdilər, ağacları kəsdirirdilər. Böyük  qardaşın köhnə paltarlarını da o geyinirdi. Kiçik qardaş nərmənazik  idi, onu ən asan işlərə buyururdular: mağazadan çay al, bunu apar filankəsə ver, samovara odun doğra və s.

– Yaxşı,  ay  dədə,- böyük oğlu dedi.

İmran kişi yenə ortancıl oğlunu səslədi:

– Ay Saleh, ay Saleh.

– Nədi, ay dədə?- Saleh yenə əlində bel çıxdı.

-Zəhrimardı, noldu sənin dam kürüməyin?

– Qurtardım.

– Qurtardın, bə niyə oturursan damın içində. Beli qoy bura gəl.

Saleh beli bağa- cevizin dibinə qoyub qayıtdı. İmran kişi həyətin uzaq tərəfindəki yüz dənə ağ mişar daşını göstərdi:

– O daşları daşı bura, mal damının qabağına yığ, – “ Qoy elçilər elə bilməsinlər ki, bir həsirdi, bir məmmədnəsir, daşlar var, demək ev tikdirəcək”- öz- özünə fikirləşdi.

– Eh, – Saleh dədəsinin fikrinin dəyişməyəcəyini bilsə də mızıldandı,- kişinin başına iş qəhətdi, o birilər gəzir, mən daş daşıyıram.

İmran kişi qayıdıb evə girdi.

– Hə, bunlar belə,- yavaşca dedi,- Ay Səbinə,- arvadını çağırdı.

– Nədi, a kişi,- bir saatdan bəri köynəklə əlləşən arvad əlində ütü çıxdı.

– Zəhrimardı, nağayrırsan orda?

– Mərətə qalsın, sənə köynək ütüləyirəm.

– Hə ütülə. Qız hanı?

– Burda, mənim yanımda.

– Çağır bura.

Arvad çağırdı,  qız qırmızı donda çıxdı. İmran kişi qızına diqqətlə baxdı:

“Yaxşıdı”- fikirləşdi.  Sonra:

-A qızım, get İsmayıl müəllimin silindirni al gətir,- dedi.

-Ay dədə,-  mən gedə bilmərəm,- qız başını aşağı dikdi.

– Niyə gedə bilmirsən?

– Deyəcək silindiri neynirsən?

– A  kişi, qızı utandırma, elçi gəlinən qız silidirmi almağa gedər? Çağır gəlini  göndər.

– Hanı gəlin?

– Çöldə su daşıyır.

– A qızım, sən qəlyanımı tap, gəlirəm.

Gəlini çağırıb dedi ki, get İsmayıl müəllimin silindirni al gətir. Özü qayıtdı evə.

– Al, ay dədə,- qızı köhnə ağac qəlyanı dolabın küncündən tapıb tozunu sildi. İmran kişi qəlyanı aldı qoydu döş cibinə. Yan cibindən “Prima” qutusunu çıxartdı, başladı bir-bir siqaretlərin kağızını cırıb, tütünü stola boşaltmağa.

Tələsgən gəlin qaça-qaça həyətdən çıxdı, torpaq yolu keçib yaşıl darvazanın zəngini basdı. Zəngə İsmayıl müəllimin özü qapını açdı. Gəlin tövşüyə-tövşüyə salam verdi, sonra dedi ki, qaynatam silindiri istəyir.

– Nəyi  istəyir?-  İsmayıl  müəllim elə bildi səhv eşitdi.

– Silindiri istəyir, İradəyə elçi gəlir, ona görə.

– Ha,  ha, ha…- İsmayıl müəllim İmran kişini pambıqlı gödəkçədə, qalife şalvarda və şlyapada təsəvvür eləyib uğundu. Özünü düzəldib:

– Allah xeyir versin,- dedi. Evə gedib ağ, tor-tor şlyapanı gətirdi:

– Ən yaxşısı budur. Denən qalstuk da lazımsa verim,- dedi.

Sonra qapını örtüb İmran kişini şlyapada və qalstukda təsəvvür eləyib yenə güldü. Gəlin əlində şlyapa qayıtdı evə.

– Nə dedi istəyəndə?- İmran kişi soruşdu.

– Əvvəl təccübləndi, dedim İradəyə elçi gəlir, güldü. Gətirib verəndə dedi ki, qalstuk da lazımsa verim.

– Yox, xaltanı neynirəm, artist deyiləm ki. İmran kişi şlyapanı alıb keçdi saralmış güzgünün qabağına, kirli qara kepkasını çıxarıb ağ şlyapanı qoydu başına.

– Qızı ilə gəlini bir-birinə baxıb pıqqıldaşdılar.

– Ay dədə lap ministrə oxşayırsan,- qız dedi.

– İmran kişi dönüb gözlərini ağartdı,- ministrdən nəyim əskikdi, iyirmi  qoyunum var, bir itim, iki eşşəyim, bir atım. Ministrin nəyi var?

– Arvadı otaqdan boylandı, ərinin şlyapasına baxıb o da güldü.

– Yox, bunu apar qaytar, məni bədbəxt müəllimlərə oxşadır, – şlyapanı gəlinə uzatdı,- get Mahmudun təzə kepkasını al.

– A kişi, Mahmudun təzə kepkası hardadı, traktorun mazutundan təzə kepkamı qalar,- arvadı dedi.

– Var , o gecə spıxa- spıxa ara yollarla Qəmərin yanından gəlirdi, onda görmüşəm.

Səbinə şlyapanı alıb çıxdı, bir azdan əlində təzə, qara kepka qayıtdı. İmran kişi kepkanı alıb qoydu başına və  güzgüyə baxdı:

– Hə bu gözəldi. Yaxşı deyiblər, hər qazanın öz qapağı, hər kişinin öz papağı.

– A  kişi, elə məsəlmi var, onu da sənmi çıxartdın?

– Həə, lap mən çıxartdım, məsəl çıxardanlar mənnən artıqdı? – Kepkanı götürüb divardakı mıxdan asdı,- bu yaxşıdı, qoy dursun, elçilər gələndə geyinərəm.

Təzədən endi həyətə. Saleh üz- gözündən tər axa-axa daşları daşıyıb yığırdı. Kiçik oğlu balta əlində oturmuşdu tutun  kölgəsində, inəyə baxırdı. İnəyi tuta bağlayıb qabağına yarpaq tökmüşdülər. Yarpaqlar ləzzətli idi, amma belinə, üz-gözünə qonan milçəklər hər şeyi haram eləyirdilər. Quyruğu ilə üst-başına qonanları qovurdu, amma gözünün qırağına qonanları nə qədər başını döndərirdisə də qova bilmirdi.

Məlik bəzənib- düzənib hələ də ikiyaşlı oğlunu arabada gəzdirirdi.

– Ay dədə, qoy bir az da bu daşısın,-  Saleh kiçik qardaşını göstərdi,- mən lap  öldüm.

– Gələn  dəfə də o daşıyar,- İmran kişi dedi.

– Daha başqa qızın yoxdu ki.

– Səsini batır, sən daşıyacaqsan.

Saleh daha bir söz demədi.

Günorta yaxınlaşırdı, isti adamı lap əldən salırdı. Həyətdən yamyaşıl üzüm bağları, torpaq yol, bir də bozarmış taxta  mağaza görünürdü. Qonşunun beşyaşlı oğlunu küçəyə gözətçi qoymuşdular ki, elçilər gələndə xəbər eləsin. Günorta da ötdü. Qonşu arvadlar tez-tez həyətlərindən boylanırdılar, gəlib “gözətçi” uşaqdan soruşurdular ki, noldu elçilər?

Bir də uşaq qaça-qaça İmran kişinin həyətinə girdi ki, gəlirlər. İmran kişi tez içəri girdi və təzə kepka başında çıxdı həyətə. Arvadla gəlin də əvvəl ora-bura vurnuxdular, sonra gəlib İmran kişi ilə yanaşı durdular.

Qırmızı minik maşını siqnal verib  həyət qapısının qabağında dayandı. Maşından bir kök kişi, bir arıq kişi, iki də kök arvad düşdü. Bir də ki, cavan oğlan- sürücü  idi.

Kişilər İmran kişi ilə və Məliklə əl tutub görüşdülər,- Salehə isə İmran kişi tapşırmışdı ki, həyətdə görünməsin, üstündən peyin iyi gələr,- sonra keçdilər evə.

Evin  torpaq döşəməsini nə qədər sulayıb süpürmüşdülər, yenə qonaqları nəm iyi  vurdu.

– Bizim evə xoş gəlifsiniz,- İmran kişi dedi.

Ağ  süfrə  salınmış stolun bir tərəfində İmran kişi  ilə Məlik, qarşısında qonaqlar, stolun ayağında isə Səbinə oturdu.

– Yaman istidi,- boğazı qızıllı kök arvad dəsmalla özünü yelləyə-yelləyə dedi.

– Durum pəncərəni açım,-  Səbinə ayağa durdu.

– Yox- yox,  -kök arvad dilləndi,- günün istisini deyirəm.

Sonra sükut çökdü. Elə yenicə bir-birilərinə baxırdılar ki, nə söhbət eləsinlər, evi ağlı-qaralı pişiyi gəlib qonaqların ayaqlarına sürtündü, sonra qabaq ayaqlarını qaldırıb qoydu kök kişinin dizinə, üzünə baxıb miyoldadı. Kişi Məliyin üzünə  baxdı ki, neyləyim?

-Bizim pişik yavan çörəyi dilinə də vurmur, gərək ya ət atasan, ya da çörəyi yağa batırıb verəsən yeyə,-  Səbinə dedi.

İmran kişi arvadına tərs-tərs baxdı, ona görə ki, arvad onu qabaqlamışdı. Evdə ondan qorxmurdular, amma hər sözünə baş qoşub cavab da qaytarmırdılar, çünki onda gərək heç nədən dava qopaydı. Hələ cavan yaşlarından, evlənməmişdən qabaq anası hərdən İmranı göstərib deyirdi ki, bu, arvad– uşağına yaman əzazil olacaq. Əslində xasiyyəti yumşaq idi, amma anasının sözləri qulağında sırğa kimi asılmışdı, elə bil həmişə bu sözləri sübut eləməyə çalışırdı. Evlənəndən sonra birinci aydan Səbinə ilə dalaşdı. Anası isə gülürdü: “Gördünüzmü, mən deməmişdimmi arvad- uşağına qarşı əzazil olacaq”. Sonralar neçə dəfə Səbinə qaçıb getdi atası evinə, hər dəfə də dilə tutub gətirdilər. İmran kişi heç vaxt arvadı döymürdü, amma nə görürdüsə danışırdı, söylənə-söylənə hamının gününü qara  eləyirdi. Atalar demiş: “Yüz yeyənin olsun, bir deyənin olmasın”.  Əvvəllər başa düşmürdü, elə-belə boşluqdan, özünü göstərməkdən ötrü deyinirdi, başa düşəndə də gec  oldu, bir də gözünü açdı ki, saç- saqqal ağarıb, arvad-uşaq başının üstünü alıb. Çalışdı ki, boş-boş söylənməyini tərgitsin, amma bir şey çıxmadı, çərənləmək  vərdişə çevrilmişdi. Arvadı da, uşaqları da bir elə fikir vermirdilər, öyrəşmişdilər, hər  şey də öyrəşənə qədərdi.

Yenə sükut çökdü.

– Biz gəlmişik ki…,-  bir azdan kök kişi dilləndi.

– Bilirəm, bilirəm, hara  tələsirsiniz, hələ  danışarıq,- İmran kişi onun sözünü kəsdi. Sonra:- Bizim evdə qayda-qanun var,- dedi,- uşaqların ağzı nədi mənim sözümdən çıxa. Bu oğlum Məlik qatar sürəndi, dəmiryolunda işləyir. Ortancıla buralarda  iş tapılmadı, Gürcüstanda dəmirəridən zavoda işə girdi. Qızı  şəfqət bacısı oxutdum, camaat nə qədər xərc çəkir, tanış- biliş axtarır, yenə elə məktəbə girə bilmir. Düzdür, hələ iş yoxdu, amma hara tələsir, iyirmi yeddi yaşın içindədi, əsas odur ki, əlində sənəti var.

– İyimi beş yaşı var,- arvadı yalandan dedi.

– Hə,  iyirmi beş yaşı var.

Amma artıq gec idi, dil yanılar düzünü deyər, elə ata olarmı ki, qızının yaşını  bilməsin. “Demək oğlumdan iki yaş böyükdü”,- boğazı qızıllı arvad fikirləşdi.

Gəlin gətirib hamıya çay payladı, Səbinəyə və Məliyə saya stəkan düşdü. Elə  bil ailə sevincək olmuşdu, İmran kişi sanki ən yaxın adamları ilə danışırdı. Bütün ömrü boyu ilk dəfə idi ki, kiminsə işi ondan asılı idi.

– Kənddə beş kişidən biriyəm, İmran adı çəkiləndə hamı bilir söhbət kimdən gedir,–qürrələndi.

Qonaqlar bir-birinə baxdılar, amma hələ ki, sakitcə qulaq asırdılar. Məlik aradabir atasının ayağını basırdı ki, ay ata, ağ eləmə.

– Biz gəlmişik ki, siznən qohum olaq,- oğlan atası könülsüz dedi.

– Həə,- İmran kişi özünü çəkdi, çaydan bir qurtum aldı, gülümsədi,- demək  arxanızı dağa söykəmək istəyirsiniz,-  heç  bilmədi bu sözləri necə ağzından qaçırtdı.

Elə bayaq həyətə ayaq basandan ev-eşik oğlan anasının xoşuna gəlməmişdi, sonra pişik əhvalatı, sonra İmran kişinin özünü çəkməyi, sonra qızın yaşı: “Qudurasan, qurbağa. Gör necə özünü dağın başına qoyur. Nə çoxdu gözəl-göyçək qızlar”,-  arvad  fikirləşdi.

Yenə  qonaqlar bir-birinə baxdılar. Əvvəl kök kişi, sonra o birilər ayağa durdular:

-Gedək,-  kök kişi dedi,- sizdən bizə qohum olmaz.

Qonaqlar da, İmran kişinin ailəsi də həyətə çıxdılar. Evin bütün adamları donub qalmışdılar, bayaqdan qulağını divara söykəyib qulaq asan qız otağa çəkilib hönkür- hönkür ağlayırdı.  Ömründə bir elçi gəldi, onu da atası beləcə qaçırtdı.

Qonaqlar  maşına  əyləşdilər. Bütün qonşular həyətlərdən boylanırdılar, İmran kişinin gözləri onlara sataşdı, ona görə də  uzaqlaşmaqda olan maşının arxasınca hündürdən:

– Mən qızımı sizə vermərəm,- dedi.

Sonra gəlib mişar daşlarının üstündə oturdu, qəlyanını yandırdı. “Axmağam, axmaq,- öz–özünə fikirləşdi,- amma onlar da yaxşı eləmədilər. Yox, bunların hamısı bəhanədir, əvvəldən ürəyimə dammışdı ki, bu iş baş tutmayacaq. Mənim təqsirim yoxdur, onların da günahı deyil, hər şey qismətdən asılıdır. Qismətdən artıq yemək olmaz”.  “Özünü aldatma, qismət- filan  yalan şeydir. Axı deyən gərək niyə özünü öyürsən. Çox axmaqlıq elədim. Qoca kişisən, amma axmaqsan,- fikirləşdi,- axmaqlıq da ağıllılıq kimi yaşa, saça-saqqala baxmır. Elə hambal gəlib, hambal da gedirsən. Yaxşı ki, uşaqlar sənə oxşamayıb. Ehh, mənim bir günahım yoxdur,-  özünü təmizə çıxartdı,- hamını həyat əyir, həyat dəyişdirir. Yoxsa nə başlamısan mən belə axmağam, qismət belə, uşaqlar belə. Qurtar, qız evdə ağlayır, Saleh yazığa da daşları nahaq daşıtdım”.

Ayağa  qalxıb  evə  gəldi. Qızı gözlərini silirdi, gəlin də başının üstündə dayanıb könlünü alırdı. Təzə kepkanı çıxarıb gəlinə verdi:

– Apar Mahmudun kepkasını qaytar,- dedi. Gəlin kepkanı alıb çıxdı. Sonra döndü qızına tərəf:

– Bağışla,- dedi,-  amma elə bilmə ki, onlar mənim sözümə görə getdilər.

Qızı hiss elədi ki, atasının səsi dəyişib, həm də yaman kövrəlib. Uzun illər boyu atasını danışan, söylənən görmüşdü, hirsli görmüşdü, amma belə kövrələn görməmişdi. Gözlərinin yaşını silə-silə:

– Ay dədə vallah ona görə ağlamırdım, vallah,- dedi,-  sonra da gülə-gülə:

– Qoy rədd olsunlar,-  dedi.