YOL ƏHVALATI (hekayə)
Sentyabrın əvvəlləri olmasına baxmayaraq, şəhərdə havalar çox isti keçirdi. Məktəblərdə dərslərin başlanmasına hələ 12 gün qalırdı.
Saatın əqrəbləri 9-un üstündə «görüşəndə» Nağı çalınan zəngin səsinə yuxudan oyandı. Artıq iki ay olardı ki, evdə tək yaşayırdı. İyul ayının əvvəllərindən uşaqları kəndə bacanağıgilə göndərmişdi. O, çarpayısından qalxmadan bu gün görəcəyi işləri götür-qoy elədi. Sabah uşaqları gətirmək üçün rayona yola düşəcəyindən, bu gün maşını ustaya göstərməli, sonra vaxt qalarsa, dənizə gedəcəyini planlaşdırdı.
Yerindən qalxıb, hamama keçdi. Soyuq suyun altında duş qəbul edib, qurulandı. Paltarlarını geyinib eyvana çıxdı. Aşağıda saxladığı «07» markalı qara rəngli «Jiquli»sinə baxıb, onunla danışırmış kimi öz-özünə söyləndi:
— Hə, qara ceyran, bu gün sənə maya qoyacam, olassan maral kimi.
Sonra bir siqaret yandırdı, bir-iki qullab vurub, aşağı atdı. Siqaret kötüyünün hara düşəcəyini gözləmədən içəri keçdi. Dünəndən soyuducuda olan soyuq suyu başına çəkdi. Soyuducunun içinə nəzər saldı, iki yumurta və bir nimçədə doğranmış kolbasadan başqa heç nə yox idi. Mətbəxdəki masanın və qaz plitəsinin üzərində iki aydan bəri üst-üstə yığılan çirkli qablara göz gəzdirdi, onları yumaq üçün qollarını çırmaladı. Mətbəxdəki su krantını açdı, su əvvəlcə paslı gəldi və sonra tədricən durulaşmağa başladı. İki saatlıq gərgin “iməcilikdən” sonra Nağı mətbəx və otaqları normal hala gətirə bildi. Öz işindən zövq alıb, ətrafı bir də nəzərdən keçirtdi, kiminləsə danışırmış kimi… «ə, adamda qabiliyyət ayrı şeydi ey, sağ ol, Nağı, səndən yoxdu, vallah…» deyərək, «lovğalıq» etdi. Qazın üstündə qaynayan çaydanın səsi gələndə yenidən mətbəxə qayıtdı. Çaydandan özünə bir stəkan qaynar su süzüb, içinə «birdəfəlik» çay paketi saldı. Soyuducudan kolbasa olan nimçəni masanın üzərinə qoyub, dünəndən qalan quru çörəklə yeməyə başladı. Yeməyini qurtarandan sonra qabları yaxalayıb, yerinə düzdü. Soyuducunu elektrik xəttindən ayırıb, qapılarını açdı. Artıq saat 12-ni göstərirdi. Paltar dolabından təmiz köynək çıxarıb geyindi. Dənizdə çiməndən sonra qurulanmaq üçün məhrəba da götürüb, evdən çıxdı. Təzəcə maşına oturmuşdu ki əl telefonuna zəng gəldi. Gülsüm idi — arvadı. Onun göz bəbəkləri qapqara olduğundan Nağı həmişə ona Qaragöz deyə müraciət edirdi və bu da Gülsümün çox xoşuna gəlirdi:
— Alo, salam, eşidirəm, Qaragöz… — deyərək, telefona cavab verdi.
— Nağı, salam, necəsən?
— Sağ ol, əzizim, sən necəsən, uşaqlar necədi?
— Biz də yaxşıyıq, — deyib, arvadı Gülsüm birdən «valı çevirərək», söylənməyə başladı. — Nağı, sənin gəlmək fikrin yoxdu? Sən nə vaxt gələssən, uşaqların paltarlarını, dəftər-kitablarını bəs biz nə vaxt alacağıq? Xəbərin var ki, məktəblərin açılmasına 10 gün qalır? Amma biz hələ də kənddəyik. Axı…
— Narahat olma, Qaragöz, hamısını çatdırarıq. Mən bu gün maşını ustaya göstərib, səhər yola çıxacam. Sən paçanağa de, bir quzu kəssin, sabah uşaqlarla kabablayaq. Tut arağı da böyründə.
— Hə, tökülüb, bu dəqiqə… — deyib, arvadı incik halda telefonu söndürdü…
Nağı arvadının telefon nömrəsini yenidən yığsa da, o, telefona cavab vermədi. Telefon yaddaşından bacanağı Tahirin nömrəsini tapıb, onu yığdı.
Tahirlə Nağı mehriban bacanaq idilər, Nağı nə qədər dilli-dilavər idisə, Tahir əksinə — sakit və az danışan idi. Nağı həmişə Tahirə «bacanaq» yox, «paçanaq» deyə müraciət edirdi. Tahir yaşca ondan 5 yaş böyük olsa da, Nağının bu sözündən heç vaxt incimirdi. Qısa çağırışdan sonra Tahir telefona cavab verdi:
— Alo, eşidirəm. Nağı, salam.
Nağı bacanağının səsini eşidib, gülümsünərək verdi:
— Paçanaq, salam. Necəsən? Sabah gəlirəm, nə lazımdır, alım gətirim?
— Heç nəyə ehtiyac yoxdur. Hər şey var Allaha şükür. Özün gəl, maşını da yavaş sür.
— Oldu, narahat olma. Sabah günorta ordayam, kabab olacaq?
— Olacaq, tut arağı da böyründə.
— Vallah, səndən yoxdu da, baçanaq. Sabah ordayam, sağ ol.
Nağı telefonu qapadıb maşını yerindən tərpətdi. Onun maşını emalatxanaya çatanda ustalar bekarçılıqdan domino oynayırdılar. Emalatxanada hamı Nağını tanıyırdı, onun xətrini çox istəyirdilər. Nağı deyib-gülən, duzlu məzəli danışan, bir sözlə mehriban oğlan idı. «Oğlan idi» deyəndə ki, payızda otuz beş yaşı tamam olacaq hələ.
— Zəhmətkeşlərə eşq olsun, — deyərək, o, ustalara yaxınlaşdı. Dominoya işarə edərək:
— İşiniz çoxdu deyəsən?
Usta Rizvan başı ilə Nağının salamını alıb dilləndi:
— Gəl çıx da, bekarçılıq bizi üzdü ki… Nə olub maşına?
— Nə ola bilər ki mənim qara ceyranıma? İstəyirəm sabah rayona gedim. Gəldim ki, maşının bir altına-üstünə baxasan.
— Baxım da… — deyərək, Rizvan öz yerini Nağıya verib ayağa qalxdı.
Nağı oyuna başlayan kimi oyunda bir canlanma yarandı. Onun səsi, gülüşü, zarafatları ustalarda xoş əhval ruhiyyə yaratmışdı.
Saat 2-də maşın artıq hazır idi. Usta Rizvan əllərini əski parçasına silə-silə Nağıya yaxınlaşdı:
— Xozeyin, maşın hazır.
— Yolda qalmaram ki?
— Yox ey, nə danışırsan? Maşın qoz kimidir…- deyərək, Rizvan baş barmağını yuxarı qaldırdı.
Nağı ustanın pulunu verib maşına oturdu və onu Şıxov çimərliyinə tərəf sürməyə başladı. Çoxdan idi ki, dənizdə çimmirdi, axırıncı dəfə keçən ilin avqustunda 10 yaşlı oğlu Tağı ilə bura gəldiyini xatırladı. Onda da ki çimərlik paltarını götürmək yadından çıxdığından suyun kənarında durub, ləpələrlə oynayan oğluna tamaşa edib, bir-iki saatdan sonra evə qayıtmlşdılar…
Maşını sürə-sürə uşaqları düşündü. 7 yaşlı qızı Gülər üçün burnunun ucu göynəyirdi, yaman darıxmışdı. Çimərliyə az qalmış birdən qazı basdı və maşını birbaşa rayona sürməyi qərara aldı. Maşındakı radio xarab olduğundan öz-özünə mahnı oxuya-oxuya bir xeyli yol sürdü. Qobustana yaxınlaşanda 70 yaşlarında bir qoca kişinin ona əl elədiyini görüb maşını saxladı. Qoca maşının açıq şüşəsinə yaxınlaşıb soruşdu:
— Oğul, salam! Ha tərəf gedirsən?
— Gədəbəyə,sənə hara lazımdır?
— Aparsan, mən də Şəmkirdə düşərəm, rayonun özündə yaşayıram. Neçəyə apararsan?
Nağı beş saatlıq yolda darıxmayacağına sevindi:
— Nə olar, otur, sən söhbət eləyərsən, mən də yavaş-yavaş sürərəm. Həm başım qarışar, yuxum gəlməz, həm də bir ağsaqqal sözü eşidərik. Pul lazım deyil, onsuz da bu yolu gedirəm də.
Kişi qapını açaraq, maşına əyləşdi, dəsmalını çıxardıb üzünün tərini sildi və Nağıya alqış etməyə başladı:
— Çox sağ ol, a bala. İki saatdı durmuşam bu istinin qabağında, bir köpəy oğlu saxlamadı səndən başqa. Allah köməyin olsun!
— Deməli, kim sənə maşın saxlamayıb, hamısı köpəyoğludur, eləmi?
— Yox, ay oğul, onu sözgəlişi dedim…
Nağı gülümsəyib maşını yerindən tərpətdi. Heç on dəqiqə keçməmişdi ki, qoca artıq xoruldayırdı. Kürdəmirə çatana yaxın kişinin şirin-şirin yatması onda qəribə bir paxıllıq hissi oyatdı. Nağı öz-özünə deyinməyə başladı:
— Mən bu qocanı götürdüm ki, söhbət eləsin, mənim yuxum gəlməsin, amma bu yataraq elə bil mənə acıq verir. Bu dəqiqə sənin yuxunu qaçırdaram.
Nağı maşının sükanını qəsdən sağa-sola çevirərək, özünü yatmış kimi göstərdi. Kişi diksinb ayıldı və narahatlıqla soruşdu:
— Nə olub, a bala?
Nağı güya yuxusu gəlirmiş kimi gözlərini qıyaraq dedi:
-Yaxşı qurtardıq, a dayı, deyəsən məni yuxu aparmışdı. Az qalmışdı ki, sükan əlimdən çıxsın.
Qoca yerində qurcalanıb:
— A bala, ehtiyatlı ol, yatma, — dedi.
— Yatma deyəndə ki, a dayı, sən yatırsan, mənim də yuxum gəlir. Sən söhbət elə ki, yuxum qaçsın, başım qarışsın, mən də maşını rahat sürüm. Hə, nə deyirsən?
— Nə söhbət eləyim, a bala?
— Olandan-keçəndən, eşitdiyindən-gördüyündən, nə bilim, lap elə başına gələn işlərdən, nə istəyirsən, danış. Yol gedirik də, başımız qarışsın.
Qoca çiyinlərini çəkdi, heç nə demədi. Beləcə sakitcə xeyli yol sürən Nağı arabir kişiyə tərəf baxıb hərdən soruşurdu:
— Ağsaqqal, vəziyyət necədir?
Qoca da cavab vermədən çiyinlərini oynadırdı. Maşın artıq Yevlağa çatırdı, amma qoca hələ də susmağında davam edirdi. Arada-bir başını Nağıya tərəf çevirib, gözucu ona baxırdı. Nağının gözlərini açıq görəndə kişi nəfəs alırmış kimi dərindən bir ah çəkirdi. Bununlada o, elə bil Nağıya yatmadığını bildirmək istəyirdi. Qoca danışmayacağı barədə sanki özünə söz vermişdi. Onun belə dinməzliyi Nağını yavaş-yavaş hövsələdən çıxardırdı. Maşın Gəncəyə çatmağa az qalmış Nağı bu tərs qocayla məzələnmək qərarına gəldi. Üzünü arabir qocaya çevirib ona suallar verməyə başladı:
— Ağsaqqal, nə var, nə yox?
Qoca əllərini yelləməklə kifayətləndi. Nağının qocadan əl çəkmək fikri yox idi.
— Dayı, neçə yaşın var?
— 73, nədi ki?
— Heç, deyirəm yəni bu 73 il yaşadığın ömür ərzində sənin başına maraqlı, yadda qalan bir hadisə gəlməyib?
Qoca dinmir, key-key Nağıya baxırdı. Nağı danışmağa davam elədi:
— Sən maşına minəndə mən sevindim. Sevindim ki, dünya görmüş kişidi də, söhbət eləyər, mən də bu 500 kilometr yolu rahat sürərəm. Amma sən bir kəlmə də söz demirsən, danışmırsan. Deyirəm ki, ola biməz ey, sənin başına yadda qalan bir hadisə gəlməsin.
Qoca üzünü Nağıya çevirərək, yavaş səslə dilləndi:
-Yox gəlməyib, a bala. Gəlsəydi, danışardım da.
Nağı qocanın bu sözünə gülümsəyərək, cavab verdi:
— Gələr inşallah, hələ nə yaşın var. Ömür hələ qabaqdadır.
Hava yavaş-yavaş qaralmağa başlayırdı. Nağı maşının sürətini azaldaraq, baş yoldan sağa, hansısa kəndə gedən torpaq yola buruldu. İki kilometrə yaxın yol getdikdən sonra qabağına çıxan çayın yaxınlığında maşını saxladı. Maşından düşərək, qocaya baxıb dedi:
— Düş, a dayı, çatdıq.
— A bala, bəs deyirdin Gədəbəyə gedirsən, mən də Şəmkirdə düşəsiydim, birdən-birə nə oldu ki?
Nağı sifətinə ciddi görkəm verərək, qocaya baxdı, əliylə çay kənarında olan böyük çay daşlarını göstərib dedi:
— Mənə bu daşlardan lazımdır. Kənddə tövlə tikirəm. İstəyirsən, sən də kömək elə, yığaq, tez olsun, sonra yolumuza davam edərik.
Bunu deyib, Nağı çay kənarına tərəf getdi. Əlinə keçən ilk daşı qucağına alıb, maşına yaxınlaşdı. Daşı maşının yanında yerə qoyub, yenidən geri qayıtdı. Qoca həqiqətən də çay daşlarının Nağıya lazım olduğunu düşünüb, çaya tərəf addımladı. Gücü çatan daşlardan qucağına alıb, maşının yanına yığmağa başladı. Yarım saat ərzində maşının yanına xeyli daş yığmışdılar. Qocanın yorulduğu hiss olunurdu. Ancaq nə kişinin, nə də ki Nağının səsi çıxmırdı, hərə öz işini görürdü. Nağı kişiyə heç nə demədən paltarlarını soyunub çaya girdi. Su soyuq olduğundan tez yaxalanıb, maşının yanına qayıtdı. Maşından məhrəbanı götürüb qurulandı. Qoca da çaya enib əl-üzünü yudu və maşına tərəf gəldi. Nağı maşını işə salıb, qocanın da maşına oturmasına başı ilə işarə verdi. Qoca maşına otura-otura qalaqlanmış çay daşlarına baxıb, çiynlərini çəkdi. Maşın yerindən tərpənərək, asfalt yola tərəf istiqamət aldı. Heç biri danışmırdı, qoca sanki nə haqdasa düşünür, Nağı isə sakitcə maşını idarə edirdi. 40 dəqiqədən sonra maşın Şəmkir rayonuna çatdı. Artıq hava qaralmışdı. Kişinin yaşadığı yer yol üstündə olduğundan Nağı maşını düz darvazanın önündə saxladı. Kişi maşından düşərək, əlini cibinə saldı. 20 manat çıxardaraq, Nağıya tərəf uzatdı. Nağı qocanın əlini geri qaytararaq, gülümsündü:
— Dayı, mən səni pula görə götürməmişdim ki, pulunu yığışdır…
— Sağ ol, a bala. Heç olmasa düş, bir stəkan çay iç, uzun yol gəlmişik.
Qoca cavab gözləmədən maşından düşdü, pulunu cibinə qoyub, qapını bağladı. Nağı başı ilə qocaya təşəkkür edib dedi:
— Sağ ol, ağsaqqal. Yarım saatlıq yolum qalıb, uşaqlar evdə məni gözləyir, getməliyəm.
Qoca əlini maşının damına söykəyib soruşdu:
— Əgər evə getmirsənsə, onda məni başa sal görüm, niyə o daşları yığdıq, sonra da orda qoyub gəldik?
Nağı qocaya baxıb mehribanlıqla gülümsündü:
— Günlərin bir günü hansısa bir köpəy oğlu səni öz maşınına mindirmiş olsa və o köpəy oğlu səndən bir əhvalat danışmağı xahiş etmiş olarsa, onda bu əhvalatı sən də o köpəy oğluna danışarsan. Məncə, bu əhvalat heç vaxt sənin yadından çıxmaz. Di sağ ol, mən getdim!
Nağı maşını yerindən tərpədib yavaş-yavaş ordan uzaqlaşdı.
Qoca maşının arxasınca xeyli baxdıqdan sonra darvazaya yaxınlaşıb əliylə qapını itələyib açdı.
— Köpəy oğlu… — deyib, darvazadan içəri keçdi.